Məhkəmə qərarları › İş №2(076)-717/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-717/2023

12.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-717/2023 12.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz torpaq sahəsinin zəbtdən azad edilməsi və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şəmkir şəhəri Kraz yolu adlanan yaşayış massivində yerləşən Qeydiyyat nömrəsi ********** olan, A 641052 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin 4 metr enində, 27 metr uzunluğunda olan hissəsinin və torpağa gedən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olub əhalinin üumumi istifadəsinə verilmiş ara yolunun cavabdehin zəbtindən azad edilərək torpaq sahəsində inşa olunmuş hasarın sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi, Şəmkir şəhəri Kraz yolu adlanan yaşayış massivində yerləşən, qeydiyyat nömrəsi ********** olan, tərtib edilmə tarixi xx.xx.2021-ci il tarixli A 641052 saylı Torpaq Sahəsinin planı və ölçüsü sənədi əsasında iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin 4 metr enində, 27 metr uzunluğunda olan hissəsini özbaşına zəbt edərək daş hasara almışdır. Həmçinin, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsi istiqamətindəki Şəmkir Bələdiyyəsinin mülkiyyətində olub əhalinin ümumi istifadəsinə verilmiş, onun mülkiyyətində olan torpaq sahəsinə gedən ara yolunu da tam halda zəbt edərək daş hasara almışdır ki, iddiaçı torpağına daxil ola bilmir və həmin torpaqda yaşayış evini inşa etdirməyi mümkünsüz olmuşdur. Dəfələrlə cavabdehdən həm Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan ara yolunun, həm də mülkiyyətində olan torpağın bir hissəsinin zəbtdən azad edilməsini, özbaşına inşa etdirdiyi daş hasarın sökülməsini tələb etsə də müsbət nəticəsi olmamışdır. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şəmkir rayonu Kraz yolu adlanan yaşayış massivində ona məxsus 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 50.36 kv.m hissəsinin və ona məxsus torpaq sahəsinə gedən ara yolunun cavabdehin zəbtindən azad edilməsinə və zəbt olunmuş torpaq sahələrində inşa etdirdiyi daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini həyat yoldaşı X5 almışdır. Bu səbəbdən özünə məxsus torpaq sahəsinin dəqiq yerini bilmir. Özünə məxsus torpaq sahəsində tikinti işləri aparmış, eyni zamanda torpaq sahəsini hasara almışdır. Torpaq sahəsində tikinti işləri apararkən və hasar çəkərkən iddiaçıya məxsus torpaq sahəsini və həmin torpaq sahəsinə gedən yolu bilmədən zəbt etmişdir. Əgər əvvəlcədən bilsəydi hasarı yalnız özünə məxsus torpaq sahəsinin ətrafında heç kim torpağını zəbt etməzdi. Hazırda həmin hasarı söküb yenidən hasar tikməsi üçün maddi imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Şəmkir Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 12 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs Şəmkir Bələdiyyəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Şəmkir rayonu Kraz yolu adlanan hissədə İddiaçı və Cavabdeh məxsus torpaq sahələri var, hər iki torpaq sahəsi qonşuluqda yerləşir. İddiaçıya məxsus torpaq sahəsinə gedən yeganə yol Cavabdeh tərtəfindən zəbt olunmuşdur. Eyni zamanda cavabdeh torpaq sahəsini hasara alarkən iddiaçının da torpaq sahəsini zəbt edərək müəyyən hissəsini hasara almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o Şəmkir rayonu Kraz yolu adlanan hissədə mübahisəli torpaq sahəsinin qonşuluğunda özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh özünə məxsus torpaq sahəsində ev tikdibir, eyni zamanda torpaq sahəsini hasara alıb. Torpaq sahəsini hasara alan zaman iddiaçıya məxsus torpaq sahəsini, ora gedən yeganə yolu və orada yerləşən bir neçə torpaq sahəsinə gedən yeganə yolu zəbt edərək hasara almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini, mütəxəssis rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. İşdə olan 12 aprel 2023-cü il tarixli mütəxəsis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir, iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 50.36 kv.m hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir, İddiaçı məxsus torpaq sahəsinə gedən 0.0147 ha-dək yol bələdiyyə mülkiyyətindədir və həmin yol cavabdeh tərədindən zəbt olunmuşdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən torpaq sahəsinin 50.36 kv.m hissəsi və torpaq sahəsinə gedən Bələdiyyənin mülkiyyətində olan 0.0147 ha torpaq sahəsi Cavabdeh tərəfindən heç bir əsas olmadan zəbt olunmuş və hasar çəkilmişdir. Bundan başqa məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, Cavabdeh torpaq sahəsi ilə İddiaçı torpaq sahəsi qonşuluqda yerləşir. Hər iki torpaq sahəsini ayıran hissə ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur. Həmin yol İddiaçı torpaq sahəsinə gedən yeganə yoldur. Belə ki, İddiaçı məxsus torpaq sahəsinin digər hissələrində yol üçün nəzərdə tutulmuş sahə yoxdur. Bundan başqa Cavabdeh torpaq sahəsində yaşayış binası inşa etmiş, eyni zamanda evin ətrafında hasar tikmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, həmin iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehin istifadəsində və sahibliyindədir və sonuncu mübahisəli 0,06 ha torpaq sahəsinin 50.36 kv.m hissəsində daş hasar inşa etmişdir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bundan başqa Bələdiyyənin mülkiyyətində olan, lakin iddiaçı və cavabdehin ümumi istifadəsində olan iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun 0.0147 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək hasara alınmışdır. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan və Şəmkir rayonunda yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 50.36 kv.m hissəsi və həmin torpaq sahəsinə gedən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan ara yolu Cavabdeh zəbtindən azad edilməli, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan və Şəmkir rayonunda yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 50.36 kv.m hissəsi və həmin torpaq sahəsinə gedən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan ara yolunda cavabdeh tərəfindən inşa olunan daş hasar Cavabdeh vəsaiti hesabına sökülməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan və Şəmkir rayonunda yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 50.36 kv.m hissəsi və həmin torpaq sahəsinə gedən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan ara yolu Cavabdeh zəbtindən azad edilsin xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan və Şəmkir rayonunda yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 50.36 kv.m hissəsi və həmin torpaq sahəsinə gedən Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan ara yolunda cavabdeh tərəfindən inşa olunan daş hasar Cavabdeh vəsaiti hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar