Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1010/2022 15.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının iştirakları ilə, İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının ünvan 1 ünvanında yerləşən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Onun nümayəndəsi və vəkili iddiaçının Bakı şəhərində yaşadığını və məhkəmə iclaslarına gəlməsinin mümkün olmadığını bildirib onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi İddiaçı vərəsəlik qaydasında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmiş və çıxarış almışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında olan Məmmədova (İsayeva) Ayna Əli qızının, X24, X1, X8, X9 və X10 qeydiyyatdan çıxarılması barədə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin iclasında Məmmədova (İsayeva) X39 Şəhər Məhkəməsinin 2(078)- 31/2010 nömrəli, 01 fevral 2010-cu il tarixli qətnaməsini məhkəməyə təqdim edərək Naxçıvan şəhəri Y.Məmmədəliyev küçəsi döngə 2, ev 14 də yaşayış və istifadə hüququnun olmasını bildirmişdir. Bundan sonra X38 münasibətdə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh Məmmədova (İsayeva) Ayna Əli qızı xx.xx.2013-cü il tarixdə X25 ilə ailə həyatı qurub və ailə həyatı qurmadan əvvəl də həmin evdə yaşamamışdır. Hazırda həyat yoldaşı X25 ilə birlikdə başqa yerdə yaşayırlar. İddiaçı ilə cavabdeh Məmmədova (İsayeva) Ayna Əli qızı arasında qohumluq münasibəti artıq yoxdur. Mübahisəli evdə 2010-cu ildə cavabdeh keçmiş qayınanasına münasibətdə yaşayış və istifadə hüququ alıbdır. Həmin evdə cavabdehin keçmiş əri Qafar və keçmiş qayınanası Sara xanım yaşayıbdır. 2011-ci ildə Sara xanım vəfat edibdir. Qafar cavabdehlə boşandıqdan sonra iki dəfə ailə qurubdur və müəyyən müddət evli qalıbdır. 2013-cü ildə cavabdehin özü ailə qurubdur. Cavabdehin yeni ailəsi ilə keçmiş ərinin yaşadığı və yaşamaqda davam etdiyi evdə yaşaması mümkün deyildi. Qafar 2019-cu ildə vəfat edibdir. O vəfat edəndə tək yaşayıb, hətta ölüb və bir neçə gün heç kim onun öldüyünü bilməyibdir. 2019-cu ildəndir ki, həmin evdə yaşayış yoxdur və qapı bağlıdır. Həmin mənzildə 2019-cu ildən-Qafarın vəfatından sonra yaşayış olmaması həmin ərazi üzrə icra nümayəndəliyinin arayışı ilə təsdiq edilir, həmçinin qaz sərfiyyatının dayandırılması barədə müvafiq orqanın məktubu vardır. Qeyd edilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında X38 verilmiş yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o iddiaçının qardaşı Sadiqov Qafarla rəsmi nikahda olmuşdur. Qafarla 1984-cü ildə ailə qurub, övladı olmamışdır, 30 ilə qədər onunla birlikdə yaşamışdır. Qafar psixi xəstəlikdən əziyyət çəkirdi. Dəfələrlə onu döyüb ağır xəsarətlər yetirmişdir. Neçə dəfələrlə psixi xəstəliklər dispanserində müalicə alsa da hər dəfə sağalmaq ümidi ilə onunla yaşamağa davam etmişdir. Ancaq sonra onun xəstəliyinə dözə bilməyib rəsmi qaydada ayrılmışdır. Qafarla boşandıqdan sonra qayınanasına qarşı iddia qaldırmış və o evdən yaşayış və istifadə hüququ verilmişdir. Qayınanası ölənə qədər o evdə yaşamışdır. Qafar o evdə yaşaya-yaşaya dəfələrlə ailə qurdu, ancaq heç bir qadın onun xəstəliyinə dözə bilmədi, qaçdı. Qayınanası öləndən sonra o evdə yaşaya bilmədi. Ev çox təmirsiz və yararsız idi. Son illər ailə qurmuşdur. Ailə qurub ərinin evinə getmişdir. İndi ərinin birinci nikahdan olan oğlu onu yola vermir, deyir ev onundur, kirayə çıxsınlar. Özü xəstədir Qafardan başqa o evdə heç kim yaşamayıb. Sonra da Qafar özü tənha şəkildə vəfat edib. Heç o vəfat edəndə nəinki Xalidə, heç kim yanında olmayıb, meyiti günlərlə evdə qoxub. Həmin evdə onun haqqı var. O heç vaxt həmin evdən çıxmayacaq. Xalidə ona bir otaqlı ev alsın versin evdən çıxsın. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, 1987-ci ildə Qafarla ailə qurub həmin evə gəlmişdir. Həmin vaxt o evdə qayınatası, qaynanası və Qafarla özü yaşayırdı. Xalidənin də övladı orada idi. Ona da o baxmışdır. Təqribən 7-8 il olar ki, Qafardan boşanmışdır. Boşandıqdan sonra ona həmin evin bir otağından yaşayış və istifadə hüququ verildi. Ancaq həmin evdə yaşaya bilmədi. Çünki Qafar ondan sonra 2 qadınla qeyri-rəsmi nikahda yaşadı. Onlar da Qafarı tərk edib getdilər. Qafardan 2-3 il qabaq qayınanası Sara xanım rəhmətə getdi. Qafar tək yaşadı. Hətta Qafar evdə ölmüşdü. 3-4 gün sonra evə gəlib baxmışdılar ki, Qafar evdə ölüb. Heç kimin onun ölümündən xəbəri olmayıb. Dəqiq yadında deyil, 4-5 ildir ailə qurub. 2-ci həyat yoldaşının 1-ci arvadından 2 yetkinlik yaşına çatmış övladları var. Ev də indiki həyat yoldaşının atasının əmlakıdır. O Qafar sağ olanda da, öldükdən sonra da həmin evə gedib-gəlibdir. Sonra ayağından əməliyyat olunmuş, 1 il yataqda müalicə almışdır. Ona görə həmin evə gedib-gələ bilməmişdir. Yoxsa həmin evə gedirdi, oradan istifadə edirdi. O qayınanası Saranın ölümündən sonra həmin evdə yaşamamışdır. Onun bu gün harada yaşmağının işə mahiyyəti yoxdur. Ərinin də harada yaşamasının işə mahiyyəti yoxdur. Onun o evdə bir otağı var. Evin açarı bu gün ondadır. Ev onundur. Heç kim onu oradan çıxara bilməz. Evin açarı əvvəldən onda olub. Cavabdeh qeyd edilənləri nəzərə alıb ona bir otaqlı ev alınıb verilməklə evdən çıxa biləcəyini bildirib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ifadə verən şahid X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısının qızıdır. Mərhum Qafar da dayısı oğlu olub. Cavabdeh İsayeva Ayna dayısı oğlu Qafarın yoldaşı olub. Ayna ilə Qafar yola gedə bilmədilər. Ayna Qafardan ayrıldı. Ayna Qafardan ayrıldıqdan sonra başqa bir şəxslə ailə qurdu. Qafar tək yaşadı. Sara xala Qafardan 2-3 il qabaq rəhmətə gedib. Qafar həmin evdə tək yaşadı. Qafardan başqa heç kim həmin evdə qalmayıb. Qafarın bir az psixoloji narahatçılığı var idi. Qafar öldükdən sonra da həmin evə ən çox gəlib-gedən Xalidə olub. O Aynanın orada gəlib yaşamağını görməmişdir. Hazırda Xalidə həyətin açarından 1 surət də ona verib. Arada gedib həyətə baş çəkir. Nə Sara xala öləndən sonra, nə də Qafar öləndən sonra Ayna həmin həyətə gəlməyib. Onlar həmin məhəllədə yaşayırlar. O Qafara Ayna ilə barışmasını deyəndə Qafar deyirdi ki, o evlənib. Ayna o evə boşandıqdan sonra gəlməyib. Məhkəmə baxışı iclasında ifadə verən şahid X30 ifadəsində bildirmişdir ki, o rəhmətlik İbrahim əmini də, Sara xalanı da, Qafarı da yaxşı tanıyır. Ümumiyyətlə Xalidəni, Xədicəni hamısını tanıyır. Neçə illərdir həmin məhəllədə yaşayır. Qapı qonşusudur. Ayna Qafarın həyat yoldaşı olub. Sonra onlar ayrıldılar. Eşitmişdir ki, Ayna başqa bir şəxslə ailə qurub. Qafar ölən günə kimi həmin həyətdə tək yaşadı. Xalidə tez-tez zəng edib Qafarla maraqlanırdı. Hətta Qafar evdə rəhmətə getmişdi. Heç kim bilmirdi. 4-5 gündən sonra Xalidə xəbər yolladı ki, bəs zəng edir Qafara, ancaq Qafar telefonlara cavab vermir. Qonşular gedib, həyətə düşüb baxmışdılar ki, Qafar evdə ölüb. Ayna boşandıqdan sonra da, Qafarın ölümündən sonra da həmin həyətə gəlməyib. Ayna boşandıqdan sonra onu cəmi iki dəfə görümşdür. Bir dəfə 3- 4 ay bundan əvvəl əri ilə gəldi və onların qapısını döyüb Qafar yaşadığı evin açarının kimdə olub-olmadığını soruşdular. Onlar da demişdilər ki, açar onlarda deyil. Bir dəfə də 1 ay əvvəl bacısı ilə gəlib məhkəmə bildirişinin poçt işçisinin onlara təqdim edib-etmədiyini soruşdu. O da bildirmişdir ki, heç kim onlara məktub verməyib. Qafardan sonra həmin həyətlə Xalidə maraqlanıb. Aynanı boşandıqdan sonra orada yaşayan, oraya gəlib-gedən görməmişdir. Cəmi iki dəfə bu son vaxtlar onu görmüşdür. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına ünvan 4 ünvanında yaşayış və istifadə hüququ verilməsi, həmin ünvanda qeydiyyatda olması, daha sonra nikaha daxil olması, hazırki vəziyyətdə mülkiyyətçinin dəyişməsi işin mübahisəsiz hallarıdır. Bu hallar aşağıdakı sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-31/2010 nömrəli 01 fevral 2010-cu il tarixli qətnaməsindən aydın olur ki, iddiaçı X36 cavabdeh X16 qarşı mənzildən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddiası təmin edilmiş, X38 Naxçıvan şəhəri, Y.Məmmədəliyev küçəsi döngə 1-də yerləşən 14 nömrəli evdə yaşayış və istifadə hüququ verilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli AZ-İ-690910 nömrəli Çıxarışdan aydın olur ki, X25 ilə X53 05 sentyabr 2013cü il tarixdə nikah bağlamış, bu barədə 385 nömrəli nikah akt qeydi icra edilmişdir. Nikah bağlandıqdan sonra kişinin soyadı Məmmədov, qadının soyadı Məmmədova olmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1094/2021-ci il nömrəli 05 noyabr 2021-ci tarixli qətnaməsindən aydın olur ki, İddiaçı cavabdehlər X2, X17, X31, X18, X19, X26, X34, X27, X32, X20, X21 və X5 qarşı X12 ölümündən sonra ünvan 5 ünvanında yerləşən miras əmlakı X33 tərəfindən qəbul edilməsi və X13 ölümündən sonra İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, mərhum X6 miras qalmış ünvan 5 ünvanında yerləşən miras əmlakın X33 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum X7 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli 1360 nömrəli arayışından aydın olur ki, X4 şəhəri, Y.Məmmədəliyev ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 76.01 kv.metr olan fərdi yaşayış evi və 0.0429 ha torpaq sahəsi 13 yanvar 2022-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehin ailə quraraq yaşayış və istifadə hüququ əldə etdiyi ünvandan getməsini, həmin ünvanda yaşamadığını bildirərək kompensasiya verilmədən yaşayış və istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh isə həmin mənzildə yaşadığını və mənzildən istifadə etdiyini bildirib iddianın rədd edilməsini, iddiaçı tərəfindən ona bir otaqlı mənzil alınıb verildiyi halda evdən çıxacağını bildirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-31/2010 nömrəli 01 fevral 2010-cu il tarixli və 2(078)-1094/2021 nömrəli 05 noyabr 2021-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Məhkəmə iddia tələbinin qanuni əsasının tapılmasına münasibətdə belə hesab edir ki, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində məhkəmə qətnaməsi ilə verilən yaşayış və istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ- şəxsi servitutdur. Məhkəmə bununla bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Məhkəmə iddia tələbinə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə yanaşaraq istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alaraq qeyd edir ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, Plenum qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 13 yanvar 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı). Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. İş materiallarına olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 1756 nömrəli məktubdan aydın olur ki, ünvan 8 ünvanında mərhum X33 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra həmin ünvan bağlı olub, yaşayış olmayıb. İş materiallarında olan Naxçıvan MR Qaz İstismar Xidmətinin 27 oktyabr 2022-ci il tarixli 202/05 nömrəli məktubundan aydın olur ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində qaz sərfinə görə ödənişlər 2019-cu ilə qədər Bayramova Sara tərəfindən aparılmış, 2019-cu ildən qaz sərfiyyatına görə ödənişlər dayandırılmışdır. Fərdi həyət evinin qapısı bağlı olduğundan Xidmətin əməkdaşları sayğaca baxış keçirə bilməmişlər. İstər cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun yarandığı dövrdə mövcud olan hazırda qüvvədə olmayan mənzil qanunvericiliyində, istərsə də hazırda qüvvədə olan mülki və mənzil qanunvericiliklərində mübahisə predmetini tənzimləyən hüquq normalarının təhlilindən belə nəticə çıxarmaq olur ki, yaşayış və istifadə hüququ şəxsin mənzilə ehtiyacı olduğu halda verilir və həmin ehtiyac aradan qaldırıldığı halda isə itirilmiş hesab edilir və ya xitam verilir. Yaşayış və istifadə hüququ verilmiş şəxsə kompensasiyanın verilməsi yalnız mənzildə yaşadığı və istifadə edildiyi təqdirdə mümkün hesab edilir. Hazırki işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı uzun müddət həmin mənzildən istifadə etməmiş və ailə qurub başqa yerdə yaşamışdır. Mülkiyyətçi tərəfindən ona qarşı iddia qaldırıldıqda isə o, istifadə hüququna yalnız kompensasiya olaraq bir otaqlı mənzil verilməklə xitam verilməsini tələb etmişdir. Halbuki, istifadə hüququna malik olan şəxs davamlı surətdə başqa yerdə yaşayır və bu iş üzrə sübutlarla öz təsdiqini tapır. Belə ki, iş üzrə tərəflərin izahatları, qanuni qüvvədə olan və hazırki iş üzrə məcburi hüquqi qüvvə daşıyan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdeh X53 mərhum X33 ilə 1986-cı il tarixdə ailə qurmuş, 2009-cu ildə nikahları pozulmuşdur. 2010-cu il tarixdə cavabdeh keçmiş qanınanası X22 qarşı yaşayış və istifadə hüququ tələbi ilə məhkəmədə iddia qaldırmış və iddiası təmin edilmişdir. 2013-cü ildə cavabdeh yenidən rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. X33 20 noyabr 2019-cu ildə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir. Vəfat edən zaman birinci növbəli vərəsəsi həyat yoldaşı X28 olmuşdur. X33 tək vəfat etmiş və onun vəfatından bir neçə gün sonra qonşular tərəfindən evdə vəfat etməsi aşkar edilmişdir. Mirasın qəbulu faktının tanınması ilə bağlı məhkəmə qətnaməsində X12 vəfatından sonra X13 tək olaraq həmin evdə yaşaması, Qafar Sadiqovun vəfatından sonra isə ondan miras qalan evin idarəçiliyinin və mühafizəsinin bacısı İddiaçı tərəfindən həyata keçirilməsi təsdiqini tamışdır. Ümumiyyətlə cavabdeh X53 adlı şəxsin həmin fərdi yaşayış evində yaşaması və ya oradan istifadə etməsinə dair hər hansı hal sözügedən qətnamədə öz əksini tapmamışdır. X13 vəfatından sonra isə qapının bağlı olması, qaz sayğacının dayandırılması rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə ümumi qiymət verilmiş halları nəzərdən keçirib hesab edir ki, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı məhkəmə qətnaməsi ilə ona verilən yaşayış və istifadə hüququnu həyata keçirməmiş, buna səbəb cavabdehin ikinci dəfə ailə qurması olmuşdur. Bu hal işdə olan nikah akt qeydindən çıxarışla öz təsdiqini tapır. Cavabdeh yenidən ailə qurub ər evinə getməklə yaşayış sahəsinə olan ehtiyacını aradan qaldırmışdır. Cavabdehin həmin yaşayış evindən hər zaman istifadə etməsi, oraya gedib-gəlməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə məhkəmə iclasında ifadə verən şahidlər cavabdehin nikah pozulduqdan sonra həmin həyətdən istifadə etmədiyini və yaşamadığını bildirmişlər. Cavabdeh mübahisəli mənzildə yaşaması və istiifadə etməsi ilə bağlı bildirdiyi halların təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmiş, sadəcə olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara etirazını bildirmişdir. Cavabdeh hazırda evin açarının onda olduğunu bildirmiş və bununla da evdən istifadə etdiyini qeyd etmişdir. Məhkəmə həmin hala münasibətdə qeyd edir ki, cavabdehin izahatının düzgün olması, yəni evin açarının ondan olması ehtimalını nəzərə alanda belə bu hal cavabdehin həmin evə yaşayış və istifadəyə olan ehtiyacı, həmin evdən istifadə etməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, mübahisəli mənzilin açarının 3-4 ay bundan əvvələ qədər cavabdehdə olmadığı işə baxılarkən şahid ifadəsi əsasında müəyyən edilmişdir. Belə ki, şahid Vilayət Hacıyev ifadəsində bildirmişdir ki, təxminən 3-4 ay əvvəl cavabdeh əri ilə onlara gəlib evin açarının kimdə olması ilə maraqlanmışdır. Həmin şahid ifadəsinə cavabdeh etirazını bildirməmişdir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilib dindirilən şahidlər cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının keçmiş əri X33 ilə nikah münasibətlərinə xitam verildikdən sonra həmin evdə yaşamadığını bildirmiş, şahid X3 boşandıqdan sonra da, Qafarın ölümündən sonra da həyətə gəlmədiyini, Aynanın boşandıqdan sonra cəmi iki dəfə gördüyünü, bir dəfə 3-4 ay bundan əvvəl əri ilə gələrək Qafarın yaşadığı evin açarının kimdə olub-olmadığını soruşduğunu, ikinci dəfə isə 1 ay bundan əvvəl bacısı ilə gələrək məhkəmə bildirişinin poçtalyonun onlara təqdim edib-etmədiyini soruşduğunu bildirmişdir. Məhkəmə şahid ifadəsinin sübutun düzgünlük, konkretlilik və təkzibolunmazlıq xüsusiyyətləri ilə uyğun olması nəticəsinə gəlmişdir. Həmin şahid cavabdehin yaşayış və istifadə hüququ əldə etdiyi evin qapı qonşusu olmuşdur. Həmçinin cavabdeh öz izahatında ilk dəfə qayınanasının vəfatından sonra həmin evdə yaşamadığını bildirmiş, daha sonra izahatında Qafar sağ olanda da, vəfat etdikdən sonra da həmin evə gedib-gəldiyini, sonra ayağından əməliyyat olunduğunu, 1 il müddətində yataqda müalicə aldığını, ona görə həmin evə gedib-gələ bimədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin ailə qurması, hazırda nikah münasibətlərinin davam etməsi mübahisəli mənzilə olan ehtiyacının aradan qaldırdığını təsdiq edən birbaşa sübutdur. Cavabdeh ailə qurmaqla mənzilə olan ehtiyacını aradan qaldırmış, hazırda nikahda olduğu şəxslə birlikdə yaşayır. Onun yenidən ailə qurduqdan sonra əvvəlki ailəsindən yaşayış və istifadə hüququ aldığı mənzildən, əvvəlki ailə qurduğu şəxsin sağ olduğu müddətdə, yeni ailəsi ilə gəlib yaşaması hüquqi məntiqə uyğun deyil və bu arqumenti ağlabatan hesab etmək olmaz. Cavabdehin birinci ərinin vəfatından sonra isə həmin mənzildə yaşaması və istifadəsi ilə bağlı bildirdiyi arqumentlər şahid ifadələri, müvafiq ərazi dairəsi üzrə nümayəndəliyin arayışı ilə təkzib edilir. Bütün bunların nəticəsində məhkəmə hesab edir ki, bu halda mülkiyyətçinin mənafeyi nəzərə alınmalı və əsassız olaraq mülkiyyət hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa və ya xitam verilərsə məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yenidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixli 30402 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızından alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-31/2010 nömrəli 01 fevral 2010-cu il tarixli qətnaməsi əsasında X38 verilmiş yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2022-ci il tarixli 30402 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızından alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1010/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1010/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver