Məhkəmə qərarları › İş №2(076)-78/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-78/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-78/2023 22.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 iştirakı ilə, İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən cavabdehlərə məxsus (mərhum X2 mülkiyyətində olan) ümumi sahəsi 164.kv. m olan birmərtəbəli yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 2010-cu ildə rəsmi nikaha daxil olaraq cavabdehlərə məxsus evə gəlin köçmüşdür. Nikahdan 2 uşaqları olmuşdur, cehiz əşyaları da həmin evə aparmışdır. Sonra cavabdehlə münasibətləri qaynanası Cavabdeh2 təqsirindən pozuldu. Ev qaynatası Elxan Hüseynovun adına olub. Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlara cavabdehdən aliment tutulması qət edilmişdir. Cavabdehlər ona həmin evdə yaşamağa imkan vermədilər. Hesab edir ki, həmin mübahisəli evə 2009-cu ildə gəlin köçmüşdür, onun o evdən istifadə etmək hüququ yaranmışdır, ona görə də uşaqları ilə birlikdə həmin evə köçürülməyini istəyir. Məhkəmə hazırlıq iclası mərhələsində Cavabdeh2 ilk İddiaçı qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair qarşılıqlı iddia verərək, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı iddiasında göstərib ki, guya hazırki mübahisəli evə gəlin köçüb və uşaqları da o evdə dünyaya gəlib. Əslində bu belə deyil, iddiaçı ünvan 2 ünvanına köçüb. Orada ailə üzvləri ilə yola getmədiyindən müvəqqəti olaraq mübahisəli hazırki evə köçürüldü. Orada da yoldaşı ilə yola getmədi və nikahları pozuldu. İddiaçı onun mülkiyyət hüquqularını pozur, bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, bir dəst qazan dəsti Tefal firmadan, bir dəst şirəli qazan dəsti olan iddiaçının cehiz əşyalarının onun mülkiyyətində olan evdən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh2 məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus adları qarşılıqlı iddia ərziəsində göstərilən cehiz əşyalarının çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh-qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil ərizə təqdim edərək işin baxılmamış saxlanmasına etiraz etmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə qarşılıqlı iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 164,80 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından xx.xx.2010-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X3 anadan olmuşlar. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-1384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahları pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ilk İddiaçı ilə Cavabdeh1 xx.xx.2010-ci il tarixdə nikaha daxil olmuş və əvvəlcə Elxan Hüseynova, sonra isə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin kimi köçərək orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar faktiki olaraq ayrılmışlar. Hazırda cavabdehlər tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına istinad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il tarixdə cavabdehlərdən Cavabdeh1la rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə iddiaçının qayınanası – digər Cavabdeh2 adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2022-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Hətta iddiaçı 2009-cu ildə rəsmi nikaha daxil olsaydı belə yenə vəziyyət dəyişilməz olaraq qalacaqdı. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh2 məxsus yaşayış evinə köçürülməsinə dair ilk iddia tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakı normalara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh halhazırda mübahisəli evdə yaşamasa da ona məxsus olan əşyalar həmin evdədir. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, sonradan ailə münasibətləri də pozulmuş və cavabdeh həmin evi tərk etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin ev xüsusi mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçıya məxsusdur. Qarşılıqlı iddia üzrə isə cavabdehin qarşılıqlı iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehə məxsus əşyaların qarşılıqlı iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur. Buna görə də qarşılıqlı iddia təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdehə məxsus əşyalar qarşılıqlı iddiaçıya məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair ilk iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı məxsus bir ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti, 1 dəst yumşaq mebel, 1 ədəd şamlı çıl-çıraq, iki ədəd iri gəvə, bir ədəd balaca gəvə, bir dəst yemək dəsti, bir dəst çay servisi, Tefal firmadan bir dəst qazan dəsti, bir dəst şirəli qazan dəsti – cehiz əşyaları cavabdeh – qarşılıqlı iddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq cavabdeh –qarşılıqlı iddiaçı Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar