Məhkəmə qərarları › İş №2(078)-1370/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1370/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1370/2023 27.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, mərhum həyat yoldaşı X19 ilə 24 iyul 1986-cı il tarixində Naxçıvan şəhər VVAQ şöbəsində qeydiyyatdan keçərək nikaha daxil olmuşlar. Bu nikahdan üç övladları doğulmuşdur. X19 22 fevral 2001ci ildə “miokard infarkt” diaqnozu ilə vəfat etmişdir. Mərhumdan xx.xx.1994-cü il tarixində ünvan 1 ünvanında yerləşən əmlak miras qalmışdır. Mərhum həyat yoldaşı X8 ölümündən sonra qeyd olunan mirası o qəbul etmişdir. X1 həyat yoldaşı- Ərizəçi, oğlu- X20, qızı-X13 və qızı- X15 adlı vərəsələri var. Mərhum həyat yoldaşı X8 ölümündən sonra ünvan 2 ünvanında yerləşən miras əmlakı faktiki olaraq o qəbul etmiş və o idarə edir. Mərhumun ölümündən sonra həmin mirasda qalıb yaşamaqla mirasın onun tərəfindən qəbul olunmasını hamıya nümayiş etdirmişdir. Həmçinin digər vərəsələrin X20, X13 və X5 mirasın rəsmi və faktiki qəbul edilməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələblərinin olmaması ilə bağlı ərizələri mövcuddur. Həmin ərizələri də iddia ərizəsinə əlavə etmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmişdir. Naxçıvan “Asan Xidmət” mərkəzinin notariat ofisi 12 sentyabr 2023-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Miras əmlakın kommunal xərclərini, daşınmaz əmlakın icbari sığortasının ödənişləri onun tərəfindən ödənilmişdir. Hazırda həmin evə o sahiblik edir və onun istifadəsindədir. Göstərdiyi faktlar elektrik, qaz və digər xidmətlərin ödəniş qəbzləri ilə də təsdiq olunur. Həmçinin mirasın onun tərəfindən qəbul edilib idarə olnmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. Göstərilən mirası qəbul etsə də maddi vəziyyəti ilə bağlı müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilməmişdir. Miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Naxçıvan "‘Asan Xidmət" mərkəzinin notariat ofisinə müraciət etmişdir. Naxçıvan “Asan Xidmət” mərkəzinin notariat ofisi 12 sentyabr 2023-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə 19 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisini, vərəsələr X20, X13 və X9 maraqlı şəxs qismində mülki işə cəlb etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi X14 məhkəməyə 14 noyabr 2023-cü il tarixdə ərizə göndərərək ərizədə üzrlü səbəbdən 16 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin qeyd olunan ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 27 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər X20, X13 və X10 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxslər X20, X13 və X5 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi həyat yoldaşı X1 xx.xx.2001-ci il tarixdə vəfat etdiyini, o öldükdən sonra miras əmlakın qəbulunu gecikdirdiyini, bunun maddi vəziyyəti ilə əlaqədar olduğunu, 2023-cü ilin avqust ayından maraqlanmağa başladığını, “Asan Xidmət” mərkəzinə müraciət etdiyini, ancaq müddəti buraxdığından məhkəməyə müraciət etməyinin tövsiyə olunduğunu, həyat yoldaşı vəfat etdikdən sonra həmin evdə özünün yaşadığını, uşaqlarını həmin evdə böyütdüyünü, uşaqlarını evləndirdiyini, hal-hazırda oğlunun həmin evdə onunla birlikdə yaşadığını bildirərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 13 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı izahat verən maraqlı şəxs X20 izahatında həmin evdə anası ilə birlikdə yaşadığını, atasından miras qalan daşınmaz əmlakın anası Ərizəçi tərəfindən qəbul edildiyini, miras əmlaka dair heç bir etiraz və tələbinin olmadığını bildirdi. 13 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı izahat verən maraqlı şəxs X15 izahatında həmin evdə anasının yaşadığını, atasından miras qalan daşınmaz əmlakın anası Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını, həmçinin mirasa dair iddiasının olmadığını bildirdi. 13 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı izahat verən maraqlı şəxs X13 izahatında həmin evdə anasının yaşadığını, atasından miras qalan daşınmaz əmlakın anası Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində X8 təxminən 20 il əvvəl vəfat etdiyini, Ərizəçi ilə qonşu olduqlarını, ərinin ölümündən sonra həmin evdə Kifayətin 3 uşağı ilə birlikdə yaşadığını, hal-hazırda həmin evdə Ərizəçi, onun oğlunun və gəlininin yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, ərinin ölümündən sonra həmin evdə Ərizəçi 3 uşağı ilə birlikdə yaşadığını, əvvəllər Ərizəçi qaynanasının da həmin evdə yaşadığını, ona Ərizəçi baxdığını, halhazırda həmin evdə Ərizəçi, onun oğlunun, gəlininin və nəvələrinin yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X11, X4, X5 və Ərizəçi X1 vərəsələri olması, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X8 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.0527 ha torpaq sahəsinin və onun üzərində olan 28.56 kv.m fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə X8 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/55 nömrəli reyestr kitabının 10747 nömrəli vərəqində qeydiyyata alınması; -iş materiallarında olan və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, 1160 nömrəli arayışdan Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarında olan və Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli AZ seriyalı, 079660 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 xx.xx.2001-ci il tarixdə miokart infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 990 nömrəli arayışdan X8 Ərizəçi, X20, X13 və X15 adlı vərəsələrinin olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 24 iyul 1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X19 və Ərizəçi arasında 24 iyul 1986-cı il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 228 nömrə ilə qeyd edilməsi; -iş materiallarında olan və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 17 aprel 1987-ci il tarixli, Xİ-ЖГ seriyalı, 367215 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X19 və Ərizəçi birgə nikahından 04 aprel 1987-ci il tarixdə X20 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 22 iyul 1988-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, 381247 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X19 və Ərizəçi birgə nikahından 09 iyun 1988-ci il tarixdə X13 adlı övladlarının doğulması; -iş materiallarında olan və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 10 fevral 1992-ci il tarixli, XVİ-ЖГ seriyalı, 436234 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X19 və Ərizəçi birgə nikahından 29 yanvar 1992-ci il tarixdə X17 adlı övladlarının doğulması; -İş materiallarına əlavə olunmuş Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 520/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli arayışda vərəsənin mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə mirasın vərəsə tərəfindən qəbul edilmiş sayıldığını, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutlar yəni, vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayış, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya vergi, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın-vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunduğunun və müvafiq məhkəməyə müraciət etməyinin tövsiyə olunduğunun bildirilməsi aydın olur. İş materiallarına əlavə olunmuş X20 tərəfindən notariat ofisinə 11 avqust 2023-cü il tarixdə verilmiş ərizədə xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X8 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatası payı qəbul etmədiyi, etmək niyyətində olmadığı, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyi, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbinin olmayacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş X13 tərəfindən notariat ofisinə 11 avqust 2023-cü il tarixdə verilmiş ərizədə xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X6 qalan miras əmlakı rəsmi və ya faktiki olaraq qəbul etmədiyi, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş X15 tərəfindən notariat ofisinə 11 avqust 2023-cü il tarixdə verilmiş ərizədə xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X6 ona çatası miras payını rəsmi və ya faktiki olaraq qəbul etmədiyi, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə heç bir iddia və tələbinin olmayacağı qeyd olunmuşdur. Ərizəçi onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X19 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X20, X13, X15 və Ərizəçi X8 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi X1 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin izahatlarını da nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə maraqlı şəxslərə izah edir ki, ərizəçinin miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Mirası qəbul etmiş hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Ərizə təmin edilməli; -22 fevral 2001-ci il tarixdə ölən X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0527 ha torpaq sahəsi və onun üzərində yerləşən 28.56 kv.m olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 22 fevral 2001-ci il tarixdə ölən X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0527 ha torpaq sahəsi və onun üzərində yerləşən 28.56 kv.m olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar