Məhkəmə qərarları › İş №2(078)-1066/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1066/2024

05.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1066/2024 05.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdehinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehinin 16 aprel 2021-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, onun baş tibb bacısı vəzifəsinə bərpa olunması, işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, mediasiyada ödədiyi rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)- 623/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardadda göstərilmişdir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdehin 16 aprel 2021-ci il tarixli 34 nömrəli əmrinin ləğv edilməsi, onun tibb bacısı vəzifəsinə bərpa olunmağı və işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən kənar tələblərinin yerinə yetirilərək əmr ləğv edilmiş, məcburi iş buraxmaya görə pul hesablanaraq ona verilmiş və o, uşaq xəstəxanasında kabinə tibb bacısı vəzifəsinə təyin edildiyini, cavabdeh təşkilatla aralarında mübahisə qalmadığını, buna görə də iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-623/2021 saylı qərardadı olduğundan iddiaçının “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbi ikinci dəfə məhkəmə araşdırmasının predmeti ola bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdehinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar