Məhkəmə qərarları › İş №2(078)-16/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-16/2025

27.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-16/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət, maddi ziyan və son haqq-hesabın ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı 2017-ci ilin yanvar ayından hesablanaraq məzuniyyət haqlarının ödənilməsi, iddiaçıya 2017-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası, 2023-cü ilin avqust ayının 1-dən etibarən 2024-cü ilin yanvar ayınadək olan ödənilməmiş aylıq əmək haqqı, əmək haqqının hər gecikmə gününə görə əlavə faizlərin və son haqq hesablarının cəmi 12.000 (on iki min) manat məbləğində pulun qanunvericiliyə müvafiq qaydada ödənilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyinin və işçi kimi iddiaçının hüquqlarının pozulması nəticəsində iddiaçıya dəymiş 10.000 (on min) manat məbləğində maddi ziyanın ödənilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən 2015-ci ilin noyabr ayından 2023-cü ilədək olan dövrdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı 2017-ci il yanvar ayında şirkətdə işləməyə dəvət olunmuş və cavabdeh cəmiyyətlə iddiaçı arasında əmək müqaviləsi bağlanılmadan təmir ustası vəzifəsinə işə qəbul edilmişdir. Sonradan uzun müddət keçdikdən sonra işçi ilə xx.xx.2022-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən işçiyə hər ay 884 manat məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixində bank hesabı açılmışdır. Belə ki, işçi ilə müəssisə arasında əmək münasibətləri 2022-ci ildə əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş, lakin 2017-ci il - 2022-ci illər ərzində isə sözügedən işçi ilə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Cavabdeh "xxxx" MMC şirkəti tərəfindən iddiaçıya 2017-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməmişdir. İddiaçıya cavabdeh təşkilat tərəfindən 2017-ci ilin yanvar ayından məzuniyyət pulu ödənilməmiş və 2023-cü ilin avqust ayının 1-dən etibarən ona əmək haqqı ödənilmir. İddiaçı işlədiyi cəmiyyətdən əmək haqqını tələb etdiyi üçün cavabdeh tərəfindən ona 2022-ci ildə bağlanmış əmək müqavilələrinə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən çıxarılarkən ona yuxarıda qeyd olunan aylar ərzində əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabları ödənilməmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətlərindən 21 sentyabr 2023-cü il və 22 sentyabr 2023-cü il tarixinə kollektiv müraciətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayət etmişdir. X2 Xidməti tərəfindən kollektiv müraciət şikayəti araşdırılaraq (Cəmiyyətə xx.xx.2023-cü il tarixli məktubla sorğu göndərilsə də, hər hansı sənəd təqdim edilməmişdir) cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada inzibati cərimə tənbeh tətbiq edilmiş müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı uzun müddətdir ki, işsizdir. Cavabdeh ilə yaranmış acınacaqlı vəziyyətlə bağlı dəfələrlə əlaqə yaradılsa da hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı, məzuniyyət, sığorta, əmək haqqının hər gecikmə gününə görə qanunvericiliyə uyğun olaraq əlavə faizlərin və son haqqhesabını ödəməkdən boyun qaçırır. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən işdən azad olunma barədə heç bir bildiriş göndərilməmiş, işdən azad olunacaqları barədə "Əmək müqaviləsinə xitam verilməsi" barədə iddiaçı əmrlə tanış olmamış və ona Əmək qanunvericliyilə nəzərdə tutulmuş (əmək kitabçası, işdən çıxma əmri) heç bir sənəd təqdim olunmamışdır. İddiaçı əmək müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmələri, (2022-ci ildə əmək haqqı kartı açılıb, lakin bank çıxarışlarından və yazılı izahatlarda sentyabr ayının əmək haqqısı da ödənilməmişdir) Azərbaycan Respublikası CMin 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olması müəyyən olunur. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının 2017-ci ilin yanvar ayından hesablanaraq məzuniyyət haqlarının ödənilməsi, 2023-cü ilin avqust ayının 1-dən etibarən 2024-cü ilin yanvar ayınadək olan ödənilməmiş aylıq əmək haqları və son haqq hesabları ödənilməlidir. Əmək kitabçasına yazılmayan iş stajı bərpa olunmalıdır. İddiaçıya 2017-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan Məcburi Dövlət Sığorta haqqı ödənilməlidir. İddiaçı 06 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə Cavabdeh MMC tərəfindən ona 2017-ci ilin yanvar ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlənilən 71 ay müddətində məzuniyyət haqqı 4656 manat 42 qəpik, 2017-ci ilin yanvar ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı 15691 manat və aylar üzrə avqust ayının əmək haqqı məbləği olan 787 manat pulun, avqust ayının əmək haqqı məbləğinin 30 oktyabra qədər gecikmə faizinin məbləği 472 manat 02 qəpik, sentyabr əmək haqqı məbləği olan 787 manat, sentyabr əmək haqqı məbləği 30 oktyabra qədər gecikmə faizi olan məbləğ 236 manat 10 qəpik, oktyabr ayında ödənilməli olan məbləğdən 1271 manat 33 qəpik ödəniş etmişlər və oktyabr əmək haqqı məbləği olan 787 manat, oktyabr əmək haqqı məbləği 01 yanvar ayınadək gecikmə faizi olan məbləğ 472,2 manat, noyabr əmək haqqı məbləği olan 787 manat, noyabr əmək haqqı 01 yanvara qədər gecikmə faizi olan məbləğ 236 manat 10 qəpik, dekabr əmək haqqı 787 manat pulun, yəni ümumilikdə 01 avqust 2023-cü ildən 2024-cü ilin yanvar ayınadək ödənilməmiş aylıq əmək haqqı məbləği olan 4080 manat 27 qəpik pulun, əmək müqaviləsinə əsasən 01 dekabr 2022-ci ildən 01 noyabr 2023-cü ilədək məzuniyyət haqqı üçün olan məbləğ 787 manat, işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı 1574 manat olmaqla, ümumi 26 788 manat 69 qəpik (iyirmi altı min yeddi yüz səksən səkkiz manat altmış doqquz qəpik) məbləğin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-566/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə iddiaçının əmək kitabçasına yazılmayan iş stajının bərpası, Cavabdeh MMC tərəfindən 2017-ci ilin yanvar ayından 01 dekabr 2022-ci ilə qədər əmək müqaviləsiz işlənilən 71 ay müddətində məzuniyyət haqqı 4656.42 (dörd min altı yüz əlli altı manat qırx iki qəpik) manat, 2017-ci ilin yanvar ayından 01 dekabr 2022-ci ilədək rəsmi əmək müqaviləsindən yayınmaya görə yığılan məcburi dövlət sığorta haqqı 15691 (on beş min altı yüz doxsan bir) manat, 01 avqust 2023-cü ildən 2024-cü ilin yanvar ayınadək ödənilməmiş aylıq əmək haqqı məbləği olan 4080.27 (dörd min səksən manat iyirmi yeddi qəpik) manat, əmək müqaviləsinə əsasən 01 dekabr 2022-ci ildən 01 noyabr 2023-cü ilədək məzuniyyət haqqı üçün olan məbləğ 787 (yeddi yüz səksən yeddi) manat, işdən çıxarılmaya görə 2 aylıq müavinət haqqı olan 1574 (min beş yüz yetmiş dörd) manat pulun, ümumilikdə 26 788.69 (iyirmi altı min yeddi yüz səksən səkkiz manat altmış doqquz qəpik) manat pulun iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə 27 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəmə baxış iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 14 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə cavabdehlə aralarında razılıq əldə olunduğunu, cavabdeh təşkilat tərəfindən 1500 manat pulun ona ödənildiyini, bu səbəbdən də iş üzrə iddiasından imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməyən əmək haqqı, məzuniyyət, maddi ziyan və son haqq-hesabın ödənilməsi, əmək kitabçasına yazılmayan iş stajının bərpası və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi İddiaçı, 75 (yetmiş beş) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar