Məhkəmə qərarları › İş №2(078)-1150/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1150/2023

22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1150/2023 22.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bakı şəhər 7 saylı Asan Xidmət Mərkəzində 12 aprel 2023-cü il tarixdə qeydiyyatdan keçmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndə vasitəsilə iddia ərizəsində, bir neçə ay əvvəl Cavabdeh ilə tanış olduğunu, tanışlıqdan bir müddət sonra Cavabdeh ona ailə qurmağı təklif etdiyini, ailəsinin məsləhəti ilə bu evliliyə razılaşdığını, el adəti ilə elçilik və nişan mərasimləri keçirildiyini, toy məclisi 28 aprel 2023-cü il tarixə təyin edildiyindən 12 aprel 2023-cü il tarixdə Cavabdeh ilə Bakı şəhər 7 saylı Asan Xidmət Mərkəzində qeydiyyatdan keçməklə rəsmi nikaha daxil olduqlarını, toy məclisi yaxınlaşdıqca cavabdehin, ailəsinin, xüsusilə anasının ona münasibətinin dəyişməyə başladığını, Cavabdeh adi məsələlərə görə onu söyüb təhqir etdiyini, nikahın onsuz da bir neçə aylıq olduğunu bildirdiyini, bu münasibəti bir neçə gün ailəsindən gizlətsə də, toy mərasiminə az qaldığına görə Cavidin bu nikaha ciddi yanaşmadığını, onu dəfələrlə təhqir etdiyini görüb hər şeyi olduğu kimi ailəsinə danışdığını, böyüklər arasında söhbət olarkən Cavidin anasının onu və böyüklərini təhqir etdiyini, bu nikahın uzun sürməyəcəyini bildirdiyini, bundan sonra özünün və ailəsinin Cavidin bu nikaha daxil olarkən gerçək ailə ittifaqının yaradılması niyyətində olmadığını, onu aldatdığını başa düşdüklərini, buna görə də, toy məclisinin ləğv edilməsi qərarını verdiklərini bildirmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, Naxçıvana Bakıdan gediş-gəlişin çətinliyini nəzərə alaraq, məhkəmə baxışı iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 561564 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2023-cü il tarixdə 7 saylı Bakı Asan Xidmət Mərkəzində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 457 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Qəhrəmanova" soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş toy şənliyinin keçirilməsi barədə dəvətnamədən görünür ki, Cavid və Nəzmiyyənin toy məclisi “Xarı Bül-Bül” restoranında “Büllur” zalında 28 aprel 2023-cü il tarixdə keçiriləcəkdir. Məhkəmə iddia ərizəsinə və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİ bəndinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda, bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 26.1 və 26.1.3-cü maddələrinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 26.1 və 26.1.7-ci maddələrinə əsasən, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2023-cü il tarixdə 7 saylı Bakı Asan Xidmət Mərkəzində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 457 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanarkən nikahın etibarsız hesab ediılməsinə səbəb olan hallar barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəf nikah müqaviləsi bağlandıqdan sonra cavabdehin onun ailəsinin, xüsusən anasının ona qarşı münasibətinin dəyişməsini əsas göstərir. Bundan başqa iddiaçı tərəf cavabdeh tərəfin nikahın uzun sürməyəcəyini və onların böyüklərini təhqir etməsi ilə əsaslandıraraq aldandığını başa düşdüyündən toy mərasiminin keçirilməməsini əsas göstərərək nikahın etibarsız hesab ediılməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2023-cü il tarixdə 7 saylı Bakı Asan Xidmət Mərkəzində nikah bağlanarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri çərçivəsində rəsmiləşdirilmişdir. Nikah müqaviləsi bağlandıqdan sonra tərəflər arasında yaranan münasibət nikahın etibarsızlığına səbəb ola bilməz. Həmçinin toy şənliyinin keçirilməməsi nikahın etibarsızlığı əsası ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 561564 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2023-cü il tarixdə 7 saylı Bakı Asan Xidmət Mərkəzində nikah bağlanarkən onların 18 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyini olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf bu əsasla məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsassız olduğundan rədd edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar