Məhkəmə qərarları › İş №2(078)-1506/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1506/2023

01.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1506/2023 01.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən (təsdiq) olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası ərizəçinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin nümayəndəsi qismində izahat verən Nümayəndə ərizəni müdafiə edərək, 05 sentyabr 2023-cü il tarixdə ərizə ilə Naxçıvan “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək ərizəçinin mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair ona Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etdiklərini, lakin Notariat Ofisinin 05 sentyabr 2023-cü il tarixli, 495 nömrəli məktubla bununla bağlı məhkəməyə müraciət etməli olduqlarını bildirdiyini, miras qoyan X4 28 iyul 2016-cı ildə vəfat etdiyini, ərizəçinin mərhum anası X4 yeganə vərəsəsinin ərizəçi olduğunu, anası rəhmətə getdikdən sonra ona məxsus evdə ərizəçinin yaşadığını və miras əmlakı faktiki olaraq qəbul etdiyini, ərizəçi ilə qardaş olduğunu, X1 onun xalası olduğunu, xalasının övladı olmadığından qardaşı Ərizəçi övladlığa götürdüyünü, bu səbəbdən Ərizəçi yeganə vərəsə olduğunu, miras əmlakda yaşamaqla qəbul etdiyini göstərərək, mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən (təsdiq) olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.74 kv.m, torpaq sahəsinin ölçüsü 0.0942 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/54 nömrəli reyestr kitabının 10646 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********58-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). AZ-İ seriyalı, 701078 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X5 28 iyul 2016-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 248 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 1132 nömrəli arayışa əsasən, X4 aşağıdakı vərəsələri vardır:

1. Ərizəçi oğlu 1980-ci il təvəllüdlü. Naxçıvan “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 05 sentyabr 2023-cü il tarixli, 495/2023 nömrəli məktubuna əsasən, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatına, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin nümayəndəsinin məhkəməyə verdiyi izahatı, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, ərizəçinin anası X5 28 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Ərizəçi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.74 kv.m, torpaq sahəsinin ölçüsü 0.0942 ha olan fərdi yaşayış evini sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Naxçıvan “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 05 sentyabr 2023-cü il tarixli, 495/2023 nömrəli məktubuna əsasən, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.74 kv.m, torpaq sahəsinin ölçüsü 0.0942 ha olan fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından, həmin miras əmlakın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. İzahata iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.74 kv.m, torpaq sahəsinin ölçüsü 0.0942 ha olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122.74 kv.m, torpaq sahəsinin ölçüsü 0.0942 ha olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar