Məhkəmə qərarları › İş №2(078)-1293/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1293/2021

22.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1293/2021 22.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı işə bərpa olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun "xxxx" X13 Şərur rayon filialının Alışar kənd poçt bölməsində əməliyyatçı vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" və 72-ci maddəsinin “c" və "e" bəndlərinə əsasən işdən azad olunması barədə "xxxx" X13 12 iyul 2021-ci il tarixli, 151 nömrəli əmrini ləğv edib əvvəlki işinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 1993-cü ildən rabitə sahəsində işləyir. 2000-ci ildə xarici ölkəyə getdiyi üçün öz ərizəsi əsasında işdən azad olunub, qayıtdıqdan sonra Şərur rayon Rabitə İdarəsinin 05.01.2006-cı il tarixli əmri ilə Şərur rayon Alışar kənd rabitə bölməsinə rəis vəzifəsinə təyin olunmuş, həmin tarixdən qanunsuz olaraq işdən çıxarılan tarixə kimi qüsursuz işləmiş, işlədiyi bu illər ərzində bir dəfə olsun cəza almamış, tək işləyərək ailəsini dolandırmış, üç uşağını atasız böyüdüb boya-başa çatdırmışdır. 2021-ci ilin mart ayında kassanın pulunu təhvil verməyə apararkən çantada olan həmin pulu və qardaşının ona verdiyi 5000 (beş min) manatı ya itirmiş, ya da əl çantasından çəkmişdirlər. Buna görə kassanın pulundan 1486 manat kəsir əmələ gəlib. İtən pul kəsiri ilə bağlı idarə rəhbərliyini məlumatlandırmış, mühasib Məcnun Bağırova və poçtun rəisi Rasim Məmmədova məlumat vermiş, itirdiyi pulu hər ay əmək haqqından 100 manat tutulmaqla və yaxud kredit götürərək ödəyəcəyini onlara bildirmişdir. Lakin Rasim müəllim ona həmin pulu yerinə qoymalı olduğunu göstərmişdir. Daha sonra Bankdan kredit götürərək borcunu idarəyə ödəmişdir. Onun idarəyə borcunun olmasını "xxxx"un yoxlaması nəticəsində deyil, özünün idarəyə bildirməsi ilə məlum olmuş, lakin "xxxx" X13 rəhbərliyi onun bu hərəkətini də "xxxx" X13 Şərur rayon filialında aparılmış yoxlama nəticəsində aşkar olunmuş yeyinti işi ilə eyniləşdirmişdir. Halbuki 30 il ərzində qüsursuz xidmət göstərmiş, heç vaxt kəsiri olmamışdır. Qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” və 72-ci maddəsinin "c” və "e" bəndləri ilə işdən azad etmişlər. Onun işdən azad olunması barədə ‘'Naxçıvanpoçt" X13 12 iyul 2021-ci il tarixli, 151 nömrəli əmri ona verilməmiş, 17 avqust 2021-ci il tarixdə müraciət edərək əmək kitabçasını almış, əmri isə bu günədək ona verilməmişdir. Həmin vaxt işdən hansı əsasla azad olunmağını öyrənmişdir. Qanunsuz olaraq işdən azad olunduğundan əvvəlki işinə qaytarılmağı barədə ərizə ilə Naxçıvan MR Həmkarlar İttifaqları şurasına və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X6nə müraciətlər etmişdir. Ümumilikdə rabitə sahəsində 20 ildən artıq bir müddətdə işləmiş, işlədiyi bu illər ərzində heç bir cəza, töhmət almamış, həmişə ərazidə yaşayan vətəndaşlara nümunəvi xidmət göstərmək, onların bütün tələblərini vaxti-vaxtında yerinə yetirməyə çalışmışdır. Lakin "Naxçıvanpoçt“ X13 Şərur rayon filialında yoxlama nəticəsində aşkar olunmuş yeyinti işinə onu da qataraq uzun illər qüsursuz fəaliyyətinə ləkə salıb, onu qanunsuz olaraq işdən azad ediblər. Onun mart ayında idarənin pulunu itirdiyini özü bildirdiyindən həmin vaxt ona heç bir xəbərdarlıq edilməmiş və cəza verilməmişdir. Onun və pul köçürmələrində səhvləri olan bir neçə işçini "xxxx"a çağıraraq iclas keçirilmiş, həmin vaxt onlara pulu yerinə qoymaq üçün bir gün vaxt verilmişdir. Bir gün müddətində həmin pulu tapa bilməmiş, 12 iyul tarixində Bankdan kredit götürüb kəsiri bağlamışdır. Naxçıvanpoçta həmin iclasda o və digər işçilər iştirak etmişdir. Daha sonra 09 iyul 2021-ci il tarixdə iclasa çağırılması barədə müdiri Rasim müəllim ona məlumat vermiş, pulu tapıb yerinə qoya bilmədiyi üçün həmin iclasa gedə bilməmişdir. Bundan sonra digər işçilərin işdən azad edilməsini onların özündən öyrənmiş, özünün də azad edildiyini təxminən bir həftə sonra bilsə də hansı maddə ilə işdən çıxarıldığını bilməmişdir. Ayağı gipsdə olduğu üçün özü əmək kitabçasını almağa gedə bilməmiş, qızlarına da əmək kitabçası verilməmişdir. 17 avqust 2021-ci ildə əmək kitabçasını aldıqdan sonra onu da kobud pozuntu ilə işdən azad etdiklərini öyrənmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı "xxxx" X13 Şərur Rayon Alışar kənd rabitə bölməsinin rəisi vəzifəsində işləmişdir. Şərur rayonunda "xxxx" X14 tərəfindən yoxamalar zamanı bir neçə işçinin öz vəzifələrindən sui-sitifadə edərək müəssisəyə maddi ziyan vurması halları aşkar edilmiş və bu hallar aktlarla öz təsdiqini tapmışdır. Tərtib edilmiş aktda həmin pozuntuya yol verən işçilər, o cümlədən İddiaçı öz səhvini etiraf etmişdir. Bu şəxslərin işdə qalması mümkün deyildi. Ona görə də hamısı işdən azad edilmişlər. Yoxlamalarda daha sonra bu kimi hallar aşkar edildikdə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Hümanistlik edilərək iddiaçının qadın olması, himayəsində övladları olması nəzərə alınıb barəsində araşdırma aparılması üçün hüquqmühafizə orqanına müraciət edilməmişdir. İşdən çıxarılma proseduruna düzgün əməl edilmişdir. Həmkarlar iclasının keçirilməsi vaxtı barədə İdarə müdirinə deyilmiş, o da iddiaçıya məlumat vermişdir. Həmkarlar Komitəsinin iclası keçirilmiş, iddiaçının hərəkəti nəticəsində İdarəyə vurulmuş ziyan nəzərə alınıb iddiaçının işdən azad edilməsinə razılıq verimişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Hətta işdən azad olunduqdan sonra iddiaçı otağın açarını təhvil verməmiş, yenidən kod parolundan istifadə edərək 35 (otuz beş) manat pul köçürməsi həyata keçirmişdir. Həmçinin iddiaçı işdən azad edildikdən sonra iki ay keçdikdən sonra mediasiyaya müraciət etmişdir. Əmək qanunvericiliyində nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında X2 izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirərək iddianın rədd olunası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri mülki iş üzrə toplanmış materiallalrala əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi əssassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsinə əmək müqaviləsinin surəti əlavə edilməmiş, həmçinin cavabdeh təşkilatın nümayəndəsinə işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinin təqdim edilməsi məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Dövlət Arxivinin 09.08.2021-ci il tarixli 08/318 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur rayon Rabitə İdarəsinin 05.01.2006-cı il tarixli 15 nömrəli əmrində İddiaçı Alışar kənd rabitə bölməsinə rəis vəzifəsinə təyin edilməsi göstərilmişdir. Əsas fond-10; siyahı-2; saxlama vahidi-47. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 05.01.2006-cı il tarixli 01 nömrəli əmrlə Şərur rayon Rabitə İdarəsinə keçirilmiş, 02.12.2013-cü ildə 34 nömrəli əmrlə "xxxx" MMCnin X8 KRB-nin əməliyyaçısı vəzifəsinə üç aylıq müqavilə ilə təyin edilmiş, 15.07.2014-cü il tarixdə 91 nömrəli əmrlə öz ərizəsi əsasında "xxxx" MMCnin X8 KRB-nin əməliyyaçısı vəzifəsindən azad olunmuş, 18.11.2015-ci il tarixdə 100 nömrəli əmrlə "xxxx" MMCnin X8 KRB-nin əməliyyaçısı vəzifəsinə işə qəbul edilmiş, 02.12.2019-cu il tarixdə 2 nömrəli əmrlə həmin tarixdən Naxçıvan MR Nazirlər Kabinetinin 19.11.2019-cu il tarixli 164 nömrəli Qərarına əsasən struktur dəyişikliyi ilə bağlı "xxxx" phş Şərur rayon filialının Alışar kənd poçt bölməsi əməliyyatçısı vəzifəsinə keçirilmiş, 12.07.2021-ci il tarixdə 151 nömrəli əmrlə tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən azad edilmişdir. İş materiallarına əlavə edilmiş İşçinin məsuliyyət və etika itizamnaməsindən aydın olur ki, İddiaçısözügedən iltizamnaməni 20.06.2020-ci ildə imzalamışdır. İş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli aktdan aydın olur ki, Şərur Rayon Filialında aparılmış monitorinq zamanı Alışar kənd poçt bölməsi əməliyyatçısı İddiaçı may-iyun ayları ərzində apardığı əməliyyatlarla xəzinəyə ödədiyi vəsait arasında 2053 manat kəsir yaranmış, əməliyyatçı Abdullayevə Təranə kəsiri təsdiq etmiş, yaranmış borcun bir qismi, 566 manatı iyui ayının 5-də xəzinəyə ödəmiş, İddiaçı kəsir olan 1487 manatı 09.07.2021-ci il tarixdə saat 18:00-a kimi ödəyəcəyini öz izahatında qeyd etmişdir. İş materiallarında olan Naxçıvan MR X1 31.08.2021-ci il tarixdə İddiaçı 18.08.2021ci il tarixli ərizəsinə verilmiş 43 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Ərizənizə əsasən tərəfimizdən şikayət etdiyiniz "xxxx" X13də şikayətinizi yerində araşdırmaq məqsədilə olmuş, məsələnin mahiyyəti ilə əlaqədar lazımi sənədlər götürülmüşdür. Araşdırılma nəticəsində əldə etdiyimiz məlumata əsasən Siz əmək intizamını kobud şəkildə pozaraq təqsirli hərəkətləriniz nəticəsində mülkiyyətçiyə bir neçə dəfə maddi ziyan vurmuşunuz. Belə ki, mart 2021-ci il tarixdə 1880. 98, aprel 2021-ci il tarixdə 1995.91, may 2021- ci il tarixdə 2775.01, iyun 2021- ci il tarixdə isə 2575.88 dəyərində maddi ziyan vurmuşunuz. 06 iyun 2021- ci il tarixdə aparılan monitorinq zamanı qəbul edilmiş pul vəsaitlərindən 1487 manat kəsirinizin olduğu aşkar edilmişdir. Bu barədə Sizdən yazılı izahat alınmışdır. İzahatınızda həmin vəsaiti şəxsi istifadə üçün götürdüyünüzü etiraf etmisiniz. 09.07.2021-ci il tarix üçün vəsaiti filialın xəzinəsinə daxil etməyinizə söz verməyinizə baxmayaraq, 12.07. 2021- ci il tarixində həmin kəsr vəsaitini xəzinəyə bərpasını təmin etmisiniz. Yoxlama zamanı aşkarlanan nöqsanlara görə işəgötürən tərəfindən Sizin əmək müqavilənizə xitam verilmişdir. Bu baxımdan Sizin işdən azad olunmağımzla bağlı heç bir qanun pozuntusu aşkarlanmamışdır”. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 09.09.2021-ci il tarixdə İddiaçı ərizəsinə verilmiş 08/103 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “X11 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanan əmək hüquqlarınızın pozulmasına dair müraciətinizə “Naxçıvanpoçf' X14 tərəfindən təqdim edilən sənədlər əsasında baxılmışdır. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 72- ci maddəsinin 'V' bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması səbəbindən qanunamüvafıq olaraq həmin Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqavilənizin işəgötürən tərəf ndən ləğv edildiyi məlum olmuşdurMüraciətdə qeyd etdiyiniz digər hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələri predmeti olduğundan, həmin Məcəllənin 294-cü maddəsinə uyğun olaraq tənzimlənir”. 2021-ci ilin 9 iyul tarixli 02 nömrəli Protokolundan Çıxarışdan aydın olur ki, əmək kollektivinin 20 nəfərdən ibarət iclası keçirilmiş və adları qeyd edilən şəxslərin o cümlədən Şərur rayon Alışar kənd poçt bölməsinin əməliyyatçısı İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və əmək vəzifələrinin kobud şəkildə pozduğu üçün tutduqları vəzifədən azad edilməsi qanunauyğun hesab edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli izahatdan aydın olur ki, iddiaçı qeyd etmişdir ki, may, iyun ayında qəbul etdiyi vəsaitləri çantasından çəkilib yaxud özü düşürdüyündən vaxtında filialın xəzinəsinə mədaxil edə bilməmişdir. Filialın xəzinəsinə olan 1486 manat vəsaiti 09.07.2021-ci il tarixə saat 18:00-a qədər filialın xəzinəsinə mədaxil edəcəyinə söz verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər a) müəssisə ləğv edildikdə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə ilk öncə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunun aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən verilmiş izahatdan aydın olmuşdur ki, iddiaçının işdən hansı əsasla çıxarılma barədə məlumatı 17.08.2021-ci il tarixdə olmuşdur. Belə ki, iddiaçı əmək kitabçasını həmin tarixdə götürdüyünü bildirir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasının təhvil verilməsi barədə qeydiyyat jurnalından aydın olur ki, həqiqətən iddiaçıya əmək kitabçası 17.08.2021-ci il tarixdə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(078)- 1027/2021 nömrəli qərardadından aydın olur ki, İddiaçı cavabdeh "xxxx" X7rşı işə bərpa olunma tələbi iddiaçının mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyinə görə iddia ərizəsi geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş 25 oktyabr 2021-ci il tarixli 2021-04716 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan aydın olur ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddia ərizəsinin məhkəməyə göndərilməsinin təsdiq edən poçtun möhüründən aydın olur ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər 29 oktyabr 2021-ci il tarixdə poçtla göndərilmişdir. Hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün ona işdən çıxma ilə bağlı əmək kitabçasının təqdim edildiyi gün hesab edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, işə bərpa tələbi üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün İdarənin Həmkarlar Komitəsinə məktubla müraciət olunmuş və həmin müraciətə baxılaraq Komitə tərəfindən protokoldan çıxarış işəgötürənə təqdim olunmuşdur. İddiaçı izahatında Filial müdirinin ona iclas keçirilməsi barədə məlumat verdiyini lakin pulu tapa bilmədiyi üçün və həmin gün kəsiri yerinə qoymalı olduğu üçün iclasda iştirak etmədiyini bildirmişdir. Məhkəmə bu halı iddiaçının Həmkarlar Komitəsinin iclasında dəvət edilməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Hazırki halda İddiaçı tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli izahatdan aydın olur ki, iddiaçı qeyd etmişdir ki, may, iyun ayında qəbul etdiyi vəsaitləri çantasından çəkilib yaxud özü düşürdüyündən vaxtında filialın xəzinəsinə mədaxil edə bilməmişdir. Filialın xəzinəsinə olan 1486 manat vəsaiti 09.07.2021-ci il tarixə saat 18:00-a qədər filialın xəzinəsinə mədaxil edəcəyinə söz verir. Əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənə, müəssisənin qanuni mənafeyinə hansı formada xələl gətirməsi iş materiallarında olan 06 iyul 2021-ci il tarixli Aktla təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı işdən azad edilməsi ilə bağlı əmrin düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən onun işə bərpa edilməsi üçün işdə hər hansı əsas yoxdur, ona görə də iddia rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar