Məhkəmə qərarları › İş №2(078)-1234/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1234/2025

27.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1234/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil və nümayəndəsi Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsinə qarşı Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin 22 iyul 2025-ci il tarixli, 258 nömrəli əmri ilə verilmiş töhmət və 30 iyul 2025-ci il tarixli, 262 nömrəli əmri ilə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərinin ləğv edilməsi və əmək funksiyasının icrasına buraxılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Perinatal Mərkəzi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin 22 iyul 2025-ci il tarixli, 258 nömrəli əmri ilə verilmiş töhmət və 30 iyul 2025-ci il tarixli, 262 nömrəli əmri ilə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərinin qanunsuz olduğuna görə ləğv edərək, əmək funksiyasının icrasına buraxılmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o, İddiaçı “Naxçıvan Muxtar Respublikası Perinatal mərkəzi" PHŞ-nin yenidoğulmuşlar şöbəsinin həkimneonatoloqu vəzifəsində işləyir. O, 1999-2005-ci illərdə Naxçıvan Dövlət Universitetində baza ali tibb təhsili alaraq həkim-pediatr ixtisası üzrə bitirib, 2005-2006-cı illərdə Naxçıvan MR Doğum Mərkəzində internatura kursu keçərək neonatoloq ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 2006-cı ildə Naxçıvan MR X3 başlamışdır. 2011-ci ildən "Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də işləyir. İşlədiyi dövrdə barəsində heç bir intizam pozuntusu icraatı olmamış, heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Yalnız 2024-cü ilin dekabr ayında Mərkəzin baş həkimi Günel Abdiyeva həkimlərə imtahan keçirəcəyi barədə məlumat verdikdən sonra buna qanuni şəkildə narazılıq etdikdən sonra qısa zaman kəsiyində barəsində qanunsuz şəkildə tənbeh tədbirləri görülmüşdür. İşlədiyi Yenidoğulmuşlar şöbəsinin həkimlərinin hamısı bu qərara etiraz etmişdir. Həmin zaman Mərkəz "X1 Birliyi" (TMİB) PHŞ-nin tabeçiliyində olduğundan həkimlərin etirazı ilə bağlı TMİB-dən Yaşar həkimi nümayəndə qismində Mərkəzə göndərilmişdir. Yaşar həkim həkimlərin etirazını dinləyib getmişdir. Nəticədə Mərkəz 19 dekabr 2024-cü ildə "Tibb işçilərinin tibb biliklərinin yoxlanılması məqsədilə komissiyanın yaradılması barədə” 528 nömrəli əmr imzalanaraq imtahan keçirilməsi məqsədi ilə komissiya yaradılmışdır. Həmin dövrdə Mərkəzin direktoru Elnur Həmzəyev idi. X9 imzalamışdı. 2025-ci ilin yanvar ayında ilk imtahan keçirilərkən bu əmrin və həkimlərin imtahana cəlb edilməsinin qanunsuz olduğunu bildirərək imtahanda iştirak etməkdən imtina etmişdir. Etirazını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsi ilə əsaslandıraraq bildirmişdir ki, həmin maddənin 11-ci abzasına əsasən Azərbaycan Reapublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin attestasiyası keçirilə bilməz. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) tibbi biliklərinin yoxlanılması yalnız "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparıla bilər. Həmin dövrdə Mərkəzin direktor müavini və baş həkimi olan X6 hüquqşünasına onun imtahanda iştirak etməməyini aktlaşdıraraq barəsində intizam tənbehi tətbiq edilməsi tapşırığını vermişdir. O, bu barədə Mərkəzin direktoru Elnur Həmzəyevə məlumat verərək şikayət edəcəyini bildirmişdir. Həmin gün Elnur Həmzəyev direktor vəzifəsindən azad edilmişdir. Əmrdə qeyd edildiyi kimi tibb işçilərinin 2 ayda bir dəfədən az olmayaraq yoxlamalara cəlb edilməsi qeyd edildiyindən növbəti imtahan aprel ayının 15-nə təyin edilmişdir. İmtahandan 3 gün əvvəl 15 aprel 2025-ci il tarixdə imtahan keçiriləcəyi və imtahanda iştirak etməyən həkimlərin xəstə müalicəsinə buraxılmayacağı bildirilmişdir. Aprel ayının qrafikinə əsasən 28 və 30 aprel tarixlərində növbəyə yazılmışdır. Bununla əlaqədar olaraq Yenidoğulmuşlar şöbəsinin müdiri Könül Rzayeva 28 və 30 aprel tarixlərində olan növbələrə çıxsa da sistemdə xəstələrin başqa həkimlərin adına yazılacağını bildirmişdir. Aprel ayında son 28 və 30 aprel tarixlərində olan növbələrə çıxmışdır. May ayı üçün təsdiq olunan qrafikdə ümumiyyətlə onun adı növbətçilik qrafikində qeyd olunmamışdır. Bunun sübutu olaraq "Medisoft" qeydiyyat proqram təminatının məlumatları göstərilə bilər. 01 may 2025-ci il tarixdən əmək funksiyalarının icrasına buraxılmamağı nəticəsində may, iyun və iyul aylarında orta hesabla hər ay 800 (səkkiz yüz) manat məbləğində bonuslar və əlavələrdən məhrum olunmuşdur. Bunun səbəbini Yenidoğulmuşlar şöbəsinin müdiri Könül Rzayevadan soruşduqda ona imtahanda iştirak etmədiyi üçün qrafikə yazılmadığını və bundan sonra xəstə müalicəsinə buraxılmayacağını və şöbədə müalicəyə ehtiyacı olmayan yenidoğulmuşlara nəzarət edəcəyini bildirmişdir. İki ay (may, iyun ayları) ərzində həmin işi görmüşdür. Daha sonra şöbə müdirinə iyul ayından onun əmək funksiyalarına aid olmayan bu işi görməyəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq Mərkəzin hüquqşünası onu çağıraraq bunu aktlaşdıraraq müvafiq tədbir görüləcəyini bildirmişdir. O, öz növbəsində bu işin həkim-neonatoloqun əmək funksiyalarına aid olmadığını bildirərək ona qanunamüvafiq sürətdə yazılı surətdə əmr verilərək o, işi həvalə etmələrini istəmişdir. Bununla əlaqədar şöbə müdirindən raport istənilmişdir. Raportda nə yazıldığı haqqında məlumatı yoxdur. Göstərdikləri ilə əlaqədar olaraq 24 aprel 2025-ci il tarixdə Mərkəzin 19 dekabr 2024-cü il tarixli, 528 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və ona qarşı edilən haqsızlığın və ayrı-seçkiliyin aradan qaldırılması barədə müvafiq tədbirin görülməsi tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə 27 may 2025-ci il tarixə mümkünlük iclası təyin etmişdir. Elə həmin tarixdə Mərkəz müəssisədaxili sənədləşmə prosesinin təkmilləşdirilməsi, habelə köhnəlmiş və qüvvəsini itirmiş idarəetmə sənədlərinin dövriyyədən çıxarılması məqsədilə imzalanmış 27 may 2025-ci il tarixli, 137 nömrəli əmr ilə qanunsuz attestasiya keçirilməsi üçün verilmiş 19 dekabr 2024cü il tarixli 528 nömrəli əmrini dövriyyədən çıxardaraq ləğv etmişdir. O, hüquqlarının pozulması ilə əlaqədar olaraq 29 may 2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Nazirlik müraciətini X5 Xidmətinin icraatına vermişdir. Xidmət uzun müddət əlavə araşdırma apardığını bildirərək müraciətinə baxılma müddətinin 30 iş günü müddətinə uzadıldığını bildirmişdir. Onun əmək müqaviləsinin 3-cü bəndində əmək funksiyaları (1.Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək 2. Mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq 3. Azərbaycan Respublikası Səhiyyə nazirinin 2012-ci il 19 sentyabr tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilmiş digər öhdəlikləri həyata keçirmək) qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il 19 sentyabr tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatlarına əsasən ondan tələb olunan funksiyalar (işlər) baş tibb bacısının əmək funksiyalarına aiddir. Əlavə olaraq, "Rezidenturada həkimmütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında" Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 iyul 2010-cu il tarixli əmrinin 1-ci bəndinə əsasən Baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən vəzifələrin siyahısı təsdiq edilmişdir. Bu əmrin tələbinə zidd olaraq Mərkəzin Yenidoğulmuşlar şöbəsində baza ali tibb təhsilli əməkdaşlar qanunsuz olaraq həkim-neonatoloq kimi işə qəbul edilmiş və haliyyədə həkim-neonatoloq kimi əmək funksiyalarının icrasına buraxılır. O, bununla bağlı da Mərkəzin direktoru və Yenidoğulmuşlar şöbəsinin müdirinə etirazını bildirmişdir. 11 iyul 2025-ci il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsində ilk mümkünlük iclası keçirilmişdir. Məhkəmədə iddia tələbinin bir qisminin artıq həllini tapdığını bildirilərək tələbinin dəqiqləşdirilməsi üçün 04 sentyabr 2025-cü il tarixə qədər vaxt verildiyi barədə bildiriş təqdim edilmişdir. İyul ayının 17-də Mərkəzin hüquqşünası ona X5 Xidmətindən məktub daxil olduğunu və əmək müqaviləsinə dəyişiklik ediləcəyini və imzalamalı olduğunu bildirmişdir. Hüquqşünasa müqaviləyə dəyişikliklərlə qısa zamanda tanış olaraq imzalayacağını bildirmişdir. Onun X5 Xidmətinə etdiyi müraciətə 28 iyul 2025-ci ildə cavab məktubu göndərilib və o, həmin gün əmək müqaviləsinə dəyişikliyi təsdiqləmişdir. İyul ayının 22-də həkimlərin ümumi iclasında direktor Günel Abdiyeva açıq şəkildə hər kəsin içində onun heç bir zaman işə buraxılmayacağını bildirmişdir. O, məhkəməyə və əmək müfəttişliyinə müraciət etdiyini və müraciətlərinin cavabını gözləyəcəyini bildirmişdir. Bunun üstündən dərhal sonra isə 24 iyul 2025-ci il tarixdə İnzibati dəstək şöbəsi onu çağıraraq barəsində verilmiş intizam tənbehi barədə olan 22 iyul 2025-ci il tarixli, 258 nömrəli əmr ilə tanış olmağını istəmişdir. Xüsusi ilə qeyd edir ki, barəsində heç bir intizam icraatı aparılmadan, ondan heç bir izahat alınmadan və yaxud izahat verməyə dəvət olunmadan anidən belə bir qanunsuz və əsassız əmrlə onun tanış olmağını istəmişlər. Mərkəz bununla yetinməyərək verilmiş töhmətin ardından dərhal sonra, yəni 30 iyul 2025-ci il tarixində yenidən heç bir qanuni əsası olmayan, yalnız öz iradələrini ifadə edən barəsində ikinci intizam tənbehi olan sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. O, barəsində verilmiş ilk intizam tənbehindən dərhal sonra mediasiya qrumuna müraciət etmişdir. Orada mübahisə həllini tapmadığından hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərkəz tərəfindən barəsində olan 22 iyul 2025-ci il tarixli, 258 nömrəli əmr ilə verilmiş töhmət intizam tənbehinin verilməsi üçün əsaslar kimi göstərilən hallar onun intizam məsuliyyətinə cəlb edilməyi üçün əsas ola bilməz. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin Mərkəzə göndərdiyi məktub mərkəzin qanunsuz fəaliyyəti ilə bağlı olduğu halda, o, özü üçün necə məcburi xarakter daşıya bilər. Mərkəz üçün göstəriş məktubunu xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində onun icra etməməyini intizam pozuntusu kimi göstərək onu intizam məsuliyyətinə cəlb edərək töhmət verilməsi qeyri-mümkün sayılmalıdır. Çünki, əmək müqaviləsinin iki müstəqil subyektindən biri özüdür və işəgötürənin qanunsuz davranışlarından aidiyyatı üzrə yuxarı orqana müraciət edəndə özüdür. Hər bir halda müraciətinə baxaraq ona yazılı cavab verildikdən sonra o, hər hansı bir addım ata bilərdi. İşəgötürən üçün məcburi xarakterli məktub göndərilə bilər, lakin qanunla həmin məktub onun üçün məcburi xarakter daşıya bilməz. Müqavilə tərəfləri müstəqildirlər, heç kəs müqavilə bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən işçiyə intizam tənbehi yalnız işin yerinə yetirilməməsi və ya əmək intizamının pozulması hallarında işçinin yazılı izahatı alınmaqla verilə bilər. İşinin yerinə yetirilməməsi halına münasibətdə bildirir ki, Mərkəz rəhbərinin tapşırığı ilə artıq 3 aydır ki, (may, iyun, iyul) qanunsuz olaraq o, iş funksiyasını yerinə yetirməyə buraxılmır. İş cədvəlinə onun adı yazılmır, belə olan halda onun hansı işin yerinə yetirməməyindən söhbət gedə bilər? Onsuzda Mərkəzin direktoru tərəfindən qanunsuz olaraq işə buraxılmır. İşləmədiyi halda hansı əmək intizamının pozuntusundan söhbət gedə bilər. Hesab edir ki, barəsində verilmiş əmrdə pozduğu əmək intizamının nədən ibarət olması əsaslandırılmalı idi. Qanuna əsasən əmək müqaviləsinə dəyişiklik işçinin razılığı olmadan məcburi qaydada edilə bilməz. Həmçinin Mərkəz 30 iyul 2025-ci il tarixində yenidən heç bir qanuni əsas olmadan 262 nömrəli əmrlə barəsində ikinci intizam tənbehi olan sonuncu xəbardarlıqla şiddətli töhmət vermişdir. Mərkəz direktorunun əmrinə əsasən, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə və vəzifə təlimatı ilə üzərinə düşən öhdəliklərin icrasından hüquqi əsassız imtina etdiyinə görə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrdə əmək müqaviləsi üzrə müəyyən edilmiş yerinə yetirmədiyi vəzifəsinin nədən ibarət olması, üzərinə düşən hansı öhdəliyi yerinə yetirmədiyi əsalandırılaraq göstərilməmişdir. Əmək intizamı pozuntusunun nədən ibarət olmasını müəyyən etmək olmur. O, heç bir intizam pozuntusu etməmişdir və bunu təsdiq edəcək heç bir mötəbər sübuta söykənilmədən qanunsuz əmr verilmişdir. Qeyd edir ki, eyni pozuntuya görə iki dəfə intizam tənbehi vermək yolverilməzdir. Vəzifə təlimatını icra etməmə kimi göstərdikləri hal eyni hadisədən qaynaqlanır ki, bu halda eyni mahiyyətdəki pozuntuya görə iki dəfə cəza verilməsinin özü belə qanunsuzluqdur. İntizam tənbehi tətbiq edilməzdən əvvəl işçidən yazılı izahat alınmalıdır. Lakin 29 iyul 2025-ci il tarixdə nədə günahlandırıldığı ona bildirilmədən, əmrdə əsas olaraq göstərilən təqdimat barədə məlumat verilmədən mərkəzin hüquqşünası ondan izahat tələb etmişdir. O, izahatında işə buraxılmadığını növbətçilik cədvəllərinə yazılmadığını və şöbə müdirinin ondan tələb etdiyi işin həkim-neanotoloqun əmək funskiyalarına aid olmadığını bildirmişdir. Mərkəz direktoru barəsində verdiyi hər iki əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsini əsas qoymuşdur. Həmin maddənin 2-hissəsinə əsasən müəyyən olunan əmək funksiyasını hansı qaydada, nə cür, necə pozmağı ilə bağlı heç bir fakt mövcud deyildir. Belə olan halda hansı əmək funksiyasını pozmağı müəyyən olunmamaqdadır. Bu səbəbdən də barəsində verilmiş əmrlər qərəzli xarakterlidir. Əmək funksiyasının pozulması işçinin öz vəzifəsini lazımınca icra etməməsi nəticəsində müəyyən iş prosesinin pozulmasını əks etdirən hadisə və ya hadisələrin baş verməsidir. Hansı belə hadisə və ya hal vardır? Əgər vardırsa hanı? Barəsində qəbul edilmiş hər iki intizam tənbehi Əmək Məcəlləsinin 186, 187 və 188-ci maddələrinin tələblərinə zidd olaraq əmək funksiyasını pozmağı barədə hər hansı əsaslı sübut təqdim edilmədən; pozuntu barədə izahat xidməti araşdırılma qaydalarına uyğun olmadan alındığından; prosedur qaydalarına əməl edilmədən; işçi kimi hüquqları pozularaq verilmişdir. Ümumiyyətlə Mərkəzdə baş verən haqsızlıqlar nəticəsində onun əmək hüquqlarının kobud surətdə pozulması əlavə əmək haqlarından məhrum olunmağına və praktik vərdişlərinin pisləşməsinə səbəb olur. İddiaçı 27 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə iddia tələbinə uyğun Naxçıvan Şəhər Məhkəməsində mülki mübahisə üzrə icraat aparıldığını, hazırda cavabdeh təşkilatın mübahisələri üzrə olan halları məhkəmədənkənar həll edərək töhmət, şiddətli töhmət əmrlərini ləğv etdiklərini, onu işə buraxdıqlarını, bu səbəbdən iddia tələbindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi X7 iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsinə qarşı Naxçıvan MR Perinatal Mərkəzi publik hüquqi şəxsinin 22 iyul 2025-ci il tarixli, 258 nömrəli əmri ilə verilmiş töhmət və 30 iyul 2025-ci il tarixli, 262 nömrəli əmri ilə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərinin ləğv edilməsi və əmək funksiyasının icrasına buraxılması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar