Məhkəmə qərarları › İş №2(078)-1143/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1143/2022

05.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1143/2022 05.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, 35-ci məhəllə, 7/11 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpağa tökülmüş tullantıları götürülməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, həmin iddia ərizəsini Nümayəndə iddiaçı tərəfindən ona verilmiş 15 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında imzalamışdır. İddia ərizəsinə əlavə olunmuş 15 oktyabr 2022-ci il tarixli etibarnamədən aydın olur ki, həmin etibarnamədə nümayəndəyə iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı ilə Nümayəndə yaxın qohum olmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinə yalnız Nümayəndə doğumu barəsində məlumatları əks etdirən doğum haqqında akt qeydləri kitabından çıxarış əlavə edilmiş, İddiaçı barəsində isə bu məlumatları əks etdirən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddiaçının nümayəndəsi qismində göstərilən şəxsin həqiqətən də onun yaxın qohumu olub-olmamasını müəyyən etmək olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Babək rayon filialına 18 oktyabr 2022-ci il tarixdə, 7008 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikilmiş tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpağa tökülmüş tullantıları götürməklə torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Babək rayon filialına 18 oktyabr 2022-ci il tarixdə, 7008 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar