Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1026/2023 11.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı Naxçıvan MR Ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğu vəzifədən azad edilməsi barədə verdiyi xx.xx.2002-ci il tarixli əmrinin ləğv edilməsi və hazırki dövrə qədər məhrum edildiyi vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin ona ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Ədliyyə Nazirliyinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğu vəzifədən azad edilməsi barədə verdiyi xx.xx.2002-ci il tarixli əmrin ləğv edilməsi və hazırki dövrə qədər məhrum edildiyi vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin ona ödənilməsinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini 2000-ci ilin sentyabr ayında qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci və 298-ci maddəsi ilə əsaslandırmış və iddia ərizəsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, hazırki tələblə bağlı Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş, ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkünsüz hesab edilərək mübahisənin ümumi məhkəməyə aid olduğu bildirilmişdir. İddiaçı sözügedən qərardadı iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsinə əlavə edilən Naxçıvan MR İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli e-2-1(122)-351/2023 nömrəli qərardadı ilə tanış olarkən aydın olmuşdur ki, qərardadda ümumiyyətlə mübahisənin ümumi məhkəməyə aid olduğu qeyd edilməmiş, iddia tələbi tamamilə başqa əsasla-iddiaçının 21 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, bu marağın artıq itdiyinə, bunun nəticəsində isə iddia qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət etməsi əsası ilə mümkünsüz hesab edilmişdir. Həmin qərardadda aydın şəkildə göstərilmişdir ki, hazırda mübahisə olunan əmr İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, xx.xx.2002-ci il tarixdə qəbul edilmişdir. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırki tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Yuxarıda qeyd edilən qərardaddan da aydın olduğu kimi iddiaçının hazırki tələbinə Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək tələb mümkünsüz hesab edilmiş və mümkünsüzlüyün əsasını tələbin ümumi məhkəməyə aid olması təşkil etməmişdir. Mümkünsüzlüyün əsası qərardadda aydın şəkildə qeyd edilmişdir. Hazırki iddia tələbində iddiaçının prosessual müddətin bərpasına dair ərizə təqdim etməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, prosessual müddətə də inzibati məhkəmə hüquqi qiymət vermişdir. İstər iddia tələbinin adından, istər mahiyyətindən, istər xarakterindən və subyekt tərkibindən hazırki tələb ümumi məhkəmələrdə baxılmalı olan tələb deyildir və icraata qəbul edilməsi yolverilməz hesab edilməlidir. İddiaçı aidiyyatı üzrə inzibati məhkəmədə iddia qaldırmış və onun iddiasına hüquqi qiymət verilmişdir. İddiaçı sözügedən məhkəmə aktını bu tələblə ümumi məhkəmədə iddia qaldırmaq əvəzinə mübahisələndirə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati mübahisədir və mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırki tələbi inzibati tələb olduğu xatırladılmaqla müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı Naxçıvan MR Ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğu vəzifədən azad edilməsi barədə verdiyi xx.xx.2002-ci il tarixli əmrinin ləğv edilməsi və hazırki dövrə qədər məhrum edildiyi vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin ona ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı həmin tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ (müvafiq qərardadı mübahisələndirmək hüququ) izah olunsun. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş ərizə və ona əlavə edilən sənədlər iddiaçıya qaytaılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1026/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1026/2023
11.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver