Məhkəmə qərarları › İş №2(078)-1089/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1089/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1089/2025 17.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi ilə, Ərizəçi X3 “torpaq sahəsində sahiblik və istifadə hüququnun tanınması”na dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Ə.Qəmküsar 15 ünvanında yerləşən torpaq sahəsində sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə vermiş şəxs X4 ərizəsini onunla əsaslandırmışdır ki, o, 1977-ci il tarixdə mərhum həyat yoldaşı X2 ilə ailə həyatı qurmuş, 19 sentyabr 1979-cu il tarixində nikahlarını rəsmiləşdirmişlər. 1977-ci il tarixində Ramazanla ailə həyatı qurandan ünvan 3 ünvanında yaşamışlar. ünvan 2 dəyirmanda işləyəndə verilmişdir. Mərhum həyat yoldaşı X1 həmin ev 1976-cı il tarixində verilmişdir. Ərizəçi bildirmişdir ki, ailə üzvüləri ilə qeyd olunan tarixdən həmin evdə yaşayırlar və həyat yoldaşı qeyd olunan ünvanda vəfat etmişdir. Hazırda üç övladı ilə birlikdə həmin evdə yaşayır. Evin sənədləşdirilməsi ilə bağlı hara müraciət etsə də, əlində həmin ünvana aid sənəd olmadığından sənədləşdirə bilmir. Dəyirmana aid sənədlər arxivdə də tapılmamışdır. Həmin torpaq sahəsi 1977-ci il tarixdən istifadələrində olmuş, hazırda gözlənti mülkiyət hüququ yaranmışdır.

3. Ərizəçi ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13cü, Mülki Məcəllənin 157-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 1 sayılı protokolunun 1-ci maddəsinə istinad edərək ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir.

5. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

6. Hazırki işdən görünür ki, ərizəçi faktiki olaraq “torpaq sahəsində sahiblik və istifadə hüququnun tanınması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

8. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır.

9. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2 və 1.3-cü bəndlərində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

10. X7 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır (7.1); özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır(7.2).

11. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda qeyd edilən prosessual normalardan və həmin normaları açıqlayan Plenum qərarından göründüyü kimi, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi üçün aşağıdakı şərtlər olmalıdır.  Ərizə verən şəxs özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab etməli(hüquqi aktlarla bu hal təsdiq olunmalı);  Həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olmalı;  Bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmamalıdır.

12. Məhkəmə qeyd edir ki, 3 şərtin birlikdə mövcudluğu halında şəxsin mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı xüsusi icraat qaydasında tanına bilər. Ərizəçi ərizəsində ünvan 3 ünvanında yerləşən evin mərhum həyat yoldaşına dəyirmanda işləyəndə verildiyini qeyd etsə də, əmlakın ona məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədlərin əvvəllər onda olması və sonradan itirməsi və yaxud məhkəmədən kənar qaydada bərpa edilməsinin mümkün olmamasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

13. Ümumiyyətlə, ərizəçinin ərizəsindən məlum olur ki, onun fakt təsdiqi ilə bağlı əsas məqsədi həmin əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaqdır.

14. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən müraciəti təmin olunmadığı halda, həmin orqana qarşı inzibati məhkəmədə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair iddia qaldırmalıdır.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

16. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

17. Yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə belə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə qeyd edilən əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi, inzibati orqan tərəfindən müraciəti təmin olunmadığı halda, həmin orqana qarşı inzibati məhkəmədə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair iddia qaldırmaq hüququ izah edilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-153, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Naxçıvan şəhəri, Ə.Qəmküsar 15 ünvanında yerləşən torpaq sahəsində sahiblik və istifadə hüququnun tanınmasına dair ərizəsi icraata qəbul edilməsin, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd edilən əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müvafiq inzibati orqana müraciət edə, inzibati orqan tərəfindən müraciəti təmin olunmadığı halda, həmin orqana qarşı inzibati məhkəmədə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair iddia qaldıra bilər. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar