Məhkəmə qərarları › İş №2(076)-7/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-7/2023

29.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-7/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Sayad qızına qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Sayad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı-Aylinlə birlikdə cavabdehin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən faktiki istifadəsində olan təsərrüfatbaşına kitabda Cavabdeh Sayad qızının adına qeydə alınmış, Şəmkir rayonunun Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sayad qızı onun keçmiş qayınanasıdır. Cavabdehin oğlu X6 ilə 2018-ci ilin noyabr ayında faktiki ailə qurmuşdur. Nikahları 15 fevral 2019-cu il tarixdə Krasnayarsk Diyarının Mülki X1 vilayətinin Kirov və Sverdlovsk rayonları üzrə Ərazi Şöbəsində rəsmi qeydə alınmışdır. Birgə ailə həyatlarından bir uşaqları-X5 adlı övladları doğulmuşdur. Toyları ərəfəsində ona məxsus olan cehiz əşyaları Cavabdeh Sayad qızına məxsus olan və Şəmkir rayonunun Keçili kəndində yerləşən fərdi yaşayış evinə yığıldı. Toyları olan gün isə həmin evə gəlin köçmüşdür. Hazırda ona məxsus cehiz əşyaları, əmlakları həmin evdədir. 2021-ci ilin may ayına kimi həmin evdə yaşamışdır. 2021-ci ilin may ayında cavabdehlə aralarında narazılıq olmuş və cavabdeh onu uşağı ilə birlikdə evdən qovmuşdur. Həmin vaxtdan ata evində yaşamış və uşaqda onun himayəsində olmuşdur. Başqa yerdə evi yoxdur və ata evində yaşamaq, uşaq saxlamaq ona çox çətindir. İddiaçı bir neçə dəfə həmin evə yaşamaq üçün getsə də, cavabdeh onu həmin evə buraxmayıb. İddiaçı azyaşlı uşağı ilə birlikdə cavabdehin yaşadığı Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını istəyir. İddiaçı və uşağı uzun müddətdir bu evdə mübahisəsiz yaşadığı üçün evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyi üçün bu evdən istifadə hüququnun əldə etdiyini hesab etmişdir. Köçmək istədiyi və hazırda cavabdehin istifadəsində olan cavabdehin istifadəsində olan fərdi yaşayış evi cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun faktiki istifadəsindədir. Eyni zamanda ev təsərrüfatbaşına kitabda cavabdeh qayınanası Cavabdeh Sayad qızının adına qeydə alınıb. Ev bir neçə otaqdan olmaqla yaşayış və qeyri-yaşayış sahəsindən ibarətdir. İddiaçının cehiz əşyaları həmin evin 3 otağına yığılıb. Sabiq əri X6 ilə onun arasında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulub. Lakin buna baxmayaraq cavabdeh iddiaçını və onun azyaşlı uşağını mənzillə təmin etməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir və həmin evə cavabdehin gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin evə cavabdeh tərəfindən qeyd şərtsiz köçürülmüş və ailəyə daimi olaraq qəbul olunmuşdur. Uşağı ilə birlikdə uzun müddət həmin evə fasiləsiz və mübahisəsiz yaşamışlar. İddiaçı ilə uşağı həmin evdən istifadə hüququ əldə etdiyindən həmin fərdi yaşayış evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsini məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Sayad qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh Sayad qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan vəkil sorğusuna cavab olaraq verilmiş Azərbycan Respublikası ƏMDK-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2022-ci il tarixli arayışına əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X7, X3 və digər ailə üzvlərinin adlarına JN-637 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Azərbycan Respublikası üzrə X7, X2 adına digər, X4 adına isə hər hansı bir əmlak qeydiyyatdan keçməmişdir. İşdə olan Krasnoyarsk diyarı VVAQ agentliyinin Krasnoyarsk şəhəri Kirovski və Sverdlovski rayon üzrə ərazi şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası Krasnoyarsk diyarı Krasnoyarsk şəhərində doğulmuşdur, atası X6, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehin oğlu X6 2018-ci ilin noyabr ayında faktiki ailə qurmuş və qaynanası Cavabdeh Sayad qızına məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Birgə ailə həyatlarından bir uşaqları-X5 adlı övladları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar faktiki olaraq ayrılmışlar. İddiaçı iddia ərizəsində nikahlarının rəsmi bağlanmasını və məhkəmə qaydasında pozulmasını qeyd etsə də həmin halları təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda cavabdeh tərəfindən iddiaçıya uşağı ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşağı ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına istinad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki,...“yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir”. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları (ailə münasibətləri) kəsildiyindən, o cümlədən iddiaçı hazırki iş üzrə mübahisəli evə gəlin köçməsinə və orada yaşamasına, eləcə də orada təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bunula bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və cavabdeh həmin evə köçürülə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu huququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, İddiaçı Cavabdeh Sayad qızına qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh Sayad qızına qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar