Məhkəmə qərarları › İş №2(078)-1239/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1239/2021

22.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1239/2021 22.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs1 və X7 iştirakı ilə, Ərizəçi miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs4, X20, Maraqlı şəxs6, X13, X21 və X18 maraqlı şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak atası X14 məxsusdur. X1 ilə X8 16 may 1957-ci ildə Türkistan Çimkənd vilayəti Paxtaapalsk rayon Alqabass k/d-də rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Atası 13 mart 2005-ci ildə, anası 25 aprel 2003-cü ildə vəfat etmişdir. X9 vərəsələri X8-həyat yoldaşı-vəfat edib, X23-oğluvəfat edib, Maraqlı şəxs2-qızı, Maraqlı şəxs1-oğlu, Maraqlı şəxs5-qızı, X24-oğlu-vəfat edibdir. Mərhum qardaşı X23 06 fevral 2014-cü il tarixdə vəfat edib və onun vərəsələri Maraqlı şəxs4-oğlu, Maraqlı şəxs6-oğlu, X13-qızı, X20-qızıdır. Mərhum qardaşı X24 16 dekabr 2010-cu ildə vəfat edib və onun vərəsələri, X21-həyat yoldaşı və X18-qızıdır. Sözügedən əmlakı da atasının ölümündən sonra o idarə etmiş, evin bütün kommunal xərclərini ödəmiş, bir sözlə əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Bacısı Maraqlı şəxs2 miras əmlakı qəbul etməmiş, onun tərəfindən qəbul edilməsinin tanınmasına dair notarial qaydada ərizə vermişlər. Vərəsələr arasında mirasın qəbulu ilə bağlı heç bir mübahisə yoxdur. Qardaşının arvadı Eminə Məsiyeva və qızı Məryəm Babayeva 2018-ci ildə məhkəmədə iddia qaldırıb və mərhum qardaşına çatan payı qəbul edibdir. əvvəldən həmin torpaq sahəsində o və qardaşı Mirzə yaşayıbdır. Hər birinin ayrıca evi vardır. Qətnamədən sonra torpaq sahəsi iki yerə bölünübdür, yarısı atasının adında qalıb, yarısı da qardaşının arvadı və qızının adına sənədləşibdir. İndi o atasının adında qalan mirası tələb edir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək ərizəçinin izahatına əlavəsi olmadığını bildirib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Maraqlı şəxs1 izahatında göstərmişdir ki, o, ərizəçinin qardaşıdır, atasının 16 il əvvəl vəfat etdiyini, atası mərhum İ.Babayevdən miras qalmış evində hazırda ərizəçinin yaşadığını, özünün isə sözügedən evdə yaşamadığını, ailə quraraq evdən ayrıldığını, həmin mənzildə qardaşının yaşadığını, həmin əmlakının da qardaşına çatmalı olduğunu, buna heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş maraqlı şəxs X19 izahatında göstərmişdir ki, o, ərizəçinin mərhum qardaşı Mirzə Babayevin həyat yoldaşıdır. Miras əmlakda ¼ hissə onun, ¼ hissə qızı X5 və 2/4 hissə isə mərhum qaynatası X9 adınadır. Özünün 2018-ci ildə miras əmlakla bağlı məhkəmədə iddia qaldırdığını və Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(078)-410/2018 nömrəli qətnaməsi ilə onun və eyni zamanda digər iddiaçı X10 cavabdehlər Maraqlı şəxs2 və qeyrilərinə qarşı mirasın faktiki qəbulu faktının müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin olunaraq X4 ünvan 2 ünvanında miras qalmış 128.15 kv.m tikili və 0.0734 ha torpaq sahəsinin X24 tərəfindən faktiki qəbul edilməsi, X15 vəfatından sonra isə onun həyat yoldaşı X21 və qızı X18 tərəindən həmin mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan iddiaçılara çatası payın ½ hissədə müəyyən edilməsi qət edilmişdir. İndi qayınatasının adında olan mirası qaynı Fazil tələb edir. Onun heç bir etirazı yoxdur. Çünki Fazil daimi olaraq həmin evdə yaşayıbdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs4, X16, Maraqlı şəxs6, X6 və X11 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iclasında işə baxılan zaman Maraqlı şəxs5 tərəfindən məhkəməyə teleqram ünvanlanmışdır. Maraqlı şəxs5 teleqramda qeyd etmişdir ki, miras əmlak qardaşı Fazil tərəfindən qəbul olunmuşdur və onun bununla bağlı heç bir etirazının, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs4, X12, Maraqlı şəxs6, X2 və X5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, onun vəkilinin və maraqlı şəxslərin izahatını dinləyərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında arayışın tərcümə və təsdiq olunmuş surətindən aydın olur ki, X22 ilə Səfərova (Babayeva) Kübra Ağaverdi qızı 16 may 1957-ci ildə Türkistan Çimkənd vilayəti Paxtaapalsk rayon Alqabass k/d-də nikah bağlamış və bu barədə 30 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi 28 sentyabr 1967-ci ildə anadan olmuş, atası X22, anası X3r. İş materiallarına əlavə olunmuş çıxarışdan məlum olmuşdur ki, X22 13 mart 2005ci il tarixdə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 07 aprel 2005-ci il tarixdə 132 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışdan məlum olmuşdur ki, X8 25 aprel 2003cü il tarixdə digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 29 may 2018-ci il tarixdə 190 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışdan məlum olmuşdur ki, X24 16 dekabr 2010-cu il tarixdə kəskin qaraciyər çatışmamazlığı diaqnozu ilə Bakı şəhəri Xətai rayonunda vəfat etmiş və bu barədə 04 avqust 2011-ci il tarixdə 249 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışdan məlum olmuşdur ki, X23 06 fevral 2014cü il tarixdə qaraciyər çatışmamazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə 17 fevral 2014-cü il tarixdə 76 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 128.15 kvadrat metr ümumi sahəsi, 0.0734 ha torpaq sahəsi olan fərdi yaşayış evi paylı mülkiyyət kimi X9, X7 və X5 adına qeydiyyata alınmaqla həmin əmlakda X9 payı 2/4 hissə olaraq göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 01/2561 nömrəli arayışdan aydın olur ki, mərhum X9 ünvan 4 ünvanında müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X8-həyat yoldaşı-vəfat edib;

2. X23-oğlu-vəfat edib;

3. Maraqlı şəxs2-qızı-1957;

4. Maraqlı şəxs1-oğlu-1962;

5. Maraqlı şəxs5-qızı-1965;

6. Ərizəçi-oğlu-1967;

7. X24-oğlu-vəfat edib. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 01/2268 nömrəli arayışdan aydın olur ki, mərhum X15 ünvan 4 ünvanında müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X21-həyat yoldaşı-1977;

2. X18-qızı-2001. Maraqlı şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, 13.03.2005-ci ildə vəfat edən miras qoyan atası X4 miras qalan əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir, miras əmlaka sahiblik etməmişdir, onun idarəçiliyində iştirak etməmişdir və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Maraqlı şəxs X21 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: 30 mart 2018-ci ildə tərtib olunmuş 18476 inventar nömrəli Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, ünvan 2 ¼ hissə X7, ¼ hissə isə X5 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(078)-410/2018 nömrəli qətnaməsi ilə iddiaçı və eyni zamanda digər iddiaçı X10 qanuni nümayəndəsi X7 cavabdehlər Maraqlı şəxs2 və qeyrilərinə qarşı mirasın faktiki qəbulu faktının müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin olunaraq 2005-ci il tarixdə vəfat etmiş X4 ünvan 2 ünvanında miras qalmış 128.15 kv.m tikili və 0.0734 ha torpaq sahəsinin X24 tərəfindən faktiki qəbul edilməsi, X15 vəfatından sonra isə onun həyat yoldaşı X21 və qızı X18 tərəfindən həmin mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan iddiaçılara çatası payın ½ hissədə müəyyən edilməsi qət edilmişdir. Naxçıvan şəhəri bir saylı Notaroat Ofisi tərəfindən Ərizəçi 17 sentyabr 2021-ci il tarixli məktubuna 18 sentyabr 2021-ci il tarixdə verilmiş 163 nömrəli cavab məktubundan məlum olur ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyriformal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin, onun vəkilinin və maraqlı şəxslərin izahatından, eyni zamanda maraqlı şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsindən, eyni zamanda iş materiallarından da məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mərhum X4 miras qalan 128.15 kv.m tikili və 0.0734 ha torpaq sahəsi olan fərdi yaşayış evinin mərhum X9 adına olan 2/4 hissəsi mərhumun ölümündən sonra Ərizəçi tərəfindən istifadə və sahiblik etməklə onun tərəfindən qəbul edilərək idarə edilmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında yerləşən mərhum X4 miras qalan 128.15 kv.m tikili və 0.0734 ha torpaq sahəsi olan fərdi yaşayış evinin mərhum X9 adına olan 2/4 hissəsi mərhumun ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən mərhum X4 miras qalan 128.15 kv.m tikili və 0.0734 ha torpaq sahəsi olan fərdi yaşayış evinin mərhum X9 adına olan 2/4 hissəsi mərhumun ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar