Məhkəmə qərarları › İş №2(078)-1120/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1120/2021

22.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1120/2021 22.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X8 və cavabdeh təşkilatın nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Meliorasiya və X16 Səhmdar Cəmiyyətinə qarşı işə bərpa olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Meliorasiya və X16 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 163 nömrəli əmrinin ləğv edilərək onun Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin kadastr üzrə mühəndis vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 2012-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakultəsinin Meliorasiya və Su Təsərrüfat Tikinti Mühəndisliyi ixtisasına daxil olduğunu, 2016-cı ildə universiteti Meliorasiya və Su Təsərrüfat Tikinti Mühəndisliyi ixtisası üzrə bitirdiyini, universiteti bitirdikdən sonra Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinə işə qəbul olunmağı üçün hər həftə müraciət etməyinə baxmayaraq, yalnız 01 sentyabr 2020-ci il tarixdə Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin material texniki təchizat idarəsinə mühasib vəzifəsinə işə qəbul olunduğunu, onu altı aylıq analıq məzuniyyətində olan işçinin yerinə yerləşdirdiklərini, onu işlə təmin edəcəklərinə söz verdiklərini, işlədiyi müddətdə işinin öhdəsindən gəldiyini, verilən tapşırıqları vaxtlıvaxtında qüsursuz yerinə yetirdiyini, 01 mart 2021-ci il tarixdə onu Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə kadastr üzrə mühəndis vəzifəsinə işə göndərdiklərini, idarə rəisinin onu qəbul edəndə üzünə “sənin əmrini zəng vurub dayandrımışam, mənə qadın işçi lazım deyil, götürsəm də, uzağı iki aydan sonra işdən çıxaracağam” dediyini, idarəyə işə gedən gündən idarənin rəisinin və kadrlar şöbəsi üzrə mütəxəssisin onu işdən qaçırmaq üçün əllərindən gələni etdiklərini, idarədə əmək funksiyasına daxil olmayan işləri yerinə yetirməyə onu məcbur etdiklərini, əgər işi öyrənə bilməsə, iki aydan sonra işdən çıxarılmaqla hədə-qorxu gəldiklərini, ona nə işi öyrətdiklərini, nə də əvvəlki sənədləri baxıb öyrənsin deyə ona verdiklərini, son üç ayın sənədlərini taparaq baxıb öyrəndiyini, işinə aid olan məlumatları hazırlayıb idarə rəisinə təqdim etdiyini, idarədə onun üçün dözülməz bir şərait yaradıb sonda 17 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 163 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” və “ə” bəndlərində nəzərdə tutulan hallarda) əmək müqaviləsinin ləğv edilərək tutduğu vəzifədən azad edilməyi barədə əmrləşdirdiklərini, əmrin surətinin ona verilmədiyini, işdən çıxarılandan sonra işinə qaytarılmağı üçün ərizə ilə Naxçıvan MR X4 və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətlər etdiyini, hamilə olmağına baxmayaraq, onu qanunsuz olaraq işdən çıxardıqlarını, hamilə olmağını idarənin kadrlar şöbəsi üzrə mütəxəssisinin də bildiyini, 02-03 iyun 2021-ci il tarixlərdə işdə olmadığını, 02 iyun 2021-ci il tarixdə, kadrlar şöbəsinin müdiri ilə idarənin rəisinin söhbətini eşitdikdə onun işdən qovulmasını müzakirə etdiklərini, E.Behbudovun otağına daxil olub bu barədə söhbət etdiyini, işinin öhdəsindən gəldiyini bildirdiyini, hansı səbəbdən onu qəbul etmədikləri üçün mübahisə edib saat 12:30-da Elnur Behbudova işdən çıxma ərizəsi verdiyini, bu səbəbdən həmin gündən işə çıxmadığını, ərizəni Elnurun stolunun üstünə iş otağının açarı ilə birlikdə qoyduğunu, 10 iyun 2021-ci il tarixdə ona məktub gəldiyini, məktubda 14 iyun 2021-ci il tarixdə idarədə onun işə çıxmamasının müzakirə olunacağının bildirildiyini, həmin gün saat 14:00-dan sonra işə qayıtdığını, 02.06.2021-ci il tarixdə ərizə verib işdən çıxmasını bildirdiyini, hansı səbəbdən onu işə çıxmamasını bildirdiklərini soruşduğunu, onu iş otağına buraxmadıqlarından digər yoldaşlarının iş otağında oturduğunu, 14 iyun 2021-ci il tarixdə əmək kollektivinin iclasının keçirildiyini, 14 iyun 2021-ci il tarixdə iclasda iştirak etdiyini, iclası Elnur Behbudovun özünün apardığını, iclasda onun işə çıxmamasının müzakirə edildiyini, təxminən 30 nəfərin iştirak etdiyini, Elvin Əkbərov adlı işçinin çıxış etdiyini və onun işdən çıxmalı olduğuna qərar verildiyini, işdən çıxma barədə yazdığı ərizəsinə əsasən əmr verilmədiyini, işə hansı səbəbdən çıxmaması barədə ondan izahat alınmadığını, ümumiyyətlə 02-03 iyun tarixlərində və 10 iyun tarixinədək onu idarəyə dəvət etmədiklərini, ərizəsinə əsasən ondan heç nə soruşmadıqlarını, Elnur Behbudovla danışıb ərizəsini verdiyini, ona idarədən zəng olunmadığını, çağırılmadığını, izahat işinin aparılmadığını, iyun ayının 10-dan 18 iyun 2021-ci il tarixədək işdə olduğunu, 18 iyun tarixində Elnur Behbudovun onu çağırıb, 58 nömrəli əmri və əmək kitabçasını təqdim etdiyini, əmək kitabçasında Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əmrinin qeyd olunaraq işdən azad olunmasının qeyd olunduğundan işə bərpa barədə Babək rayon Məhkəməsinə 17 iyul 2021-ci il tarixdə müraciət etdiyini, məhkəmənin gedişatında onun işdən azad olunması barədə Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 163 nömrəli əmrinin olduğunun məlum olduğunu, bu səbəbdən 12 avqust 2021-ci il tarixdə ərizəsinin baxılmamış saxlanıldığını, işə bərpa barədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, işlədiyi müddətdə işinin öhdəsindən gəldiyini, idarə tərəfindən ona tənbeh verilmədiyini, məhkəməyə təqdim olunan 29.04.2021-ci il tarixli xəbərdarlıq və 03.06.2021-ci il tarixli şiddətli töhmət verilməsi əmrlərindən məlumatının olmadığını, saxta olduğunu, həmin sənədlərin məhkəmə mübahisəsi başlanandan sonra saxta tərtib olunduğunu, işdən azad olunmasının qanunsuz olduğunu, düzgün sənədləşdirmənin aparılmadığını, üzürsüz səbəbdən işə çıxmaması səbəbindən çıxarılmasını qəbul etmədiyini, ali təhsilinə uyğun sahədə işlədiyini, onun əmək kitabçasını qəsdən körladıqlarını, hamilə olduğu üçün əmək müqaviləsinə xitam verilməsinin qanuna uyğun olmadığını, işdən azad olunmasının əmək kollektivinin iclası ilə deyil X2 iclasının keçirilməsi ilə qanunu olacağını, Həmkarlar İttifaqının fəaliyyət göstərməməsi barədə cavabdeh təşkilatın nümayəndəsinin fikri ilə razılaşmadığını, həmin idarədə hazırda Həmkarlar İttifaqının sədri seçilməyibdir, işdən çıxarılması zamanı Əmək Məcəlləsinin tələblərinin pozulduğunu göstərərək, Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 163 nömrəli əmrinin ləğv edilərək onun Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin kadastr üzrə mühəndis vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən X10 iddia tələbini müdafiə etdiyini, iddiaçının işdən azad olunması zamanı qanunveriliciyin tələblərinə əməl olunmadığını, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə düzgün əməl olunmadığını, iddiaçının işdən azad olunması barədə ərizəsinin qeydiyyata alınaraq ona uyğun əmrləşmənin aparılmadığını, qanuna uyğun olmayan digər əsasla sənədləşmə aparıldığını, eyni zamanda həmin əsasıda qanuna uyğunlaşdıra bilmədiklərini, Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilmənin əsaslarının qeyd olunduğunu, işçinin ərizə verdikdən sonra onun peşmançılığının gözlənilməsi müddətinin nəzərdə tutulduğunu, ilkin iddiaçının işinə qayıtmasının belə nəzərə alınmadığını, iddiaçının işə çıxmaması səbəbi araşdırılmadan üzürsüz səbəb olmadan işə çıxmaması göstərilməklə əmək müqaviləsinə xitam verildiyini, cavabdeh təşkilatın bu faktı sübut edəcək sənədləri məhkəməyə təqdim edə bilmədiyini, qanunvericiliyə əsasən işə götürən tərəfindən hamilə işçinin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunduğunu, iddiaçının işdən çıxarılması zamanı X1 iclasının keçirilmədiyini, iddiaçıya əmək funksiyasını yerinə yetirməməsi səbəbindən verilən tənbeh tədbirlərinin saxta olduğunu, iddiaçının bu hallardan məlumatının olmadığını, hansı şəraitdə qəbul olunmasını belə bilmədiyini, həmin əmrlərin qəbul olunması iclasının protokolunu belə cavabdeh təşkilatın məhkəməyə təqdim edə bilməməsini, iddiaçıya işdən çıxma əmrinin təqdim olunmadığını, əsasnaməyə görə işçinin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin təqdimatı əsasında Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin əmri ilə işdən azad oluna bilməsini, lakin Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin əmrindən sonra Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin də iddiaçının işdən azad olunması əmrinin verildiyini, bu səbəbdən iddiaçının Babək Rayon Məhkəməsinə müraciət etdiyini, iddia tələbinin qanuni olduğunu, sübutları X4 müraciət etməklə əldə edib məhkəməyə təqdim etdiklərini, Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə yazdığı cavab məktubundan iddiaçının işdən azad olunma barədə ərizəsinin olduğunun etiraf edildiyini, işdən çıxma ərizəsi olmaması əsası qeyd edilməklə nəzərə alınmadığını, bu səbəblərin iddiaçının üzürsüz səbəbdən işə çıxmaması kimi qiymətləndirilməsinə əsas vermədiyini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X15 iddianı qəbul etməyərək, iddiaçının izahatının düzgün olmadığını, işə başladığı vaxtdan şərait yaradıldığını, lakin iddiaçı bir neçə dəfə iş yerini üzürlü səbəb olmadan tərk etməsi hallarının olduğunu, 02 iyun 2021-ci il tarixdə nahardan sonra iş yerini tərk edib getdiyini və 03 iyun 2021-ci il tarixdə də işə çıxmadığını, bu səbəbdən qanuni sənədləşmə aparıldığını, 14 iyun 2021-ci il tarixdə Həmkarlar Komitəsinin fəaliyyəti olmadığından əmək kollektivinin iclasının keçirilərək sənədləşmə işlərinin aparılaraq idarə rəisinin təqdimatı əsasında Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin əmri ilə iddiaçının işdən azad edildiyini, iddiaçının işdən çıxma barədə yazdığı ərizənin tərtib olunmasında şikayət xarakteri olduğundan 02 iyun 2021-ci il tarixli ərizəni idarənin rəisinin hərəkətsiz saxladığını, həmin ərizənin rəisə şəxsən təqdim olunmadığını, iddiaçıya nöqsanlarına görə tənbeh verildiyini, lakin nəticə çıxarmadığını, 17 iyul 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət daxil olduğunu, 12 avqust 2021-ci il tarixdə baxılmamış saxlanıldığını, yenidən Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, 02 iyun 2021-ci il tarixli ərizəni düzgün yazmadığından qəbul etmədiklərini, Babək idarəsinin ərizəni Baş idarəyə verib-vermədiyini bilmədiyini, Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin əmri verdikdən sonra Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən işdən azad olunma əmrinin verildiyini, qanuna uyğun olduğunu, iddiaçının hamilə olması barədə idarədə məlumatın olmadığını, iddiaçının əmək kollektivi ilə münasibət qura bilmədiyini, işdən azad olunma barədə sənədləşmə işlərinin qanuna uyğun aparıldığından iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Əmək kitabçasının surətinə əsasən, İddiaçı 01 sentyabr 2020-ci il tarixdə Naxçıvan MR Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin material texniki təchizat idarəsinə mühasib vəzifəsinə işə qəbul olunmuş, 01 mart 2021-ci il tarixdə şəxsi razılığı əsasında həmin vəzifədən azad olunmuş, 01 mart 2021-ci il tarixdə Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin aparatında kadastr üzrə mühəndis vəzifəsinə işə qəbul olunmuş, 17 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” və “ə” bəndlərində nəzərdə tutulan hallarda) əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin 29 aprel 2021-ci il tarixli, 45 nömrəli əmrinə əsasən, işçi kadastr üzrə mühəndis İddiaçı şifahi xəbərdarlıq edilmişdir. 02 iyun və 03 iyun 2021-ci il tarixli aktların surətinə əsasən, İddiaçı həmin tarixlərdə heç bir üzrlü səbəb göstərmədən işə çıxmamışdır. 02 iyun və 10 iyun 2021-ci il tarixli ərizələrin surətinə əsasən, İddiaçı davamiyyətsizlikdə ittiham olunduğu və psixoloji şiddət edilib mənəviyyatı alçaldıldığı üçün işdən azad olunmaq barədə ərizə vermişdir. 02 nömrəli protokolun və Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi üzrə iyun 2021-ci il tarixli, 02 nömrəli protokoldan çıxarışın surətinə əsasən, İddiaçı əmək intizamını kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan işə çıxmadığı üçün tutduğu vəzifədən azad edilməsi qanunauyğun hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 163 nömrəli əmrinin surətinə əsasən, cəmiyyətin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin aparatında kadastr üzrə mühəndis vəzifəsində işləyən İddiaçı 17 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” və “ə” bəndlərində nəzərdə tutulan hallarda) əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin 17 iyun 2021-ci il tarixli, 58 nömrəli əmrinin surətinə əsasən, kadastr üzrə mühəndis vəzifəsində işləyən İddiaçı 17 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” və “ə” bəndlərində nəzərdə tutulan hallarda) əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxsinin 24 iyun 2021-ci il tarixli, 4/252 nömrəli arayışına əsasən, İddiaçı 7 həftə 3 gün hamiləlik təyin edilmişdir. Məhkəmə izahatlara, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqları və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Naxçıvan Muxtar Respublikası Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 163 nömrəli əmri ləğv edilməli və İddiaçı Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin aparatında kadastr üzrə mühəndis vəzifəsinə bərpa edilməlidir. Belə ki: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Göründüyü kimi, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 74-ci maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eyni zamanda həmin maddənin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qanunun yuxarda sadalanan normalarına görə işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunması üçün işəgötürən işçi tərəfindən hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasını, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndində göstərilən kobud pozuntuya yol verməsini müəyyən etməli və əmrdə həmin halları qeyd etməklə Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əmək intizamını kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan işə çıxmamasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 17 iyun 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı 02 iyun 2021-ci il tarixdə işdən azad olunması barədə ərizə təqdim etməklə iş yerini tərk etmiş, işdən azad olunmasını düşünərək işə getməmiş, idarə tərəfindən isə ərizəyə münasibət bildirilmədən hərəkətsiz saxlanılmış və işə çıxmama səbəbi ilə əlaqədar araşdırma aparılmadan İddiaçı üzürlü səbəb olmadan işə çıxmaması qərarına gəlmişlər. Məhkəmə onuda qeyd edir ki, İddiaçı ilə bağlanmş əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, cavabdeh təşkilat həmin müəssisənin X5 İddiaçı əmək funksiyalarını yerinə yetirməməsi səbəbindən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada əsaslandırılmış yazılı təqdimatla müraciət etmədən, X3 yazılı qərarı olmadan əmək müqaviləsinə xitam vermişdir. İşin araşdırılmış hallarından da görünür ki, cavabdeh təşkilat tərəfindən qanunun yuxarıda sadalanan normasının tələbinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə həmçinin qeyd edirki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl olunmayıb. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə qadınla bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxsinin 24 iyun 2021-ci il tarixli, 4/252 nömrəli arayışına əsasən, İddiaçı 7 həftə 3 gün hamiləlik təyin edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilatın nümayəndəsi əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını qeyd etsədə bunu sübut edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmadığından, həmçinin iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 163 nömrəli əmri ləğv edilsin. İddiaçı Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin aparatında kadastr üzrə mühəndis vəzifəsinə bərpa edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar