Məhkəmə qərarları › İş №2(078)-1158/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1158/2023

17.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1158/2023 17.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüquqlu yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 02 noyabr 2007-ci ildə əvvəllər ailəsinə məxsus ünvan 1 ünvanında 216.3 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39.9 kv.m yaşayış, 26.4 kv.m qeyriyaşayış, 5.8 kv.m köməkçi sahədən ibarət yaşayış evinin tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1071 nömrəli vərəqində qeydiyyata alındığını, haliyyədə həmin mənzildə Cavabdeh1 və Cavabdeh2 ailələri ilə birgə yaşadıqlarını, əmlak alınarkən humanistlik prinsipini əsas tutaraq ailənin həmin mənzili qeyd-şərtsiz boşaltmasını və qeydiyyatdan çıxmalarını tələb etməsə də, bu günə kimi onların bu işə laqeyd yanaşmalarının, edilən xəbərdarlığa məhəl qoymamalarının həmin əmlakdan maneəsiz istifadə imkanlarını mümkünsüz etdiyini, bu halın da ailədə haqlı narazılıq yaratdığını, həmin evin nənəsindən ona qaldığını, Cavabdeh2 onun qardaşının boşanmış arvadı olduğunu, Cavabdeh1 onun oğlu olduğunu, həmin evdə yaşadıqlarını, qardaşının 30-35 ildir ki, Rusiyaya getdiyini, Nazilənin həmin evə gəlin gəldiyini, 25 il olar ki, boşandıqlarını, boşanandan sonra da 3 uşağı olduğuna görə onu evdən çıxarmadıqlarını, Nazilənin həmin evdə yaşaması ilə əlaqədar məhkəmə qərarının olmadığını, həmin evin nənəsinin olduğunu, sonra da onun evi olduğunu, həmin torpaq sahəsində iki ev olmadığını, həmin torpaq sahəsinin ona məxsus olduğunu, torpaq sahəsində tikili aparılsa ona aid olduğunu, həmin evdən çıxanda orada iki ev olmadığını, uzun müddətdir ki, onları görmədiyini, həmin torpaq sahəsinin kiçik olduğunu, orada iki ev ola bilməyəcəyini, köhnədən tikili ev olduğunu, nənəsinin sağlığında həmin evi onun adına keçirdiyini, 2007-ci ildə çıxarış aldığını, hazırda hansı səbəbdən onun evindən çıxmadıqlarını bilmədiyini, cavabdehlər özlərinə ev tikdiklərini, onun evindən çıxmalarını istədiyini, qardaşının qeydiyyata düşmək üçün boşanıb gedib Moskva şəhərində ailə qurduğunu, Nazilə ilə neçə illər bir yerdə həmin evdə yaşadıqlarını, sonra bunların onları həmin evdən çıxarmaq istədiklərini, anası ilə özünün qaldıqlarını, sonra Nazilənin qızının toyunda xoşagəlməz hadisə olduğunu, onlarla əlaqəni kəsdiklərini, amma uşaqları körpə olduğundan onları evdən çıxarmadıqlarını, bir də anasının onları çox istədiyini, onun xatirinə çıxarmadıqlarını, orada yaşadıqlarını, kommunal xidmət haqlarını da ödəməli olduqlarını, özünün ödəyəsi olmadığını, sığortanı həmişə onların vermədiyini, özlərinin də ödədiklərini, evi nənəsinin sağlığında onun adına keçirdiyini, tarixini diyə bilmədiyini, ana nənəsinin adına olduğunu, nənəsi Səkinə Nağıyevanın ona hədiyyə etdiyini və təxminən 1988-ci ildə adına keçirdiyini, çoxdan olduğunu, lakin 2007-ci ildə çıxarış aldığını, boşansalar da, boşanmasalar da onları evdən çıxarmaq istədiyini, nənəsinin evində yaşadıqlarını, bu səbəbdən Nazilənin gəlin olaraq nənəsinin evinə gəldiyini, nənəsinin öldüyü ili xatırlamadığını, təxminən 20 il olduğunu, hazırda nazilənin uşaqlarının böyüdüyünü, özlərinin evinin olduğunu, maddi imkanlarının yaxşı olduğunu, ona görədə evdən çıxarmaqlarını istədiyini, onların evin işıq pulunu ödədiklərini, Nazilənin gəlin olaraq həmin evə gəldiyini, bu günədək orada yaşadığını, uşqlarının olduğunu, lakin həmin evin ona məxsus olduğunu, bu səbəbdən onların onun evindən istifadə hüququnun olmadığını, mülkiyyətindən istifadə edə bilmədiyini, onların çıxması üçün kompensassiya ödəməli olmadığını, göstərərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüquqlu yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehlərin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı qəbul etməyərək, cavabdehlərin bildirdiyinə görə hazırda iddia edilən evdə yaşamadıqlarını, həmin torpaq sahəsində iki ev olduğunu, onların başqa evdə yaşadıqlarını, həmçinin Cavabdeh2 ailə qurarkən gəlin gəldiyi evdən qanunvericiliyə əsasən onun istifadə hüququnun yarandığını, Cavabdeh2 1977-ci ildə nikaha düşərək həmin evə gəlin gəldiyini, hazırki vaxta kimin həmin evdə yaşadığını, 3 uşağının olduğunu, boşanmaları barədə sənəd əldə olunmadığını, cavabdehlərin həmin evin kommunal xidmət haqqını və sığortasını ödədiklərini, qanun vericiliyə əsasən onların həmin mənzildən istifadə hüququnun yarandığını, mənzil məcəlləsinin həmin dövür üçün onların istifadə hüququnu müəyyən etdiyini, mülkiyyətçinin onların istifadə hüququ olduğu halda mənzildən çıxarmasının qanunda nəzərədə tutulmadığını, kompensasiya ödənilmədən bu hüququn həyata keçirilməsinin mümkün olmadığını, cavabdehlərin hər hansı mülk əldə etmədiklərini, əvvəldən həmin evdə yaşadıqlarını, həmin mənzili illərdirki, abadlaşdırdıqlarını, əlavə tikililər etdiklərini, komunal xidmətlərin haqqını ödədiklərini, bunların nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: 331236 nömrəli, 19 sentyabr 2023-cü il tarixli çıxarışa əsasən, X3 ilə X2 arasında 21 oktyabr 1977-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah kitabında 40 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra qadına “İsmayılova” soyadı verilmişdir. Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportun təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, M.F.Axundov küçəsində 216.3 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 39.9 kv.m yaşayış, 26.4 kv.m qeyri-yaşayış, 5.8 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1701 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********61-1031701, qeydiyyat nömrəsi: 5935, qeydiyyat tarixi: xx.xx.2007). Naxçıvan MR Dövlət Arxivinin 13/1578 nömrəli, 28 sentyabr 2023-cü il tarixli arxiv arayışına əsasən, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan Şəhər Məhkəməsinin 1987-ci ilə dair sənədlərində X3 ilə Cavabdeh2 aralarında bağlanmış nikahın ləğvinə dair hər hansı bir məlumata rast gəlinməmişdir. 830137 nömrəli, 20 sentyabr 2023-cü il tarixli çıxarışa əsasən, X3 ilə Cavabdeh2 xx xxxxxxx 1980-ci il tarixdə Cavabdeh1 adlı övladları olub. Məhkəmə izahatları dinləyib, iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair iddia tələbi rədd olunmalıdır. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, Cavabdeh2 ünvan 1 ünvanında 216.3 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39.9 kv.m yaşayış, 26.4 kv.m qeyri-yaşayış, 5.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə razılıq ilə, hər hansı bir qeyd-şərtsiz gəlin köçmüş, üç uşağı olmuş, Cavabdeh1 onun övladıdır, orada yaşamaqla, həmin evdən yaşayış və istifadə hüququ əldə etmişlər, bu zaman onların evə köçməsi, orada yaşaması ilə bağlı onların qarşısında hər hansı bir şərt qoyulmamışdır. ünvan 1 ünvanında 216.3 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39.9 kv.m yaşayış, 26.4 kv.m qeyri-yaşayış, 5.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 02 noyabr 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və qeyd olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il tarixdən əvvəl əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 30.1.-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 34.1-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). 34.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşı pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir. Əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək hüququna da malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işlərini aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair iddia tələbi rədd olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar