Məhkəmə qərarları › İş №2(077)-305/2023

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-305/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-305/2023 16.08.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi “şəhid olma faktının tanınmasına dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “şəhid olma faktının tanınmasına dair” ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, anası X3 xx.xx.1992-ci il tarixdə Şuşa şəhəri işğal olunan zaman şəhid olma faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş İV-JQ seriyalı, 332443 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi anası X2 rayonu ermənilər tərəfindən işğal olunan zaman Xəlfəli kəndindən çıxarkən vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü bəndinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin tələblərinə görə isə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hesab edirəm ki, mülki vətəndaşlara şəhid və şəhid ailəsi statusunun verilməsi rayon (şəhər) məhkəmələrinin deyil, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edildiyindən, Ərizəçi “şəhid olma faktının tanınmasına dair” ərizəsinə Şuşa rayon Məhkəməsində baxıla bilməz. Odur ki, iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151- 152-ci, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi “şəhid olma faktının tanınmasına dair” ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, göstərilən məsələ ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar