Məhkəmə qərarları › İş №2(078)-1046/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1046/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1046/2022 08.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1900 (bir min doqquz yüz) manatın və iş üzrə ödəmiş olduğu 39 (otuz doqquz) manat dövlət rüsumunun müştərək qaydada alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 07 iyun 2022-ci il tarixdə instaqramda Naxçıvan şəhərində yerləşən mebel mağazasında mətbəx mebeli satıldığını öyrənib. Bunun üçün də instaqramda qoyulmuş mobil nömrə ilə əlaqə saxlayıb, həmin vaxt onun telefon nömrəsini götürüb, onunla əlaqə saxlayacaqlarını bildiriblər. Bir neçə saatdan sonra həmin mağazanın işçisi kimi Babək rayonu, Şəkərabad kənd sakini Cavabdeh1 zəng gəlib. Ona ətraflı məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Naxçıvan şəhəri, Gənclər şəhərciyi, B blok “Fatimə Optikanın” yerləşdiyi mağazanın yanında yerləşən mebel mağazasına dəvət ediblər. O, mağazaya gəldikdə Cavabdeh1, Cavabdeh2 və Məmmədov İbrahimi orada görüb. Mağazada kataloqlara baxıb rəng olaraq seçim aparandan sonra istədiyi mebeli seçib, özünü mağazanın işçisi kimi təqdim edən Raufla birlikdə onun yaşadığı evə mebelin ölçüsünü götürmək üçün gediblər. Ölçülər götürülüb və o, Naxçıvan şəhərinə qayıdıb. Səhəri günü o, Naxçıvan şəhərinə həmin mağazaya gəlib, həmin mebelin yığılması üçün 1750 manat mağazada yerləşən “posterminal” vasitəsilə ödəniş edib və həmin ödənişin qəbzini götürüb. Bundan başqa həmin gün mağazadan 1 ədəd qaz piltəsi, fırınlı və 1 ədəd aspirator 500 manat dəyərində avadanlıq götürüb, nağd ödəniş edib. 23 iyun 2022-ci il tarixə kimi hazırlayıb gətirib yerinə yığacaqlarına vəd veriblər, bir neçə gündən sonra Rauf aspiratorun ölçüsünü götürmək üçün onu geri qaytarmağını istəyib. O, həmin günün səhəri aspiratoru Raufa göndərib. Verdikləri vaxtdan bir neçə gün keçib, mebeli gətirmədikləri üçün Raufa zəng edib, deyib ki, sexi batırıblar, onun pulunu iyul ayının 20-25 qaytaracaq. Həmin vaxtlar da qaytarmadığı üçün zəng edib, telefonuna zəng çatmayıb. Eşitdiyinə görə Bakı şəhərinə gedib orada yaşayır. O onunla heç cürə əlaqə saxlaya bilmir. O, Naxçıvana ödəniş etdiyi mağazaya gəlib və mebelin niyə hazırlanmadığını soruşub. Mağaza sahibi Rasim bildirib ki, Raufu oradan qovalayıb və onunla heç bir əlaqələri yoxdur. Ölçüsünü götürmək üçün Raufa göndərdiyi Aspiratoru isə Naxçıvan şəhərində yerləşən “Fərəməz oğulları” mebel mağazasına aparıb satdığını öyrənib. Özünün həmin pula çox böyük ehtiyacı var. Rasim, Raufla əlaqəsinin tamam kəsilib, Rauf isə birmənalı olaraq borcunu qaytarmaq istəmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. Mülki iş üzrə məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 08 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində məhkəmədə iddia qaldırarkən Cavabdeh1 pulunu ödədiyi, lakin əldə etmədiyi, dəyəri 150 manat olan aspiratoru da tələb etdiyini, tələbinin aspiratorun dəyərinə dair hissədə iddiasını geri götürdüyünü, yalnız iddiasının mebelə dair dəyəri 1750 manat olan hissəsini tələb etdiyini qeyd edərək bu tələb çərçivəsində işə baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(078)-1046/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin iddiaçının aspiratorun dəyəri olan 150 (bir yüz əlli) manatı tələb etməsinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclasında İddiaçı izahat verərək izahatında 07 iyun 2022-ci il tarixdə instaqramda Naxçıvan şəhərində yerləşən mebel mağazasında mətbəx mebeli satıldığını öyrəndiyini, bunun üçün də instaqramda qoyulmuş mobil nömrə ilə əlaqə saxladığını, həmin vaxt onun telefon nömrəsini götürdüklərini, onunla əlaqə saxlayacaqlarını bildirdiklərini, bir neçə saatdan sonra həmin mağazanın işçisi kimi Babək rayonu, Şəkərabad kənd sakini Cavabdeh1 zəng gəldiyini, ona ətraflı məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Naxçıvan şəhəri, Gənclər şəhərciyi, B blok “Fatimə Optikanın” yerləşdiyi mağazanın yanında yerləşən mebel mağazasına dəvət etdiklərini, onun mağazaya gəldikdə Cavabdeh1, Cavabdeh2 və Məmmədov İbrahimi orada gördüyünü, mağazada kataloqlara baxıb rəng olaraq seçim aparandan sonra istədiyi mebeli seçdiyini, özünü mağazanın işçisi kimi təqdim edən Raufla birlikdə onun yaşadığı evə mebelin ölçüsünü götürmək üçün getdiklərini, ölçülər götürüldüyünü və Raufun Naxçıvan şəhərinə qayıtdığını, səhəri günü onun Naxçıvan şəhərinə həmin mağazaya gəldiyini, həmin mebelin yığılması üçün 1750 manat mağazada yerləşən “posterminal” vasitəsilə ödəniş etdiyini və həmin ödənişin qəbzini götürdüyünü, bundan başqa həmin gün mağazadan 1 ədəd qaz plitəsi, fırın və 1 ədəd aspirator ümumilikdə 500 manat dəyərində avadanlıq götürdüyünü, nağd ödəniş etdiyini, mebelin hazırlanması barədə razılaşmanı Raufla etdiklərini, Rasimlə mebel hazılanmasına dair aralarında hər hansı bir razılaşma olmadığını, Rasimin mağazasından aspirator, qaz plitəsi və fırını aldığını, həmin vaxt əşyaların ona təhvil verildiyini, özünün də həmin əşyaların pulunu ödədiyini, Raufun isə mətbəx mebelini 23 iyun 2022-ci il tarixə kimi hazırlayıb gətirib yerinə yığacağına vəd verdiyini, bir neçə gündən sonra Raufun aspiratorun ölçüsünü götürmək üçün onu geri qaytarmağını istədiyini, onun həmin günün səhəri aspiratoru Raufa göndərdiyini, Raufun mətbəx mebelini təhvil verəcəyini bildirdiyi vaxtdan bir neçə gün keçdiyini, mebeli gətirmədiyi üçün Raufa zəng etdiyini, Raufun ona sexi batırdığını, onun pulunu iyul ayının 20-25-ə kimi qaytaracağını dediyini, lakin Raufun onun pulunu dediyi vaxt qaytarmadığını, oan dəfələrlə zən etsə də telefonuna zəng çatmadığını, sonradan eşitdiyinə görə Raufun Bakı şəhərinə gedib orada yaşadığını, bu səbəbdən də onunla heç cürə əlaqə saxlaya bilmədiyini, Raufla əlaqə yarada bilmədiyinə görə məcbur qalaraq post terminal vasitəsilə öəniş etdiyi dükana yəni Rasimin dükanına gəldiyini, onlardan mebelin niyə hazırlanmadığını soruşduğunu, mağaza sahibi Rasimin isə ona Raufu oradan qovaladığını bildirdiyini, onunla heç bir əlaqələri olmadığını dediyini, sonradan əldə etdiyi məlumata görə ölçüsünü götürmək üçün Raufa göndərdiyi aspiratoru onun Naxçıvan şəhərində yerləşən “Fərəməz oğulları” mebel mağazasına aparıb satdığını, Rasimlə aralarında mətbəx mebeli hazırlanması barədə razılaşma olmasa da Raufa ödədiyi pulu Rasimin mağazasındakı posterminal vasitəsilə ödədiyindən Rasimi də cavabdeh qoymaq məcburiyyətində qaldığını, Raufun Rasimin mağazasında onunla razılaşma apardığından həqiqətən də Raufun həmin mağazanın işçisi olduğunu düşündüyünü, hazırda Raufa ödədiyi pulu geri istədiyini, özünün həmin pula çox böyük ehtiyacı olduğunu, Raufla telefonda danışdıqları vaxt Raufun ona pulunu ödəməkdən yayınmaq niyyətinin olmadığını, sexini batırdığı üçün onun pulunu geri qaytarmağa maddi imkanı çatmadığını bildirdiyini, ancaq belə deməsinə baxmayaraq hələ də pulu ödəmədiyindən özünün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, Raufun onun işçisi olmadığını, Raufun özünün mebel sexi olduğunu, orada mebel hazırlayıb satdığını, onu mebel ustası kimi tanıdığını, Raufun mebel hazırlayarkən mətbəx mebellərinə əlavə edilməsi üçün mətbəx avadanlıqlarını onun mağzasından müştərilərlə gəlib aldığını, iddiaçı ilə aralarında mətbəx mebeli hazırlanması barədə hər hansı bir razılaşma olmadığını, iddiaçının Raufla aralarında mətbəx mebeli hazırlanması barədə razılaşdıqlarını, bunun ona aidiyyəti olmadığını, sadəcə olaraq həmin mətbəx mebelinə əlavə edilməsi məqsədilə onun mağazasından aspirator, qaz plitəsi və fırın götürdüklərini, həmin əşyaları iddiaçıya təhvil verdiyini, iddiaçının da onların əvəzində ona 500 manat pul ödədiyini, bundan başqa iddiaçı ilə aralarında başqa bir razılaşma olmadığını, əvvəllər Raufun onun mağazasına gələrək hazılradığı mətbəx mebelləri üçün müştərilərlə birlikdə əşyalar seçdiyini, özünün də buna etiraz etmədiyini, malını satdığını, ancaq sonradan Raufun çox adama borcu olduğunu, problemləri olduğunu biləndə onu mağazasından qovduğunu, mağazaya girişinə imkan vermədiyini, iddiaçının mağazaya gəldiyi gün nağd ödəniş etmədiyini, kart vasitəsilə ödəniş edəcəyini bildirdiyini,özünün də mağazasında post terminal aparatı olduğundan həmin pulun oradan ödənilməsinə razılıq verdiyini, bunu adətən etdiklərini, digər mağaza sahiblərinin post terminalı olmadıqda pulu onun post terminal aparatı vasitəsilə ödədiklərini, sonradan həmin pulu çəkib həmin mağaza sahibinə verdiyini, eynilə hazırki mübahisədə də belə olduğunu, sadəcə Rufa ödəniləcək pulun iddiaçı tərəfindən onun post terminal aparatı vasitəsilə ödənilməsinə icazə verdiyini, iddiaçının 1750 manat məbləğində pulu onun post terminal aparatı vasitəsilə ödədiyini, özünün də sonradan həmin pulu çəkib Raufa verdiyini, həmin puldan ona heç nə çatmadığını, çata da bilməyəcəyini, çünki iddiaçı ilə aralarında mətbəx mebelinə dair heç bir danışıq olmadığını, iddiaçının Raufla razılaşdığını, pulu Raufa ödədiyini, ona görə də iddiaçının tələbinə cavab verməli şəxsin Rauf olduğunu, özünü bu məsələdə heç bir öhdəliyi olmadığını, bu razılaşmanın ona heç bir aidiyyəti olmadığını, iddiaçının onu nəyə görə cavabdeh qismində göstərdiyini anlaya bilmədiyini, iddiaçının pulu onun yanında Raufa vermək üçün post terminala ödədiyini, onun ancaq bunun şahidi olduğunu, Raufun həmin mətbəx mebelini hələ də hazırlayıb iddiaçıya vermədiyini, özünün iddiaçıya qarşı heç bir öhdəliyi olmadığını bildirərək iddia tələbinin ona dair hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində Rasimin mağazasında iş olduqda onlara kömək etdiyini, Raufu da mebel ustası kimi tanıdığını, onun bəzən müştərilər üçün hazırlayacağı mətbəx mebelləri üçün Rasimin mağazasından müştərilərlə birlikdə gəlib əşyalar aldığını, iddiaçı Məmmədi də Rasim əminin mağazasında Raufla mebel yığılması barədə söhbət edərkən gördüyünü, Raufun özünün işlədiyi sexi olduğunu, Raufla Məmmədin mətbəx mebeli hazırlanması barədə razılaşdılqarını, sonra Rasim əminin mağazasından həmin mətbəx mebelinə əlavə edilməsi üçün bir ədəd fırın, bir ədəd aspirator və qaz plitəsi götürdüklərini, həmin malların iddiaçıya təhvil verildiyini, onun qarşılığında iddiaçının 500 manat pul ödədiyini, həmçinin iddiaçının Rasim əminin post terminalından Raufa hazırlayacağı mətbəx mebelinin qarşılığında ödənilməsi üçün 1750 manat pulu ödədiyini, sonra həmin pulu Raufun gəlib götürdüyünü, Raufun həmin mətbəx mebelini hələ də hazırlayıb iddiaçıya vermədiyini, onların arasında başqa nə kimi söhbətlər olduğunu bilmədiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, həmin izahatları və ifadəni iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin olunmalı, Cavabdeh2 münasibətdə isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəfindən iddianın X1 münasibətdə əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, Cavabdeh1 Babək rayonu, Şəkərabad kəndində rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh1 ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin məcəllənin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı və Cavabdeh1 arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı (sifarişçi) ona mətbəx mebeli hazırlanması üçün cavabdehə (podratçıya) 1750 (min yeddi yüz əlli) manat məbləğində pul verməyi öhdəsinə götürmüş, cavabdeh (podratçı) isə həmin pul məbləğinin qarşılığında mətbəx mebeli hazırlayaraq iddiaçıya (sifarişçiyə) verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) aralarındakı razılaşmaya əsasən qeyd olunan məbləğdə pulu Cavabdeh1 (podratçıya) qabaqcadan vermiş, Cavabdeh1 (podratçı) isə həmin məbləği alaraq onun qarşılığında mətbəx mebeli hazırlayaraq iddiaçıya verməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliyi icra etməyərək mətbəx mebelini iddiaçıya təhvil verməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilə üzrə Cavabdeh1 ödəməli olduğu məbləği cavabdehə ödəmiş, Cavabdeh1 isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanın dəyərinin qabaqcadan ödənilməsinə, həmin məbləğin qarşılığında əşyanı iddiaçıya verməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin əşyanı hazırlayıb iddiaçıya verməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının Cavabdeh1 ilə aralarında olan podrat müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş üzrə məhkəmə iclasında dindirilən digər cavabdehin və şahidin ifadəsi ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı podrat müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi Cavabdeh1 üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirsə də Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş iddiaçıya verməli olduğu mətbəx mebelini ona təhvil verməmiş, onun verdiyi pulu da iddiaçıya qaytarmamışdır. Bu halda Cavabdeh1 aradan qalxmış əsasla iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş olsa da, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırda həmin əsas aradan qalxmışdır. Cavabdeh1 əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə Cavabdeh1 iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia Cavabdeh1 münasibətdə təmin edilməli, 1750 (min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının Cavabdeh2 münasibətdə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.3-cü maddəsini və yuxarıda qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutulmaqla keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçıya Cavabdeh2 münasibətdə iddia tələbinin əsaslı olması ilə bağlı sübutları məhkəməyə təqdim etməsi təklif olunsa da iddiaçı nəinki məhkəməyə Cavabdeh2 münasibətdə iddia tələbinin əsaslı olması ilə bağlı sübut təqdim etmiş, hətta izahatında mebelin hazırlanması barədə razılaşmanı Raufla etdiklərini, Rasimlə mebel hazılanmasına dair aralarında hər hansı bir razılaşma olmadığını, Rasimlə aralarında mətbəx mebeli hazırlanması barədə razılaşma olmasa da Raufa ödədiyi pulu Rasimin mağazasındakı posterminal vasitəsilə ödədiyindən Rasimi də cavabdeh qoymaq məcburiyyətində qaldığını bildirmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh kimi qoyulmuş Cavabdeh2 ilə iddiaçı arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Ona görə də iddiaçının iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia Cavabdeh1 münasibətdə təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 39 (otuz doqquz) manat miqdarında dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia Cavabdeh1 münasibətdə təmin olunmalı; -1750 (min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilməli; - iddia Cavabdeh2 münasibətdə rədd edilməli; -39 (otuz doqquz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia Cavabdeh1 münasibətdə təmin edilsin. 1750 (min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. 39 (otuz doqquz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar