Məhkəmə qərarları › İş №2(078)-1206/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1206/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1206/2023 31.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə həmin ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh yaşayış və istifadə hüququna 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, ünvan 1 ünvanında yerləşən mənzilin 26 noyabr 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MH ******* nömrə ilə onun adına qeydiyyata alındığını, həmin mənzilin mülkiyyət hüququ ilə ona məxsus olduğunu, həmin evin pasport qeydiyyatında 1988-ci il təvəllüdlü Cavabdeh və 1977-ci il təvəllüdlü X2 qeydiyyatda durduğunu, mərhum həyat yoldaşı X3 06 iyul 2020-ci il tarixdə vəfat etdiyini, Cavabdeh onunla birgə yaşasa da, birgə yaşayış qaydalarına riayət etmədiyini, məhz bu baxımdan da onun həmin evin tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini istədiyini, cavabdehlə yola getmədiklərini, həmin evi birgə nikah dövründə əldə etdiklərini, evin yarısının onun olduğunu, yarısının 3 uşağın payı olduğunu, evin dəyərinin təxminən 70000 manat olduğunu, onun iki uşağının da olduğunu, Cavabdeh evlənənə kimin oğlu kimin yaxşı olduğunu, evləndikdən sonra yoldaşının onunla münasibətinin pozulduğunu, yoldaşının hətta Nurlanın yanında onu təhqir etdiyini, Nurlanın arvadının qarşısını ala bilmədiyini, onların boşanmasını istəmədiyini, ayrılıb başqa ünvanda yaşamaqlarını istədiyini, qanunla kompensasiyalarını vermək istədiyini, qalan ömrünü sakit yaşamaq istədiyini, oğlu və gəlini ilə yola getmədiklərini, məhkəmə gedişatı müddətində cavabdehin və arvadının ona müraciət edərək hası səbəbdən birgə yaşaya bilmədiklərini aydınlaşdırmadıqlarını, Nurlanın qazancının olmadığını, bu səbəbdən qardaşlarının ev tikintisinə kömək etməsini yalan dediyini, ər-arvad olaraq özlərinin qazancı olduğundan Nurlanın mənzili təmir etməsini deməsinin yalan olduğunu, qardaşlarının ev sənindir deyib bu işə qarışmadığını göstərərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə həmin ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh yaşayış və istifadə hüququna 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavə olaraq Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olduğu halda, ailə üzvünün mülkiyyətçinin istifadəsini mümkünsüz etdiyi halda mülkiyyətçinin müvafiq kompensasiya ödəməklə xitam verilməsi hüququnun olduğunu, cavabdehin iddiaçı ilə münasibətlərinin pozulduğunu, mülkiyyətçinin mənzildən istifadəsində mümkünsüzlüyün yaranmasını, bu səbəbdən 10800 manat kompensasiya təklif etdiyini, təklif olunan kompensasiyanın 3 illik kirayə haqqı olduğunu, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, anasının bəzi dedikləri ilə razılaşmadığını, doğulandan həmin evdə yaşadığını, 6-cı sinifdə oxuduğu vaxtdan işlədiyini, valideyinləri ilə münasibətinin yaxşı olduğunu, kiçik övlad olaraq evdə qalacağını dediklərindən həmin evi özününkü bilərək abadlaşdırdığını, qardaşlarının ev tikilməsində iştirak etdiyini, qazancını onların evinin tikilməsinə sərf etdiyini, qardaşlarının evinə 15-20 min manat xərclədiyini, dostlarının iştirakı ilə qardaşlarının evlərində işlədiklərini, dostlarının təmannasız ona görə işlədiklərini, qarşılığında onun da dostlarının işinə təmənnasız kömək etdiyini, avtomobilini satıb hazırda yaşadığı evin təmirinə xərclədiyini, iddiaçının məqsədinin yola gedilməzlik deyil həmin mənzilin satılması olduğunu, anasının və qardaşlarının pul əldək etmək olduğunu, anasının arvadına münasibətdə böhtanlar atdığını, hətta evə kamera quraşdırdığını, nişanlı olduğu vaxtı dedi-qodu yaratdıqlarından nişanını pozduğunu, sonradan qardaşının iş yoldaşının qızını məsləhət gördüyündən ailə qurduğunu, hazırda iki uşağının olduğunu, başqa mənzilinin olmadığını, iki uşaqla yaşamağa yerinin olmadığını, yola getməməyin bəhanə olduğunu, məqsədin mənzilin satılmasının olduğunu, qardaşının iki mənzilinin olduğunu, nəyə görəsə anasını aparıb saxlamadığını, anası ilə rahat olsun deyə danışmadıqlarını, anasının məhlədəki insanlara onu döyməsini dediyini, lakin kiminsə həqiqət olmasını soruşub aydınlaşdırmadıqlarını, əgər belə hal varsa qardaşlarının gəlib ona niyə irad bildirmədiklərini, anasının uşaqlara əllərindən nəsə salanda hirsləndiyini, uşaqların mənzili çirkləndirməsinin normal olduğunu, qardaşlarının uşaqlarının mənzili ləkələdiklərindən təmir etdiyini, 2012-ci ildə evi təmir etdiyini, usta olduğundan yenə də zərurət olsa təmir edəcəyini, əgər onun mənzildən çıxarılacağını ona əvvəlcədən bildirsəydilər mənzilə vəsait xərcləməyib özünə ev əldə edəcəyini, mərhum atasının arvadını həmin mənzilə qeydiyyata saldırmaq istədikdə anasının qoymadığını, tezdən ailəliklə evdən çıxdıqlarını, yoldaşının və özünün işlədiklərini, saat 20:00-da gedib uşaqları qaynatasıgildən götürüb evə gəldiklərini, ailə olaraq yeməklərinin ayrı olduğunu, anası ilə nə vaxt mübahisələrinin olduğunu, anası ilə ünsüyyətdə olmadıqlarını, qiymətlərin baha olduğu vaxtda 10800 manata harada ev əldə edə biləcəyini, qardaşlarının evlərinin ailənin büdcəsi hesabına tiklidiyini, ev satılırsa 3 evin satılmalı olduğunu, anasına və 3 uşağa ev alınmalı olduğunu, 35 ildir ki, həmin evdə qaldığını, evin ata yadigarı olduğunu, qardaşlarının avtomobilini anasının adına saldırmaq üçün onu notariusa aparıb xəbəri olmadan evin anasının adına keçməsi üçün sənədlərə imza etdirdiklərini, oxumadığı üçün imza etdiyini, sonradan evin anasının adına sənədləşdiyini bildiyini, etdiyi səhvliyə görə bu gün əziyyət çəkdiyini, hazırda evlərinin satılması üçün reklam sayıtlarına yerləşdirildiyini, həmin evdə maddi və mənəvi olaraq haqqının olduğunu, evin 4 otaqlı olduğunu, evin dəyərinin 70000 manat deyil çox olduğunu, komunal xərcləri özünün ödədiyini, ev satılacaqsa ailəsinin yaşaması üçün ev istədiyini, həmin evin təmirinə 20000 manat xərclədiyini, bunların nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 24 noyabr 2020-ci il tarixli, 7969 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/25 nömrəli reyestr kitabının 4925 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********33-05101- 093036, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). AZ-İ seriyalı, 749730 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X6 06 iyul 2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 284 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 1375 nömrəli, 16 iyun 2023-cü il tarixli arayışa əsasən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə aşağıdakı şəxslər qeydiyyatdadır:

1. 1988-ci il təvəllüdlü Cavabdeh;

2. 1977-ci il təvəllüdlü X4. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətlə əvəzi kimi çıxış etməlidir. Belə hallarda, həmin şəxsin məhrum olduğu hüquq qismində mənzil tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən ödənilən kompensasiya da başqa yerdə yaşamaq və yeni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Məhkəmənin kompensasiyanın hüquqi təbiəti haqqında yürütdüyü bu mülahizə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında nümayiş etdirdiyi prinsipial mövqeyə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdi ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onunla elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi kompensasiya məbləğinin mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, ümumiyyətlə şəxsin yaşayış sahəsində olan hüququnu nə dərəcədə təmin edə bilməsinə görə müəyyən edilməlidir. Məsələyə bu cür yanaşdıqda, təklif olunan kompensasiya eyni yaşayış məntəqəsində mülkiyyətdə mənzilin əldə edilməsi üçün yetərli olmayıb, onun dəyərinin əhəmiyyətli hissəsini təşkil etdiyi hallarda da, həmin məbləğ itirilmiş istifadə hüququnun ədalətli əvəzi kimi qəbul edilə bilər. Çünki bu halda, şəxsin itirdiyi mənzildən istifadə hüququ əvəzinə birbaşa mülkiyyətinə ev (mənzil) əldə etmək üçün real və əhəmiyyətli maddi dəstək qazanır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, .... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə, ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə, prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Mülki iş materiallarından da göründüyü kimi, hazırda İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh yaşamaqdadır. İş üzrə İddiaçı Cavabdeh ümumilikdə 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödəməyi təklif etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh yalnız 10800 (on min səkkiz yüz) manat kompensasiya müqabilində hüququna xitam verilməsinə razılıq verəcəyi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarlarında ifadə olunmuş hüquqi mövqe nöqteyi-nəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilə olan yaşayış və istifadə hüquqlarına 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. 10800 (on min səkkiz yüz) manat kompensasiya məbləği həmin məbləğ ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas verir. Cavabdeh İddiaçı tərəfindən verilməsinə razılıq verilmiş 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya cavabdehin mülkiyyətinə mənzil əldə etmək və ya Konstitusiya Məhkəməsinin qərarında da qeyd olunduğu kimi, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən ağlabatan məbləğ hesab edilməlidir. Belə olan halda da, məhkəmə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh təklif etdiyi bu məbləği yaşayış və istifadə etmək hüquqlarına xitam verilməsini mümkün edən ədalətli və qaneedici əvəz kimi qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar