Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1/2021 24.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X5, cavabdeh X19 vəkili X11 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X23 və X17 qarşı mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və tikilinin məcburi sökülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X23 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan və Naxçıvan şəhər Qaraxənbəyli kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsindən X34 tərəfindən istifadəyə olan maneənin aradan qadırılması və üzərində köhnədən tikilmiş, istifadəyə yararsız uçmaq təhlükəsində oolan çayxana binasının məcburi qaydada söküməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29 iyun 2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X7 ərizə təqdim edərək X12, X6, X8 və X9 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək sözügedən şəxslər X34 ilə yanaşı cavabdeh qismində işə cəlb edilmişlər. 23 sentyabr 2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək idda tələbinin dəqiqləşdirdiyini və iddiaçılara məxsus olan Naxçıvan şəhəri Qaraxənbəyli kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsindən X34 və X24 tərəfindən istifadəyə olan maneələrin aradan qaldırılması və üzərində tikilmiş tikilinin məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə nəzərə alınaraq iddia tələbinə dəqiqləşdirilmiş çərçivədə baxılmasına qərar verilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi X7 iddianı müdafiə edərək bildirmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli Qərarı ilə Naxçıvan şəhər (keçmiş Babək rayon) Qaraxanbəyli kəndində İddiaçı1, İddiaçı2 və mərhum övladları X13 adına üç nəfərdən ibarət ailə üzvü kimi paylı mülkiyyətə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən zaman üzərində uçmaq təhlükəsi olan çayxana binası olmuşdur. İddiaçı1 azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, daha sonra da maddi imkanının zəif olması və köçüb Bakı şəhərində yaşaması ilə əlaqədar torpaq sahəsini vaxtında hasara ala bilməmişdir. Bundan istifadə edən cavabdeh X34 torpaq sahəsində tikilmiş köhnə tikili olan və əvvəllər çayxana kimi işlədilmiş tikilini sahiblənərək torpaq sahəsinin mülkiyyətçilərinə öz torpaq sahələrindən istifadəyə maneə yaratmışdır. Belə ki, 2017-ci ildə iddiaçılar torpaq sahələri ilə maraqlanıb satmaq istədikdə müəyyən edilmişdir ki, həmin tikiliyə X4 edir. Həmin vaxt daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət edilərək akt tərtib edilmiş və tikilinin uçmaq təhlükəsində olması və yararsızlığı qeyd edilmişdir. Bundan sonra cavabdeh X34 həmin yararsız tikilidə təmir işləri aparmış və dam örtüyünü dəyişdirmiş, qapı qoymuş, həmçinin beton üzləmə etdirmişdir. 2019-cu ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdə daşınmaz əmlakın aktı əsasında binanın yararsız və uçmaq təhükəsində olması göstərilmişdir. Daha sonra cavabdeh tərəfindən başqa iddiaların qaldırılması əsası ilə hazırki işin dayandırılmasını nəzərə aldıqda aparılmış təmir işləri nəticəsində artıq iddia tələbini dəqiqləşdirərərk uçmaq təhlükəsində olan və yararsız çayxana binası ifadəsini tələbində çıxartmış, sadəcə tikili olaraq göstərmişdir. İşin icraatı dayandırıldığı müddətdə müəyyən edilmişdir ki, cavabdeh X12 mərhum əri Həsən Ramazanova 1998-ci il tarixli Babək Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə çayxana binası tikilinə icazə verilmişdir. Bu barədə məlumat əldə etdikdən sonda X14 vərəsələrinin X12, X6, X8 və X9 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, lakin məhkəmə prosesinin sonrakı gedişində digər vərəsələrin X12 xeyrinə miras əmlakdan imtina etməsini nəzərə alaraq iddiaçılara məxsus olan torpaq sahəsindən sadəcə X34 və X24 tərəfindən istifadəyə maneə yaratması barədə tələbini dəqiqləşdirmişdir. Artıq digər məhkəmələrin qüvvədə olan məhkəmə aktları ilə mübahisəli tikili və onun yerləşdiyi torpaq sahəsini mübahisələndirmək üçün cavabdeh X1 hüququnun olmadığı öz təsdiqini tapmışdır. Yerində baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh X34 öz şəxsi əşyalarını mövcud tikiliyə yerləşdirmiş, hətta həmin tikiliyə işıq sayğacını öz adına çəkdirmişdir. Qaz sayğacı qoyulan zaman iddiaçılara məlumat verilmiş, cavabdehin öz adına qaz çəkilməsi dayandırılmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırki vəziyyətdə iddiaçıllar öz mülkiyyətlərində olan torpaq sahəsindən maneəsiz istifadəni həyata keçirə bilmirlər. Çünki həmin torpaq sahəsində tikili vardır, tikilidə cavabdeh Gülpəri Abbasovanın əşyaları vardır. Dəfələrlə tikilinin boşaldılması, sökülməsi, maneənin aradan qaldırılması barədə qarşı tərəfə məlumat verilsə də heç bir razılıq əldə edilməmişdir. Buna görə də iddianın təmin edilməsi, tikilinin məcburi qaydada sökülməklə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh X34 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, cavabdeh X24 ilə dostdur. Həmin torpaq sahəsi Sevdanın əri X15 verilmişdir ki, orada çayçı binası inşa etsin və işlətsin. Həsən çayçı tikibdir və uzun illər işlədibdir. Daha sonra Həsən rəhmətə gedibdir və çayçı boş qalıbdır. Sevda ilə qeyri-rəsmi razılığa gəlibdir ki, həmin tikilini alsın və oranı bərpa edib işlətsin. Buna görə Sevdaya 2000 (iki min) manat pul veribdir. Binada təmir işləri görübdür, işıq sayğacı çəkdiribdir. Öz yaşadığı bina təmir edilərkən artıq əşyalarını aparıb həmin tikiliyə qoyubdur. Tikilinin açarı da ondadır. Türkiyə Respublikasında yaşayır, Naxçıvana gələrkən tikiliyə də baş çəkir. Bu gün bir iş yeri açmaq üçün 50000 (əlli min) manat pul lazımdır. İddiaçılar həmin pulu ona verərlərsə onlarla razılığa gələr bilər. Çünki onun xəstə övladı vardır, özü də xəstədir. Övladına şərait yaratmalıdır. Başqa qaydada onlarla razılaşması mümkün deyil. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh X19 vəkili X25 izahatında iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh X24 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun mərhum ərinə çayçı binası tikməsi üçün verilmişdir. Min bir əziyyətlə çiy kərpic kəsib çayçı tikmişlər və bir neçə il də istifadə etmişlər. Daha sonra əri Həsən Ramazanov vəfat etmişdir. Maddi imkanları olmadığından vaxtında sənədləşə aparmamışlar. Öz evlərini belə son vaxtlar sənədləşdirmişlər. Qızları atalarından qalan miras əmlakdan onun xeyrinə imtina etmişdir. O özü xəstədir, qan azlığı vardır. Çayçını şifahi qaydada Gülpəri Abbasovaya satmışdır. Vaxtında Gülpəridən 2000 (iki min) manat borc almışdır. Borcunu qaytara bilmədiyi üçün əvəzində çayçı binasını ona vermişdir ki, sənədləşdirib işlətsin. Ümumiyyətə iddiaçıları görməmişdir, onları Qaraxanbəyli kəndində hamı tanıyır, bütün kənd şahidlik edə bilər ki, torpaq və çayçı onların olubdur. Lakin kənddə heç kim iddiaçıları tanımır. Qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X30 ilə X26 15 aprel 1978-ci ildə nikah bağlamış və bu barədə 59 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X27 18 dekabr 1982-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 1317B kod 10304005 olan şəhadətnamədən aydın olur ki, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə X16, İddiaçı2 və X13 paylı mükiyyətinə Babək rayonu Qaraxanbəyli kəndində 0.09 ha ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X27 04 oktyabr 2018-ci ildə baş beynin bədxassəli yenitörəməsi diqanozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə 09 oktyabr 2018-ci il tarixdə ölüm akt qeydləri kitabında 1536 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan 11 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın müayinəsi barədə aktdan aydın olur ki, həmin akt T.Zeynalov-Naxçıvan MR DƏTMDK-nin aparıcı mütəxəssisi, etibarnamə əsasında mülkiyyətçi tərəfindən çıxış edən X35 tərəfindən tərtib edilmiş və aktda sənəd üzrə torpaq sahəsinin 888.80 kv.metr faktiki torpaq shaəsinin 886.06 kv.metr olması, baxış zamanı torpaq sahəsi üzərində köhnədən tikilmiş istifadəyə yararsız uçmaq təhlükəsində olan çayxana binasının mövcud olması qeyd edilmişdir. İş materiallarında olan Babək Rayon İcra Hakimiyyətinin 152 nömrəli Sərəncamından aydın olur ki, Qaraxənbəyli kənd sakini X10 08.07.1998-ci il tarixli ərizəsi rayon İcra Hakimiyyəti Başçısının Cavidabad kənd ərazi vahidi üzrə nümayəndəliyinin 24 saylı razılıq məktubu nəzərə alınaraq kəndin hüdudları daxilində yerləşən kolxoz həyəti adlanan Qaraxənbəyli ərazisindən 32 kv.metr ayrılaraq Qaraxənbəyli kənd sakini X20 tərəfindən 25 yerlik çayçı bufet binası tikintisi aparılmasına icazə verilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(078)-860/2019 nömrəli qətnaməsinin surətindən aydın olur ki, X12 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə, İddiaçı1 və İddiaçı2 qarşı Aqrar İslahat Komissiyasının qərarının qismən ləğv edilməsi, qanuni istifadə hüququnun tanınması və torpaq sahəsi üzərindəki tikiliyə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli 2(078)-22/2020 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(078)-860/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə icraata xitam verilmiş, X17 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2-1(087)-60/2019 nömrəli qərardadı ilə iddiaçı X12 vəkili və nümayəndəsi X11 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Qaraxənbəyli kəndinin hüdudları daxilində yerləşən kolxoz həyəti adlanan ərazidən 32 kv.m torpaq sahəsinə və onun üzərində tikilmiş qeyri-yaşayış binasına (çayçı-bufetə) X10 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 29 oktyabr 2020-ci il tarixli 2-1(108)-21/2020 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2019cu il tarixli 2-1(087)-60/2019 nömrəli qərardadından iddiaçı X12 və iddiaçının vəkili və nümayəndəsi X11 şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2-1(087)-60/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X21, X22, X31 tərəfindən notariat kontoruna verilmiş ərizələrdən aydın olur ki, onlar ataları X10 ölümündən sonra ondan miras qalan bütün əmlakdan vərəsəlik yolu ilə çatan paydan imtina etmişlər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1696 ha ölçüdə torpaq sahəsi X12 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli 180 nömrəli mütəxəssis rəyindən aydın olur ki, mülki işlə əlaqədar torpaq sahəsinə naturada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, JN 1317B kod 10304005 olan şəhadətnamədən aydın olur ki, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə X18 verilmişdir və hal-hazırda həmin torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən tikili isə Daşınmaz əMlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli 22/233 nömrəli sorğuya əsasən cavab məktubunda qeyd olunmuşdur ki, Qaraxənbəyli kəndi 2009-cu ildən Naxçıvan şəhərinin inzibati ərazisinə aid edildiyi üçün Babək Rayon İcra Hakimiyyətinin 16 noyabr 1998-ci il tarixli 152 nömrəli sərəncamından irəli gələn məsələlərin nəticəsində dair məlumat yoxdur. Naxçıvan Şəhər Qaraxənbəyli kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 sentyabr 2021-ci il tarixli 1567 nömrəli məktubuna əsasən Qaraxənbəyli kənd sakini X2 ayrılmış 32 kv.metr torpaq sahəsində tikilmiş və müəyyən müddət fəaliyyət göstərmiş çayçı-bufet binası 2003cü ildən etibarən fəaliyyət göstərmir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşmış hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. zərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Mülkiyyət hüququnun müdafiə vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü madədsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 0.09 ha torpaq sahəsi verilmişdir. Mövcud torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. X2 çayçı bufet olaraq tikilisinə icazə verilmiş tikilinin kolxoz həyətindən ayrılması barədə Sərəncamla icazə verilsə də həmin sərəncamdan irəli gələn məsələlərin hansı şəkildə öz həllini tapmasına dair iş materiallarında hər hansı sübut təqdim edilməmişdir. Həmçinin mərhum Həsən Ramazanov sağlığında müvafiq tikili üzərində hüquqlarını qeydiyyata aldırmamışdır. İşin bu halı qanuni qüvvədə olan Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərardadı ilə öz təsdiqini tapmışdır ki, iddianın mümkün sayılmaması barədə qərardad mərhum Həsən Ramazanovun vərəsəsi X28 münasibətdə subyektiv hüququn olmaması və müddətin keçməsi ilə əsaslandırılmışdır. Belə olan halda iddiaçıların mülkiyyətində inşa edilmiş tikili dövlət qeydiyyatına alınmayan tikili olduğundan önün sökülməsini tələb etməkdə iddiaçılar haqlıdır. Hazırki vəziyyətdə mövcud tikilidən X34 tərəfindən istifadə edilməsi işə məhkəmədə baxılarkən tərəflərin izahatı və yerində müayinə və tədqiqi aparılarkən öz təsdiqini tapmışdır. X3 ilə X34 arasında qeydiyyata alınmayan, başqa mülkiyyətçinin torpaq sahəsində yerləşən tikiliyə dair şifahi alqı-satqı aparılmasına dair cavabdehlərin izahatlarında bildirdikləri hallara istinad edərək məhkəmə hesab edir ki, bu halda iddiaçıların sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdehlər tərəfindən məhdudlaşdırılmış və iddiaçıların mülkiyyət hüququna müdaxilə olunmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Nəticə: Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri Qaraxənbəyli nədində yerləşən 0.09 ha ölçüdə olan torpaq sahəsindən istifadəyə cavabdehlər X34 və X24 tərəfindən yaranmış maneələr aradan qaldırılması və həmin torpaq sahəsində tikilmiş 32 kvadrat metr ölçüdə olan tikili məcburi qaydada sökülməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən 0.09 ha ölçüdə olan torpaq sahəsindən istifadəyə cavabdehlər X34 və X24 tərəfindən yaranmış maneələr aradan qaldırılsın. Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən 0.09 ha ölçüdə olan torpaq sahəsində inşa edilmiş 32 kvadrat metr ölçüdə olan tikili məcburi qaydada sökülsün. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1/2021
24.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver