Məhkəmə qərarları › İş №2(078)-125/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-125/2024

19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-125/2024 19.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anası X2 mülkiyyətinə olan ünvan 1 ünvanında yerləşən 0.1871 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 117.9 kv.metr fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 19 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş X4, X8, X5, X9 və X3 19 fevral 2024-cü il tarixə, saat 0900-a təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəməyə 24 yanvar 2024-cü il tarixdə etiraz ərizəsi göndərmişlər. Maraqlı şəxslər X4, X8, X5, X9 və X6 tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, Ərizəçi onları maraqlı şəxs qismində cəlb etməklə Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum anası X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1871 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 117.9 kv.metr fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edib. Hesab edirlər ki, Ərizəçi ərizəsi əsassızdır, o təmin edilə bilməz. Belə ki, məhkəmənin diqqətinə çatdırırlar ki, Ərizəçi mərhum qardaşı X7 vərəsələridirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsində göstərilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən Ərizəçi tərəfindən verilmiş ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş şəxslərin məhkəməyə göndərdikləri etiraz ərizəsindən də görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 noyabr 2023-cü il tarixli, 5810 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 noyabr 2023-cü il tarixli, 5810 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar