Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1183/2021 30.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Cavabdeh1, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh digər cabdehlərin qanuni nümayəndəsi Cavabdeh2 və cavabdeh X2 iştirakı ilə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X4, Cavabdeh4 oğluna və İddiaçı qızına qarşı yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i: Cavabdeh1 nümayəndə vasitəsilə Cavabdeh2, X4, Cavabdeh4 oğluna və İddiaçı qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, onun həyat yoldaşı X2 və onların uşaqları olan Cavabdeh4 oğlunun və İddiaçı qızının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən Cavabdeh1 iddianı müdafiə edərək, ünvan 1-in mülkiyyətində olduğunu, oğlu Cavabdeh2 ailə üzvləri ilə birlikdə onun evində yaşadığını, onun və ailəsinin birgə yaşayış qaydalarına riayət etmədiklərini, onu daima narahat etdiklərini, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 2/390 nömrəli məktubunda Naxçıvan MR-in daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2010-cu il tarixdə Cavabdeh2 adına Ordubad rayon DNK-nın 30 noyabr 2010-cu il tarixli, 4ə-1/71 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında ümumi sahəsi 31.30 m2 olan 1 otaqlı mənzilin qeydiyyata alındığının bildirildiyini, Muradın və onun həyat yoldaşının onunla yaxşı davranmadıqlarını, öz mənzilində rahat yaşaya bilmədiyini, onula mübahisə etdiklərini, oğlunun 2002-ci ildə ailə qurduğunu, bir müddət birlikdə yaşadıqdan sonra ailəsini götürüb Ordubad rayonuna getdiklərini, sonra yenidən ona məxsus evə qayıtdıqlarını, onların özlərinin gəldiyini, onun tərəfindən gəlmələrinin deyilmədiyini, ailədə dözülməz şərait yaradıldığını, Muradın mülkiyyətində yaşayış evinin olduğunu, həmin evi iki otaq etdiklərini, Muradın işinin Ordubad rayonunda olduğunu, Cavabdeh3nın da Ordubadda dərzilik etdiyini, məhz onun mülkiyyətində ev olduğundan onun evindən çıxmalı olduqlarını, bunları nəzərə alaraq, Cavabdeh2, onun həyat yoldaşı X2 və onların uşaqları olan Cavabdeh4 oğlunun və İddiaçı qızının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddiaçının mülkiyyətçi olduğunu, hazırda həmin evin miras əmlak olmadığını, Cavabdeh3nın 2002-ci ildə gəlin gəldiyini, onun istifadə hüququnun olmadığını, cavabdehlərin özlərinə məxsus mənzilin olduğunu, iddiaçının mülkiyyətində olan mənzilə ehtiyaclarının qalmadığını, iddiaçının hazırda mənzilindən sərbəst surətdə istifadə etmək istədiyini, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh və digər cavabdehlərin qanuni nümayəndəsi qismində izahat verən Cavabdeh2 iddianı qəbul etmədiyini, həmin evin babasından qalma olduğunu, həmin evdə böyüdüyünü, ailə qurduğunu, uşaqlarının həmin evdə dünyaya gəldiyini, ailə üzvülərinə daimi diqqət və qayğı göstərdiyini, maddi cəhətdən daima yardım etdiyini, ailəsi ilə birlikdə təxminən 6 il həmin evdə qaldıqdan sonra qardaşının ailə qurandan sonra evdən çıxıb Ordubad rayonuna köçdüklərini, iki il kirayədə qaldıqdan sonra özlərinə bir otaqlı mənzil aldıqlarını, təxminən 6 il yaşadıqdan sonra anasının ona evdə tək qala bilmirəm qorxuram qayıdın evə dediyinə görə yenidən köçdüklərini, anasının öz bildiyi kimi hərəkət etməsi səbəbindən aralarında söz olduğunu, anasının ona demədən evdən getdiyini, onun hara getməsini dəqiqləşdirənə qədər narahat olduğundan söz yarandığını, oğul kimi maraqlanmaq istədiyini, anasının bir ailə kimi olmasını istədikdə narazılıq etdiyini, həmin evin miras əmlak olaraq qaldığını, vərəsələr olaraq razılığa gələrək evi analarının adına sənədləşdirdiklərini, xərcini anasının çəksədə sənədləşmə işini özünün hazırladığını, həmin mənzildə vərəsə olaraq haqqının olduğunu düşündüyünü, anasının evi satacağını dediyini, anasının evi satıb onun haqqını verməsini istədiyini, uşaqlarının təhsil aldığını, hazırda həmin mənzildə qalmağa ehtiyaclarının olduğunu, Naxçıvan şəhərində işinin olduğunu, Ordubad rayonunda qalarlarsa işinin olmayacağını, uşaqlarının gəlib-getmələri və qalmaları üçün maddi cəhətdən çətin olacağını, uşaqlarını saxlamaq üçün ona çatacaq pulunun ödənilməsini istədiyini, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən X7 iddianı qəbul etməyərək, Muradla 2002-ci ildə ailə qurduqlarını, sözügedən evdə 6 il qaldığını, yoldaşının işləyib ailəyə baxdığını, qaynının, baldızının xeyir işlərini gördüklərini, böyük qardaş kimi qayğılarına qaldığını, Moskva şəhərində işləyib daima maddi dəstək olduğunu, evdə daima pul üstündə söz olduğunu, Muradın pul yığıb özümüzə ev almaq istəyirik fikrini bildirdikdən sonra qaynanası ilə sözün olduğunu, onu döyüb şər atdığını, məcbur qalıb Ordubad rayonuna getdiklərini, sonra qaynanasının digər gəlini ilə söz yaratmağa başladığını, gəlinin əməliyata düşdüyünü, gəlinin söz-söhbətə görə evdən getdiyini, sonra qaynanasının Murada müraciət edərək evdə tək qalmasından narahat olduğunu bildirdiyini, Muradın təkidi ilə qayının ailəsi ilə evə qayıtdıqlarını, lakin yenə yola vermədiyi üçün evdən çıxdıqlarını, bir ildən sonra özlərinin məcbur qalıb yenə həmin evə qayıtdıqlarını, qaynanasının qohumlarla münasibət saxlamadığını, Muradın maddi cəhətdən hər qayğını göstərdiyini, atasının yasını götürdüyünü, xəstələndiyi vaxt qaynanasının pul köməklik etmədiyini, ev alanda onlara köməklik etmədiyini, gəlin olaraq daima qaynanasına qayğı göstərdiyini, qaynanasının öyrədilərək məhkəməyə müraciət etdiyini, digər ailə üzvülərinin istəyi ilə müraciət etdiyini, evdə sözün pul üstündə olduğunu, 6 ildən sonra Ordubada ailəliklə getdiklərini, 2 il kirayədə qaldıqlarını, sonra ev aldıqlarını, 6 il Ordubadda yaşadıqlarını, sonra həmin evə qayıtdıqlarını, həmin evdə Gülsənəmin və başqa ailə üzvlərinin də yaşadığını, Ordubaddakı evin yoldaşının adına olduğunu, evin boş olduğunu, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşdiyini, 1 otaqlı olduğunu, hazırda mübahisəli evdə qaynanasının, ailə olaraq 2 uşaqları ilə özlərinin qaldığını, uşaqlarının oxuduğunu, yoldaşının iş yerinin Naxçıvan şəhərində olduğunu, uşaqlarının Naxçıvan şəhərində qalmağa yerlərinin olmadığını, uşaqlarının ev tutub qalmalarına maddi imkanlarının olmadığını, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-İİ seriyalı, 024324 nömrəli, 15 mart 2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh2 ilə X8 arasında 14 oktyabr 2002-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 275 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Muradova” soyadı verilmişdir. AZ-İ seriyalı, 470174 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə Cavabdeh2 ilə X2 birgə nikahlarından 17 dekabr 2003-cü il tarixdə Cavabdeh4 oğlu adlı uşaqları doğulmuşdur. AZ-İ seriyalı, 793773 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə Cavabdeh2 ilə X2 birgə nikahlarından 18 iyul 2006-cı il tarixdə İddiaçı qızı adlı uşaqları doğulmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112.78 kv.m (torpaq sahəsinin ölçüsü 0.0245 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/31 nömrəli reyestr kitabının 5960 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********96-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 28.01.2019). Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, 04/224 nömrəli məktuba əsasən, Naxçıvan MR-in daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2010-cu il tarixdə Cavabdeh2 adına Ordubad rayon DNK-nın 30 noyabr 2010-cu il tarixli, 4ə-1/71 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında ümumi sahəsi 31.30 m2 olan 1 otaqlı mənzil qeydiyyata alınmışdır. X2 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəməyə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2, həyat yoldaşı X7 və uşaqları Cavabdeh4 oğlu və İddiaçı qızı iddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112.78 kv.m (torpaq sahəsinin ölçüsü 0.0245 ha) olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112.78 kv.m (torpaq sahəsinin ölçüsü 0.0245 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 adına isə ünvan 2 ünvanında ümumi sahəsi 31.30 m2 olan 1 otaqlı mənzil qeydiyyata alınmışdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlardan və eyni zamanda iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 024324 nömrəli, 15 mart 2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh2 ilə X8 arasında 14 oktyabr 2002-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 275 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarından görünür ki, Muradova (Sadiqova) Sura Muxtar qızı qeyd olunan mənzilə gələrkən mülkiyyətçi ilə arasında qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun hər hansı razılaşma olmamışdır. Belə olan halda da yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tədbiq olunmalıdır. Beləliklə məhkəmə iş üzrə X2 həmin mənzilin tərkib hissəsinə yaşayış və istifadə hüququnun olmasına dair məsələni yuxarıda qeyd olunan normalar baxımından müzakirə edərək belə nəticəyə gəlir ki, S.Nuradovanın həmin mənzilə yaşayış və istifadə hüququ yaranmadığından iş üzrə iddiaçı Cavabdeh1 mülkiyyət hüquqları bərpa olunmalı və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılmalıdır, həmçinin cavabdehlər Cavabdeh2 və uşaqları Cavabdeh4 oğlu və İddiaçı qızı da mənzildən çıxarılmalıdırla Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərinə əsasən, müəyyən edilir ki, Cavabdeh2 ilə X2 birgə nikahından 17 dekabr 2003-cü il tarixdə Cavabdeh4 oğlu və 18 iyul 2006-cı il tarixdə İddiaçı qızı adlı uşaqları doğulmuşdur. Məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehlərin mənzildən çıxarılması nəticəsinə gələrkən həmçinin onların mülkiyyətində yaşayış mənzilinin olmasına əsaslanmışdır ki, cavabdehlər yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyillər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2, həyat yoldaşı X7 və uşaqları Cavabdeh4 oğlu və İddiaçı qızı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112.78 kv.m (torpaq sahəsinin ölçüsü 0.0245 ha) olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1183/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1183/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver