Məhkəmə qərarları › İş №2(078)-1455/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1455/2021

24.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1455/2021 24.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən e t d i m: Ərizəçi məhkəməyə müraciət edərək, Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş Naxçıvan şəhəri 59-cu məhəllə 34 nömrəli ünvanda yerləşən torpaq sahəsinin plan cizgisində göstərilən torpaq sahəsinin Ərizəçi tərəfindən 20.12.1993-cü il tarixdə qanuni əsaslarla əldə edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçi ərizəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 09 oktyabr 2021-ci il tarixli məktubunda Naxçıvan Şəhər XDM İK-nin 20.12.1993-cü il tarixli qərarından çıxarışın təqdim ediləcəyi təqdirdə müvafiq müraciətinə qanuna müvafiq baxılacağının göstərildiyini, müvafiq arayışın qərarın əldə olunması üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə müraciət edildiyini, cavab olaraq Naxçıvan şəhər XDM İK-nin 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarı ilə vətəndaşlara verilmiş torpaq sahələrinin siyahısında Ərizəçi adına rast gəlinmədiyinin göstərildiyini, Naxçıvan şəhər XDM İK-si tərəfindən verilmiş sənəddə 59-cu məhəllə 34 nömrəli torpaq sahəsinin Naxçıvan şəhər XDM İK-nin 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarı ilə Ərizəçi verilməsinə eləcə də torpaq sahəsinin plan çizgisinə Naxçıvan şəhər XDM İK-nin vəzifəli şəxsləri – sədr müavini Ə.Hüseynov və baş memar Q.Cəfərov tərəfindən imzalı təsdiqinə dair müvafiq qeydiyyat aparılsa da bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiklərini qeyd etmişdir. Ərizəyə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 10 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan şəhər XDM İK-nin 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarı ilə vətəndaşlara verilmiş torpaq sahələrinin siyahısında Ərizəçi adına rast gəlinmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə, qanunvericiliyin qeyd olunan normalarını və Ali Məhkəmənin Plenumunun qərarını nəzərə alaraq hesab edir ki, Naxçıvan şəhər XDM İK-nin 20 dekabr 1993-cü il tarixli, 517 nömrəli qərarı ilə torpaq sahələri verilmiş vətəndaşların adlarının siyahısında ərizəçinin adının olmaması verilmiş arxiv arayışı ilə öz təsdiqini tapdığından, qeyd edilən qərarın başqa qaydada əldə edilə bilməməsini əks etdirən hal mövcud olmadığından onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində qeyd olunur ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 dekabr 2021-ci il tarixli, 973 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan yolverilməzliyə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 dekabr 2021-ci il tarixli, 973 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar