Məhkəmə qərarları › İş №2(076)-892/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-892/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-892/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən evdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlara məxsus əşyaların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bununla bağlı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış vardır. Cavabdehlər 2020-ci ildən onun mülkiyyətində olan evdən çıxmır, dəfələrlə cavabdehlərə evdən çıxmaları təklif edilsə də cavabdehlər müxtəlif bəhanələr gətirərək ünvan 3 ünvanda yerləşən evdən çıxmaqdan imtina edirlər. Odur ki, hazırda cavabdehlərin və onlara məxsus əşyaların qeyd edilən ünvandan çıxarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evi hərrac vasitəsilə almış, aldıqdan sonra cavabdehlərin müvəqqəti olaraq orada yaşamasına razılıq vermişdir. Hazırda qeyd edilən əmlak iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5417/2017 nömrəli qətnaməsi ilə ondan tutulmalı olan borc məbləği ona məxsus evə yönəldilmiş, onun mülkiyyətində olan ev hərrac vasitəsilə satılaraq borcun bir hissəsi ödənilmişdir. Hazırda hərrac vasitəsilə iddiçıya satılan və onun da ailə üzvləri ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evdən başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də yeni ev alana qədər vaxt verilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək onlara evi tərk etmək üçün vaxt verilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşə materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 dekabr 2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş 02 dekabr 2019-cu il tarixdə keçirilmiş hərracın yekunları haqqında 135 nömrəli protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə, ünvan 4 ünvanında Şəmkir rayonu İcra və Probasiya Şöbəsinin rəisi Pərviz Quliyevin sifarişi, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə hərrac keçirilmiş, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ev İddiaçı tərəfindən 45 000 manata alınmışdır. Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilən 177 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 Şəmkir rayonu Düyərli kəndində yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən ev açıq hərracdan satılmışdır. Hal-hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda mübahisəli ünvan 1 ünvanında yerləşən evdə yaşasalar da, onların ev üzərində qanundan və ya müqavilədən irəli gələn heç bir hüququ yoxdur. Göründüyü kimi, iddiaçı tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan qaydada mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, lakin mübahisəli fərdi yaşayış evi hazırda cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərin hər hansı qanuni əsas olmadan iddiaçının xüsusi mülkiyyətində olan mənzildə istifadə hüququnun saxlanılması sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu qanunsuz məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını pozur. Buna görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onlara məxsus əşyalar ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar