Məhkəmə qərarları › İş №2(078)-1321/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1321/2023

11.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1321/2023 11.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə etmədiyi illər üçün məzuniyyət günlərinə görə pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-2022-ci illər ərzində “X1” MMC-də işlədiyi, lakin istifadə etmədiyi məzuniyyət günlərinin pulu olan 5150 (beş min yüz əlli) manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia ərizəsinə məhkəməyə müraciət edərkən nəzərdə tutulan mübahisənin məhkəməyəqədər nizama salınmasına əməl olunması barədə sənəd əlavə etmiş, lakin həmin sənədin əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti əlavə edilməli olduğu halda, sadəcə kserosurəti əlavə edilmişdir. Həmçinin müraciətin real olaraq təşkilata göndərilməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Tələb mülki-prosessual qanunvericiliyin tələbinə uyğun ifadə edilmədiyindən hesab edirəm ki, iddia ərizəsinin məzmununa dair tələbə riayət edilməmişdir və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə etmədiyi illər üçün məzuniyyət günlərinə görə pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar