Məhkəmə qərarları › İş №2(076)-853/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-853/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-853/2023 05.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) X8 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xx.xx.2005-ci il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Elvin adlı azyaşlı uşaqları ilə birlikdə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pay mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı1 qaynanası, Cavabdeh2 qaynatası, Cavabdeh3 əridir. Cavabdeh3 ilə 2003-cü ilin oktyabr ayında faktiki ailə qurmuş, nikahları 19 iyul 2004-cü ildə Şəmkir rayonunun Dəllər qəsəbəsi İƏVdə rəsmi qeydə alınıb. Həmin nikahdan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. İddiaçı1 ailə qurduqdan sonra cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Hazırda iddiaçı və uşaqları həmin evdə pasport qeydiyyatında dururlar. Ev iki otaqlı olmaqla yaşayış və qeyri yaşayış sahəsindən ibarətdir. İddiaçıya məxsus cehiz əşyaları bu evə yığılıb. Hazırda iddiaçı və uşaqlarına məxsus əşyaların hamısı bu evdədir. 2021-ci ilin noyabr ayına kimi bu evdə mübahisəsiz yaşamışlar. 2021-ci ilin noyabr ayında cavabdehlər iddiaçı ilə dava edərək onu və uşaqlarını evdən qovmuşlar. Həmin vaxtdan iddiaçı uşaqları ilə birlikdə ata evində qalır. İddiaçı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı2 nənəsi, Cavabdeh2 babası, Cavabdeh3 isə atasıdır. Mübahisə predmeti olan evdə doğulmuş və böyümüşdür. Cavabdehlər tərəfindən bu evdən qovulmuşdur. Hazırda anası və qardaşları ilə birlikdə ana babasının yanında yaşayırlar. Başqa yerdə yaşamaq üçün evləri yoxdur. Cavabdehlərin yaşadığı evə köçürülməsini xahiş edir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) X15 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə İddiaçı1 arasında xx.xx.2004-cü il tarixində 17№ ilə nikahın bağlanması haqqında akt qeyd edilmişdir. Ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X3 ata qrafasında Cavabdeh3, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞG/1-06297 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixə saat 15:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişlər. İddiaçı1 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məcələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 Şəxsi 11 saylı Şəmkir Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 3177/2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0460 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 (ev — tam, torpaq sahəsi — ümumi birgə), Cavabdeh1 (torpaq sahəsi — ümumi birgə), X5 (torpaq sahəsi — ümumi birgə) və Cavabdeh3 adına çıxarış verilmişdir. (Əsas: Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh1, X5 və Cavabdeh3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə tərtib edilmiş 01 oktyabr 2001-ci il tarixli, JN-528F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış fərdi yaşayış evinin Cavabdeh2 məxsus olmasına dair lisenziya layihəsi) İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış yeri üzrə Şəmkir rayonu, Dəllər qəsəbəsi ünvanda qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, Cavabdeh3 ilə iddiaçı X4 2003-cü ilin oktyabr ayında faktiki evlənmiş, xx.xx.2004cü il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü Yeganə, xx.xx.2005-ci il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Elvin adlı uşaqları doğulmuşdur. İddiaçı X4 evləndikləri tarixdən, yəni 2003-cü ildən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və hazırda da cehiz əşyaları həmin evdə qalmışdır. Birgə yaşadıqları dövrdə tərəflər, yəni 2003-cü ildən etibarən davamlı və fasiləsiz olaraq, habelə eyni ailənin üzvləri kimi və eyni təsərrüfata malik olmaqla, mübahisəli yaşayış evində birlikdə yaşamışlar. Aralarında yaranmış mübahisə səbəbindən iddiaçı uşaqları ilə birlikdə evdən qovulmuşdur. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir. Eləcə də, mübahisəli fərdi yaşayış evinə dair təqdim edilmiş sənədlərdə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 adına qeydə alınmış, mübahisəli fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçı1 Cavabdeh3lə rəsmi nikahdadır. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2003cü il tarixdə yaranmışdır. Belə ki, İddiaçı1 Cavabdeh3 ilə ailə quraraq mübahisəli mənzilə gəlin köçmüşdür. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixədək yarandığından hüquq münasibətlərinə 1 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi “X6rşı” xx.xx.1986-cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X14” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamağına baxmayaraq, ərizəçinin həmişə ora qayıtmaq fikri vardır və həmin əlaqələr onun öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçı Cavabdeh3 ailə üzvüdür(arvadı), mübahisəli fərdi yaşayış evi isə Cavabdeh3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən ayrıla bilməyən tərkib hissəsi olmaqla torpaq sahəsi ilə vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. (Mülki Məcəllə 135.4-cü maddəsi) İddiaçı1 hazırda Cavabdeh3 arvadı olmaqla ailə üzvü, İddiaçı2 Cavabdeh3 qızı olmaqla ailə üzvüdür. Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçıların yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onların daimi yaşamaq üçün köçüb, doğulub böyüdüyü və yaşadıqları fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, həmçinin iddiaçı ilə Cavabdeh3 birgə nikahından doğulmuş xx.xx.2005ci il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Elvin adlı azyaşlı uşaqların mübahisəli evə köçürülməsinə dair hissəsinə qiymət verərkən qənaətə gəlir ki, iddia həmin hissədə də əsaslıdır və İddiaçı1 mübahisəli yaşayış sahəsindən cavabdehlərlə bərabər istifadə etmək ixtiyarı vardır və o, azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı evə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaq doğulduğu andan cavabdehin istifadəsində olan mübahisəli evdə yaşamış, azyaşlı olduğu üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli evə köçüb yaşaması onun mənafelərinə daha çox uyğundur. Beləliklə, məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı1 iki azyaşlı uşaqları ilə birlikdə və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 xx.xx.2005-ci il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Elvin adlı azyaşlı uşaqları ilə birlikdə və İddiaçı2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar