Məhkəmə qərarları › İş №2(078)-1027/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1027/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1027/2023 25.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və eyni zamanda digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı və eyni zamanda digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yarandığını, belə ki, Cavabdeh 5000 manat kompensasiya ödənilməklə sözügedən fərdi yaşayış evinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və müvafiq qərardadla ərizə təmin edilərək tələbə dəqiqləşmiş çərçivədə baxılmasına qərar verilmişdi. Məhkəmə baxışı iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası X2 mülkiyyətində olan Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, ev 43 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi onun, bacısının və anasının tərəfindən faktiki qəbul edilmiş və bu faktı Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Bundan sonra həmin daşınmaz əmlakı 12 iyun 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və X4 Dövlət Xidmətində adlarına qeydiyyatdan keçirməklə, mülkiyyət hüququ üzrə çıxarış almışlar. Cavabdeh qardaşıdır və 2011-ci ildən özünə yaşayış yeri seçməklə ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Bu faktı Rizvan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı işə baxılarkən özü də təsdiq etmişdir. Hazırda paylı mülkiyyətdə olan evi satmaq istəyirlər. Lakin, Cavabdeh onlara məxsus Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, ev 43 ünvanında yerləşən evin pasport qeydiyyatında dayanması səbəbindən mülkiyyət üzrə sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Bu səbəbdən də onun ünvan 3 ünvanında yerləşən evə yaşayış və istifadə hüququna xitam verilməsini istəyirlər. Cavabdeh evin satılmasına razılıq vermir və onun evin qeydiyyatında olması buna maneə törədir. Dəfələrlə razılığa gəlməyə çalışmışlar. Cavabdehə evin satılmasına razılıq verməsi, bunun müqabilində isə evin satış pulunun dörd hissəyə bölünməsini təklif etsələr də cavabdeh təkliflə razılaşmamışdır. İddiaçılar olaraq Cavabdeh 5000 (beş min) manat kompensasiya ödəməklə onun ünvan 4 ünvanından yaşayış və istifadə hüququna xitam verilməsini istəyirlər. Hazırda məhkəmə tərəfindən təklif edilən 10000 (on min) manat kompensasiya verməyə razıdırlar. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər iddiaçılar İddiaçı2 və İddiaçı3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, onlar nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşlar. Bunu nəzərə alan məhkəmə işə digər iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı1 vəkili X3 təmsil etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar ata evində ona və həyat yoldaşına rahatlıq vermədiklərindən məcbur qalıb evdən çıxmışdır. Bir müddət-təxminən 2 il kirayə yaşamış, sonra qayınatasının təklifi ilə qayınatasına məxsus həyətdə ev tikib yaşayırlar. Ata evindən ona heç nə çatmadı. O, iddianı rədd edir və razılıq vermir. Çünki 5000 (beş min) 10000 (on min) manat kompensasiya çox az məbləğdir. Heç olmasa ona 20000, 25000 və 30000 manat miqdarında kompensasiya versinlər. Özü musiqi məktəbində tar müəllimi işləyir. 2013-cü ildə 1 sot torpaq sahəsini 14000 manata satıb 2015-ci ildə gedib qaynatasına məxsus həyətin 1,5 sotunda 1 salon, 1 mətbəx və 1 yataq otağı tikiblər. Sanitar qovşaq isə həyətdə ümumidir. Çox pis bir vəziyyətdə yaşayırlar. Həmin tikdiyi evdə həyat yoldaşı, o və övladı yaşayır. Qaynatasıgillə eyni həyətdə yaşayır. O, təklif olunan kompensasiya məbləğini qətiyyən qəbul etmir. Qayınatasıgil evdən çıxarılmasını tələb edirlər. 10000 manat pulla o heç bir torpaq sahəsi ala bilməz. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-83/2023 nömrəli 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək mərhum X2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.06 ha olan fərdi yaşayış evindən (ümumi sahəsi 154.37 kv.m) ibarət olan miras əmlakın həyat yoldaşı İddiaçı2, övladları İddiaçı3 və İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Sözügedən qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, lakin daha sonra şikayətindən imtina etdiyindən Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-36/2023 nömrəli 03 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə icraata хitam verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və X4 Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixlli ********** qeydiyyat nömrəli çıxarışından aydın olur ki, Naxçıvan şəhəri, İ.Məmmədov küçəsidə istifadədə olan 0.06 ha toraq sahəsində yerləşən ümumi sahəsi 154.37 kv.m olan 43 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/43 nömrəli reyestr kitabının 8453 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli məktubu ilə Naxçıvan şəhərində yerləşən notariat ofislərinə ümumi torpaq sahəsi 0.06 ha olan, ümumi yaşayış sahəsi 154.37 kv.m. olan ünvan 1 ünvanının yerləşdiyi ərazi üzrə ona mütənasib olan fərdi yaşayış evlərinin alqı-satqısının rəsmiləşdirilməsi və sözügedən fərdi yaşayış evinə mütənasib olan evlərin kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan bazar qiymətləri ilə bağlı sorğu verilmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş 16 oktyabr 2023-cü il tarixli 386 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən olan fərdi yaşayış evinə mütənasib olan evlərin kirayə müqavilələri bağlanarkən müəyyən edilmiş qiymətlər fərdi yaşayış evinin şəraitindən asılı olaraq 200-400 manat arasında dəyişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İş üzrə İddiaçı1 ərizəsində belə məlum olur ki, onlar Cavabdeh 5000 (beş min) manat kompensasiya ödəməyi təklif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinə uyğun olaraq işə məhkəmə tərəfindən baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləği 10000 (on min) manat müəyyən edilmiş, həmin məbləğ iddiaçıya təklif edilmiş, bu təklif iddiaçı və iddiaçıların nümayəndəsi tərəfindən qəbul edilmiş və bu barədə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh yalnız 20000, 25000 və 30000 manat kompensasiya müqabilində hüquqlarına xitam verilməsinə razılıq verilə biləcəyi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan yaşayış və istifadə hüquqlarına 10000 (on min) manat kompensasiya ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Həmin ərazidə eyni ölçülü və eyni şəraitli evlərin kirayə qiymətləri ortalama olaraq 200-400 manat həddində olduğu müəyyən edilmişdir. Bu isə 10000 manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə hazırda cavabdehin izahatına əsaslanaraq onun başqa bir yaşayış evinə rəsmi sənədləşmə olmasa da malik olduğunu və bir neçə müddətdir ki, həmin yerdə ailəsi ilə bildikdə yaşadığını da nəzərə alır. Belə olan halda da məhkəmə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə təklif edilməsi üçün razılaşdığı 10000 (on min) manat məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul edir. Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı1 tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 19706 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən cavabdehə 10000 (on min) manat kompensasiya ödənilməklə mülkiyyətlərində olan Naxçıvan şəhəri, İ.Məmmədov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evinə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. İddiaçı1 tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 19706 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar