Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-127/2022 18.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi iş stajının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi 18.07.1972-ci il tarixdən 2021-ci ilə qədər işləməyinin iş stajı olması və həmin illərin sosial sığorta stajına hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi izahatında ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin nümayəndəsi X2 izahatında və yazılı etirazında ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilən sənədləri araşdırıb belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 170-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.01-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13.1-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə görə əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə əlavə edilmiş əmək kitabçasından aydın olur ki, Ərizəçi işlədiyi bütün dövrlər əmək kitabçasında qeyd edilmiş, maraqlı şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədə müəyyən edilmişdir ki, əmək kitabçasında göstərilən, həmçinin arxiv arayışlarında olan iş illəri tam şəkildə hesablanaraq ərizəçiyə avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud olan faktın yenidən təsdiq edilməsi yolverilməz olduğundan hazırki tələbə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əsasən, işin icraatına xitam verilməli və ərizəçiyə müvafiq pensiya stajının düzgün hesablanıbhesablanmaması barədə pensiya təminatını həyata keçirən orqana müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına 24.11.2021-ciil tarixdə 29287 №-li qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi iş stajının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə müvafiq pensiya stajının düzgün hesablanıb-hesablanmaması barədə pensiya təminatını həyata keçirən orqana müraciət etmək hüququ izah edilsin. Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına 24.11.2021-ciil tarixdə 29287 №li qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-127/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-127/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver