Məhkəmə qərarları › İş №2(078)-1526/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1526/2023

28.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1526/2023 28.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh “X6 Zavodu” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “X6 Zavodu” MMC-yə qarşı ödənilməyən məzuniyyət pulunun, sonuncu iş günü üçün əmək haqqının və qalıq məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “X6 Zavodu” MMC-yə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixədək X4 Sənaye Kompleksi MMC-də (indiki X6 Zavodu) fəhlə kimi işləyərkən ona ödənilməmiş məzuniyyət pulunun, X6 Zavodundan 2023-cü ildə işdən çıxarılarkən axırıncı iş günü yəni 23 iyun 2023-cü il tarix üçün 794 manat əmək haqqının ödənilməsi, həmçinin 2018-ci ildən 2023-cü ilə qədər hesablanan məzuniyyət pulu qalıq 22 gün üçün məzuniyyət pulunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən mülki iş ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. 28 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə tərəflər mülki işin aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməsinə etirazları olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh “X6 Zavodu” MMC-nin hüquqi ünvanı Babək rayon, Araz kəndidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “X6 Zavodu” MMC-yə qarşı ödənilməyən məzuniyyət pulunun, sonuncu iş günü üçün əmək haqqının və qalıq məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün cavabdeh “X6 Zavodu” MMC-nin hüquqi ünvanı üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44 ,45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdeh “X6 Zavodu” MMC-yə qarşı ödənilməyən məzuniyyət pulunun, sonuncu iş günü üçün əmək haqqının və qalıq məzuniyyət pulunun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar