Məhkəmə qərarları › İş №2(078)-14/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-14/2025

01.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-14/2025 01.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət, maddi ziyan və son haqq-hesabın ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin fevral ayından hesablanaraq məzuniyyət haqlarının ödənilməsi, iddiaçıya 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası, 2023-cü ilin avqust ayının 1-dən etibarən 2024-cü ilin yanvar ayınadək olan ödənilməmiş aylıq əmək haqqı, əmək haqqının hər gecikmə gününə görə əlavə faizlərin və son haqq hesablarının cəmi 25.000 (iyirmi beş min) manat məbləğində pulun qanunvericiliyə müvafiq qaydada ödənilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində iddiaçıya dəymiş 20.000 (iyirmi min) manat məbləğində maddi ziyanın ödənilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 2015-ci ilin noyabr ayından 2023-cü ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, İddiaçı 2022-ci il fevral ayında şirkətdə işləməyə dəvət olunmuş və cavabdeh cəmiyyətlə iddiaçı arasında əmək müqaviləsi bağlanılmadan mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Sonradan uzun müddət keçdikdən sonra işçi ilə xx.xx.2022-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən işçiyə hər ay 2841.14 manat məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuş və xx.xx.2023-cü tarixində bank hesabı açılmışdır. Belə ki, işçi ilə müəssisə arasında əmək münasibətləri 2022-ci ildə əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş, lakin 2022-ci illər ərzində isə sözügedən işçi ilə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Cavabdeh “Nəxşicahan MED" MMC şirkəti tərəfindən iddiaçıya 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməmişdir. İddiaçıya cavabdeh təşkilat tərəfindən 2022-ci ilin fevral ayından məzuniyyət pulu ödənilməmiş və 2023-cü ilin avqust ayının 1-dən etibarən ona əmək haqqı ödənilmir. İddiaçı işlədiyi cəmiyyətdən əmək haqqını tələb etdiyi üçün cavabdeh tərəfindən ona 2022-ci ildə bağlanmış əmək müqavilələrinə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən çıxarılarkən ona yuxarıda qeyd olunan aylar ərzində əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabları ödənilməmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətlərindən 21 sentyabr 2023-cü il və 22 sentyabr 2023-cü il tarixində kollektiv müraciətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə şikayət etmişdir. X9 Xidməti tərəfindən kollektiv müraciət şikayəti araşdırılaraq (Cəmiyyətə xx.xx.2023-cü il tarixli məktubla sorğu göndərilsə də, hər hansı sənəd təqdim edilməmişdir) cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada inzibati cərimə tənbeh tətbiq edilmiş müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı uzun müddətdir ki, işsizdir. Cavabdeh ilə yaranmış acınacaqlı vəziyyətlə bağlı dəfələrlə əlaqə yaradılsa da hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı, məzuniyyət, sığorta, əmək haqqının hər gecikmə gününə görə qanunvericiliyə uyğun olaraq əlavə faizlərin və son haqq-hesabını ödəməkdən boyun qaçırır. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən işdən azad olunma barədə heç bir bildiriş göndərilməmiş, işdən azad olunacaqları barədə "Əmək müqaviləsinə xitam verilməsi" barədə iddiaçı əmrlə tanış olmamış və ona Əmək Qanunvericliyilə nəzərdə tutulmuş (əmək kitabçası, işdən çıxma əmri) heç bir sənəd təqdim olunmamışdır. İddiaçı əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri, (2022-ci ildə əmək haqqı kartı açılıb, lakin bank çıxarışlarından və yazılı izahatlarda sentyabr ayının əmək haqqısı da ödənilməmişdir) Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunur. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının 2022-ci ilin fevral ayından hesablanaraq məzuniyyət haqqlarının ödənilməsi, 2023-cü ilin avqust ayının 1-dən etibarən 2024-cü ilin yanvar ayınadək olan ödənilməmiş aylıq əmək haqqları və son haqq hesabları ödənməlidir. Əmək kitabçasına yazılmayan iş stajı bərpa olunmalıdır. İddiaçıya 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməlidir. İddiaçı 06 iyun 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək ərizədə Cavabdeh MMC tərəfindən ona 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlənilən 10 ay müddətində məzuniyyət haqqı 2083 manat, 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı 7102 manat 09 qəpik və aylar üzrə avqust ayının əmək haqqı məbləği olan 2500 manat pulun, avqust ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizinin məbləği 1500 manat, sentyabr əmək haqqı məbləği olan 2500 manat, sentyabr əmək haqqı məbləği 30 oktyabra qədər gecikmə faizi olan məbləğ 750 manat, oktyabr ayında ödənilməli olan məbləğdən 4515 manat 15 qəpik ödəniş etmişlər və oktyabr əmək haqqı məbləği olan 2500 manat, oktyabr əmək haqqı məbləği 01 yanvar ayınadək gecikmə faizi olan məbləğ 1500 manat, noyabr əmək haqqı məbləği olan 2500 manat, noyabr əmək haqqı 01 yanvara qədər gecikmə faizi olan məbləğ 750 manat, dekabr əmək haqqı 2500 manat pulun, yəni ümumilikdə 01 avqust 2023-cü ildən 2024-cü ilin yanvar ayınadək ödənilməmiş aylıq əmək haqqı məbləği olan 12 485 manat pulun, əmək müqaviləsinə əsasən 01 dekabr 2022-ci ildən 01 noyabr 2023-cü ilədək məzuniyyət haqqı üçün olan məbləğ 2500 manat, işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı 5000 manat olmaqla, ümumi 29 170 manat 09 qəpik (iyirmi doqquz min yüz yetmiş manat doqquz qəpik) məbləğin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-564/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə iddiaçının əmək kitabçasına yazılmayan iş stajının bərpası, Cavabdeh MMC tərəfindən 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlənilən 10 ay müddətində məzuniyyət haqqı 2083 (iki min səksən üç) manat, 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı 7102.09 (yeddi min yüz iki manat doqquz qəpik) manat, 01 avqust 2023-cü ildən 2024-cü ilin yanvar ayınadək ödənilməmiş aylıq əmək haqqı məbləği olan 12 485 (on iki min dörd yüz səksən beş) manat, əmək müqaviləsinə əsasən 01 dekabr 2022-ci ildən 01 noyabr 2023-cü ilədək məzuniyyət haqqı üçün olan məbləğ 2500 (iki min beş yüz) manat, işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı olan 5000 (beş min) manat pulun, ümumilikdə 29 170.09 (iyirmi doqquz min yüz yetmiş manat doqquz qəpik) manat pulun iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi Arif Yusifov tərəfindən məhkəməyə göndərilmiş iddiaya etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh “Nəxşicahan MED" MMC-yə qarşı cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin fevral ayından hesablanmaqla məzuniyyət haqlarının ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası, 2023-cü ilin avqust ayının 1-dən etibarən 2024-cü ilin yanvar ayınadək olan ödənilməmiş əmək haqqı, əmək haqqının hər gecikmə gününə görə əlavə fazilərin və son haqq hesablarının cəmi 25.000 manat məbləğində pulun qanunvericiliyə müvafiq qaydada ödənilməsi, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığı üçün işdən çıxarıldığı gündən orta aylıq əməkhaqqının hesablanaraq ödənilməsi, 20.000 manat maddi ziyanın ödənilməsi, 2022-ci ilin fevral ayından 2023-cü ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia qaldırmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, 2022-ci ildən cavabdeh müəssisədə əmək fəaliyyətinə başlamış lakin onunla xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Nəticədə 2022ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı ona ödənilməmişdir. 2022-ci ilin fevral ayından işdən çıxarıldığı tarixədək ona məzuniyyət pulu ödənilməmiş, həmçinin 2023-cü ilin avqust ayının 1-dən etibarən ona əmək haqqı ödənilmir. İddiaçı cavabdehdən əmək haqqını tələb etdiyi üçün cavabdeh tərəfindən əmək müqaviləsinə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılarkən ona son ayların əməkhaqqısı, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi və son haqq hesab ödənilməmişdir. Aşağıdakı əsaslara görə iddia tələbi tam əsassız və qanunsuzdur. İddiaçının əsas məqsədi işləmədiyi dövrlərə görə cavabdehdən artıq pul tələb etməkdir. Belə ki, xx.xx.2023-cü il tarixdən etibarən cavabdeh müəssisənin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən bütün işçilər o cümlədən iddiaçı 2023-cü ilin yanvar ayından işə gəlməmişdir. (bu fakt tərtib olunmuş tabel cədvəlləri ilə təsdiq olunur.) Lakin, cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixədək aylıq əməkhaqqısı tam ödənilmişdir. Halbuki, boşdayanma olduğu üçün əməkhaqqının 3/2-hissəsi ödənilməli idi. Əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən hesablama aparılmış, məlum olmuşdur ki, iddiaçıya xx.xx.2023xx.xx.2023-cü il ərzində 22.729,12 manat əməkhaqqı ödənilib, halbuki, 3/2 hissə ilə hesablanaraq 15.152,75 manat ödənilməli idi. Eyni zamanda 29.76 gün məzuniyyət günü müəyyən edilərək 1752,92 manat məzuniyyət pulu hesablanmış və 2841,14 manat (Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən əmək haqqının bir misli miqdarıda) kompensasiya məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya ümumilikdə 2982,31 (22.729,12-15.152,75- 1752,92-2841,14) manat artıq pul ödəmişdir, lakin maliyyəçinin səhv hesablaması nəticəsində iddiaçıya yenidən 4270,57 manat vəsait ödənilmişdir. Bununla da cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 7252,88 manat artıq vəsait ödənilmişdir. Lakin, iddiaçı bununla da kifayətlənməyərək haqsız olaraq cavabdehdən əlavə ödənişlər tələb edir. Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci bəndində qeyd olunub: İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin məcəllənin 169-cu maddəsinin 1-ci bəndində qeyd olunub: Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İddiaçı 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək cavabdehin onu əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb etdiyini bildirir. Lakin bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və tərəflər arasında əmək münasibəti başlanmışdır. Bu səbəbdən idda tələbi 2022-ci ilin fevral ayından hesablanmaqla məzuniyyət haqlarının ödənilməsi, 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməsi və əmək kitabçasına yazılmayan iş stajının bərpası hissələrində əsassızdır. Mülki Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 2023-cü ilin oktyabr ayında əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə xitam verildiyi üçün və iddiaçı tərəfindən əmək müqaviləsinin xitam verilməsinə əsas olmuş əmr mübahisələndirilmədiyi üçün iddia tələbi xx.xx.2023-cü il tarixdən etibarən əmək haqqı ödənilməsi və maddi ziyan tələbi hissəsində də əsassızdır. Belə ki, cavabdeh müəssisənin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəmiyyətin ləğvi qərara alınmış və müvafiq vergi orqanına müraciət edilərək ləğv prosesi başlamışdır. Cəmiyyət ləğv olunduğu üçün nəinki iddiaçı ilə, o cümlədən bütün işçilərlə əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşmə işləri aparılmış, əmr verilmiş, işçilərə son haqq hesablar və kompensasiyalar hesablanaraq tam ödənilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən, 2(078)-563/2024 saylı mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin vəkili Vəkil 30 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2025 ci il tarixə təyin edilmiş məhkəmə prosesində üzürlü səbəblərə görə iştirak edə bilmədiklərini, işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdeh tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında onlara X3 bir otaq verdiklərini, iş yeri kimi ora getdiklərini, avqust, sentyabr və oktyabr ayları üzrə ödənilməli olan məbləğdən yalnız 4515 manat, 15 qəpik ödənildiyini, aylar üzrə tam haqq ödənilmədiyi üçün avqust və sentyabr ayları üzrə ödənilməyən əmək haqqının faizləri ilə birlikdə ödənilməsini istədiyini, iddia ərizəsində maddi ziyan qismində qeyd etdiyi 20000 manat məbləğində pulu dəqiqləşdirmə ərizəsində ayrı-ayrılıqda tələblərdə göstərdiyi üçün maddi ziyan formasında qeyd etmədiyini, şirkətin 2023-cü ildə fəaliyyət göstərməsi ilə bağlı tabel cədvəlləri, qaimələr, təhvil-təslim aktlarının mövcud olduğunu, təqdim etdiyi qaimələrin də 2023-cü ilə aid olduğunu, yəni şirkətin 2023-cü ildə fəaliyyət göstərdiyini, cavabdehin nümayəndəsi Vəkilla da telefon əlaqəsi saxladıqlarını, 2 aylıq əmək haqlarını verəcəkləri təqdirdə ərizə yazıb işdən çıxacaqlarını bildirdiklərini, təkrar ekspertizanın rəyinin onu qane etdiyini, rəylə razı olduğunu, iş üçün əhəmiyyətli olan sübutların məhkəməyə təqdim edildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçının qeyd etdiyi kimi olmadığını, boşdayanmaya görə iddiaçıya əmək haqqı ödənildiyini, 30 oktyabr 2023-cü il tarixdə əmək müqavilələrinə xitam verildiyini, qeyd etdiyi kimi, onların iddiaçıya borcu olmadığını, hətta mühasibin səhv hesablamasına görə onun cavabdeh tərəfə borcu olduğunu, lakin bununla bağlı özlərinin heç bir iddiası olmadığını, təqdim etdiyi formların əsli olduğunu təsdiq edən heç bir sübut olmadığını, iddianın tamamilə əsassız olduğunu, iddianı bu səbəbdən qəbul etmədiklərini, boşdayanma ilə bağlı əmr verildiyini, işçilərin boşdayanmadan məlumatı olduğunu bildirmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 izahatında İddiaçı və daha 6 nəfər şəxsin kollektiv şəkildə 21 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etdiklərini, həmin müraciət əsasında Xidmət tərəfindən müvafiq araşdırma aparıldığını, aparılan araşdırmanın nəticəsində Cavabdeh MMC-nin təmsilçisi barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini və Cavabdeh MMC-nin təmsilçisi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 800 manat miqdarında cərimə edildiyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdehndə mühəndis vəzifəsində işə başlamış, onunla xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, işçinin əmək haqqı 2841.14 manat təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətі tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdehndə (bundan sonra Cəmiyyət) digər əməkdaşların avqust və sentyabr ayları üzrə əmək haqqılarının ödənilməməsinə dair 21 sentyabr 2023-cü il və 22 sentyabr 2023-cü il tarixli kollektiv müraciətlərinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətində baxılmışdır. Müraciətdə qaldırdığı məsələnin araşdırılması ilə əlaqədar Cəmiyyətə 25 sentyabr 2023-cü il tarixli məktubla sorğu göndərilsə də, hər hansı sənəd təqdim edilməmişdir. Lakin təqdim olunan bank çıxarışlarından və yazılı izahatlarından sentyabr ayının əmək haqqısının ödənilmədiyi təsdiqini tapmışdır. Belə ki, aşkar edilmiş pozuntuda inzibati xəta əlaməti olduğundan işəgötürən barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və Azərbaycan Respublikasının İnzibati Xeətalar Məcəlləsində nəzərdə tutulan qaydada inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Eyni zamanda aşkar edilmiş pozuntunun aradan qaldırılması və əmək haqlarının hesablanıb ödənilməsinə dair müəssisənin qanuni təmsilçisinə göstəriş verilmişdir. Bununla yanaşı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması mümkün olmamışdır. Həmçinin müraciətdə qaldırdığı məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 30 oktyabr 2023-cü il tarixli, 01 nömrəli əmrdən görünür ki, “Nəxşicahan MED" Məhdud Məsuliyyətli Cəmiyyəti bölməsində "Mühəndis" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."a" - müəssisə ləğv edildikdə» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilmiş, işçinin xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 27 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh (VÖEN: **********) təsisçisi X5 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh (VÖEN: **********) ləğv edilməsi, X2 cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi, X8 (FİN: 5CX8NHE) təsviyəçi təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, təsviyyəçinin 10 gün müddətində müvafiq mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirməsi, təsviyyəçi tərəfindən 15 gün ərzində, cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Naxçıvan Mutar Respublikasının DVX-nə ərizə ilə müraciət edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş 25 oktyabr 2023-cü il tarixli, 015725 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 21 sentyabr 2023-cü il tarixli və 22 sentyabr 2023-cü il tarixli Cavabdeh bir qrup əməkdaşının kollektiv müraciətinin araşdırılması zamanı təqdim etdikləri bank çıxarışlarına baxılan zaman avqust və sentyabr ayları əmək haqlarının ödənilmədiyi məlum olmuşdur. Nəticədə Cavabdeh qanuni təmsilçisi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş 06 noyabr 2023-cü il tarixli, 012255 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 21 sentyabr 2023-cü il tarixli və 22 sentyabr 2023-cü il tarixli Cavabdeh bir qrup əməkdaşının kollektiv müraciətləri DƏMX-də araşdırılan zaman müraciət edənlərin xx.xx.2023-cü il tarixdə təqdim etdikləri bank çıxarışlarına baxılarkən avqust və sentyabr ayları əmək haqlarının ödənilmədiyi məlum olmuşdur. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh direktoru Samirə Süleymanova tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, 01-0123 nömrəli əmrdən görünür ki, cəmiyyətin fəaliyyəti xx.xx.2023-cü il tarixdən dayandırılmış və qərarın işçilərə elan edilməsi və cəmiyyətin fəaliyyəti bərpa edilənədək boşdayanma müddətində işçilərə Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbinə uyğun olaraq vəzifə maaşının üçdə iki hissəsi miqdarında əməkhaqqı hesablanması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2024-cü il tarixli, 1089 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən İddiaçı 01 avqust 2023-cü ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi (yəni 30 oktyabr 2023-cü il tarixədək) tarixədək aylıq əmək haqqı tam ödənilməmiş, ümumilikdə sualda göstərilən tarixə 7015,15 manat məbləğində ödəniş aparılmışdır. Lakin müqaviləyə uyğun hesablandıqda İddiaçı 01 avqust 2023-cü ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi (yəni 30 oktyabr 2023-cü il tarixədək) tarixədək 7414,76 manat ödəniş aparılmalı idi. Belə olduğu halda 399,61 (7414,76-7015,15) manat ödənilməmiş kəsir məbləğ müəyyən edilir ki, həmin dövrdə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan gecikmə faizləri üzrə məbləği ödənilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün 1 faiz gecikmə faizi hesablandıqda ödənilməli olan məbləğ 1184,51 manat təşkil edər. İddiaçı "xxxx" MMC-də əmək müqaviləsi bağlandığı xx.xx.2022-ci il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verildiyi 30 oktyabr 2023-cü il tarixədək 2195,16 manat məzuniyyət üzrə son haqq-hesabı və 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edildiyi hal məhkəmə tərəfindən qəbul olunduqda İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq əmək müqaviləsinin müddətinin bir ildən az olmasını da nəzərə aldıqda orta aylıq əməkhaqqı miqdarında, yəni 2471,59 manat müavinət üzrə son haqq-hesabı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 9/1908 nömrəli rəyində qeyd edilmişdir ki, hazırki tədqiqatla ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan birinci suala cavab olaraq bildirilir ki, iş materiallarında olan əmək haqqı hesabından çıxarış məlumatlarına əsasən İddiaçı 2023-cü ilin sentyabr ayı üzrə 2.500,00 manat məbləğində ödənilməli olan əmək haqqı məbləği həmin ilin oktyabr ayında ödənilmişdir. Sentyabr ayı üzrə ödənilməli olan əmək haqqı məbləğinin gecikdirildiyi hər gün üzrə 25,00 manat (2.500,00 * 1%) olmaqla ümumi gecikdirilmiş məbləğ 750,00 manat (30 gün * 25,00 manat) məbləğində müəyyən edilir. Digər tərəfdən hazırki tədqiqatla "xxxx" MMC tərəfindən İddiaçı avqust, sentyabr və oktyabr ayları üçün ümumilikdə 7.500,00 manat (tutulmalar çıxıldıqdan sonra hər ay üzrə 2.500,00 manat) məbləğində əmək haqqı ödənilməli olduğu halda cəmi 7.015,35 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də “Nəxşicahan Med" MMC tərəfindən İddiaçı 484,65 manat (7.500,00 – 7.015,35) məbləğində pul vəsaiti ödənilməlidir. Ekspertiza təyini haqqında qərarda ekspert qarısında qoyulan ikinci suala cavab olaraq bildirilir ki, "Nəxşicahan Med” MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab olaraq bir ilədək əmək stajı olduğu nəzərə alınmaqla orta aylıq əmək haqqı məbləğində yəni 2.500,00 manat (tutulmalar tutulduqdan sonra ələ çatan məbləğ) pul vəsaiti ödənilməlidir. Ekspert qeyd edir ki, "xxxx" MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (ekspertiza təyini haqqında qərarın verildiyi tarixədək) ödənilməli son haqq hesab məbləği olan 2.500,00 manat üzrə ümumilikdə gecikdirilmiş 442 gün üçün (müqavilə müddətinin bitdiyi tarix xx.xx.2023xx.xx.2025 qərardadın verildiyi tarix (aradakı fərq 442 gün)) ödənilməli olan son haqq hesab məbləğinin gecikdirildiyi hər gün üzrə 25,00 manat (2.500,00 * 1%) olmaqla ümumilikdə 11.050,00 manat (442 * 25 manat) məbləğində pul vəsaiti ödənilməlidir. Yekun olaraq yuxarıda qeyd olunan epizodlar üzrə bildirilir ki, "xxxx" MMС tərəfindən İddiaçı ümumilikdə 14.784,65 manat (750,00 + 484,65 + 2.500,00 + 11.050,00) məbləğində pul vəsaiti ödənilməlidir. Məhkəmə ilkin olaraq iddiaçının iddia tələbinin əmək kitabçasına yazılmayan iş stajının bərpa edilməsini tələb etməsinə dair hissədə aşağıdakıları qeyd edir. (Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində iş stajının bərpası tələbi qeyd edilməsə də, həmin dəqiqləşmə ərizəsi iddia ərizəsində olan pul məbləğlərinin dəqiqləşdirilməsi üçün verildiyindən, həmçinin iddiaçı iddia ərizəsində iş stajının bərpa olunmasını xahiş etdiyindən və həmin tələbindən imtina etməsi barədə hər hansı bir ərizə ilə məhkəməyə müraciət etmədiyindən məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi qüvvədədir və məhkəmə tərəfindən həmin tələbə münasibət bildirilməlidir.) İddiaçı iddia ərizəsində 2022-ci il fevral ayında şirkətdə işləməyə dəvət olunduğunu və cavabdeh cəmiyyətlə iddiaçı arasında əmək müqaviləsi bağlanılmadan mühəndis vəzifəsinə işə qəbul edildiyini, sonradan uzun müddət keçdikdən sonra onunla xx.xx.2022-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlandığını qeyd etsə də özünün həqiqətən də 2022-ci il fevral ayından xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də mühəndis vəzifəsində işləməsini, həmin müddət ərzində işləməsinə baxmayaraq onunla əmək müqaviləsi bağlanmadığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin Cavabdeh nümayəndəsi məhkəməyə göndərdiyi etiraz ərizəsində həmin halı təkzib etmiş, iddiaçı ilə cavabdehin arasında yaranan əmək münasibətlərinin onlar arasında müqavilə bağlanıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən başlandığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkil və nümayəndəsi də eyni halları qeyd etmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən 2022-ci il fevral ayından xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də mühəndis vəzifəsində işləməsini təsdiq edən sübut qismində məhkəməyə təqdim edilmiş texniki servis formlarının əksəriyyəti fotoşəkil olmaqla, əsli məhkəməyə təqdim edilməmiş, əsli məhkəməyə təqdim edilmiş texniki servis formlarında isə onu təsdiq edən hər hansı bir möhür, təsdiq edici ştamp öz əksini tapmamışdır. Bu səbəbdən həmin sənədlər sübut qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 2022-ci il fevral ayından xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də mühəndis vəzifəsində işləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən və məhkəmə araşdırması zamanı bunu təsdiq edən hallar aşkar edilmədiyindən iddia tələbi əmək kitabçasına yazılmayan iş stajının bərpa edilməsinə dair hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə 2022-ci il fevral ayından xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də mühəndis vəzifəsində onunla əmək müqaviləsi bağlanmadan işləməsini bu səbəbdən əmək kitabçasına iş stajının yazılmadığını və həmin iş stajının bərpa olunmalı olduğu ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi İddiaçı əmək kitabçasına yazılmayan iş stajının bərpa edilməsini tələb etməsinə dair hissədə əsassız olduğundan rədd edilməlidir. İddiaçı digər tələbləri olan 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlədiyi 10 ay müddətində məzuniyyət haqqı olan 2083 (iki min səksən üç) manat və 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı olan 7102.09 (yeddi min yüz iki manat doqquz qəpik) manat pulun Cavabdeh tərəfindən ona ödənilməsinə münasibətdə isə məhkəmə belə hesab edir ki, həmin tələblər iddiaçının 2022-ci il fevral ayından xx.xx.2022-ci il tarixədək olan iş stajının bərpa edilməsi tələbindən irəli gələn tələblər olduğundan və İddiaçı 2022-ci il fevral ayından xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də mühəndis vəzifəsində onunla əmək müqaviləsi bağlanmadan işləməsini bu səbəbdən əmək kitabçasına iş stajının yazılmadığını və həmin iş stajının bərpa olunmalı olduğu ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən və iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddiaçının iddia tələbi 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlədiyi 10 ay müddətində məzuniyyət haqqı olan 2083 (iki min səksən üç) manat və 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı olan 7102.09 (yeddi min yüz iki manat doqquz qəpik) manat pulun Cavabdeh tərəfindən ona ödənilməsinə dair hissədə də rədd edilməlidir. İddiaçının digər tələbi olan 2023-cü ilin avqust ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pulun və 2023-cü ilin avqust ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizi olan 1500 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, istər məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 9/1908 nömrəli ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş birinci suala münasibətdə ekspertin verdiyi cavabdan, istər həmin ekspert rəyinin təsviri hissəsində olan cədvəldən, istərsə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 dekabr 2023-cü il tarixli bank çıxarışından görünür ki, 16 avqust 2023-cü il tarixində İddiaçı 2500 manat məbləğində pul (yəni avqust ayının əmək haqqı) ödənilmişdir. Qeyd edilənlərdən də görünür ki, cavabdeh tərəfindən 2023-cü ilin avqust ayının əmək haqqı olan 2500 manat məbləğində pul elə avqust ayında (16 avqust 2023-cü il tarixində) ödənildiyindən, həmin əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizindən söhbət gedə bilməz. Bu səbəbdən iddiaçının 2023-cü ilin avqust ayının əmək haqqı olan 2500 manat məbləğində pulun və həmin əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizinin məbləği olan 1500 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsini tələb etməsi əsassızdır və iddia həmin hissədə rədd edilməlidir. İddiaçının digər tələbi olan 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pulun və 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizi olan 750 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Həmin qərarada qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Maddənin tətbiqində qeyri-müəyyənlik yaradan məsələ isə əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 292ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı). Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarın tələbinə əsasən məhkəmə belə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 9/1908 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “iş materiallarında olan əmək haqqı hesabından çıxarış məlumatlarına əsasən İddiaçı 2023-cü ilin sentyabr ayı üzrə 2.500,00 manat məbləğində ödənilməli olan əmək haqqı məbləği həmin ilin oktyabr ayında ödənilmişdir. Sentyabr ayı üzrə ödənilməli olan əmək haqqı məbləğinin gecikdirildiyi hər gün üzrə 25,00 manat (2.500,00 * 1%) olmaqla ümumi gecikdirilmiş məbləğ 750,00 manat (30 gün * 25,00 manat) məbləğində müəyyən edilir”. Ekspert rəyinin qeyd edilən hissəsindən, həmin rəyin təsviri hissəsində olan cədvəldən və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 dekabr 2023-cü il tarixli bank çıxarışından görünür ki, İddiaçı 2023-cü ilin sentyabr ayının əmək haqqı olan 2500 manat məbləğində pul 2023-cü ilin sentyabr ayında ödənilməmiş, həmin əmək haqqı məbləği 30 gün gecikdirilərək 30 oktyabr 2023-cü il tarixdə ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi üzrə sentyabr ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pulu cavabdehdən tələb etməsinə münasibətdə həmin pul oktyabr ayının 30-u iddiaçıya ödənildiyindən həmin hissədə əsaslı olmadığından rədd edilməli, ancaq 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizi olan 750 (yeddi yüz əlli) manat məbləğində pulun Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair hissədə isə həm ekspert rəyi ilə, həm də iş materialları ilə öz təsdiqini tapdığından həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İddiaçının digər tələbi olan 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pulun və 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixinədək gecikmə faizi olan 1500 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 9/1908 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “hazırki tədqiqatla "xxxx" MMC tərəfindən İddiaçı avqust, sentyabr və oktyabr ayları üçün ümumilikdə 7.500,00 manat (tutulmalar çıxıldıqdan sonra hər ay üzrə 2.500,00 manat) məbləğində əmək haqqı ödənilməli olduğu halda cəmi 7.015,35 manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də “Nəxşicahan Med" MMC tərəfindən İddiaçı 484,65 manat (7.500,00 – 7.015,35) məbləğində pul vəsaiti ödənilməlidir”. Rəyin qeyd edilən hissəsindən, həmin rəyin təsviri hissəsində olan cədvəldən və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 dekabr 2023-cü il tarixli bank çıxarışından görünür ki, İddiaçı 2023-cü ilin avqust ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pul 16 avqust 2023-cü il tarixdə, 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pul isə 30 oktyabr 2023-cü il tarixdə ödənilmişdir (məhkəmə tərəfindən iddiaçının iddia tələbinin sentyabr ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizi olan 750 manat məbləğində pulun Cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməsi qənaətinə gəlməsi nəzərə alınmaqla). Qeyd edilənlərə əsasən iddiaçıya avqust, sentyabr və oktyabr ayları üçün ümumilikdə 7.500,00 manat əmək haqqı ödənilməli olmasına baxmayaraq ona 7.015,35 manat əmək haqqı ödənilməsi iddiaçıya 2023-cü ilin oktyabr ayının əmək haqqının 484,65 manat (7.500,00 – 7.015,35) kəsir ödənilməsi qənaətinə gəlməyə əsas verir. İddiaçının iddia tələbi oktyabr ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi olsa da məhkəmə belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli və 2023-cü ilin oktyabr ayının əmək haqqından kəsir olan 484,65 (dörd yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul Cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçının həmin tələbinin 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləğinin 01 yanvar tarixinədək gecikmə faizi olan 1500 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, oktyabr ayının kəsir olan və oktyabr ayında ödənilməmiş, gecikmiş olan 484,65 (dörd yüz səksən dörd manat altmış beş qəpik) manat hissəsi üzrə gecikdirilmiş əmək haqqı məbləğinin 1%-i miqdarında hesablanmaqla (484,65x1/100=4,8465 (yuvarlaqlaşdırılmaqla 4,85)), gecikmənin başlandığı xx.xx.2023-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək (iddiaçının iddia tələbi 01 yanvar 2024-cü il tarixədək olduğundan, həmin tələb çərçivəsində), yəni 61 gün üzrə hər gün üçün 4,85 manat olmaqla, ümumilikdə 295,85 (iki yüz doxsan beş manat səksən beş qəpik) manat (4,85x61=295,85) məbləğində pul Cavabdeh tərəfindən iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddiaçının digər tələbi olan 2023-cü ilin noyabr ayının əmək haqqı məbləği olan 2500 manat, 2023-cü ilin noyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixə qədər gecikmə faizi olan 750 manat və 2023-cü ilin dekabr ayının əmək haqqı məbləği olan 2500 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə 30 oktyabr 2023-cü il tarixdə xitam verildiyindən, iddiaçının qeyd edilən tələbləri isə 2023-cü ilin noyabr və dekabr ayları üzrə əmək haqqı məbləğinin və 2023-cü ilin noyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixədək gecikmə faizi ilə əlaqədar olduğundan məhkəmə belə hesab edir ki, işçi ilə işəgötürən (iddiaçı ilə cavabdeh) arasında əmək münasibətlərinə 2023-cü ilin oktyabr ayında xitam verildiyindən iddiaçının 2023-cü ilin noyabr və dekabr ayları üzrə əmək haqqı məbləğinin və 2023-cü ilin noyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixədək qədər gecikmə faizini tələb etməsi əsassızdır. Bu səbəbdən iddia tələbi həmin hissədə də rədd edilməlidir. İddiaçının əmək müqaviləsinə əsasən 01 dekabr 2022-ci il tarixdən 01 noyabr 2023cü il tarixədək məzuniyyət haqqı üçün olan məbləğ 2500 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsi tələbinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, məhkəmə tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilərkən ekspertin qarşısına Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun son haqq-hesabı (əmək müqaviləsinin qüvvədə olduğu dövr ərzində əmək məzuniyyəti üçün ödənilməli olan pul və ya istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, müavinət, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) tam ödənilmişdirmi, ödənilməmişdirsə kəsir olan məbləğ nə qədərdir?” sualı qoyulmuş və ekspert rəyində "Nəxşicahan Med” MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab olaraq bir ilədək əmək stajı olduğu nəzərə alınmaqla orta aylıq əmək haqqı məbləğində yəni 2.500,00 manat (tutulmalar tutulduqdan sonra ələ çatan məbləğ) pul vəsaiti ödənilməli olduğu qeyd edilmişdir. Qeyd edilən ekspert rəyinə əsasən məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan son haqq-hesab qismində orta aylıq əmək haqqı məbləğində yəni 2.500,00 manat müavinət haqqı qalmışdır. Ödənilməyən məzuniyyət haqqı yoxdur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 dekabr 2023-cü il tarixli bank çıxarışından görünür ki, 27 noyabr 2023-cü il tarixdə iddiaçının hesabına 2500 manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli, 01 nömrəli əmrdən isə görünür ki, “Nəxşicahan MED" Məhdud Məsuliyyətli Cəmiyyəti bölməsində "Mühəndis" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."a" - müəssisə ləğv edildikdə» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilmiş, işçinin xx.xx.2022 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 27 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Qeyd edilənlər iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra həmin əmrlə əmr edilmiş 27 məzuniyyət gününün son haqq-hesabının hesablanıb noyabr ayında iddiaçıya verilməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023 tarixli əmrlə xitam verildikdən sonra 27 noyabr 2023-cü il tarixdə iddiaçıya 01 dekabr 2022-ci ildən 01 noyabr 2023-cü ilədək məzuniyyət haqqı üçün olan 2500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin İddiaçı tərəfindən 01 dekabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək məzuniyyət haqqı üçün olan 2500 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilmədiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmədə işin araşdırılması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə belə hesab edir ki, iddiaçının 01 dekabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək məzuniyyət haqqı üçün olan 2500 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etməsinə dair hissədə də iddia tələbi rədd edilməlidir. İddiaçının iddia tələbinin işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı olan 5000 manat məbləğində pulun Cavabdeh tərəfindən ona ödənilməsini tələb etməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Məhkəmə belə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasına əmək müqaviləsi 01 dekabr 2022-ci il tarixdə bağlanmış və həmin əmək müqaviləsinə 30 oktyabr 2023-cü il tarixdə xitam verilmişdir. Qeyd edilənlərdən də görünür ki, iddiaçının bir ilədək əmək stajı olduğundan və onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edildiyindən, ona orta aylıq əmək haqqı miqdarında, yəni 2500 (iki min beş yüz) manat məbləğində işdənçıxarma müavinəti ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli, 9/1908 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "Nəxşicahan Med” MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab olaraq bir ilədək əmək stajı olduğu nəzərə alınmaqla orta aylıq əmək haqqı məbləğində yəni 2.500,00 manat (tutulmalar tutulduqdan sonra ələ çatan məbləğ) pul vəsaiti ödənilməlidir”. Qeyd edilən ekspert rəyindən də görünür ki, iddiaçıya həmin müavinət haqqı ödənilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin “a” bəndi ilə ləğv edildiyindən, ona orta aylıq əmək haqı miqdarında, yəni 2500 manat məbləğində pul vəsaiti ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 27 iyun 2025-ci il tarixdə məhkəməyə müddətin tətbiqinə dair ərizə göndərərək, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinə Əmək Məcəlləsinin 296-сi maddəsinin tələbinə əsasən 1 il iddia müddətinin tətbiq edilməli olduğunu, iddianın xx.xx.2024-cü il tarixdə qaldırıldığını nəzərə alaraq məhkəmənin iddia tələbinə yalnız xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün, yəni son 1 il müddətində baxmalı olduğunu, yuxarıda göstərilən hallara əsaslanaraq, iddia tələbi üzrə 1 il iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin vəkil və nümayəndəsinin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibətdə isə belə hesab edir ki, iddiaçının 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci il tarixə qədər olan dövr üzrə tələbləri üzrə iddia ümüumiyyətlə əsaslı olmadığından və həmin iddia tələbləri rədd edilməli olduğundan həmin tələblərə iddia müddətinin tətbiqinə zərurət yoxdur. İddiaçının iddia tələbinin 2022-ci ilin dekabrın 1-dən 01 noyabr 2023-cü ilədək məzuniyyət haqqı tələbi, işdən çıxarılmaya görə 2 aylıq müavinət tələbi və 2023-cü ilin avqust ayından 2024-cü ilin yanvar ayınadək olan dövr üçün əmək haqqı və gecikmə üçün faiz tələbinə dair hissədə isə məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan 1 illik iddia müddəti keçməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş iddiaya etiraz ərizəsində xx.xx.2023-cü il tarixdən etibarən cavabdeh müəssisənin fəaliyyəti dayandırıldığını, bu səbəbdən bütün işçilərin o cümlədən iddiaçının 2023-cü ilin yanvar ayından işə gəlmədiyini (bu fakt tərtib olunmuş tabel cədvəlləri ilə təsdiq olunur.), lakin, cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixədək aylıq əməkhaqqısının tam ödənildiyini, halbuki, boşdayanma olduğu üçün əməkhaqqının 3/2-hissəsinin ödənilməli olduğunu, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən hesablama aparıldığını, iddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il ərzində 22.729,12 manat əməkhaqqı ödənildiyinin məlum olduğunu, halbuki, 3/2 hissə ilə hesablanaraq 15.152,75 manat ödənilməli olduğunu qeyd etməsinə həmçinin cavabdehin vəkil və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən boşdayanma ilə bağlı əmrə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində xx.xx.2023-cü il tarixdən etibarən cavabdeh müəssisənin fəaliyyəti dayandırıldığını, bu səbəbdən bütün işçilərin o cümlədən iddiaçının 2023-cü ilin yanvar ayından işə gəlmədiyini qeyd etsə də həmin cavabdeh müəssisənin fəaliyyətinin dayandırılmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, boşdayanma ilə bağlı məhkəməyə əmr təqdim olunsa da həmin əmrdən iddiaçının və digər işçilərin məlumatlı olmasını, onlara bu barədə məlumat verilməsini, müəssisənin həmin dövrdə fəaliyyət göstərməməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, iddiaçı tərəfindən qeyd olunan hal təkzib edilərək işə getdikləri bildirilmiş, hətta aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 01 yanvar 2023-cü il tarixdən başlayaraq işçilərə aylıq əmək haqqı ödənilmiş, əmək müfəttişliyi tərəfindən cavabdehin məsul şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən belə müəssisədə boşdayanma elan edildiyi ilə bağlı hər hansı bir sənəd onlara da təqdim edilməmiş və nəticədə inzibati tənbeh tətbiq edilmişdir. Bütün bu hallar cavabdeh tərəfindən qeyd edilən boşdayanma ilə bağlı halın həqiqətdə mövcud olmadığını, mülki məsuliyyətdən yayınmaq üçün qeyd edilən təkzibedici hal olduğunu göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəməyə göndərdiyi etiraz ərizəsində boşdayanma halı ilə bağlı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin qeyd olunan etirazının əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60,31 (altmış manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli olduğundan məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin iddia qismən təmin edilməli olduğundan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -2023-cü ilin sentyabr ayının əmək haqqı məbləğinin 30 oktyabr 2023-cü il tarixədək qədər gecikmə faizi olan 750 (yeddi yüz əlli) manat, 2023-cü ilin oktyabr ayının əmək haqqının kəsir məbləği olan 484,65 (dörd yüz səksən dörd manat altmış beş qəpik) manat, 2023-cü ilin oktyabr ayının əmək haqqının kəsir məbləğinin 01 yanvar 2024-cü il tarixədək gecikmə faizi olan 295,85 (iki yüz doxsan beş manat səksən beş qəpik) manat və işdənçıxarma müavinəti olan 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 4030,5 (dörd min otuz manat əlli qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli; -iddia əmək kitabçasına yazılmayan iş stajının bərpasına dair hissədə, 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlədiyi 10 ay müddətində məzuniyyət haqqı olan 2083 (iki min səksən üç) manatın, 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı olan 7102.09 (yeddi min yüz iki manat doqquz qəpik) manatın, 2023-cü ilin avqust ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın, 2023-cü ilin avqust ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizi olan 1500 (bir min beş yüz) manatın, 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın, 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın 2015,35 (iki min on beş manat otuz beş qəpik) manat hissəsinin, 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixinədək gecikmə faizi olan 1500 (bir min beş yüz) manatın 1204,15 (bir min iki yüz dörd manat on beş qəpik) manat hissəsinin, 2023-cü ilin noyabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manat, 2023-cü ilin noyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixə qədər gecikmə faizi olan 750 (yeddi yüz əlli) manatın, 2023-cü ilin dekabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın, 01 dekabr 2022-ci il tarixdən 01 noyabr 2023cü il tarixədək məzuniyyət haqqı üçün olan 2500 (iki min beş yüz) manatın, işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı olan 5000 (beş min) manatın 2500 (iki min beş yüz) manat hissəsinin Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsinə dair hissədə rədd edilməli; -Cavabdeh MMC-dən 60,31 (altmış manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qismən təmin edilməli olduğundan məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia qismən təmin edilməli olduğundan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləğinin 30 oktyabr 2023-cü il tarixədək qədər gecikmə faizi olan 750 (yeddi yüz əlli) manat, 2023-cü ilin oktyabr ayının əmək haqqının kəsir məbləği olan 484,65 (dörd yüz səksən dörd manat altmış beş qəpik) manat, 2023-cü ilin oktyabr ayının əmək haqqının kəsir məbləğinin 01 yanvar 2024-cü il tarixidək gecikmə faizi olan 295,85 (iki yüz doxsan beş manat səksən beş qəpik) manat və işdənçıxarma müavinəti olan 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 4030,5 (dörd min otuz manat əlli qəpik) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. İddia əmək kitabçasına yazılmayan iş stajının bərpasına dair hissədə, 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlədiyi 10 ay müddətində məzuniyyət haqqı olan 2083 (iki min səksən üç) manatın, 2022-ci ilin fevral ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı olan 7102.09 (yeddi min yüz iki manat doqquz qəpik) manatın, 2023-cü ilin avqust ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın, 2023-cü ilin avqust ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizi olan 1500 (bir min beş yüz) manatın, 2023-cü ilin sentyabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın, 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın 2015,35 (iki min on beş manat otuz beş qəpik) manat hissəsinin, 2023-cü ilin oktyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixinədək gecikmə faizi olan 1500 (bir min beş yüz) manatın 1204,15 (bir min iki yüz dörd manat on beş qəpik) manat hissəsinin, 2023-cü ilin noyabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manat, 2023-cü ilin noyabr ayının əmək haqqı məbləğinin 01 yanvar 2024-cü il tarixə qədər gecikmə faizi olan 750 (yeddi yüz əlli) manatın, 2023-cü ilin dekabr ayının əmək haqqı məbləği olan 2500 (iki min beş yüz) manatın, 01 dekabr 2022-ci il tarixdən 01 noyabr 2023cü il tarixədək məzuniyyət haqqı üçün olan 2500 (iki min beş yüz) manatın, işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı olan 5000 (beş min) manatın 2500 (iki min beş yüz) manat hissəsinin Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsinə dair hissədə rədd edilsin. Cavabdeh MMC-dən 60,31 (altmış manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qismən təmin edildiyindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qismən təmin edildiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar