Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1181/2025 10.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və tərcüməçi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən məcburi çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı evdən məcburi çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini, dövlət rüsumu, məhkəmə və mediasiya xərclərinin Cavabdeh üzərinə yönəldilməsini, evi vaxtında boşaltmadığına görə cavabdeh Ali X5 1500 (bir min beş yüz) manat məbləğində kirayə haqqının tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, İddiaçı, Cavabdeh ilə ailəli olmuşdur. Evlilik müddətində ünvan 1 ünvanında mülkiyyət əldə etmişlər. Boşandıqdan sonra Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə mülkiyyətin 2/3 hissəsi ona, 1/3 hissəsi cavabdehə verilmişdir. Evin naturada bölgüsü mümkün olmadığından və Cavabdeh kompensasiya ödəməkdən imtina etdiyindən, mülkiyyət Naxçıvan şəhər Məhkəməsinin 2(078)-162/2024 saylı 15 noyabr tarixli qərarı ilə açıq hərracdan satışa çıxarılmışdır. 12 mart 2025-ci ildə 5.770 (beş min yeddi yüz yetmiş) manat beh ödəyərək hərracda iştirak etmək hüququ əldə etmiş və 18 mart 2025-ci ildə keçirilən hərracın qalibi olmuşdur. Həmin tarixdə evin qalan pulunu, 34.135 (otuz dörd min bir yüz otuz beş) manat Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin xüsusi fonduna ödəmiş və açıq hərracın yekunları barədə protokol imzalanmışdır. Əldə olunan sənədlərin əsasında daşınmaz əmlakın Dövlət reyestrindən evin tam mülkiyyətçisi olmağına dair çıxarış almışdır. Yuxarıda göstərilənlərə, Cavabdeh ünvan 1 ünvanında heç bir mülkiyyət hüququnun qalmadığına baxmayaraq, qeyd olunan ünvandan qanunsuz olaraq istifadə etməyə davam edir. Cavabdeh nə qeydiyyatdadır, nə də onun icazəsi və ya hər hansı hüquqi əsasla mənzildən istifadə edir. Mənzili dəfələrlə tərk etməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh oradan istifadə etməkdə israrlıdır. Cavabdehin mülkiyyətində olan evdən çıxarılması ilə bağlı ərizə ilə e-polis tətbiqi üzərindən Polis İdarəsinə də, 102 qaynar xəttinə də müraciət etmişdir. X12 naziri Süleyman Nemətovun qəbulunda da olmuşdur. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mediasiya prosesi zamanı qarşı tərəfin nümayəndəsi X4 evi boşaltmaq üçün daha 3 ay möhlət istədiyindən razılığa gəlinməmişdir. O mülkiyyətin pulunu ödəmək üçün borc almışdır və evin cavabdeh istifadə edən hissəsini kirayə verərək borclarını qismən qaytaracağını düşünmüşdür, lakin bu günkü tarixə kimi cavabdeh istifadə etdiyi üçün o kirayə verə bilməmiş və bu səbəbdən maddi ziyana düşmüşdür. Naxçıvan şəhərində 1 otaqli evin kirayəsi aylıq 250 manatdan az deyil və cavabdeh 18 mart 2025 tarixindən etibarən mənzildə qanunsuz olaraq yaşayır. 10 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hal-hazırda tələbini dəqiqləşdirərək Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən evin boşaldılması və cavabdehin əşyalarının çıxarılması, dövlət rüsumu, mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması və evi vaxtında boşaltmadığına görə Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində kompensasiyanın tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi təmin olunaraq iddia tələbinə ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh çıxarılması və evin boşaldılması, dövlət rüsumu, mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması və evi vaxtında boşaltmadığına görə Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən evin hərracda satışa çıxarıldığını, özünün də pulu ödəyib evi aldığını, 7 aydır cavabdehin evdən çıxmadığını, qapını da kilidləyib getdiyini, əşyalarını da həmin otağa yığdığını, dəfələrlə razılıqla həll etmələrini, cavabdehə gəlib əşyalarını götürməsini desə də onun razılaşmadığını, 1500 manat kompensasiya olaraq istədiyi pulu isə əgər cavabdeh əşyalarını həmin otaqlara yığıb qapını bağlayıb getməsəydi, özünün həmin otaqları kirayə verib gəlir əldə edə biləcəyini, bu səbəbdən istədiyini, özünün borc götürüb hərracın pulunu ödədiyini, həmin otaqları kirayəyə verib borcunu da ödəyə biləcəyini, ancaq cavabdehin otaqları boşaltmadığı üçün bunun mümkün olmadığını, tələbinin evin boşaldılması, cavabdehin oradan çıxarılması olduğunu, tələbinə dəqiqləşdirmə verərək bu qaydada baxılmasını istədiyini, orta aylıq kirayə haqqını nəzərə alaraq 1500 manat məbləğində pulu ona vurulmuş zərər qismində istədiyini, cavabdehin daimi olaraq həmin evdə yaşamasa da istədiyi vaxt gəlib getdiyini, əşyaları otağa yığaraq qapısını bağladığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında əşyalarını evdə otağa yığdığını, ancaq özünün evə girə bilmədiyini, çünki iddiaçının həyət qapısının kilidini dəyişdirdiyini, avtomobilin də satılmadığını, iddiaçıda olduğunu, özünün də evdən çıxmaq, əşyalarını boşaltmaq istədiyini, lakin özünün haqqını almadığını, haqqını aldıqdan sonra çıxacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olması, Cavabdeh həmin evdə yaşaması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-162/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsindən Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 120.3 m² olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi və "Nissan Tiida" markalı, **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobili açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X3" publik hüquqi şəxsinin paylı mülkiyyətdə olan əmlakın (daşınar və daşınmaz) satışı üzrə açıq hərracın yekunları barədə 02/01 nömrəli protokolun surətindən Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evinin hərraca çıxarılması və həmin hərracın qalibinin İddiaçı olması; -iddia ərizəsinə əlavə olunmuş 18 mart 2025-ci il tarixli, BPM**********57 nömrəli ödəniş tapşırığından həmin tarixdə İddiaçı 34.135 (otuz dörd min bir yüz otuz beş) manat məbləğində pulu Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin xüsusi fonduna ödəməsi aydın olur. Hazırda iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmasını və evin boşaldılmasını tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin fərdi yaşayış evindən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə belə qeyd edir ki, Cavabdeh Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evinə 1/3 hissədə pay hüququ müəyyən edilmiş olsa da Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-162/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə həmin evin açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi qət edilmiş və həmin ev açıq hərracdan satışa çıxarılmış, İddiaçı həmin hərracın qalibi olmuş və Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evinə tam mülkiyyət hüququ əldə etmişdir. Həmçinin Cavabdeh payının dəyəri ödənilməklə həmin əmlaka mülkiyyət hüququ itirilmişdir. Mülkiyyət hüququ isə özündə sahiblik, istifadə və sərəncam hüququnu da ehtiva etdiyindən və Cavabdeh Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evinə mülkiyyət hüququ itirildiyindən, məhkəmə belə hesab edir ki, Cavabdeh həmin əmlaka istifadə hüququ da itirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli fərdi yaşayış evinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin fərdi yaşayış evindən könüllü olaraq çıxmaması və evi boşaltmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus fərdi yaşayış evindən cavabdehin çıxarılmasını və cavabdeh tərəfindən evin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləninin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evində olması iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddiaçı digər tələbi olan Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində kirayə haqqının tutularaq onun xeyrinə ödənilməsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, məhkəmə iclasında iddiaçı həmin pulu cavabdeh evdən çıxmış olsaydı evi kirayəyə verərək əldə edəcəyi gəlirin qarşılığında istədiyini, cavabdehlə aralarında heç bir razılaşma olmadığını bildirmişdir. İddiaçı cavabdehlə aralarında kirayə haqqı ödənilməsi barədə razılaşmalarını, həmçinin cavabdehin təqsiri nəticəsində əldə edəcəyi 1500 (bir min beş yüz) manat məbləğində gəlirdən məhrum olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmədə işin araşdırılması zamanı da həmin hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki- Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə 1500 (bir min beş yüz) manat məbləğində pulun kirayə haqqının Cavabdeh alınaraq ona verilməsi ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İddiaçının digər tələbi isə mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun 25 (iyirmi beş) manat hissəsi və iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılmalı və həmin fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılmalı; -iddia tələbi evi vaxtında boşaltmadığına görə cavabdeh Ali X5 1500 (bir min beş yüz) manat məbləğində kirayə haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hissədə əsassız olduğundan rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun 25 (iyirmi beş) manat hissəsi və iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, X14 küçəsi, döngə 4, ev 18 ünvanında yerləşən 0.0761 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.30 m2 olan fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılsın və həmin fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın. İddia tələbi evi vaxtında boşaltmadığına görə cavabdeh Ali X5 1500 (bir min beş yüz) manat məbləğində kirayə haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hissədə rədd edilsin. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun 25 (iyirmi beş) manat hissəsi və iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1181/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1181/2025
10.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver