Məhkəmə qərarları › İş №2(078)-1568/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1568/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1568/2023 19.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktnın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalan Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı ilə Naxçıvan şəhər Qaraçuq kəndində yerləşən 0.12 hektar torpaq sahəsi atası X5 mülkiyyətinə verilmişdir. X9 16 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Atasından Naxçıvan şəhər Qaraçuq kəndində yerləşən torpaq sahəsi miras olaraq qalmışdır. Həmin mülkiyyətə o sahiblik edir. Bibiləri ona deyib ki, “atanın torpağıdır, sən balaca olduğun üçün gözləyirdik böyüyəsən sahib çıxasan”. Miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçi sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən maraqlı şəxs X7 verdiyi izahatında bildirmişdir ki, ərizəçi onun oğludur. Torpaq sahəsi mərhum həyat yoldaşı X5 mülkiyyətinə verilmişdir. X14 16 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat edən zaman oğlu balaca olub. O vaxtlar torpağın sənədləşdirilməsini heç düşünməmişdir. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. 1989-1990-cı illərdə hər kəsə ailə üzvlərinə görə pay torpaqları verirdilər. Həmin dövrdə o subay idi. İşlədiyi üçün onu da kənd sovetinə çağırıb adına torpaq veriblər. O da qardaşının adına torpaq alıb. Qardaşı o zamanlar içki aludəçisi idi. Əlinə keçən pulu içkiyə verirdi. Hətta onu bir neçə dəfə özü müalicə elətdirib. Torpağı dəyər-dəyməzinə satıb içkiyə verəcəyini düşündüyü üçün adına torpaq olduğunu Əkrəmə bildirməyib. Qardaşının arvadı Çiçəklə oğlu Məhərrrəm kənddə yaşamaq istəmədilər. Şəhərə gəlib Çiçəyin qohumunun evində yaşadılar. Keçən günlərdə o, Məhərrəmə deyib ki, “atanın torpağı var sən də atanın övladısan get torpağı adına sənədləşdir”. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Həmin torpaqlar hamıya verilirdi. Ərizəçinin də atasının adına torpaq var idi. O ərazilərdə o qədər torpaq sahələri sahibsiz qalıb ki, sahiblərinin kim olduğu bilinmir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, maraqlı şəxsin, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1986-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 ilə X7 arasında həmin tarixdə nikah bağlamış və bu barədə 55 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X9, anası Maraqlı şəxsdır. İş materiallarında olan Babək rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 xx.xx.2005-ci ildə baş beyin xərçəngi diaqnozu ilə Babək rayon Bulqan kəndində vəfat etmiş, bu barədə xx.xx.2005-ci il tarixdə 24 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1925 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Bulqan kəndində yaşamış mərhum X5 müəyyən edilən vərəsələri aşağıdaklardır:

1. X7-həyat yoldaşı-1960;

2. Ərizəçi-oğlu-1990. Mülki işin materiallarında olan JN-885A KOD 10304005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən məlum olur ki, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı əsasında Babək rayon Qaraçuq kəndində X5 adına mülkiyyət hüququ ilə 0.12 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1407 nömrəli arayışından aydın olur ki, Əliyev X4 şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2023cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 670/2023 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X5 vəfatından sonra ondan qalmış Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. Bu hal ərizəçinin izahatı ilə yanaşı, maraqlı şəxs və şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi atasının vəfatından sonra həmin torpaq sahəsinin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalan Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. X1 qalan Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar