Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1276/2025 28.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinə qarşı işə bərpa tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan MR X12 "X14 İnstitutu" Publik hüquqi şəxsin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrin ləğv edilməsi və özünün işə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o, 16 may 2024-cü il tarixli, 9 nömrəli əmrlə Naxçıvan MR X12 "X14 İnstitutu" Publik hüquqi şəxsdə Baytarlıq sanitriya ekspertizası işinin təşkili bölməsinə baytar texnik vəzifəsinə qəbul edilmişdir. 2025-ci ilin iyul ayında idarənin buğaltrı Əziz müəllim baytar texniklərinin vəsaitinin vurulduğunu bildirmişdir. Lakin öz əmək haqqı kartına baxan zaman ona vəsaitin vurulmadığını görmüşdür. Sonra o, həmin buğaltr Əziz müəllimlə əlaqə saxlayıb səbəbini soruşanda ona şöbə müdiri Kazım Rzayevlə əlaqə saxlamağını məsləhət bilmişdir və Kazım Rzayevlə əlaqə saxlayanda ona Əziz müəllimlə əlaqə saxlayacağını bildirmişdir. Bunun heç bir nəticəsinin olmayacağını görüb Nazirin köməkçisi Rəsul müəllimlə əlaqə saxlayıb bunun səbəbini soruşanda texnikasının olmadığını bildirmişdir. Belə olduğu halda texnikası olmayan digər baytar texniki işçilərə həmin vəsait necə ödənilirdi? Texnikasının olmasının vacib olmadığını və öz şəxsi vəsaiti hesabına maşınlarla yoxlamalara getdiyini bildirmişdir. X56 iş yoldaşı Hikmətə “Rəna həkimdən izahat alan zaman bildirsin ki, mən Hikmətlə birlikdə işləyirik və guya onun texnikası ilə gedib gəlirəm” demişdir. Halbuki, onlar ayrı-ayrı işləyirlər. Hikmətin texnikası var, amma özünün yoxdur. 31 iyul 2025-ci il tarixdə Naxçıvan MR X12 "X14 İnstitutu" Publik hüquqi şəxsdə iclas olmalı idi. Kazım Rzayev ondan açotu götürməmiş, ona izahat verməyini bildirmişdir. Özü həmin iclasa gedə bilməmişdir. İzahat vermişdir. İzahat verəndə agentliyin hüquqşünası Səyyub Kərimov ondan hansı yolla işə qəbul olunduğunu soruşanda o, imtahan yolu ilə işə qəbul olduğunu bildirmişdir. O isə bildirmişdir ki, “yalan danışma”. Ona təzyiqlər etmiş və aralarında mübahisə olmuşdur. Agentliyin hüquqşünası Səyyub Kərimov ona yumruğunu qaldırmış və onu vurmaq istəmişdir. Özü də bu zaman ürəyi narahat olduğuna görə əlində içdiyi suyu Səyyub Kərimovun üzünə atmışdır. Özü həmin vaxt çox narahat olmuşdur. Həkimlər onu aşağı düşürən zaman onun yenidən ürəyi narahat olmuşdur. Həyətə düşmüş, sonra yoldaşı gəlmiş və Səyyub Kərimov onun yoldaşının qarşısına keçib ona da eyni kobud hərəkəti etmişdir. Onlara hədəqorxu gəlmişdir ki, “mənim şahidlərim var”. Özü də ona bildirmişdir ki, “mən izahat verər zaman həmin şəxslər mənim yanımda olmayıblar”. Evə gəldikdən sonra ona məlumat verilmişdir ki, 04 avqust 2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-сi maddəsinin "Ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, o əmək vəzifələrini kobud şəkildə pozmamışdır. İşəgötürən tərəfindən heç bir əsas olmadan ona əvvəlcədən xəbərdarlıq etmədən və izahat alınmadan, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə onun əmək müqaviləsinə xitam verilmişdir ki, bu qanunsuzdur əsassızdır və AR Əmək Məcəlləsinin normaları ilə ziddiyət təşkil edir. Hesab edir ki, sadəcə sözügedən vəsaitin ona ödənilməsi ilə bağlı müraciət etdiyi halda ona qarşı belə bir qərəzli mövqe heç bir şəkildə başa düşülən deyil. O, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş və əmək vəzifələrini kobud şəkildə pozmamışdır. Əlavə olaraq əvvəllər də sözügedən vəsaitin ödənilməsi ilə bağlı ona münasibətdə ayrı-seçkilik edilərək digər baytar texniki işçilərə ödənilmiş, ona isə məlum olmayan səbəbdən ödənilməmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin nümayəndəsi X15 məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı X1 Muxtar Respublikası X2 tabeliyində X14 İnstitutu Publik hüquqi şəxsinə qarşı Naxçıvan Şəhər Məhkəməsinə iddia ilə müraciət edərək Naxçıvan X2 tabeliyində X14 İnstitutu Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrinin ləğv edilməsi və özünün işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddiası tamamilə əsassızdır, o təmin edilə bilməz. İddiaçının iddia ərizəsində qeyd etdiyi 2025-ci ilin iyul ayı üçün nəzərdə tutulmuş vəsaitin iddiaçıya ödənmədiyi barədə iddiası yalandır. Digər baytar mütəxəssisləri kimi ona da 2025-ci ilin iyul ayı üçün nəzərdə tutulmuş müvafiq vəsait ödənilmişdir. İnstitutun mühasibi Əziz İbrahimli və bölmə müdiri Kazım Rzayevlə danışığında qeyd etdiyi iddialar heç bir fakta əsaslanmır, belə ki, muxtar respublikada ət kəsiminin baytarlıq-sanitariya normalarına uyğun həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 2024-cü ilin 16 may tarixindən etibarən iddia müəllifi əmək müqaviləsi ilə Naxçıvan Muxtar Respublikası X12 (bundan sonra-Agentlik) tabeliyində olan İnstitut tərəfindən işə qəbul olunaraq Şahbuz rayonuna təhkim olunmuşdur. Bu zaman bağlanılmış əmək müqaviləsində vəzifə maaşı konkret olaraq qeyd olunmuş və əlavə ödənişlərin həyata keçirilməsi barədə işəgötürənin öhdəliyi olmamışdır. Eyni zamanda işə başlamazdan öncə iddiaçı ilə də, muxtar respublikanın digər rayonlarında analoji işi yerinə yetirmək məqsədilə müəyyənləşdirilmiş namizədlərlə olduğu kimi Agentliyin və İnstitutun rəhbərliyi və aidiyyəti əməkdaşları görüş keçirmiş, icra edəcəkləri vəzifələr, o cümlədən əməkhaqqı məbləği bir daha bildirilmiş, bu istiqamətdə müzakirələr aparılmış və qarşılıqlı razılaşma əsasında tərəflər arasında müvafiq əmək müqaviləsi imzalanmışdır. Bununla yanaşı, muxtar respublikada kəsim məntəqələri mövcud olmadığı üçün nəzarət tədbirlərini səyyar formada həyata keçirmələri və bu zaman əlavə nəqliyyat xərclərinin yarandığı səbəbindən, bu xərclərin kompensasiya edilməsi üçün rayonlar üzrə mövcud iş həcmi nəzərə alınmaqla 2024 və 2025-ci ilin cari dövrünədək baytar mütəxəssislərinə, o cümlədən iddiaçıya İnstitutun xüsusi vəsait hesabından əlavə ödənişlər edilmişdir. Belə ki, 2024-cü ildə aylıq orta hesabla 359.0 manat, 2025-ci ilin 7 ayı ərzində isə aylıq orta hesabla 330.0 manat əməkhaqqından əlavə vəsait hesablanaraq İddiaçı ödənilmişdir. İddia ərizəsində “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərimi yerinə yetirmişəm və əmək vəzifələrimi kobud şəkildə pozmamışam” iddiası da həqiqəti əks etdirmir və yalan xarakterlidir. Belə ki, İddiaçı əmək funksiyalarını yerinə yetirdiyi zaman Şahbuz rayonu ərazisində fəaliyyət göstərən aid qida subyektlərinə qarşı dəfələrlə etik davranış qaydalarını pozaraq Agentliyin nüfuzuna xələl gətirmiş, qarşısında duran xidməti vəzifələri layiqincə icra etməmiş, intizam qaydalarına riayət etməmişdir. Belə ki, Agentliyin əməkdaşlarının 2024-cü ilin 24-26 iyul tarixlərində Şahbuz rayonu ərazisində apardıqları monitorinqlər zamanı işində nöqsanlara yol verdiyi məlum olmuş, bu barədə arayış hazırlanaraq rəhbərliyə təqdim edilmişdir. Eyni zamanda “İşgəsu” ictimai iaşə obyektində olduğu zaman xidməti davranışında yol verdiyi nöqsanlarla bağlı obyekt sahibinin Agentliyə ünvanladığı xx.xx.2024-cü il tarixli şikayət ərizəsində qeyd edilən iddiaların əsaslı olduğu müəyyənləşdirilmiş, Şahbuz rayonun Kolanı kəndində fərdi təsərrüfat sahibinə, eləcə də həyat yoldaşının iştirakı ilə həmin kənddə ət satışı sahibkarlıq subyektinə, Şahbuz şəhərində yerləşən “Yeni Batabat” şadlıq sarayında qeyri-etik hərəkətləri ilə bağlı Agentliyə məlumat daxil olmuş və məlumatlar öz təsdiqini tapmışdır. Sahibkarlıq subyektlərinə qarşı davamlı olaraq yol verdiyi nöqsanlar səbəbindən ərizəçinin xx.xx.2024, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli izahat yazıları alınmış, eyni zamanda əmək və icra intizamını kobud surətdə pozduğu üçün İnstitutun 2024-cü il 01 avqust tarixli K/41 nömrəli əmri ilə ona töhmət elan olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixli izahatına X23 sədrinin dərkənarı ilə fəaliyyətinin nəzarətə götürülməsi, vəzifə və funksiyalarının bir daha ona izah edilməsi, gələcəkdə hər hansı bir intizamsızlığa təkrar yol verilərsə, haqqında daha ciddi cəza tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, İddiaçı xəbərdarlıq və töhmətdən heç bir nəticə çıxarmamış, 2025-ci ilin 29-30 iyul tarixlərində İnstitutun müvafiq əməkdaşlarına və rəhbərliyinə, eləcə də Agentlik sədrinin köməkçisi Rəsul Heydərzadəyə telefonla zəng edərək ona əlavə ödəniş edilməli olduğunu tələb etmiş, danışıq zamanı digər rayonların baytar mütəxəssislərinin qanunsuz hərəkətləri barədə iddia səsləndirmişdir (toplanan dövlət rüsumunun yayındırılması). İddialarla bağlı xidməti araşdırma aparılması məqsədilə 2025-ci ilin 31 iyul tarixində Agentliyə dəvət edilərək məsələyə aydınlıq gətirilməsi üçün məlumat almaq istəyən X20, kadr və icraya nəzarət şöbəsinin müdirinə qarşı şikayətçi tərəfindən daxili intizam qaydaları kobud şəkildə pozularaq etikadan kənar ifadələr işlədilmiş, təhdid və təhqirlər səsləndirilmişdir. Həmin vaxt müvafiq şöbənin əməkdaşları Şahid4 və Tahir Bağırov şöbə müdirinin kabinetində olmuş və baş verənlərin şahididirlər. İddiaçının Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Səyyub Kərimovun onu vurmaq istəməsi barədə iddiası yalan və böhtandır. Belə ki. iddiaçı baş verənləri birtərəfli qaydada və qərəzli şəkildə təsvir edir. Əməkdaşı təhqir etməsi, hədələməsi və yoldaşının iş vaxtı dövlət orqanının iş rejimini pozaraq Agentliyin binasına daxil olması və əməkdaşı hədələməsi barədə bir kəlmə də qeyd etməyib. İddiaçı S.Kərimovun üzünə suyu çırpması hadisəsini özünə sərf edən formada təsvir edir, halbuki hadisə şahidlərin gözü qarşısında baş vermiş və tamamilə başqa cür baş vermişdir. Halbuki Agentliyin binasınında olan əməkdaşlar baş verənlərin şahididirlər və baş vermiş hadisə aktlaşdırılmışdır. Hadisənin İddiaçı qeyd etdiyi kimi olmadığını və yalan olduğunu aydınlaşdırmaq üçün iddia ərizəsində qeyd olunan baş verən hadisənin obyektiv araşdırılması üçün həmin şahidlərin məhkəməyə çağrılması vacibdir. Sonradan həyat yoldaşı da Agentliyə gəlmiş və dövlət qurumunun işinə müdaxilə etmişdir. Agentliyin bir qrup əməkdaşı baş verənlərin şahidi olmuşdur. İddiaçı və həyat yoldaşının qanunsuz hərəkətlərinə son vermək və Agentliyin normal iş rejimini bərpa etmək üçün Agentliyin aparat rəhbəri Şahid6 hadisəni araşdırmaq istədikdə təkrar eyni təhdid, təhqir və hədələmələrə başladılar. Şahid6 da baş verənlərin şahidi olmuşdur. İddiaçı törətdiyi əməllərdən sonra Agentliyin Babək regional Bölməsinin rəisi Razi Novruzova və İnstitutun bölmə müdiri Kazım Rzayevə sonra zəng edərək lazımi şəxlərdən üzr istəməyə hazır olduğunu bildirməsi də iddiaçının səsləndirdiyi iddiaların yalan olduğunu göstərir. Ona təhkim olunmuş xidməti möhürlərin təhvil alınması üçün xx.xx.2025-ci il tarixində Şahbuz şəhərinə getmiş Razi Novruzov, Tahir Bağırov, Kazım Rzayev və Həbib Məmmədova qarşı İddiaçı və ərinin kobudluq etməsi, yenidən təhdid edərək təhqiramiz ifadələrə yol verməsi dediklərində və müvafiq qərarın qəbul olunmasında nə qədər haqlı olduqlarını göstərir. Həmin şəxslər də baş verənlərin şahididirlər. İzahat, şifahi xəbərdarlıq və töhmətdən nəticə çıxarılmaması, intizam qaydalarının mütəmadi olaraq kobud şəkildə pozulması, institutun və Agentliyin vəzifəli şəxslərinə qarşı qeyri-etik davranışlara yol verilməsi qəbuledilməzdir və bir dövlət qurumunun tabeliyində olan İnstitut bu cür halların qarşısını qanunvericiliyə uyğun olaraq alır, qəbul etdiyi qərar hüquq müstəvisində və qanun çərçivəsindədir. İddiaçının istinad etdiyi hüquqi əsaslarla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələblərinə iddiaçının istinad etməsi sadəcə təəccüb doğurur. Çünki iddiaya etiraz ərizəsinə əlavə edilmiş izahatlar, xidməti məruzələr, sahibkar müraciətləri, xəbərdarlıq, töhmət və intizam tədbirləri görülən zaman X30 Komissiyasının rəyi iddiaçının kollektiv arasında bir işçi kimi şəxsiyyətini xarakterizə edir və kollektivdə nüfuzunun, peşəkarlıq səviyyəsini hansı səviyyədə olduğunu açıq şəkildə göstərməkdədir. İddiada qeyd olunan və bu Məcəllənin istinad edilən 12-ci maddəsinin tələbləri tərəflərindən heç bir şəkildə pozulmadığından işəgötürən kimi vəzifə və məsuliyyətlərini xatırlatmanın sadəcə təkrarçılıqdan başqa bir şey olmadığını bildirir. Eyni zamanda işəgötürənin əmək münasibətləri sahəsində bu Məcəllənin 11-ci maddəsinin a) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, c) bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, d) bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək kimi əsas hüquqları da vardır. İddiaçı tərəfindən bu Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə istinad edilməsi də absurddur, çünki işəgötürən olaraq İnstitut tərəfindən hər hansı bir formada zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək kimi vasitələrdən heç bir halda istifadə edilməmişdir. İddiaçı tərəfindən də bununla bağlı heç bir sübut təqdim edilmədiyindən bu iddia da sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-nin 62.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Bu Məcəllənin 186-cı maddəsinin 1-ci bəndinə əsasən İşəgötürən, işçi bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Bu Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Məcəllənin 186-cı maddəsinin 4-cü bəndinə əsasən İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Ona görə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və onunla bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğu üçün, həmçinin X30 Komissiyasının müvafiq rəyi nəzərə alınaraq X23 sədrinin 2025-ci il 04 avqust tarixli 3-2K-42 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlər barədə Agentliyin 2025-ci il 15 avqust tarixli 3-44-15/2- 434/2025 (1/5) nömrəli məktubu ilə müraciət müəllifi məlumatlandırılmış, eyni zamanda məsələ ilə bağlı qanunla müəyyən edilmiş qaydada müvafiq məhkəmə instansiyasına müraciət etmə hüququnun olduğu nəzərinə çatdırılmışdır. İddiaçı tərəfindən ərizəsində qeyd olunan iddiaların heç bir sübuta əsaslanmadığını, həmçinin yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında cavabdeh tərəfin iddia ərizəsinə etirazda qeyd etdiklərinin yalan olduğunu, işə girən gündən bəri iş funksiyasını qanunamüvafiq olaraq yerinə yetirdiyini, etiraz ərizəsində yoldaşı ilə bağlı müəyyən məsələlər qeyd etdiklərini, qeyd etdiklərinin yalan olduğunu, işinin çətin olduğunu, qəssablarla işlədiyini, 29 iyula kimi davranışı ilə bağlı ona heç bir şey deyilmədiyini, Kolanı kəndində qəssabın “səni içəri buraxmıram” dediyini, Razi müəllimə zəng etdiyini, ona köməklik etmədiklərini, Farel restoranda gəldiyini, ət olmadığını, yoxlanış edə bilmədiyini, həmin yerdən çıxan zaman qapının ağzında it olduğunu, itin başına əlini vurub oradan çıxdığını, qeyd etdiklərinin yalan olduğunu, özünün avtomobilinin olmadığını dediklərini, taksi ilə ya da oğlu ilə işlə bağlı gediləsi yerlərə getdiyini, ürəyində problem olduğunu, müalicə aldığını, Türkiyə Respublikasından yeni gəldiyini, 2025-ci ilin iyul ayının 29-da əlavə ödəniş edildiyi ilə bağlı məlumat verildiyini, lakin öz əmək haqqı kartına baxan zaman ona vəsaitin vurulmadığını gördüyünü, sonra mühasib Əziz müəllimlə əlaqə saxlayıb səbəbini soruşanda ona şöbə müdiri Kazım Rzayevlə əlaqə saxlamağını məsləhət bildiyini, Kazım Rzayevlə əlaqə saxlayanda ona Əziz müəllimlə əlaqə saxlayacağını bildirdiyini, bunun heç bir nəticəsinin olmayacağını görüb Nazirin köməkçisi Rəsul müəllimlə əlaqə saxlayıb bunun səbəbini soruşanda onun texnikasının olmadığını bildirdiyini, onun texnikasının olmasının vacib olmadığını və öz şəxsi vəsaiti hesabına maşınlarla yoxlamalara getdiyini bildirdiyini, əlavə heç bir söz demədiyini, hamıya əlavə pul verilərkən ona niyə verilmədiyini soruşduğunu, gecə saat 3-də, 4-də uzaq yüksəklik ərazilərə getdiyini, ona köməklik edilmədiyini, sonra ona zəng edib hesabat üçün gəlməli olduğunun deyildiyini, həm də təcili iclas olduğunu dediklərini, kəndlərdən onlara zəng edib ət kəsiləcəyini dediklərini, özlərinin də həmin yerlərə getdiklərini, eyni qaydada onu Badamlı kəndində çağırdıqlarını, özünün də oraya getdiyini, bunu ona irad tutduqlarını, Səyyub Kərimovun ona “idarəyə nə yolla girmisən?” dediyini, özünün onlayn qaydada imtahan verdiyini, özünün onlara heç nə etmədiyini, özünün heç bir iclasa çağırmadığını, izahatını almadan işdən çıxardıqlarını, özünün gecə saatlarında işlədiyini, indi əsassız yerə onu işdən çıxardıqlarını, işlədiyi dövr ərzində sadəcə 2 dəfə ona əlavə ödəniş edildiyini, Səyyubun ona yumruq qaldırdığını, özünün səhvinin onu DİN-ə şikayət etməmək olduğunu, özünü tək qəbul elədiyini, başqa heç kimi qoymadığını, 9 il bundan əvvəl də başqa şəxsə qarşı eyni hərəkəti etdiklərini, özündən işdən azad edilməyi ilə bağlı izahat alınmadığını, özünün yerinə başqasını götürdüklərini, yeni işçinin də orda işləyən birinin atası olduğunu, qəsdən onu işə götürmək üçün etdiklərini, əti yoxlamaq üçün gedəndə “rəhbər yoxdur” deyib kababçının onu içəri buraxmadığını, yoldaşı ilə getdiyini, orada it olduğunu, ona əlini vurub getdiyini, onun kamera görüntülərini götürüb rəhbərə göstərdiklərini, bu məsələ ilə bağlı ondan izahat alındığını, Babək regionalın direktoru Razi Novruzova zəng etdiyini, Qurban bayramında oraya getdiklərini, ora gedəndə vətəndaşın onları oradan qovduğunu, kəsici alətlə üzərlərinə gəldiyini, Razi müəllimə zəng etdiyini, Razi müəllimin ona “get otur evdə, işə çıxma” dediyini, Kənd Təsərrüfat Nazirliyinin işçilərinin də buna şahid olduğunu, onların hamısının bu halı gördüyünü, etiraz ərizəsində qeyd edilənlərin yalan olduğunu, 29 iyul 2024-cü ildə ona xəbərdarlıq edilmədən yoxlama aparıldığını, Səfəralı müəllimin imzasının da saxta olaraq çəkildiyini, vəzifə təlimatının özünə aid olmadığını, başqa orqana aid olduğunu, 01 avqust 2024-ci ildə ona töhmət verildiyini, özünün o töhmətlə tanış edilmədiyini, 15 avqust 2025-ci il tarixdə özünə məktub göndərildiyini, Batabat restoranında müvafiq hərəkətlər etməyinin qeyd edildiyini, ancaq özünün həmin tarixdə orada olmadığını, intizam komissiyasının 19 iyul 2025-ci ildə yaradıldığını, komissiya sədrinin Həbib Məmmədov olduğunu, hadisədən 12 gün əvvəl niyə yaradıldığının özü üçün qaranlıq məsələ olduğunu, özünə “heç yerə şikayət etməyin səni işə qaytaracağıq” dediklərini, Kazım və Razinin eyni məzmunlu izahat verdiklərini, ona etdiklərinə görə özünün üzr istəməli olmadığını, haqqını tələb etdiyini, Səyyub müəllimin 3 həkimi bir qəbul etdiyini, özünü isə tək qəbul etdiyini, komissiyanın yaradılması ilə bağlı Həbib Məmmədovun imzası olduğunu, ancaq komissiyanın yaradılma tarixini belə onun bilmədiyini, özünün itə, pişiyə əlini vurub ətə əlini vurmadığını, işlədiyi vaxt ərzində təmiz şəkildə işlədiyini, bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin nümayəndəsi X15 izahatında İnstitutda Həmkarlar ittifaqı komitəsi olmadığını, Daxili komissiya mövcud olduğunu, Daxil nizam intizam qaydalarına uyğun olaraq komissiya yaradıldığını, Komissiyanın nə vaxt yaranmasını bilmədiyini, ümumilikdə komissiya mövcud olduğunu, vacib məsələlər olduqda fəaliyyət göstərdiyini, özünün tam olaraq olanlardan məlumatı olmadığını, xanımın keçmiş izahatları olduğunu, 9 nəfərin də şahidlik edəcəyini, institutda Həmkarlar İttifaqının 12 noyabr 2025-ci ildə yaradıldığını, işə götürmə və işdən çıxarma səlahiyyətinin institutun sədrində olduğunu, idarənin sədri məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərinin müavində olduğunu, iddiaçının işdən çıxarılma əmrini də müavinin verdiyini, dəfələrlə iddiaçıya iradlar bildirildiyini, 2024-cü ildə restoranda problem yaşandığını, sonra bu il Qurban bayramında hadisə yaşandığını, işçidən izahat alındığını, iddiaçının idarədə səs-küy saldığını, Səyyub müəllimə yumruq qaldırdığını, üzərinə su atdığını, başqa işçiləri təhqir etdiyini, bu səbəbdən də maddə ilə işdən çıxarıldığını, əmək funksiyasını pozduğunu, iddiaçıya əvvəlki hadisələrlə bağlı şifahi xəbərdarlıq edildiyini, həmin gün hər kəsin iclasa çağırıldığını, özlərinin Səyyub müəllimin işlədiyi təşkilata tabe olduqlarını, xanımın barəsində şikayətlər olduğunu, işçilərin izahatları olduğunu, əmrin səbəbinin agentliyin direktorunun dərkənarı olduğunu, əmək funksiyalarını dəfələrlə iddiaçının pozduğunu, müəyyən yerlərdə problemlər yaşandığını, iddiaçıya şifahi olaraq xəbərdarlıqlar edildiyini, sonuncu dəfə də konflikt yarandığını, bu səbəbdən də işdən azad edildiyini, xanımı telefon vasitəsilə dəvət etdiklərini, lakin onun gəlmədiyini, izahatını da bu səbəbə görə ala bilmədiklərini, xanımı dəvət etmələrini təsdiq edəcək sübutları olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində hadisə olan günü hesabat günləri olduğunu, onları qəbul etdiklərini, onlarla danışdıqlarını, sonra onlar çölə çıxandan sonra Rəna xanımı qəbul etdiklərini, içəridə səs-küy olduğunu eşitdiklərini, ancaq nə olduğunu bilmədiklərini, Rəna xanımın ağlaya-ağlaya çölə çıxdığını, iş yoldaşının su gətirib verdiyini, sonra Səyyub müəllimlə Rəna xanım arasında mübahisə olduğunu, Rəna xanımın suyu Səyyub müəllimin üzərinə atdığını, sonra da özlərinin çıxdığını, başqa da heç bir şey görmədiyini, iclasda Rəna xanımın əmək funksiyasını pozması ilə bağlı heç bir şey deyilmədiyini, Ordubadın baytar mütəxəssisi və onu birlikdə qəbul etdiklərini, daha sonra Rəna xanımı qəbul etdiklərini, əmək haqqından narazı olduqlarını, onunla bağlı danışdıqlarını, özlərini buna görə çağırdıqlarını, qarşılıqlı mübahisə etdiklərini, yumruq qaldırmağını görmədiyini, ancaq Səyyub müəllimin hücum edər kimi otağa daxil olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində onları iclasa çağırdıqlarını, onları öz tabe qurumlarından çağırdıqlarını, hesabat üçün çağırıldıqlarını, qəbzləri təqdim etdiklərini, Rəna xanımı Agentliyin binasına dəvət etdiklərini, Rəna xanımın hüquqşünasın qəbuluna getdiyini, onları hüquqşünasın qəbul etmədiyini, Rəna xanımı ayrıca qəbul etdiklərini, oradan çıxıb gəlib kabinetdə əyləşdiyini, içəridə nə olduğunu bilmədiyini, Rəna xanım narahat olduğu üçün onu çölə çıxardığını, başqa da heç nə görmədiyini, sözsöhbət olduğunu, hüquqşünasla Rəna xanımın mübahisə etdiyini, ancaq tam olaraq nə olduğunu bilmədiyini, özünün Səyyub müəllimin yumruq qaldırılmadığını görmədiyini, ancaq Rəna xanımın su atdığını gördüyünü, Rəna xanımın niyə su atdığını bilmədiyini, özünün heç bir çaxnaşma görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X52 ifadəsində özünün hadisənin şahidi olmadığını, hadisənin agentlikdə baş verdiyini, özünün isə həmin vaxtı institutda olduğunu, Rəna xanımın ona zəng edib üzr istəmək istədiyini bildirdiyini, özünün də bunu rəhbərliyə bildirdiyini, rəhbərliyin gəlməsini dediyini, Rəna xanımın “gələcəyəm” deyib gəlmədiyini, Şahbuza gedib Rəna xanımdan möhürləri təhvil alıb idarəyə gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində möhürün Rəna xanımdan təhvil alınması prosesində iştirak etdiyini, sonra Rəna xanımın ona zəng edib “üzr istəmək lazımdırsa, istəyə bilərəm” dediyini, Kolanıda 2025-ci ilin Qurban bayramında Rəna xanımla qəssabın problemi olduğunu, özünün də Rəna xanımın oradan uzaqlaşmasını dediyini, çünki həmişə qəssablarla işləyən əməkdaşlara diqqət etmələrini dediyini, başqa heç bir hadisədən məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində Agentliyin binasında koridorda səs-küy eşitdiyini, otaqdan çıxdığını, Rəna xanımın nalayiq ifadələr işlətdiyini, “şərəfsizlər, alçaqlar, rüşvətxorsan, boynun eşşəyin boynundan yekədir” kimi ifadələr işlətdiyini, bir də Səyyub müəllimin üstünün su olduğunu, tarixi xatırlamadığını, yay fəsli olduğunu, Rəna xanımın hər hansı əmək funksiyasını pozmasını görmədiyini, niyə söyüş söydüyünü bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində Agentliyin binasında otaqda olduğunu, koridorda səs-küy eşitdiyini, otaqdan çıxdığını, hüquqşünasın üstünün su olduğunu gördüyünü, başqa heç nə görmədiyini, Səyyub müəllimin Rəna xanıma yumruq qaldırmasını, ya da nalayiq ifadə işlətməsini görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində hadisə baş verəndə orada olduğunu, səs-küy yarandığını, Rəna xanımın nalayiq ifadələr işlətdiyini, onun narahat olduğunu, ona su gətirdiklərini, suyu Səyyub müəllimə tulladığını, “sənin başına oyun açacam, şalvarını çıxaracam” dediyini, Səyyub müəllimin baytar mütəxəssisi qəbul etdiyini, sonra da Rəna xanımı dəvət etdiyini, suyu otaqda atdığını, Rəna xanımın Rəsul müəllimlə telefon danışığı olduğunu, onunla bağlı, bir də mükafat verilməməsi məsələsinə görə Rəna xanımı dəvət etdiklərini, problemin həlli məqsədilə çağırıldığını, səs-küy yarandığını görəndə otağından çıxdığını, Rəna xanımın narahat olduğunu gördüyünü, Orxan müəllimin su gətirdiyini, mübahisə olduğunu, ancaq nə deyildiyini eşitmədiyini, suyu atandan sonra Rəna xanımın koridorda nalayiq ifadələr işlətdiyini, sonra bir də narahat olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində hadisə olan günü otaqda olduğunu, koridorda səs-küy olduğunu, Rəna xanımın çığıraraq pilləkəndan aşağı endiyini gördüyünü, özünün otaqdan çıxmadığını, sadəcə otaqlar yan-yana olduğu üçün qapını açdıqlarında gördüyünü, Səyyub müəllimin də üzərinin su olduğunu gördüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X39 ifadəsində səs-küy eşitdiklərini, koridora çıxdığını, Rəna xanımın pilləkəndan danışa-danışa aşağı endiyini gördüyünü, “görün, sizə nə edəcəm” dediyini, Rəna xanımın əmək funksiyasını pozması, ya da onunla bağlı hər hansı tənbeh tətbiq edildiyini görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində şöbə müdiri Səyyub müəllimin onu otağına çağırdığını, Rəna xanımın işə girərkən imtahandan keçib-keçməməsi barədə soruşduğunu, özünün də məlumatı olmadığını bildirdiyini, sonra Rəna xanımın narahat olduğunu bildirib qarşı otağa keçdiyini, özlərinin də həmin otağa keçdiklərini, Rəna xanımın Səyyub müəllimin üstünə su çırpdığını, başqa da heç nə bilmədiyini, Rəna xanımın suyu niyə çırpdığını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X40 ifadəsində xx.xx.2025-ci il tarixdə sədrin tapşırığı ilə X48 xanımı bir gün qabaq törətdiyi əmələ görə dəvət etdiyini, Rəna xanımın mükafat almadığı üçün köməkçini təhqir etdiyini, mükafat məsələsinin araşdırıldığını, Rəna xanıma verilməyən mükafat olmadığını, mükafatla bağlı qeyd etdiklərinin yalan olduğunu, səsküy yarandığını, hamının çölə çıxdığını, Rəna xanımın narahat olduğunu, su verdiklərini, Rəna xanımın kollektivi təhqir etdiyini, “şərəfsizlər, vicdansızlar, boynunuz yoğunlayır, mənimsəyirsiz, sizin şalvarınızı çıxartdıracam” kimi sözlər işlətdiyini, Orxan müəllimin stəkanda su gətirdiyini, Rəna xanımın suyu içdiyini, yarısını da Səyyub Kərimovun üzərinə çırpdığını, sonra Rəna xanımın narahat olduğunu, sonra yoldaşının gəldiyini, sədrin otağına icazəsiz olaraq girmək istədiklərini, 30 ildən çoxdur dövlət qulluqçusu olduğunu, özünün indiyə qədər baş idarədə belə bir hal görmədiyini, möhürü təhvil verməsini istədiklərini, onu da vermədiyini, Rəna xanımla Səyyub Kərimov söhbət edəndə özünün də orada olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində Rəna xanımın 30 iyul tarixində ona zəng etdiyini, qəbul da olduğu üçün aça bilmədiyini, sonra Rəna xanıma zəng etdiyini, Rəna xanımın 2 aydır ona mükafat verilmədiyini bildirdiyini, özünün məlumatı olmadığını dediyini, Rəna xanıma araşdıracağını deyib bu məsələni sədrə məruzə etdiyini, ona 2025-ci ildə Qurban bayramında Kolanı kəndində Rəna xanımın nöqsanı olduğunun bildirildiyini, Rəna xanıma zəng edib bu halları bildirdiyini, “nizam-intizamlı olsanız sizə də mükafat nəzərdə tutular” dediyini, Rəna xanımın daha sonra “3-5 manat gətirib sizə verirlər bəzilərinin nöqsanlarından keçirsiniz” dediyini, “Cəhridə də müəyyən məsələlər olmuşdu, üzərindən keçilib” dediyini, özünün də məsələnin daxili nəzarətə verilib araşdırılması məqsədilə idarəyə yaxınlaşıb yazılı şəkildə dediklərini bildirməsini dediyini, Rəna xanımın gəlməyəcəyini bildirdiyini, özünün təkrarən dediyini, “mən imtahan vermişəm, əziyyət çəkib gəlmişəm” dediyini, özünün də sədrə məlumat verdiyini, daha sonra sədrin tapşırığı ilə Səyyub müəllimin Rəna xanımı qəbul etdiyini, səs-küy olduğunu, otaqdan çıxdığını, Rəna xanımın pilləkəndan endiyini gördüyünü, nalayiq ifadə işlətdiyini, Səyyub müəllimin üzərinin su olduğunu gördüyünü, suyu Səyyub müəllimə Rəna xanımın atdığı bildirdiklərini, suyu niyə atdığını bilmədiyini, atmasını da görmədiyini, sadəcə sonradan bildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində hadisənin özlərinin otağında olduğunu, özünün başqa otaqda olduğunu, X49 xanımın görüşdüyünü, sonra birdən səs-küy olduğunu, su istədiklərini, su gətirdiyini, Rəna xanımın söyüş söydüyünü, Səyyub Kərimovun gəlib “yalan deyir, narahat deyil” dediyini, həmin vaxtı Rəna xanımın da suyu götürdüyünü, Səyyub Kərimovun sifətinə çırpdığını və nalayiq ifadələr işlətdiyini, “qurumsaq, oğraş, boynuyoğun, rüşvətxor” kimi sözlər işlətdiyini, Səyyub Kərimovun əl-qol atmadığını, sadəcə “mən sənə nə etmişəm ki, belə edirsən?” dediyini, Rəna xanımın niyə su atdığını bilmədiyini, özünün ümumiyyətlə mübahisə etdiklərini bilmədiyini, sadəcə Rəna xanımın narahat olduğunu bildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X33 ifadəsində Rəna xanıma qarşı əvvəlcədən şəxsi qərəzi olmadığını, sədrin tapşırığı ilə araşdırma aparmaq üçün Rəna xanımı dəvət etdiklərini, ondan əvvəl də müəyyən tapşırıqlarla bağlı baytar mütəxəssisləri qəbul etdiklərini, Rəsul Heydərzadənin xidməti məruzəsində qeyd edilən məsələləri aydınlaşdırdıqlarını, mükafat məsələsində iddiaçının dediyi məsələnin öz əksini tapmadığını, əlavə ödənişlər olduğunu, onların da Rəna xanıma da ödənildiyini, toplanan xərclərin cüzi bir miqdarının büdcəyə ödənilməsi məsələsi olduğunu, Rəna xanıma faktlarla bağlı sübut istədiyini, heç bir sübut təqdim edə bilmədiyini, sonra nalayiq ifadələr işlətdiyini, narahat olduğunu deyib, çölə çıxdığını, Orxanın su gətirdiyini, Rəna xanım “şərəfsizlər, alçaqlar, şalvarını çıxardacam” kimi ifadələr dediyini, özünün “niyə belə edirsən? deyəndə suyu üzünə atdığını, köynəyinin su olduğunu, sonra yenə də nalayiq ifadələr işlədib binadan çıxdığını, müvafiq aydınlaşma aparılması nəzarətinin öz şöbələrində olduğu üçün özünün Rəna xanımı dəvət etdiyini, məsələnin bundan ibarət olduğunu, sədrin köməkçisinə müraciət etdiyi, subordinasiya qaydalarını pozduğu üçün Rəna xanımın dəvət edildiyini, aparat, struktur bölmələri və tabe olmayan qurumlarda etik davranış qaydalarına nəzarət etdiklərini, tabeli qurumda icraat başlandığını, 17 sentyabr 2024-cü il tarixli, 92 nömrəli əmrlə Daxili İntizam qaydalarının müəyyən edildiyini, Rəna xanımın təhqir, tənqid etdiyini, şərəf və ləyaqətini alçaltdığını, etik davranış qaydalarını pozduğunu, sədrin humanist yanaşmasına görə Rəna xanıma qarşı xüsusi ittiham qaydasında müraciət etmədiklərini, özlərinin müvafiq çıxarış aldıqlarını, orada heç bir mükafat kəsilməsinin müəyyən edilmədiyini, Hikmət müəllim işə yeni qəbul olunduğu üçün ona əlavə pul verildiyini, sadəcə müəyyən araşdırma aparmaq üçün Rəna xanımı dəvət etdiklərini, sədrin də əgər üzr istəsə onu bağışlaya biləcəyini dediyini, ona yumruq qaldırmadığını bildirdi. İddia ərizəsinə əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən İddiaçı: -16 may 2024-cü il tarixli, 09 nömrəli əmrlə həmin tarixdən 3 ay sınaq müddəti tətbiq edilməklə “X14 İnstitutu” publik hüquqi şəxsinin Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinə baytar texnik vəzifəsinə təyin edilməsi; -04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş işəgötürən Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanılmış 16 may 2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin X5 Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz olaraq bağlanılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin 16 may 2024-cü il tarixli, K/09 nömrəli əmrindən görünür ki, İddiaçı Lütfəli qızı 16 may 2024-cü il tarixdən 3 (üç) ay sınaq müddəti tətbiq edilməklə “X14 İnstitutu” publik hüquqi şəxsin Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinə baytar texnik vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin 01 avqust 2024-cü il tarixli, K/41 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək intizam qaydalarını pozduğuna görə İnstitutun baytar-texniki İddiaçı töhmət elan edilmiş və gələcəkdə belə hallar təkrar baş verərsə qanunvericiliyə əsasən ona qarşı daha ciddi cəza tədbiri görüləcəyinin işçinin nəzərinə çatdırılması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin 19 iyul 2025-ci il tarixli, 3-2Ü-17 nömrəli əmrindən görünür ki, “X14 İnstitutu” publik hüquqi şəxs üzrə daxili intizam qaydalarının təsdiq edilməsi və institut əməkdaşlarının daxili intizam qaydalarına riayət etmələrinə ciddi nəzarət olunmasını təmin etmək məqsədilə komissiyanın sədri hüquqşünas X15, komissiyanın üzvləri X5 müdiri X10, Satınalma üzrə mütəxəssis X27, təlim sektorunun müdiri X28 və ümumi bölmənin müdirikeyfiyyətə nəzarət üzrə mütəxəssis X17 ibarət tərkibdə fəaliyyət göstərən daxili intizam komissiyasının yaradılması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrindən görünür ki, X6 Mərkəzində Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndinin tələblərini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 04 avqust 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, əsas olaraq isə Naxçıvan Muxtar Respublikası X7 Hüquq, kadrlar və icraya nəzarət şöbəsinin müdiri X18 31 iyul 2025-ci il tarixli xidməti məruzəsi, Naxçıvan Muxtar Respublikası X2 31 iyul 2025-ci il tarixli aktı, İnstitutun 19 iyul 2025-ci il tarixli 3-2Ü-17 nömrəli əmri ilə yaradılmış daxili intizam komissiyasının xx.xx.2025-ci il tarixli rəyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin 19 iyul 2025-ci il tarixli 3-2Ü-17 nömrəli əmri ilə yaradılmış Daxili intizam komissiyasının baytar mütəxəssis İddiaçı daxili intizam qaydalarını kobud şəkildə pozması ilə bağlı 01 avqust 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, İnstitutun Baytarlıq sanitariya və ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi İddiaçı tərəfindən intizam qaydalarının kobud şəkildə pozulması, Naxçıvan Muxtar Respublikası X2 vəzifəli şəxslərinə qarşı qeyri etik davranışlara yol verilməsi ilə əlaqədar Agentliyin Hüquq, kadrlar və icraya nəzarət şöbəsinin müdiri X18 31 iyul 2025-ci il tarixli xidməti məruzəsinə Agentliyin sədri cənab Səfəralı Nəsirovun 2025-ci il 1 avqust tarixli dərkənarının (əvvəlki xəbərdarlıqlardan nəticə çıxarılmadığı, nöqsanların aradan qaldırılmadığı və 31 iyul tarixində yol verdiyi qeyri etik davranışı nəzərə alaraq əmək müqaviləsinə xitam verilsin) icrasını təmin etmək məqsədilə X30 komissiyası tərəfindən baxılaraq protokollaşdırılmışdır. Baytar mütəxəssis İddiaçı 2025-ci ilin 30 iyul tarixində Agentlik sədrinin köməkçisi X11 telefonla zəng edərək böyük rayonların baytar mütəxəssislərinin topladıqları xidmət haqları və digər ödənişlərin 3-5 manat qismində olan hissəsini İnstituta təqdim etdikləri, qalan hissəsini isə yayındırdıqları barədə iddia etməsi, böhtan və təhdid xarakterli digər ifadələr işlətməsi ilə bağlı xidməti araşdırma aparılması məqsədilə 2025-ci ilin 31 iyul tarixində Agentliyə çağırılmış, məsələyə aydınlıq gətirməsi üçün Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X18 qəbulunda olmuşdur. Qəbul zamanı İddiaçı tərəfindən daxili intizam qaydaları kobud şəkildə pozularaq etikadan kənar ifadələr işlədildiyi və hərəkətlərə yol verildiyi müəyyən edilmişdir. Baş vermiş hadisə Agentliyin bir qrup vəzifəli şəxsi tərəfindən aktlaşdırılmış, sədrin köməkçisi tərəfindən geniş məzmunda izahat verilmişdir. İşlədiyi müddət ərzində həm sahibkarlarla, həm də vətəndaşlarla ünsiyyət zamanı qeyri-etik və kobud rəftara yol vermiş, qarşı tərəfin hüquq və ləyaqətinə hörmətsizlik nümayiş etdirmişdir. Bununla yanaşı, əmək kollektivində də iş yoldaşları ilə münasibətlərində etik davranış qaydalarına və peşəkar ünsiyyət normalarına riayət etməmiş, əmək mühitində qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin pozulmasına səbəb olmuşdur. Bütün bunlarla yanaşı dəfələrlə qeyri etik hərəkətlərə yol vermiş İddiaçı öz izahatlarında bu hərəkətlərə təkrar yol verməyəcəyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli izahatına X23 sədrinin dərkənarı ilə onun fəaliyyətinin nəzarətə götürülməsi, vəzifə və funksiyalarının ona bir daha izah edilməsi, gələcəkdə hər hansı bir intizamsızlığa təkrar yol verərsə, haqqında daha ciddi cəza tədbirləri görüləcəyi barədə şifahi xəbərdarlıq edilmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İddiaçı izahatlarından və şifahi xəbərdarlıqdan nəticə çıxarmamışdır. Komissiya bu davranışları: intizam qaydalarının təkrar kobud şəkildə pozulmasını, Agentliyin vəzifəli şəxslərinə qarşı qeyri-etik davranışlara yol verilməsini qəbuledilməz hesab edir. Bu səbəbdən baytar mütəxəssis İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi komissiya tərəfindən məqsəduyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Agentliyin Aparat rəhbəri Şahid6, Agentlik sədrinin köməkçisi X16, Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X33, Şöbənin Ümumi işlər və kadrlar sektorunun müdiri Şahid4, Şöbənin Ümumi işlər və kadrlar sektorunda baş məsləhətçi X26, Şöbənin Hüquqi təminat, audit və daxili nəzarət sektorunda baş məsləhətçi-daxili audit üzrə məsul şəxs X41, Qida zəncirinə nəzarət şöbəsində böyük məsləhətçi Şahid3, Maliyyə və təminat sektorunun müdiri X39, həmin sektorda baş məsləhətçisatınalmalar üzrə X25 tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli aktdan görünür ki, “X14 İnstitutu” publik hüquqi şəxsin baytar mütəxəssisi İddiaçı 2025-ci ilin 30 iyul tarixində Agentlik sədrinin köməkçisi X11 qarşı telefonla zəng edərək böyük rayonların baytar mütəxəssislərinin topladıqları xidmət haqları və digər ödənişlərin 3-5 manat qismində olan hissəsini İnstituta təqdim etdikləri, qalan hissəsini isə yayındırdıqları barədə iddia etməsi, böhtan və təhdid xarakterli digər ifadələr işlətməsi ilə bağlı xidməti araşdırma aparılması məqsədi ilə 2025-ci ilin 31 iyul tarixində Agentliyə çağırılmışdır. Sözügedən məsələ ilə bağlı Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X33 məsələyə aydınlıq gətirilməsi məqsədi ilə İddiaçı məlumat almaq istədikdə İddiaçı məsələdən danışmaqdan imtina etmiş və təhdidlərə başlamışdır. Daha sonra “gör başınıza nə oyun açacağam” deyərək, qışqır-bağır salaraq otaqdan çölə çıxmış, qapısı açıq olan qarşı otağa keçmiş və stul arxasında əyləşmişdir. Agentliyin əməkdaşı Şahid3 İddiaçı su istədiyini nəzərə alaraq ona stəkanda su gətirmişdir. İddiaçı sudan bir az içərək həmin radələrdə otağa daxil olan şöbə müdiri S.Kərimovun üzərinə atmış, daha sonra yenə təhqiredici sözlərdən istifadə etmişdir. İddiaçı otağı tərk edərək pilləkənlərdən aşağı enərkən yenə təhqir, böhtan və təhdidedici sözlər işlədərək “sənin şalvarını əynindən çıxardacağam, başınıza oyun açacağam, məni şantaj edirsiniz, hamınız şərəfsizsiniz” kimi təhqiredici sözlər işlədərək idarəni tərk etmişdir. Daha sonra əri ilə yenidən qayıdaraq hər ikisi təhqir və təhdid dolu ifadələr işlətmişlər. Mübahisələr yenidən S.Kərimovun otağında Agentliyin aparat rəhbəri Şahid6 iştirakı ilə davam etmiş və İddiaçı əri Şahid6 və S.Kərimovu təhdid edərək “başınıza oyun açacağam” deyərək idarəni tərk etmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası X12 tərəfindən İddiaçı ünvanlanmış 15 avqust 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Naxçıvan Muxtar Respublikasının X3 Respublikasının X7ə (bundan sonra- Agentlik) daxil olmuş şikayət xarakterli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumunuz olduğu kimi, muxtar respublikada ət kəsiminin baytarlıq-sanitariya normalarına uyğun həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Siz 2024-cü ilin may ayından etibarən əmək müqaviləsi ilə Agentliyin tabeliyində “X14 İnstitutu” PHŞ (bundan sonra-institut) tərəfindən işə qəbul olunaraq Şahbuz rayonuna təhkim olunmuşunuz. Sizinlə bağlanılmış əmək müqaviləsində vəzifə maaşınız konkret olaraq qeyd olunmuş və əlavə ödənişlərin həyata keçirilməsi barədə işəgötürənin öhdəliyi olmamışdır. Eyni zamanda işə başlamazdan öncə Siz və muxtar respublikanın digər rayonlarında analoji işi yerinə yetirmək məqsədilə müəyyənləşdirilmiş namizədlərlə Agentliyin rəhbərliyi və aidiyyəti əməkdaşları görüş keçirmiş, icra edəcəyiniz vəzifələr, o cümlədən əməkhaqqı məbləği bir daha bildirilmiş, bu istiqamətdə müzakirələr aparılmış və qarşılıqlı razılaşma əsasında tərəflər arasında müvafiq əmək müqaviləsi imzalanmışdır. Bununla yanaşı, muxtar respublikada kəsim məntəqələri olmadığı üçün nəzarət tədbirlərini səyyar formada həyata keçirmələri və bu zaman əlavə nəqliyyat xərclərinin yarandığı səbəbindən rayonlar üzrə mövcud iş həcmi nəzərə alınmaqla 2024 və 2025-ci ilin cari dövrünədək baytar mütəxəssislərinə, o cümlədən Sizə, (vəzifələrinizin icrası zamanı aşağıda sadalanan nöqsanlara yol verdiyinizə baxmayaraq) İnstitutun xüsusi vəsait hesabından əlavə ödənişiər edilmişdir. Belə ki, 2024-cü ildə Sizə aylıq orta hesabla 359,0 manat, 2025-ci ilin 7 ayı ərzində isə aylıq orta hesabla 330.0 manat əməkhaqqından əlavə vəsait hesablanaraq ödənilmişdir. Lakin əmək funksiyalarını yerinə yetirdiyiniz zaman Şahbuz rayonu ərazisində fəaliyyət göstərən aid qida subyektlərinə qarşı müntəzəm olaraq etik davranış qaydalarını pozaraq Agentliyin nüfuzuna xələl gətirmiş, qarşınızda duran xidməti vəzifələri layiqincə icra etməmiş, intizam qaydalarına riayət etməmisiniz. Belə ki, Agentliyin əməkdaşlarının 2024-cü ilin 24-26 iyul tarixlərində Şahbuz rayonu ərazisində apardıqları monitorinqlər zamanı işinizdə nöqsanlara yol verdiyiniz məlum olmuş, bu barədə arayış hazırlanaraq rəhbərliyə təqdim olunmuşdur. Eyni zamanda “işgəsu” ictimai iaşə obyektində olduğunuz zaman xidməti davranışınızdakı yol verdiyiniz nöqsanlarla bağlı obyekt sahibinin Agentliyə ünvanladığı xx.xx.2024-cü il tarixli şikayət ərizəsində qeyd edilən iddiaların əsaslı olduğu müəyyənləşdirilmiş, rayonun Kolanı kəndində fərdi təsərrüfat sahibinə, eləcə də həyat yoldaşınızın iştirakı ilə həmin kənddə ət satışı sahibkarlıq subyektinə, Şahbuz şəhərində yerləşən "Yeni Batabat” şadlıq sarayında etdiyiniz qeyri-etik hərəkətlərlə bağlı Agentliyə məlumat daxil olmuş və məlumatlar öz təsdiqini tapmışdır. Sahibkarlıq subyektlərinə qarşı tərəfinizdən davamlı olaraq nöqsanlara yol verildiyi səbəbindən xx.xx.2024, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli izahat yazılarınız alınmış, eyni zamanda əmək və icra intizamını pozduğunuz üçün İnstitutun 2024-cü il 1 avqust tarixli K/41 nömrəli əmri ilə Sizə töhmət elan olunmuşdur. xx.xx.2025-ci il tarixli izahatınıza X23 sədrinin dərkənarı ilə fəaliyyətinizin nəzarətə götürülməsi, vəzifə və funksiyalarınızın Sizə bir daha izah edilməsi, gələcəkdə hər hansı bir intizamsızlığa təkrar yol verilərsə, haqqınızda daha ciddi cəza tədbirləri görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, 2025-ci ilin 29-30 iyul tarixlərində institutun müvafiq əməkdaşlarına və rəhbərliyinə, eləcə də Agentlik sədrinin köməkçisinə telefonla zəng edərək Sizə əlavə ödəniş edilməli olduğunu tələb etmiş, danışıq zamanı digər rayonların baytar mütəxəssislərinin qanunsuz hərəkətləri barədə iddia səsləndirmisiniz (toplanan dövlət rüsumunun yayındırılması). İddialarla bağlı xidməti araşdırma aparılması məqsədilə 2025-ci ilin 31 iyul tarixində Agentliyə dəvət edilmisiniz və məsələyə aydınlıq gətirilməsi üçün məlumat almaq istəyən X20, kadr və icraya nəzarət şöbəsinin müdirinə qarşı tərəfinizdən daxili intizam qaydaları kobud şəkildə pozularaq etikadan kənar ifadələr işlədilmiş, təhdid və təhqirlər səsləndirilmişdir. Sonradan həyat yoldaşınız da Agentliyə gəlmiş və dövlət qurumunun işinə müdaxilə etmişdir. Agentliyin bir qrup əməkdaşı baş verənlərin şahidi olmuş, hadisə aktlaşdırılmışdır. Bildirilir ki, 31 iyul tarixində həyat yoldaşınızın iştirakı ilə təhdid, böhtan və təhqir etmə hərəkətlərinizdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələmək), 148 (Təhqir) və 233-cü (Müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələrində təsbit olunan cinayət tərkibinin əlamətləri olduğunu nəzərə alaraq haqqınızda cinayət (təqibi) işinin başlanılması üçün aidiyyəti qurumlara müraciət olunmamasının səbəbi Agentlik rəhbərliyinin baş verənlərə humanizm prinsipləri prizmasından yanaşması olmuşdur. Qeyd edirik ki, tərəfinizdən izahat, şifahi xəbərdarlıq və töhmətdən nəticə çıxarılmaması, intizam qaydalarının mütəmadi olaraq kobud şəkildə pozulması, Agentliyin vəzifəli şəxslərinə qarşı qeyri-etik davranışlara yol verilməsi qəbuledilməzdir. Ona görə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və Sizinlə bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğunuz üçün, həmçinin X30 komissiyasının müvafiq rəyi nəzərə alınaraq X23 sədrinin 2025-ci il 4 avqust tarixli 3-2K-42 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilənizə xitam verilmişdir. Eyni zamanda bildiririk ki, məsələ ilə bağlı qanunla müəyyən edilmiş qaydada müvafiq məhkəmə instansiyasına müraciət etmək hüququnuz vardır”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 29 sentyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Naxçıvan X2 tabeliyində "X14 İnstitutu" X44 (bundan sonra - Müəssisə) əmək müqavilənizə xitam verilərkən əmək hüquqlarınızın pozulmasına dair 7 avqust 2025-ci il tarixli müraciətinizə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətində baxılmışdır. Müraciətdə qaldırdığınız məsələyə münasibət bildirilməsi və sizə aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə Müəssisəyə göndərilmiş sorğuya əsasən təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış zamanı sizinlə bağlanılmış 16 may 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən 4 avqust 2025-ci il tarixində xitam verildiyi müəyyən edilmişdir. Bildiririk ki, Müəssisə tərəfindən araşdırmaya təqdim olunan məlumat və sənədlərdə sizin 30 iyul 2025-ci il tarixdə Müəsissənin sədrinin köməkçisinə telefonla zəng edərək Müəssisənin digər əməkdaşlarına qarşı böhtan və təhqir xarakterli ifadələr işlətdiyiniz və bu səbəbdən də məsələ ilə bağlı xidməti araşdırma aparılması məqsədilə 31 iyul 2025-ci il tarixdə Müəssisəyə çağırıldığınız Müəssisənin hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri X33 məsələ ilə bağlı sizdən məlumat almaq istədiyində məlumat verməkdən imtina etdiyiniz, onu təhdid və təhqir etdiyiniz bildirilmişdir. Məlum edirik ki, baş vermiş hadisə ilə əlaqədar 31 iyul 2025-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin etdiyiniz hərəkətlər S.Kərimov tərəfindən Naxçıvan X2 sədrinə təqdim olunan 31 iyul 2025-ci il tarixli xidməti məruzədə və R.Heydərzadənin 30 iyul 2025-ci il tarixli izahatında öz əksini tapmışdır. Nəzərinizə çatdırırıq ki, X13 Təşkilatı fəaliyyət göstərmədiyindən məsələ Müəssisənin 11 iyul 2025-ci il tarixli, 3-24-17 nömrəli əmri ilə yaradılmış Daxili İntizam Komissiyasında (bundan sonra - Komissiya) 1 avqust 2025-ci il tarixdə keçirilən iclasda müzakirə edilmiş və Komissiya tərəfindən qəbul edilmiş 12 nömrəli protokola əsasən sizin əmək müqavilənizə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilməsinə razılıq verilmişdir. Bununla yanaşı Müəssisə tərəfindən təqdim olunan sənədlərdən əmək müqavilənizə xitam verilərkən son haqq-hesabınızın düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Aşkar olunan pozuntuya görə inzibati icraaata başlanılaraq Müəssisənin vəzifəli şəxsi X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda müraciətdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır”. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrindən isə görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndinin tələblərini kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 04 avqust 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. X35 Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanılmış 16 may 2024-cü il tarixli əmək müqaviləsinın 3.3-cü bəndində qeyd edilmişdir ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində İddiaçı əmək funksiyasının “3.1.1. Vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının və öhdəliklərinin yerinə yetirilməsi; 3.1.2. ona həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edir; 3.1.3. baytarlıq nəzarətində olan obyektlərin yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılmasında iştirak etmək; 3.1.4. baytarlıq normalarına cavab verən cəmdəklərin sahibinə həmin cəmdəklərin satışına t, icazə verilməsi barədə ekspertiza aktının təqdim edilməsi və cəmdəyin üzərində nişan qoyaraq heyvan və quş cəmdəklərinin satışına icazə vermək; 3.1.5. baytarlıq normalarına cavab verən balıq, bal, süd və süd məhsullarının satışına icazə vermək; 3.1.6. baytarlıq normalarına cavab verməyən, zonoz xəstəlikləri şübhə yaradan və xüsusi xəstəliklər qrupuna aid olan xəstəliklər şübhəsi yaranan bütün növ məhsulların satışdan çıxarılaraq məhv etmək; 3.1.7. Ət və ət məhsullarının daşınması üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən istifadə olunmasına və digər qida məhsulları ilə daşınmada qonşuluq prinsipinə riayət edilməsinə nəzarət etmək”dən ibarət olduğu qeyd edilmişdir. Qeyd edilənlərdən də görünür ki, Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmrində iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə əsas olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndinin tələblərini kobud şəkildə pozması qeyd edilsə də, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, İddiaçı əmək fəaliyyəti zamanı hansı kobud səhvlərə yol verməsi, həmçinin həmin hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Həmin hallar nəinki əmrdə əsaslandırılmamış, həmçinin qeyd edilən halların mövcud olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya dəfələrlə iradlar bildirildiyini, 2024-cü ildə restoranda problem yaşandığını, sonra bu il Qurban bayramında hadisə yaşandığını, işçidən izahat alındığını qeyd etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən də qeyd edilən pozuntuların elə cavabdehin nümayəndəsinin izahatında da qeyd etdiyi kimi iddiaçının işdən çıxarılması barədə əmr verilməsindən kifayət qədər əvvəlki tarixlərdə baş verdiyi və qeyd edilən əmrin verilməsinə aidiyyəti olmadığı görünür. Həmçinin məhkəmə iclasında iştirak edən şahidlərin verdiyi ifadələrdən də iddiaçının əmək fəaliyyəti zamanı və əmək funksiyasını icra etdiyi yerdə hər hansı kobud pozuntuya yol verdiyi aşkar edilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlər də cavabdeh təşkilatda işləyən şəxslərdir ki, həmin şəxslərin xidməti asılılıq səbəbindən cavabdeh təşkilatın xeyrinə ifadə verməsi gözlənilən haldır. Lakin həmin şəxslərin ifadələrində belə iddiaçının həmin gün qeyd edilən yerə əmək funksiyasını icra etmək üçün deyil, sadəcə iclasa çağırıldığı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə şahid X29 işdə iştirak edən digər şəxslərin, hətta hadisənin birbaşa iştirakçısı olan şəxs Səyyub Kərimovun belə hadisə baş verdiyi vaxt İddiaçı ilə Səyyub Kərimovun otaqda tək olduqlarını, yanlarında başqa heç kimin olmadığını bildirmələrinə baxmayaraq onlar söhbət edəndə özünün də orada olduğunu bildirərək ziddiyyətli ifadə verdiyini nəzərə alaraq belə hesab edir ki, onun ifadəsi sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmrdə sadəcə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinin və onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 3.3-cü bəndinin tələblərini kobud şəkildə pozulduğunun qeyd edilməsi əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir. Hətta məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında iddiaçını telefon vasitəsilə dəvət etdiklərini, lakin onun gəlmədiyini, izahatını da bu səbəbə görə ala bilmədiklərini, xanımı dəvət etmələrini təsdiq edəcək sübutları olmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3- 2K-42 nömrəli əmrinin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqı da iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmri ləğv edilməli; -İddiaçı Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin X8 Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi vəzifəsinə bərpa olunmalı; -Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin idarə heyətinin sədr müavininin 04 avqust 2025-ci il tarixli, 3-2K-42 nömrəli əmri ləğv edilsin. İddiaçı Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsinin X8 Baytarlıq-sanitariya ekspertizası işinin təşkili bölməsinin baytar mütəxəssisi vəzifəsinə bərpa olunsun. Naxçıvan Muxtar Respublikası X12 “X14 İnstitutu” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1276/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1276/2025
28.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver