Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-876/2023 30.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Məhkəmə iclasının katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi istifadədə olan yolun cavabdehin vəsaiti hesabına sökülməsi, açılması və zəbt edilmiş yolun zəbtdən azad olaraq qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi istifadədə olan yolun cavabdehin vəsaiti hesabına sökülməsi, açılması və zəbt edilmiş yolun zəbtdən azad olaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Seriya MA No: ******* nömrəli (kənd təsərrüfatı təyinatlı 0,5728 ha torpaq sahəsinin) Çıxarışa əsasən Şəmkir rayonunun Düyərli kəndinin ərazisində təzə məhlələrin qurtaracağında yerləşən, kənd təsərrüfatı təyinatlı 0,5728 ha torpaq sahəsi, onun xüsusi mülkiyyətindədir. Cavabdeh Şəmkir rayonunun Düyərli kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 ona məxsus torpaq sahəsində gedən yolu bağlayıb, zəbt etməklə, yolda qanunsuz olaraq tikinti aparıb onun torpaq sahəsinə gedən yolu bağlamışdır. Bu səbəbdən də iddiaçı və həmin torpaqda işləyən ailə üzvlərinin gedişgəlişi və torpaq sahələrinə olan əkin sahələrinə avto nəqliyyat vasitələrinin hərəkət etməsini qadağa qoymuşdurlar. Bununla da cavabdehlər yolu bağladığına görə iddiaçı və onun ailə üzvləri öz torpaqlarından istifadə edə bilmirlər. Belə ki, torpaq sahələrini traktorla əkib-becərə bilmir, yolları bağlandığı üçün sahələrindən nəqliyyat vasitəsi ilə malqaralarına ot-ələf apara bilmirlər. Cavabdeh qanunun normaları tələbi baxımından qaydalara zidd olmaqla iddiaçı və onun ailə üzvlərinin torpağında iş fəaliyyətinə mane olur. Belə ki, istifadələrində olan yol ilə avtomobil vasitələrinin torpağına giriş-çıxışın daxil olmasına məhdudiyyət yaradaraq yolu zəbt edərək tikinti materialları töküb tikinti aparmaqla yolu bağlamışlar. Bu da iddiaçının mənafeyinə toxunan qanunsuz əməldir. Dəfələrlə Şəmkir rayonunun Düyərli bələdiyyəsinin sədrinə, polis əməkdaşları, Şəmkir ərazi üzrə Yer Quruluşu və Layihə Tədqiqat Publik Hüquqi şəxs tərəfindən və iddiaçının xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər qanunsuz və əsassız olaraq bağladığı yolu açmırlar, yolun altına düşən torpaq sahəsini və ona məxsus 0,5728 ha torpaq sahəsinə gedən yolun zəbtdən azad etməkdən imtina edirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, Cavabdeh2 və Cavabdeh1 Şəmkir rayonunun Düyərli kəndində yerləşən iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun zəbtdən azad olunaraq cavabdehlərin vəsaiti hesabına açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkili) X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayonunun Düyərli kəndində yerləşən iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbtindən azad olunaraq, həmin yolda cavabdehlər tərəfindən tikilmiş tikilinin cavabdehlərin vəsaiti hesabına sökülərək yolun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 hər ikisi ayrı-ayrılıqda iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, onlar iddiaçının torpağına gedən yolu zəbt etməmişlər, əksinə iddiaçı onların torpağına gedən yola daş töküb, nə vaxt iddiaçı daşları oradan götürərsə, bunlar da tikdiyi tikilini sökəcəklər. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Şəmkir rayon Düyərli bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin Şəmkir rayon Düyərli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun vəkilinin və cavabdehlərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixdə tərtib etdiyi № AA 008092 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yol cavabdehlər tərəfindən istifadə edilir. Həmin yolun 69.44 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən tikili inşa edilmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi yola düşür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gələn yolun 69.44 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Həmçinin, həmin torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən tikili inşa edilmiş, həmin 27.92 kv.m yarımçıq tikilinin 8.91 kv.m hissəsi həmin yola düşür. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun bütövlükdə deyil, yalnız 69.44 kv.m hissəsi cavabdehlər tərəfindən zəbt edildiyindən, iddia qismən təmin edilməli, yolun zəbt edilmiş hissəsi cavabdehlərin zəbtindən azad olunmalı, həmin torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi cavabdehlərin hesabına sökülərək yol açılmalıdır. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı X3 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə mütəxəssis rəyi üçün ödənilmiş 95 (doxsan beş) manat xərcin 47.50 (qırx yeddi manat əlli qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun zəbt edilmiş 69.44 kv.m hissəsi Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad edilsin. İddiaçı mülkiyyətinə verilmiş olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək yol açılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı X3 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə mütəxəssis rəyi üçün ödənilmiş 95 (doxsan beş) manat xərcin 47.50 (qırx yeddi manat əlli qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-876/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-876/2023
30.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver