Məhkəmə qərarları › İş №2(076)-948/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-948/2024

13.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-948/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsində özbaşına inşa edilmiş daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-056A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun və onun ailə üzvlərinin mülkiyyətində olan və Şəmkir rayonu Qasımalılar kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin vəsaiti hesabına sökülərək götürülməsinə və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Qasımalılar kəndində yaşayır. Onun və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun və ailə üzvləri ilə məxsus fərdi yaşayış evi vardır. Cavabdeh xeyli müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş, onun mülkiyyətində olan torpaq sahəsində daş hasar inşa etmişdir. O dəfələrlə torpaq sahəsində inşa etdirdiyi tikilini söküb çıxarmasını tələb etsə də, o imtina etmişdir. Halbuki, həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquq müəyyənedici sənədi yoxdur. O cavabdehin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, JN-056A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan və Şəmkir rayonu Qasımalılar kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona qaytarılmasına, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin vəsaiti hesabına sökülərək götürülməsinə və ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, verdiyi izahatında bildirmişdir ki, həqiqətən iddiaçıya məxsus olan torpaq sahəsinin 3.30 metr hissəsindən cavabdeh tərəfindən hasar çəkilmiş və torpaq sahəsinin 33.0 kv.m hissəsi zəbt edilmişdir. Hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır, onun mübahisəli torpaq üzərindəki JN- 056A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsaslanan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Belə ki, JN-056A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə həyətyanı təyinatlı torpaq sahəsinin onun adına qeyd olunduğu müəyyən edilir. Ona görə də iddianın təmin edilməsi haqqında qətnamə çıxardılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə həmkəndli və qonşudurlar. İllərdir iddiaçının iddia etdiyi torpaq sahəsindən istifadə edir. Belə ki, ona məxsus iri və xırda buynuzlu heyvanlarının giriş-çıxışı həmin torpaq sahəsindəndir. Torpaq sahəsindən istifadə etdiyi üçün iddia tələbini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, ekspertiza rəyini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan JN-056A seriyalı 50409018 kodlu torpağın mülkiyyətə verilməsinə dair aktın təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı, X1, X3, X4 Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə Qasımalılar kənd ərazisində yerləşən 0.18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şəmkir rayon Qasımalılar kəndinin kompleks yerquruluşu layihəsindən görünür ki, 0.22 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7169 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən verilmiş rəydən görünür ki, JN-056 A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Qasımalılar kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin 33,0 kv.m hissəsi cavabdeh tərəfindən istifadə edilir. JN-056 A (KOD ********) saylı "Torpağın Mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Qasımalılar kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 3,30 uzunluğunda hörgü inşa edilmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilən zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh məxsus tövlənin qapısı iddiaçıya məxsus torpaq sahəsinə açılır və cavabdehə məxsus heyvanların tövləyə giriş-çıxışı mübahisəli torpaq sahəsindən keçir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 saylı qərarı ilə JN-056A (KOD ********) saylı Torpağın Mülkiyətə Verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu Qasımalılar kəndində İddiaçı və digər şəxslərin mülkiyyətinə 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 33,0 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir və torpaq sahəsində Cavabdeh 3,30 uzunluğunda hörgü inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin 33,0 kv.m hissəsi faktiki olaraq cavabdehin istifadəsindədir və həmin torpaq sahəsində 3,30 uzunluğunda hörgü inşa etmişdir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. Bununla da mülkiyyətçi olan iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneə yaranmışdır. İddiaçının cavabdehə qarşı inşa edilmiş tikilinin sökülməsi ilə bağlı tələb hüquqları yaranmışdır. Ona görə də məhkəmə həmin torpaq sahəsində inşa edilmiş hörgünün cavabdehin vəsaiti hesabına sökülməsinə aid tələbini həmin torpaq sahəsinə münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimaiiaşə, məişət və digər obyektlər istisna olmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan Şəmkir rayonu Qasımalılar kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin 33,0 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilməli, İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Qasımalılar kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan 3,30 metr uzunluğunda hörgü Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus olan Şəmkir rayonu Qasımalılar kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinin 33,0 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilsin. İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt edilmiş Şəmkir rayonu Qasımalılar kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa olunan 3,30 metr uzunluğunda hörgü Cavabdeh vəsaiti hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar