Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-693/2023 23.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2001–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2006–cı il tarixdə rəsmi nikah qeyd etdimişdir. Birgə nikahlarından xx.xx.2002–ci il tarixdə Musa, xx.xx.2006–cı il tarixdə Xəyal və xx.xx.2006–cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur. Toy günü qayınatasına məxsus evə gəlin köçmüş, bir müddət həmin evdə yaşamışlar. Gəlin köçdüyü evin həyətyanı torpaq sahəsi həm ərinin, həm də onun ailə üzvlərinin paylı mülkiyyətindədir. Sonradan qayınatasının razılığı ilə həmin torpaq sahəsindən ərinin payı naturada ayrılmış və o, cavabdehlə birlikdə qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Ev hazır olandan sonra həmin evə köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. Uzun müddət həmin evdə yaşasalar da, hazırda cavabdeh onun evdə yaşamasına imkan vermir. Həmin ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, qanunsuz tikilidir. Hesab edir ki, mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa etdirdiklərindən, habelə həmin evdə uzun müddət yaşadığından onun da evdən istifadə hüququ yaranmışdır. Hazırda onun yaşamağa başqa evi yoxdur. Eləcə də, uşaqlarından ayrı yaşamaq onun üçün çətindir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, cavabdehin istifadəsində olan və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 həqiqətən cavabdeh iddiaçı ilə 2001–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2006–cı il tarixdə rəsmi nikah qeyd etdimişdir. Birgə nikahlarından xx.xx.2002–ci il tarixdə Musa, xx.xx.2006–cı il tarixdə Xəyal və xx.xx.2006–cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur. Toydan sonra tərəflər cavabdehin atasına məxsus evdə bir müddət yaşamış, sonradan cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsində ayrıca ev inşa etdirərək oraya köçmüşlər. Lakin ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və iddiaçı evdən çıxmışdır. Qeyd edir ki, evin inşasına iddiaçı tərəfindən heç bir vəsait xərclənməmişdir. Hesab edir ki, iddiaçı həmin evə köçmək üçün qərəzli şəkildə evin birgə vəsait hesabına inşa edilməsini iddia edir. Halbuki qeyd olunan tikili qanunsuz tikilidir, həmçinin, evin inşa edildiyi torpaq sahəsi cavabdehin ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdehin adına hər hansı fərdi yaşayış evi yoxdur. Həmçinin, hazırda iddiaçı ilə cavabdehin normal münasibətləri yoxdur və hesab edir ki, iddiaçının təmsil etdiyi şəxslə yaşaması düzgün sayıla bilməz. Həmçinin, təmsil etdiyi şəxs iddiaçının onlarla birlikdə eyni evdə yaşamasına razı deyildir. Hesab edir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Ona görə də hazırkı vəziyyətdə iddiaçının mübahisəli evə köçüb yaşamasını mümkünsüz sayır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onların iştirakı olmadan baxlmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006–cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2002–ci il tarixdə Musa, xx.xx.2006–cı il tarixdə Xəyal və xx.xx.2006–cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh və ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə JN–705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Beləliklə, cavabdehin nümayəndəsinin izahatı və işdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2001–ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2006–cı il tarixdə rəsmi nikah qeyd etdimişdir. Birgə nikahlarından xx.xx.2002–ci il tarixdə Musa, xx.xx.2006–cı il tarixdə Xəyal və xx.xx.2006–cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur. İddiaçı toy günü qayınatasına məxsus olan, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da mübahisəli evin yaşayış otağına yığılmışdır. Sonradan JN–705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər yaşamaq üçün həmin evə köçmüşlər. Ailə münasibətlərinin pozulması zəmnində tərəflər arasında faktiki ailə münasibətləri kəsilmiş, iddiaçı ərindən ayrılmış və evdən çıxmışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018–ci il tarixli qərarında qeyd etmişdir ki,...“yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir”. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları (ailə münasibətləri) kəsildiyindən, o cümlədən iddiaçı hazırki iş üzrə mübahisəli evdə təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bunula bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29–cu maddələrin müddəaları). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsində göstərilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-693/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-693/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver