Məhkəmə qərarları › İş №2(077)-434/2022

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-434/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-434/2022 01.12.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1 Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək,onun Şuşa şəhəri,Təbriz küçəsi,ev 6 ünvanında yerləşən yaşayış evinin sahibi olması və ona qeyd olunan ünvanda yaşayış evi tikməsinə icazə verilməsi barədə Şuşa şəhər XDS İcraiyyə Komitəsinin 15 iyul 1988-ci il tarixli qərarının mövcudluğuna dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki,ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki,ərizəçi ərizəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmişdir.Ərizə xüsusi icraat qaydasında verilməsinə baxmayaraq Ərizəçi özünü «iddiaçı» kimi qeyd etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Həmçinin,ərizəyə əlavə olunmuş sənədlərin surətləri işdə olan tərəflərə təqdim edilməsi üçün müvafiq sayda əlavə edilməmişdir.Bundan başqa,ərizəçi tələbinin əsas kimi istinad etdiyi faktları və ya qeyd etdiyi qərarı başqa qaydada ala bilməməsinə dair müvafiq dövlət qurumlarına,Milli Arxiv İdarəsinə və.s müraciət etdiyini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı hissəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 7.2-ci hissəsinə əsasən məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Ərizəçiyə izah edilməlidir ki,ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar