Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1011/2021 21.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququn itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində olan Naxçıvan şəhəri, 59-cu məhəllə, döngə 8 ünvanında yerləşən 1 nömrəli yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi eyni zamanda nümayəndəsi olduğu şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdeh iddiaçının qızıdır. İddiaçı Naxçıvan şəhəri, 59cu məhəllə, döngə 8 ünvanında yerləşən 1 nömrəli yaşayış evinə 17 may 2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə qeydiyyat vəsiqəsi almış, lakin sözügedən mənzil əvvəldən onun adında olmuşdur. Qızlarına torpaq sahələri verən zaman yenidən sənədləşmə işləri aparılmışdır. İş üzrə Cavabdeh evin pasport qeydiyyatında durur ki, bu da iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını həyata keçirilməsinə mane olur. Belə ki, Cavabdeh 18 sentyabr 2006-cı il tarixdə Şahbuz rayon Kükü kənd sakini X5 ilə ailə quraraq Kükü kəndinə gəlin köçmüş, nikahlarından 4 övladı doğulmuş, son beş ildir ki, Cavabdeh ailəsi ilə birlikdə Babək rayon Şıxmahmud kəndində yaşayır. Yəni bir sözlə cavabdehin 2006-cı ildən bəri sözügedən yaşayış evi ilə bağlı heç bir bağlılığı qalmamış, sadəcə evin pasport qeydiyyatında durur. Mənzilin bütün kommunal xərcləri iddiaçı tərəfindən qarşılanır. Cavabdehin mənzildə yaşaması və istifadəsi hüququ itirilmişdir və formal olaraq mənzilin qeydiyyatında olması iddiaçının həmin mənzili özəlləşdirmək və ya digər hüquqlarını həyata keçirməyə maneə törədir. Hesab edir ki, hazırki işə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə məsələ həll edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. Həqiqətən də özünün 2006-cı ildə ailə quraraq Şahbuz rayon Kükü kəndinə gəlin köçmüşdür. Son illər Babək rayon Şıxmahmud kəndində yaşayır. Atası ona hazırda yaşadığı həyətdən 3 sot torpaq sahəsi vermiş, həmin torpaq sahəsi satmış və qaynının verdiyi torpaqda ev tikərək yaşamışdır. Həmin evin pulunu atasının ona verdiyi torpaq sahəsini sataraq əldə etmişdir. O da bilir ki, formal olaraq atasına məxsus olan evin pasport qeydiyyatdındadır. Lakin tikdikləri evi sənədləşdirməmişlər və evdən qeydiyyatdan çıxsa qeydiyyata düşməyə yeri yoxdur. Bundan əlavə heç bir söz olmadan anası onu danışdırmış və atası bir dəfə olsun ona zəng vurub evin qeydiyyatından çıxmaq lazım olduğunu deməyibdir. Bir-iki ay müddətinə evi sənədləşdirib evin qeydiyyatından çıxacaqdır. Körpəlikdən valideynləri onu ögey övlad kimi görmüşdür, buna görə də onu dayısı saxlamışdır. İndi onların bu cür davranmalarını başa düşür. Atasının məqsədi evi digər qızına verməkdir. Bu etdiklərindən sonra onun valideynləri artıq yoxdur, heç vaxt onlarla danışmayacaqdır. Sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 25 iyul 2014-cü il tarixdə verilmiş 16538 inventar və **********09-10301 reyestr nömrəli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən müəyyən edilir ki, Naxçıvan şəhəri, 59-cu məhəllə, döngə 8 ünvanında yerləşən 1 nömrəli yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 17.05.2021-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Naxçıvan şəhəri, 59-cu məhəllədə 0.0614 ha torpaq sahəsində yerləşən 98.91 kv.m sahəsi olan 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/43 nömrəli reyestr kitabının 8446 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18.08.2021-ci il tarixli 01/1202 nömrəli arayışından aydın olur ki, Məmmədov X4 şəhəri, 59-cu məhəllə, döngə 8, ev 1 ünvanında qeydiyyatdadır və onun aşağıdakı ailə üzvləri vardır: 1.X1-həyat yoldaşı; 2.Cavabdeh-qızı-1989; 3.X6-qızı-1993;
4. X2-nəvəsi-2007;
5. X3-nəvəsi-2010. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18.08.2021-ci il tarixli 01/1203 nömrəli arayışından aydın olur ki, Məmmədov X4 şəhəri, 59-cu məhəllə, döngə 8, ev 1 ünvanında qeydiyyatdadır. Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən 25 iyun 2021-ci il tarixdə verilmiş çıxarışdan məlum olmuşdur ki, X5 ilə Cavabdeh arasında 18 sentyabr 2006-cı il tarixdə nikah bağlanmış və bu barədə 13 nömrəli akt qeydi icra edilmişdir. Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05.07.2021-ci il tarixli 325 nömrəli arayışından aydın olur ki, Cavabdeh Babək rayon Şıxmahmud kəndində yaşayır. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2006-ci ildə yarandığından hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin hallarından görünür ki, cavabdeh ailə üzvü olaraq mübahisli mənzildə uzun müddətdir ki yaşamır. Bu halı cavabdeh də təsdiq edir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdeh özünə başqa yaşayış yeri seçmişdir. Məhkəmə bu halı cavabdehin mübahisəli mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehin yaşayış sahəsindən getməsi onların yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehin mübahisəli yaşayış sahəsinə olan istifadə hüquqlarının saxlanılmaması kimi qəbul edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə şeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış əsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi rəsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdeh uzun müddətdir ki, özünə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında formal olaraq adının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia əsaslı olduğundan təmin olunmalı, Naxçıvan şəhəri, 59-cu məhəllə, döngə 8 ünvanında yerləşən 1 nömrəli yaşayış evinin tərkib hissəsindən Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 18.08.2021-ci il tarixdə 22631 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 59-cu məhəllə, döngə 8 ünvanında yerləşən 1 nömrəli yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 18.08.2021-ci il tarixdə 22631 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva