Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-159/2021 19.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, X2nın, iddiaçının vəkili Vəkil və Cavabdeh Muxtar oğlunun iştirakı ilə X2nın Cavabdeh Muxtar oğluna qarşı yaşayış və istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : X1 Zakir Muxtar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən Cavabdeh Muxtar oğlunun yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-də yerləşən mənzilə xx xxxxx 2014-cü il tarixdən tam mülkiyyət hüququ əldə etdiyini, hələ mərhum həyat yoldaşı Muxtarın sağlığında, yəni 2012-ci il tarixdə mərhum həyat yoldaşının oğlu Cavabdeh Muxtar oğlu ilə X11 evləndirdiklərini, Zakirin təxminən yeddi ay onlarla birlikdə yaşadığını, bundan sonra ailəsi ilə birlikdə həyat yoldaşı Fatma Vəliyevanın adına qeydiyyata alınmış ünvan 2 ünvanında yaşadığını, Cavabdeh 2012-ci il tarixdən onun mülkiyyətində olan ünvan 1-də yerləşən mənzildən çıxmaqla özünə başqa yaşayış yeri seçdiyini, həmin tarixdən Cavabdeh həmin mənzildə yaşamadığını, Cavabdeh təxminən yeddi ildir ki həmin mənzildə yaşamadığından mənzildən yaşayış və istifadə hüququnu itirdiyini, bunları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən Cavabdeh Muxtar oğlunun yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən X5 iddianı müdafiə edərək,1985-ci ildə X13 ilə evləndiklərini, Nizami küçəsində yerləşən hazırki evin Muxtarın adına olduğunu, 2012-ci ildə Muxtar öləndən sonra vərəsəlik yolu ilə, vərəsələrin razılığı ilə evi onun adına keçirdiklərini, hal-hazırda o evdə onunla birlikdə oğulluğu Mahmud, onun yoldaşı Lətafət və övladları Muxtarın yaşadıqlarını, Muxtarın digər övladları Səmayə və Ələddinin ailə qurub qeydiyyatdan çıxıb özlərinə məxsus evlərində yaşadıqlarını, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı 2014-cü ildə aldığını, evin onun adına isə 2012-ci ildə keçdiyini, cavabdehin sakin olaraq həmin mənzildə qeydiyyatda olması səbəbindən komunal xidmətlərə əlavə xərc çəkdiyini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdikləri xüsusatları bildirərək, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh Muxtar oğlu iddianı qəbul etməyərək, 2011-ci ildə ailə həyatı qurduğunu, yoldaşının adına 2016-cı ildə rəsmiləşdirilmiş ev olduğunu, İ.Ələkbərov küçəsindəki evin yoldaşının anası tərəfindən bağışlama müqaviləsi yolu ilə həyat yoldaşına hədiyyə edildiyini, lakin hal-hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olduğunu, bu evdən qeydiyyatdan çıxmaq üçün öz şərtinin olduğunu, ona 13000 manat kompensasiya ödənilməsi yolu ilə həmin tələblə razılaşa biləcəyini, 2012-ci ildən həmin evdən sıxlıq olduğundan məcburiyyət qarşısında qalıb yoldaşı ilə birlikdə kirayə evə çıxdığını, o evdə çox insanın yaşadığını, yoldaşının da həmin zaman hamilə olduğunu, anasının 1984-cü ildə rəhmətə getdiyini, atası ilə anası evli olanda, yəni valideynlərinin birgə nikah dövründə həmin evin alındığını, özünün o evdə doğulduğunu, böyüdüyünü, evin satılıb vərəsələr arasında bərabər bölünməsi barədə razılığa gəldiklərini, lakin ev iddiaçının tam mülkiyyətində olduğuna görə onun vərəsələrə pay vermədiyini, bundan imtina etdiyini, həmin ebdə qardaşı Mahmudun yaşadığını, onun evin satılacağını bildirdiyini, lakin satılmadığını, iddiaçının həmin evdə yaşamağına etiraz etmədiklərini, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: nikah haqqında çıxarışa əsasən, X14 ilə X7 arasında xx xxxxxx 1957-ci il tarixdə nikah bağlanmışdır. AZ-İ seriyalı, 604643 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X6 arasında xx xxx 2011-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2021-ci il tarixli 13/132 nömrəli arxiv çıxarışından görünür ki, X8 Nizami küçəsi 40, dalan 1, mərtəbə İİİ 29.5 kvm 6 nəfər ailə üzvü olmaqla mənzil verilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 475 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli məktuba əsasən, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2016-cı il tarixdə X9 adına Naxçıvan şəhər 3-cü DNK-nın xx xxxxxx 2016-cı il tarixli, 4ə-18 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında 640 m2 torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113.87 m2 olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Cavabdeh Muxtar oğlunun adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, Nizami küçəsində istifadədə olan 0.072 torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində 40.79 kv.m ümumi, 26.79 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 12/13 nömrəli reyestr kitabının 2534 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********70-05101-093028, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014). Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh Muxtar oğlunun yaşayış və istifadə hüququnun itirilməsi müəyyən olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən onun mübahisəli mənzilə ehtiyacının olmasına və iddiaçının onun mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı və onun daimi olaraq başqa ünvanda mənzildə yaşadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzildən yaşayış və istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarının 1 və 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə istifadə hüququnun itirilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh Muxtar oğlunun yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. X5 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu özünə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-159/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-159/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver