Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-70/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı: İddiaçı1 hüquqi varisi İddiaçı2 Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı (üçüncü şəxs AR ƏMDK-i yanında DƏDKR-nin X4 11 saylı Şəmkir Ərazi İdarəsi) “Zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı “Zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 avqust 2016-cı il tarixli ********** saylı çıxarışda göstərilən onlara məxsus Şəmkir rayon Dəllər-Cırdaxan kənd inzibati ərazisində yerləşən mülkiyyətində olan 1.3479 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmki Rayon Dəllər-Cırdaxan kəndinin inzibati ərazisində yerləşən 1.3479 ha torpaq sahəsi Şəmkir rayon ƏMDX-inin DƏDRX-i X6 tərəfndən 10 avqust 2016-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən onun razılığı olmadan özbaşına zəbt edilmiş və həmin torpaq sahəsindən özbaşına istifadə etmişdir. Hazırda da həmin sahədən istifadə edir. Onunla həmin torpaq sahəsinin boşaldılması üçün etdikləri danışıqların heç bir nəticəsi olmamışdır. Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını xəbardarlıq etsə də, heç bir nəticə olmamışdır. Cavabdeh torpaq sahəsinin boşaldılmasından imtina edir. Odur ki, mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edir. Çünki mübahisənin həlli üçün Şəmkir rayon DƏDRX-nə etdiyi şikayətə baxılmır. O, iddia edir ki, ƏMDX-nin DƏDRX-i X5 10 avqust 2016-cı il tarixli ********** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən torpaq sahəsi onun mülkiyyətidir. Qeyd edilənlərə əsasən Cavabdeh 10 avqust 2016-cı il tarixli ********** saylı çıxarışda göstərilən onlara məxsus Şəmkir rayon Dəllər-Cırdaxan kənd inzibati ərazisində yerləşən mülkiyyətində olan 1.3479 ha torpaq sahəsinin ərazisindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq üçüncü şəxs AR ƏMDK-i yanında DƏDKR-nin PublikHüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 hüquqi varisi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehdən onun torpaq sahəsinin boşaldılması tələb edilmiş, lakin cavabdeh buna etiraz edərək, bununla razılaşmamışdır. Cavabdehə məxsus mübahisəli torpaq sahəsində heç bir tikinti yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbinə etiraz edir, qəbul etmir, belə ki, adı çəkilən torpağı onlar 1998-ci ildə X1 almışlar. Natiq isə torpağı Hafis adlı şəxsdən almışdır. Beləliklə onlar qonşu olmuşdur. İddiaçı 25 ildən sonra onun torpağına göz qoyub ona məxsus torpağı əlindən almaq istəyir. Ona torpağı satan şəxsdə bir neçə dəfə bildirib ki, torpaq onlara məxsusdu. xx.xx.2023-cü il tarixdə həmin adı çəkilən torpaq sahələrinə ƏMDX DƏDK və Reyestri X6i tərəfindən yəni Səmkir rayon Daşınmaz Əmlak idarəsindən ona Daşınmaz əmlakın reyestr nömrəli **********36 Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən o, 0.3745 ha torpaq sahəsi ona məxsusdur. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/27765 nömrəli arayışı da var. İddiaçı1 Bəhrəm oğlunun onu özünə məxsus torpaq sahəsindən çıxarılmaya dair iddia tələbi əsassız və qanunsuz olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının hüquqi varisini və cavabdehi dinləyib, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalın Dövlət reyestrindən çıxarışın notarial surətindən görünür ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.3479 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.35 ha torpaq sahəsində qonşular tərəfindən narazılıq olduğundan ölçmə işləri aparılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 01/27765 nömrəli arayışdan görünür ki, Cavabdeh 05 yanvar 2023-cü il tarixli ********** nömrəli ərizəsinə və 05 yanvar 2023-cü il tarixli ********** No-li müqaviləyə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Əmlakın bazar dəyəri 3000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********36 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.375 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin ərazisində yerlşən iddiaçı İddiaçı1 Bəhrəm oğlunun mülkiyyətində olan 1.3479 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial surətindən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəmkir rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisində Şəmkir rayonu. Dəllər Cırdaxan kəndində yaşayan İddiaçı2 ərizəsinə əsasən mərhum xx.xx.2024-cü ildə vəfat etmiş İddiaçı1 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsini, habelə mirasın açıldğı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2025-ci tarixdə 215 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı2 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 10/9431 saylı rəyindən görünür ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndinin ərazisində yerlşən iddiaçı İddiaçı1 Bəhrəm oğlunun mülkiyyətində olan 1.3479 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifada olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə əsasən İş üzrə icraat bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək dayandırılır. Hazırki mülki iş üzrə İddiaçı1 xx.xx.2024-cü il tarixdə ölmüş, mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı2 İddiaçı1 vərəsəsi müəyyən edilmiş, bundan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsini faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, 10 avqust 2016-cı il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi ərazisində yerləşən 1.3479 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 10 avqust 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi ərazisində yerləşən 1.3479 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-70/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-70/2025
05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver