Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1207/2023 27.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-ə yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, ünvan 1 ünvanında yerləşən mənzilin Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 27 fevral 1991-ci il tarixli, 3980 nömrəli orderi əsasında onun və ailə üzvlərinin istifadəsinə verildiyini, ünvan 1 ünvanında X6, Cavabdeh, X4, X2 və X3 pasport qeydiyyatında olduqlarını, Cavabdeh orderdə adının olması və qeydiyyatda olması səbəbindən mənzili özgəninkiləşdirə bilmədiyini, onun uzun illər ərzində mənzildə yaşamadığını, daima olaraq özünə başqa yaşayış yeri seçdiyini, evi özünün növbəyə durub aldığını, Elnurun yoldaşının evində qaldığını, evin bütün xərclərini özünün çəkdiyini, 1991-ci ildə ailə üzvüləri ilə birlikdə onlara verildiyini, elnurun 23 ildir ki, evdən getdiyini, mənzili özəlləşdirə bilmədiyini, Elnurun razılıq vermədiyini, həyətində toyuq hini olmadığını, Elnuruda hində saxlamadığını, Elnura evdən pay vermək istəmədiyini, onun yaxşı övlad olmadığını, kiminsə qclığı üçün ev verilmədiyini, Afiyyəddin Cəlilovun ev vermədiyini, evi dövlətin verdiyini, evi özəlləşdirmək istədiyini, evi satmaq istəmədiyini, hazırda qızlarının ailə qurub köçdüklərini, mənzildə arvadının, özünün və digər oğlunun ailəsi ilə yaşadığını, Elnurun 23 ildir ki, evdən çıxdığını, Elnurun evin özəlləşdirilməsinə razılıq verməsi üçün ondan pul istədiyini göstərərək, Cavabdeh ünvan 1-ə yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, ünvan 1 ünvanında yerləşən mənzilin Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 27 fevral 1991-ci il tarixli, 3980 nömrəli orderi əsasında iddiaçının və ailə üzvlərinin istifadəsinə verildiyini, həmin mənzilin özəlləşmədiyini, cavabdehin 23 ildir həmin mənzildə yaşamadığını, başqa mənzildə yaşadığını, iddia tələbində maddi hüquq normalarına istinad etdiklərini, cavabdehin həmin mənzildə yaşamaması üçün üzürlü səbəblərin olmadığını, cavabdehin mənzili tərk edib özünə yaşayış yeri seçdiyini, cavabdehin mənzilin qeydiyyatında orderdə olduğundan razılığı olmadan özəlləşmənin aparıla bilmədiyini, mənzilə dair komunal ödənişləri iddiaçının etdiyini, cavabdehin müvəqqəti həmin mənzildən getmədiyini, ailə quraraq özünə başqa yaşayış sahəsi seçdiyini, iddiaçının mənzili özəlləşdirmək istədiyini, cavabdehin qeydiyyatdan çıxarılması tələbinin qoyulmadığını, bunların nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, evinin olmadığını, həmin mənzili almaq üçün aclıq etdiyini, Afiyyədin Cəlilovun onlara ev verdiyini, evin 1 otağını ona görə verdiklərini, ailə üzvü olaraq onun da nəzərə alınaraq mənzil verildiyini, onun da həmin mənzildə haqqının olduğunu, 2000-ci ildə ailə qurduğunu, iki uşağının olduğunu, 2001-ci ildən həmin evdən çıxıb kirayədə qaldığını, 2004-cü ildə evə qayıtdıqlarını, 2 il qaldıqlarını, 2006-cı ildə onları evdən çıxardıqlarını, 2009-cu ildə yenidən qayıtdıqlarını, 2-3 il qaldıqlarını, 2012-ci ildə onları həmin evdən məcburi çıxardıqlarını, sonra yenə qayıtdıqda həmin mənzilə buraxmadıqlarını, onun ailəsi ilə həmin mənzilə buraxmadıqlarından məcbur qalıb başqa yerdə yaşadığını, arvadının evinin olmadığını, kirayədə yaşadığını, atasının onu toyuq hinində saxladığını, nəyə görə onu evə buraxmadığını, həmin mənzildə yaşamaq istədiyini, mənzili özəlləşdirib satacaqlarını, illərdir ki, onu aldadıb mənzildən çıxardıqlarını, ona torpaq sahəsi alıb verəcəkləri üçün vəd verib aldatdıqlarını, həmin mənzildə yaşayıb təmir etdiyini, onun mənzildə haqqının olduğunu, yenə də mənzildə yaşayacağını, özəlləşməyədək mənzil tələbinin olmadığını, heç vaxt mənzildən tələbinin olmadığını, hazırda da tələbinin olmadığını, sakitcə yaşadıqlarını, hazırda isə mənzili özəlləşdirib satmaq istədiklərini, onun mənzilə qeydiyyata aldıqları halda özəlləşdirməyə razı olduğunu, gələcəkdə miras payı almaq hüququnun olmasını istədiyini, həmin mənzildə hüququnun olduğunu, onun iki uşağı ilə evsiz qaldığının nəzərə alınaraq həmin mənzilə köçürülməklə yaşayış hüququnun təmin olunmasını istədiyini, 1991-ci ildə həmin mənzilin ailə üzvülərinin nəzərə alınaraq verildiyini, ev satılırsa onun da haqqının verilməsini, satılmırsa yaşayış hüququnun təmin olunmasını, işsiz olduğunun, iki uşağının olmasını, kirayə pulunu ödəməyə imkanının olmadığını, dövlət tərəfindən verilən həmin mənzildən istifadə hüququnun təmin olunmasını istədiyini, ona düşən paydan imtina etmədiyini, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5, İddiaçı qonşusu olduğunu, 15 ildir ki, gediş-gəlişlərinin olduğunu, İddiaçı ikinci, özünün isə beşinci mərtəbədə yaşadığını, İddiaçı Elnur adında oğlunun olmasını dedikdə təcübləndiyini, Elnuru görmədiyini, İddiaçı iki qızının bir oğlunun olduğunu bildiyini, Elnur adlı oğlunun olduğunu əvvəllər bilmədiyini, Elnuru həmin evdə görmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X15, İddiaçı məhəllədə dükan işlətdiyi üçün tanıdığını, qonşu binada qaldığını, boş olanda onun yanına gəlib söhbət etdiyini, oğlu Əbülfəzin ona İddiaçı nə istəsə verməyini, borcu gəlib özünün ödəyəcəyini bildirdiyini, söhbət zamanı İddiaçı digər oğlunun olduğunu dediyini, onun gəlib-getmədiyini ona baxmadığını dediyini, Elnuru tanımadığını, məhkəmədə görüb tanıdığını, dükanı 2017-ci ildən 2021-ci ilə kimin işlətdiyini, bu müddət ərzində Elnuru görmədiyini, market işlətdiyinə görə həmin məhəllənin insanlarını tanıdığını, Əbülfəz Əsgərovun yanında işlədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 27 fevral 1991-ci il tarixli, 3980 nömrəli orderinin təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı və ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin ünvanda X11, Cavabdeh, X10, X7 və X8 pasport qeydiyyatında dayanırlar. Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, Cavabdeh adına daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən onun mübahisəli mənzilə ehtiyacının olmasına və iddiaçının onun mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı və onun daimi olaraq başqa ünvanda yaşadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə yaşayış və istifadə hüququnun itirilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1207/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1207/2023
27.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver