Məhkəmə qərarları › İş №2(078)-1260/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1260/2024

23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1260/2024 23.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı ərizəçi X2 miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi X6 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X1 Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 2/12 ünvanında 906,65 m2 torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 92.01 m2 olan 3 otaqlı miras olaraq qalmış fərdi yaşayış evinin, miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsinə aid tələbləri xüsusi icraat qaydasında baxılan işlərə dair verilmiş ərizələrə də aid etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçı mərhum atası X1 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 2/12 ünvanında yerləşən daşınmaz əmlakın özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini istəyir. Ancaq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 2/12 ünvanında 906,65 m2 torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 92.01 m2 olan 3 otaqlı fərdi yaşayış evi Naxçıvan Şəhər Məhkəməsinin 29 iyun 2012-ci il tarixli 2(078)-219/2012 nömrəli qətnaməsi əsasında xx.xx.2012-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Qeyd olunanlardan da göründüyü kimi ərizəçinin onun tərəfindən faktiki qəbul edilməsini istədiyi fərdi yaşayış evi mərhum atası X3 deyil, X4 adına qeydiyyatdadır. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçi fərdi yaşayış evinin mərhum atası X3 adına qeydiyyatda olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki qanunvericiliyn tələbindən də göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən tələbini təsdiq edən sübutlar siyahısını göstərməli və həmin sübutları iddia ərizəsinə əlavə etməlidir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, ərizəçi iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X2 miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 19 avqust 2024-cü il tarixli, 7748 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Nümayəndə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi X2 miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 19 avqust 2024-cü il tarixli, 7748 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Nümayəndə qaytarılsın. Ərizəçi X5 izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar