Məhkəmə qərarları › İş №2(078)-1211/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1211/2023

01.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1211/2023 01.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 1991-ci ildə vəfat etmiş bacısı Zeynalova (Qənbərova) Tovuz Qulu qızından və 14 avqust 2002-ci ildə vəfat etmiş anası X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası ərizəçinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil ərizəni müdafiə edərək, ərizəçinin mərhum valideynləri atası X19 ilə anası X3 1950-ci ildə el adəti üzrə nikah bağlayaraq (imam nikahı) ailə qurduğunu, onların bu nikahından iki övladı- 15 mart 1952-ci ildə X10 və xx xxxx 1958-ci ildə Ərizəçi doğulduğunu, ərizəçinin valideynləri arasında rəsmi nikah olmadığından onlara verilmiş doğum haqqında şəhadətnamələrdə soyadlarının analarının soyadı, yəni Zeynalov kimi qeyd edildiyini, həmin şəhadətnamələrin ata qrafasının isə məlum olmayan səbəblərdən boş saxlanıldığını, ərizəçinin ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 4 nömrəli evdə doğulub böyüdüyünü, ərizəçinin valideynləri arasında rəsmi nikah olmadığından həmin evin ərizəçinin, anasının və bacısının adına qeydə alındığını, sonradan ərizəçinin atası X11 29 yanvar 1985-ci ildə, bacısı Zeynalova (Qənbərova) Tovuz Qulu qızının 16 sentyabr 1991-ci ildə, anası X3 isə 14 avqust 2002-ci ildə vəfat etdiyini və onlardan ünvan 1 ünvanında yerləşən 4 nömrəli evə dair paylarının miras qaldığını, ərizəçinin bacısı Zeynalova (Qənbərova) Tovuz Qulu qızı vəfat edərkən ailəli olduğunu və başqa ünvanda yaşadığını, o vəfat edərkən həmin evdə anası, ərizəçi və ərizəçinin ailəsinin yaşadığını, ərizəçinin anası vəfat etdikdən sonra və hal-hazırda da həmin evdə ərizəçi və ailəsinin yaşamaqla, onlardan miras qalmış payı faktiki olaraq qəbul etməklə idarə etdiyini, ərizəçinin mərhum bacısının uşaqlarının da böyüyüb ailə qurduqlarını, Arifin bacısı uşaqlarına qayğı göstərdiyini, hazırda da onların miras payla bağlı heç bir tələblərinin olmadığını, Arifin bacısının məzarının götürülməsini təşkil etdiyini, bacısı ilə atasının məzarının bir yerdə olmaqla götürdüyünü, bacısının məzar daşında soy adının atasının soya adı ilə eyni yazıldığını və qardaşından xatirə olaraq yazıldığını göstərərək, 16 sentyabr 1991-ci ildə vəfat etmiş bacısı Zeynalova (Qənbərova) Tovuz Qulu qızından və 14 avqust 2002-ci ildə vəfat etmiş anası X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Mərkəzində Notariat Ofisinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Maraqlı şəxslər X5 və X7 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxslər məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə baxış iclası maraqlı şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6, ərizəçi ilə qonşu olduqlarını, bir yerdə böyüdüklərini, Arifin evin tək oğlu olduğunu, bir bacısının olduğunu, bacısının ailə qurub getdiyini, özlərinə məxsus evlərinin olduğunu, sonradan vəfat etdiyini, Arifin valideynlərinin yanında qaldığını, onlara baxdığını, həmin evdə Arifdən başqa qalan olmadığını, Arifin işlədiyini imkanının yaxşı olduğunu, Arifin bacısının cavan öldüyündən bacısının uşaqlarını Arifin saxlayıb oxudub böyütdüyünü, ailə qurmaqlarına köməklik etdiyini, anasının yaşlı vaxtlarında Arifin ona qayğı göstərdiyini, Arifin həmin yerdə əlavə bir ev də tikdirdiyini, həmin evində durduğunu, Arifin anasının yasında iştirak etdiyini, Arifin bacısının məzarının götütdürdüyünü bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X15, Ariflə qonşu olduqlarını, bir məhəllədə böyüdüklərini, onu doğulandan tanıdığını, həmin evdə Arif, atası Qulu, anası Zərri və bacısı Tovuzun qaldığını, sonradan atasının, anasının və bacısının vəfat etdiyini, Arifin işləyərək imkanının yaxşı olduğunu, Arifin dayı kimin bacısı uşaqlarına qayğı göstərdiyini, həmin evdə Arifdən başqa qalan olmadığını, Arifin bacısı uşaqlarının həmin evdə yaşamadıqlarını, özlərinə aid evlərinin olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0468 ha olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 4/6 hissədə X3, 1/6 hissədə X12 və 1/6 hissədə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10530 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********66-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). 183411 nömrəli, 07 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X13 ilə X20 arasında 03 avqust 1971-ci il tarixdə nikah bağlanmış və bu barədə nikah kitabında 130 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Qənbərova” soyadı verilmişdir. AZ-İ seriyalı, 011230 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X8 14 avqust 2002-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 274 nömrə ilə qeyd edilmişdir. AZ 257640 nömrəli, 06 iyul 2023-cü il tarixli çıxarışa əsasən, X21 16 sentyabr 1991ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 197 nömrə ilə qeyd edilmişdir. AZ 309612 nömrəli, 06 iyul 2023-cü il tarixli çıxarışa əsasən, X19 29 yanvar 1985-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 36 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, 2322 nömrəli arayışa əsasən, X3 aşağıdakı vərəsələri vardır:

1. X19 həyat yoldaşı vəfat edib;

2. X21 qızı vəfat edib;

3. Ərizəçi oğlu 1958-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli məktuba əsasən, ünvan 3 ünvanında hazırda Ərizəçi və ailəsi (arvadı X16 (xx.xx.1960) və qızı X22 (xx.xx.1984)) qeydiyyatdadır və yaşayır. Dəqiqləşmə aparılan zaman Ərizəçi həmin evdə yaşadığı məlum oldu. Həmin evin mülkiyyətçiləri X8 (vəfat edib: xx.xx.2002), X21 (vəfat edib: xx.xx.1991) və Ərizəçidur. Həmin evin yuxarıda qeyd olunan 3 mülkiyyətçidən 2-si vəfat etdiyi üçün onların vərəsələrinin razılığı əsasında miras qalmış həmin ev mülkiyyətçi Ərizəçi tərəfindən qəbul edilir. Naxçıvan Maraqlı şəxs Mərkəzində Notariat Ofisinin 28 iyul 2023-cü il tarixli, 301/2023 nömrəli məktubuna əsasən, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin vəkili və nümayəndəsinin məhkəməyə verdiyi izahatı, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, ərizəçinin atası X19 29 yanvar 1985-ci il, bacısı Zeynalova (Qənbərova) Tovuz Qulu qızı 16 sentyabr 1991-ci il və anası X8 isə 14 avqust 2002-ci il tarixdə vəfat etmişlər. Ərizəçi Zeynalov X24 şəhəri, Həzi Aslanov küçəsi, döngə 7, ev 4 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0468 ha olan fərdi yaşayış evini sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Naxçıvan Maraqlı şəxs Mərkəzində Notariat Ofisinin 28 iyul 2023-cü il tarixli, 301/2023 nömrəli məktubuna əsasən, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi mərhum X3 4/6 hissədə mülkiyyətində olan və mərhum X12 1/6 hissədə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0468 ha olan fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından, həmin miras əmlakın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. İzahata, şahid ifadəsinə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 4/6 hissədə və X12 1/6 hissədə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0468 ha olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. X1 4/6 hissədə və X12 1/6 hissədə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0468 ha olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar