Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-169/2024 11.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilat Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X1 və Naxçıvan şəhəri 12 saylı tam orta məktəbin direktoru X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı, əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli 96 nömrəli əmrinin ləğv edilərək işə bərpa olunaraq çalışma müddətinin uzadılması və ödənilməmiş dövrlər üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı 22 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə digər cavabdehin prosesə cəlb olunması barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin əmri ilə yanaşı Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin əmri olduğundan həmin məktəbin də cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinin mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilməsinə qərar verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi uzun illər fəaliyyət göstərib. Məktəbdə fənn müəllimliyindən əlavə olaraq, sinif rəhbərliyi vəzifəsinin icrası zamanı, dörd fərqli sinfə, hər birinə yeddi il olmaqla rəhbərlik edib. Onlardan 2005-2008-ci illərin məzunlarından 17 şagirddən 16-sı yüksək qəbul nəticəsi, Xİ-C sinfinin buraxılış nəticəsinə görə isə 18 şagirddən 16-sı, 2012-2019-cu illərdən 22 şagirddən 20-si müxtəlif universitetlərə qəbul olmuşdur. Bu gün dərs dediyi şagirdlərinin çoxu Hüquq fakültəsinin məzunları və tələbələridirlər. Dəfələrlə Naxçıvan MR Tarix Muzeyində, Xan Sarayında, Xatirə muzeyində açıq dərslər keçirib. 30 il Birinci Qarabağ müharibəsi haqqında ildə bir neçə dəfə müsahibələr verib. Dərs dediyi hər sinif 90%dən yüksək qəbul nəticəsi göstərib. İlk təcrübəsi olan sinfin şagirdlərinin 9 nəfəri digərlərinə nisbətən daha yüksək nəticə göstərərək tibb təhsili üzrə müvafiq ixtisaslara qəbul olmuşdur. Sonuncu buraxılış verdiyi sinifdən iki qızıl, bir gümüş medala layiq görülən şagirdləri olub. Həmçinin, 30 il müddətində fənn birləşməsinin sədri olub, çoxsaylı şəhid ailələri ilə şagirdlərilə birgə görüşüb və İkinci Qarabağ müharibəsi başladığı gündən dərs ilinin sonuna qədər elektron lövhə vasitəsilə gündəlik cəbhə fəaliyyətini işıqlandırıb. İkinci Qarabağ müharibəsinin ildönümü münasibətilə Xatirə muzeyində televiziyanın çəkilişi ilə açıq dərs keçirib. Həmin vaxt yanında heç bir ixtisas yoldaşı olmayıb. Məktəbin həyətində keçirilən İkinci Qarabağ müharibəsinin ildönümündə çıxış edib, yenə də yanında heç bir ixtisas yoldaşını görməyib. Keçən dərs ilində məktəbin iki tarix müəllimindən biri iş yerini dəyişib, digəri isə dünyasını dəyişmişdir. Məktəbdə tarix dərslərində boşluq yaranıb. Hər kəsin kifayət qədər dərsi olmasına baxmayaraq, 2023-cü ilin sentyabr ayının əvvəlindən dərslər müəllimlər arasında bölüşdürülmüşdür, lakin həmin dərslərdən ona bir saat belə verilməmişdir. Bu ümumilikdə 30 saat dərs deməkdir. 30 saat dərsi vakansiyaya çıxartmadıqları halda, bu gün onu yaşı ilə bağlı işdən azad ediblər. Həmçinin, dərs hissə müdiri tərəfindən əsassız olaraq 2023-2024-cü il tədris ili üçün nəzərdə tutulmuş dərs cədvəli üzrə dərs saatlarının ona təqdim olunmasından imtina edilmişdir. Onun 65 yaşı 16 sentyabr 2023-cü ildə tamam olmasına baxmayaraq, bu il ona şifahi olaraq çatdırıldı ki, onun yerinə vakant yer çıxarılıb. Qanunvericiliyə əsasən əmək fəaliyyətində 1 il iş stajının olması üçün təqvimlə bir il bir gün həmin müəllim işdə olmuş olmalıdır ki, ona 1 il iş stajı sayılsın. Bu belə olduğu təqdirdə, necə olur ki, onun 65 yaşım tamam olandan bir gün keçməmiş, yəni 17 sentyabr 2023-cü il təqvim ili üzrə çatmamış onun yeri ilə bağlı vakant yer verilir. Onun yüksək pedoqoji əmək fəaliyyətinə məhəl qoyulmamış və Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixli 96 nömrəli əmrlə əmək müqaviləsinə yaş həddinə görə xitam verilib. O, ailə başçısıdır. Öhdəliyində iki işsiz övladı var. Qanunun tələbinə uyğun olaraq məktəb direktoru ilə müqavilə əsasında əmək fəaliyyətini davam etdirə bilər. Lakin bu hüququnu həyata keçirə bilmədiyi üçün ərizə ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan şəhər Təhsil şöbəsinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələri elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin şərtləri gözlənilməklə müəssisə rəhbəri tərəfindən cari tədris ilinin sonuna kimi uzadıla bilər. Əmək fəaliyyəti dövründə qazandı uğurlar həmin tələb və meyarlara cavab vermədiyindən 2023-2024-cü tədris ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrində 65 yaşlı müəllimlərin təhlili aparılan zaman Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə tarix fənni üzrə vakansiya müəyyənləşdirilmiş və gənc pedaqoji kadrların işlə təmin edilməsi üçün müsabiqəsə çıxarılmışdır. Çalışmanın yaş həddinə 16 sentyabr 2023-cü il tarixdə çatdığından məktəbin direktoru Tahirə Qasımova tərəfindən əmək müqaviləsinə 18 sentyabr 2023-cü il tarixli 318 nömrəli əmrlə xitam verilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, hazırda 12 nömrəli tam orta məktəbdə tarix fənni üzrə 81 saat dərs yükü vardır və həmin dərs saatları 5 ixtisaslı müəllim tərəfindən tədris olunur. Müəllimlərin orta dərs yükü 16 saatdır. Məktəbdə mövcud olan dərs yükü əlavə ixtisaslı kadra ehtiyac yaratmadığından, həmçinin çalışma müddətinin uzadılması ilə bağlı tələb və meyarlara əsasən onun əmək müqaviləsinin müddətinin uzadılması imkan xaricindədir. Lakin o, qeyd olunanlarla razı deyil, çünki uzun illərdir ki, yüksək pedoqoji fəaliyyətinin olmasını, peşəkar müəllim kariyerasının olmasını və hazırda maddi vəziyyətinin çox pis olmasını nəzərə alaraq müəllim kimi fəaliyyətinə şərait yaradılması zərurəti vardır. Yuxarıda qeyd etdiyi uğurların Azərbaycan Respublikası orta ümumtəhsil müəssisələrində analoqu yoxdur, bu hal isə yetəri qədər tələb və meyarlara cavab verə bilən göstəricidir. Onun müəllim kimi təhsil sahəsində uzunmüddətli xidmətləri olmuşdur və onun müəllim kimi işləməyinə maddi ehtiyacı vardır. Məktəbdə 81 saat dərs yükü yox, 99 saat dərs yükü mövcuddur. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə yazılı müraciəti əsasında onların verdiyi cavab məktubunda qeyd olunur ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilində məktəb üzrə 5 tarix müəllimi fəaliyyət göstərir və 81 saat tarix dərsi, 8 saat dərsdənkənar, 6 saat dərnək olmaqla ümumilikdə 95 saat dərs yükü mövcuddur. Vakansiyanın, məktəbdən gedən müəllimin, dünyasını dəyişən müəllimin yerində isə 2 dəfə imtahandan keçə bilməyən, bu günə kimi bədən tərbiyə və musiqi fənnini tədris edən müəllimin yerləşdirilməsi qanunsuz və əsassızdır. Özünün bütövlükdə 48 illik fasiləsiz olaraq əmək fəaliyyəti mövcuddur. Bu əmək fəaliyyətinin 37 ilini Naxçıvan şəhər A.Cəlilov adına 12№li tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. Lakin bu illəri nəzərə alınmadan heç bir sözünə məhəl qoymurlar. Tədris etdiyi fənn tarix olduğu üçün, həmçinin yaşının qazandırmış olduğu təcrübə bilavasitə həyatdan, praktiki fəaliyyətdən əldə edilən vərdişlərin məcmusu kimi çox əhəmiyyətlidir. Özü qazi övladıdır. Atası müharibə tarixində baş vermiş ən genişmiqyaslı və ən qanlı döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşündə vuruşmuşdur. Cavabdehlə aralarındakı mübahisəyə son qoyulması üçün ilkin mediasiya sessiyasında iştirak etsə də, tələbi öz həllini tapmadığından məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ildə yaşı 61 yaş 6 ay olan müəllimlərin imtahan verməsi məcburi olmadığı üçün o imtahanda iştirak etməmişdir. Həmin vaxt həmçinin xəstə olmuşdur. Orada müəllimlərə şişirdilmə ballar verildi. Təkcə məktəbin müəllimləri olan Əsgər müəllimlə, Xanımzər müəllimin balı düzgün hesablandı. Sentyabr ayında Tahirə müəllimə ona 113 saat tarix dərsi olduğunu deyib. İndi isə deyir ki, 95 saatdır. Demək ki, düzgün danışmayıbdır. O, tarix fakultəsinə qəbul olmamışdan qabaq tikiş-dərzilik kursunu bitirib. Hazırda məktəbdə texniki fənn dərsini bir müəllim tədris edir, 23 saat dərs vardır. Onun diplomu olmasa da kurs bitirib, bu gün 12 nömrəli məktəbdə diplomu olmayıb da dərs deyən müəllimlər vardır. Nə qədər müəllim hazırda sertifikatla dərs deyir. Gülxanım müəllimin qəbuluna 14 sentyabrda gedəndə ona bildirdi ki, “müəllimə, siz əziyyət çəkib 1 günlük dərsə getməyin, siz onsuz da azad olunacaqsız”. Lakin bu gün Gülxanım müəllim, bunları etiraf etmir. Əlavə olaraq bildirdi ki, “sizə görə mənim qohumum Xanımzər müəllimə neçə illərdir az dərs yükü daşıyır”. Bu gün dərs saatları belə məktəbdə toplanılan bala uyğun hesablanmayıbdır. Çünki neçə ola bilər ki, Əsgər müəllim 12 saat, Əli müəllim 16 saat, vakansiya yerinə gələn şəxs 12 saat dərs dedikləri halda qalan bütün dərs iki müəllim arasında bölünmüşdür və ona dərs verilməmişdir. 15 sentyabrda ona dərs yükünü elan etməyiblər. 6 saat dərs keçib və onun pulunu alıb. Onun yaşı tamamdır deyə müqavilə müddətini uzatmadıqları halda oktyabr ayının 25-də 65 yaşı tamam olan müəllim yoldaşının müddəti uzadılıbdır. Nəyə görə? O bu xalqın ögey övladıdır?. Halbuki həmin müəllimənin dərs deməyə belə maddi ehtiyacı yoxdur, hər cür maddi imkanı vardır. Onun isə 5000 manatdan artıq borcu vardır. Uşaqları qırmızı diplomla universitet bitiriblər. Bu gün hər imtahan üçün pul keçirtmək lazımdır. Qazı, işıq, suyu kəsilibdir. 100 manat hər birinə pul düşür. Necə dolana bilər? O xahiş etmişdir ki, ən azı bir il onun işləmə müddəti uzadılsın. Lakin ona imtina cavabı verdilər. 34 bal toplayan müəllim 37 balı məktəbə bildiribdir. 20 saat dərs yükü yazılan müəllim özü 26 saat dərs dediyini ona bildiribdir. Ona bütün məktəb rəhbərliyi tərəfindən sui-qəsd hazırladılar. Planlaşdırıb onunla müqaviləni uzatmadılar. 372 manat pensiya alır, həyat yoldaşı pensiyaçı olsa da nə qədər pensiya aldığını bilmir, xəstə bacısını saxlayır. Övladlarının birinin 32, birinin 30 yaşı vardır. Övladı Bakıda iş tapsa da əmək haqqı az olduğu üçün qayıdıb Naxçıvana gəldi. Maddi vəziyyəti pisdir. Məzuniyyət pulunu ancaq səlahiyyətli dövlət orqanlarına məktub, teleqram yazmağa xərcləyibdir. O heç vaxt 24 saat dərs iddiasında olmayıbdır. Çünki dərs bölgüsündən məlumatlıdır. O keçən ilin aprel ayından adının vakansiyaya çıxarılacağı barədə məlumat öyrəndikdən sonra vəkilə müraciət etmişdir. Vəkil də ona bildirmişdir ki, məktəb rəhbəri tərəfindən rəy verilməlidir. O rəyi hazırlasa da məktəb direktoru həmin rəyə imza etməmişdir. Nəyə görə 35 bal toplayan şəxsə 29 saat, 34 bal toplayan şəxsə 26 saat dərs verilməlidir ki, bu gün zərurət yoxdur deyib onun müddətin uzatmamalı idilər? O dərs ilinin əvvəlində ona ayrılan 6 saatı tələb edir. O heç vaxt Gülxanım müəllimə 24 saat dərs iddiasında olduğun bildirməyibdir. O bilir ki, hansı sinif buraxılıb hansı sinifə qayıdacaq və qayıtdığı sinifdə tarix fənni neçə saatdır. Bir müəllim ömrü ona yazılıbdır, müəllimlər müəllimi adına layiq görülübdür. Ondan asılı olmayan səbəbdən ona medal verilməmişdir. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iş üzrə cavabdeh təşkilat Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X4 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, tədris planına əsasən hansı fənnlər neçə saatdırsa onların hamısı dəqiqliklə göstərilir. Əmrlər kitabında da dərs bölgüsü göstərilib. Hazırda 12 nömrəli tam orta məktəbdə tarix dərsinin tədrisi 5 müəllim tərəfindən həyata keçirilir və əlavə olaraq Əntiqə müəllim ilə müddətli əmək müqaviləsi bağlanmasına zərurət olmadığı 12 nömrəli məktəbin direktorunun təqdimatı əsasında Təhsil Şöbəsi əmr veribdir. 2023cü ilin oktyabr ayının 25-də 65 yaşı tamam olan Məsmə müəllimlə müddətli əmək müqaviləsi dərs ilinin sonuna kimi bağlanmış, yenə də vakansiya elan edilmişdir. Müəllim gəldiyi halda onunla da müqaviləyə xitam veriləcəkdir. Gənc kadrların işlə təmin edilməsi və onların yüksək nəticələrinə görə yerləşdirilməsinin təmin edilməsi Təhsil Şöbəsi üçün vacibdir. Əntiqə müəllim 65 yaşı tamam olandan sonra əmək müqaviləsinə xitam verilmişdir. Bu gün dövlət tərəfindən pensiya ilə təmin edilir. Hər bir müəllimin 36 saat dərs keçmək hüququ vardır. Bu gün 12 nömrəli məktəbdə dərslər imtahanda topladıqları bala uyğun olaraq bölünmüşdür. Əntiqə müəllimə 2021-ci ildə keçirilən imtahanda iştirak etməmişdir. İzahatında müəllimə bildirir ki, onun 61 yaşı tamam olduğu üçün imtahanda iştirak könüllü olmuşdur. Lakin həmin dövrdə bununla bağlı nə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, nə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qərarı mövcud olmamışdır. Sonra qərar qəbul olunmuş və təbii ki, ondan sonra keçirilən imtahanlara şamil edilmişdir. Əgər dərs ilinin ortasına yəni oktyabr, noyabr aylarında müəllimin 65 yaşı olarsa və həmin fənnin tədris edən müəllim yoxdursa onda 65 yaşı olan müəllimlə əmək müqaviləsinin müddəti müvəqqəti uzadılır. Belə bir zərurət məktəbdə olmamışdır. Müəllim bu gün öz vəzifələrini həyata keçirib elektron lövhədə açıq dərs keçibsə, digər aktiv fəaliyyətlər həyata keçiribsə bu ona əsas vermir ki, 65 yaşı tamam olduqdan sonra onun müddəti uzadılmalıdır. Əntiqə müəllimin hər hansı elmi dərəcəsi və ya elmi adı olmayıbsır, dövlət təltifi ilə təltif edilməyibdir, məktəbdə ixtisaslı kadr olubdur, bütün bunlar müəllimin bildirdiklərini əsaslı hesab etmir. Həmin dövrdə müəllimlə birlikdə Naibə müəllimin də 65 yaşı tamam olub və onun “Tərəqqi” medalı olduğu halda əmək müqaviləsinin müddəti uzadılmayıbdır. Bununla bağlı Təhsil Şöbəsi tərəfindən verilən əmri düzgündür və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iş üzrə cavabdeh təşkilat Naxçıvan şəhəri 12 saylı tam orta məktəbin direktoru X7 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, o, hazırda Naxçıvan şəhəri 12 saylı tam orta məktəbin direktorudur, ancaq direktor işləməzdən əvvəl neçə illər həmin məktəbdə Əntiqə müəllimə ilə birgə işləyib ona böyük hörməti var. 1 ildir ki, direktor vəzifəsində işləyir. Təhsil şöbəsi ondan 65 yaşı tamam olmuş müəllimlərin siyahısını istəmiş, o da İddiaçı müəllimə ilə məktəbin coğrafiya müəlliməsi Mürsəlova Naibə müəllimənin adını verib. Məktəbdə hazırda 87 saat tarix fənni dərs saatı var. Əlavə tarix dərnək və fakultativ dərslə birlikdə 95 saat təşkil edir. Həmin dərsin 12 saatını dərs hissə müdiri Əsgər müəllimə verib. 12 saatını yeni gələn müəllimə verib. Qalan dərsi də başqa müəllimlər tədris edir. Hazırda məktəbdə boş tarix dərs saatı yoxdur. Tarix müəllimi Şəhla müəllimə 2 ildir rus təmaüllü məktəbə gedib, ancaq onun dərsləri başqa müəllimlərə verilib. Müəllimənin söylədiyi texnologiya dərsinə hazırda məktəbdə 23 saat texnologiya dərsi var onu da Məlahət müəllimə tədris edir və ali təhsillidir. Hazırda nə tarix dərsi boşdur nə də texnologiya dərsi boşdur. Hamısı tədris edilir. Əntiqə müəllimə ondan rəyin verilməsini tələb edibdir, ancaq ona bildirmişdir ki, o üç aydır ki, direktor işləyir və ondan əvvəlki müddət üçün rəy verə bilməz. O təqdimat verib və Təhsil Şöbəsi tərəfindən əmr verildikdən sonra işdən azad edilməklə bağlı əmr veribdir. Çünki Əntiqə müəllimin dərs dediyi tarix fənni üzrə məktəbdə əlavə kadra zərurət olduqda vakansiya elan edilir və oktyabr ayının 25-də 65 yaşı tamam olan Məsmə müəllim üçün dərs ilinin sonuna qədər müddətli əmək müqaviləsi bağlanmış və eyni zamanda vakansiya elan edilmişdir. T.Qasımova iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: xx.xx.1986-cı il tarixli 128 nömrəli əmrlə Həsənova X5 şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbinə günüuzadılmış qrup müəllimi təyin edilmişdir. xx.xx.1990-cı il tarixli 111 nömrəli əmrlə Həsənova X5 şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. 18 sentyabr 2023-cü il tarixli 37 nömrəli təqdimatla Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin direktoru X8 Şəhər Təhsil Şöbəsinin sektor müdiri Gülxanım Orucovaya məktəbin tarix fənn müəllimi İddiaçı 65 yaşı tamam olması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən işdən azad olunmasına dair müvafiq əmr verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli 96 nömrəli əmrinin surətindən məlum olur ki, həmin əmrlə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən 18 sentyabr 2023-cü il tarixdən məktəbin müəllimləri sırasından azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin 18 sentyabr 2023cü il tarixli 349 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən 18 sentyabr 2023-cü il tarixdən məktəbin müəllimləri sırasından azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin İddiaçı müraciətinə 30 oktyabr 2023-cü il tarixdə verilmiş 4/500 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilində məktəb üzrə 5 tarix müəllimi fəaliyyət göstərir və 81 saat tarix dərsi, 8 saat dərsdənkənar, 6 saat dərnək olmaqla ümumilikdə 95 saat dərs yükü mövcuddur. Müəllim sayı və dərs yükünü nəzərə alaraq onun müqaviləsinin uzadılması ilə əlaqədar köməklik göstərilə bilməyəcək. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 328 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 12 №li tam orta məktəbin tarix müəllimi İddiaçı 2021-2022-ci tədris ili üçün dərs yükü 21 saat, 2 saat dərnək, 2022-2023-cü tədris ili üçün dərs yükü 24 saat olmuşdur. Onun mərhum atası X2 Dünya Müharibəsində iştirak etdiyindən əmək haqqının gəlir vergisinə güzəşt 400 AZN olmaqla, ümumilikdə 600 AZN güzəşt edilmişdir. Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 323 nömrəli əmrdən çıxarışda məktəbin müəllimləri arasında 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü zamanı Naxçıvan şəhər Təhsil Şöbəsinin xx.xx.2023-cü il tarixli 2/399 nömrəli əmri əsas götürülərək məktəb üzrə mövcud olan dərs saatlarının müvafiq fənn üzrə sertifikatlaşdırmadan keçən müəllimlərin test imtahanı üzrə balından asılı olaraq normalar gözlənilməklə İddiaçı 6 saat dərs yükü verilmişdir. xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin direktoru Tahirə Qasımova tərəfindən İddiaçı verilmiş məlumatda qeyd olunmuşdur ki, Naxçıvan şəhər Təhsil Şöbəsinin xx.xx.2023-cü il tarixli 96 nömrəli əmri ilə işdən azad edildiyindən 2023-2024-cü tədris ilinin dərs bölgüsü zamanı İddiaçı üçün nəzərdə tutulan dərs saatı xx.xx.2023-cü il tarixdən məktəbin digər fənn müəllimlərinə verilmişdir. xx.xx.2015-ci il tarixdə keçirilmiş attestasiya zamanı İddiaçı 80 sualdan 29 suala düzgün cavab vermişdir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələri elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin şərtləri gözlənilməklə müəssisə rəhbəri tərəfindən cari tədris ilinin sonuna kimi uzadıla bilər. Əmək fəaliyyəti dövründə qazandığı uğurlar həmin tələb və meyarlara cavab vermədiyindən 2023-2024-cü tədris ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrində 65 yaşlı müəllimlərin təhlili aparılan zaman Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə tarix fənni üzrə vakansiya müəyyənləşdirilmiş və gənc pedaqoji kadrların işlə təmin edilməsi üçün müsabiqəyə çıxarılmışdır. 3-14 iyul 2023cü il tarixlərdə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində müvəffəqiyyət qazanmış Quliyeva Turanə Tarverdİ qızı Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə tarix müəiiimi təyin ediimişdir.Çalışmanın yaş həddinə 16 sentyabr 2023-cü il tarixdə çatdığından, məktəbin direktoru Tahirə Qasımova tərəfindən əmək müqaviləsinə 18 sentyabr 2023-cü il tarixli 318 nömrəli əmrlə xitam verilmişdir. Hazırda 12 nömrəli tam orta məktəbdə tarix fənni üzrə 81 saat dərs yükü vardır və həmin dərs saatları 5 İxtisaslı müəllim tərəfindən tədris olunur. Müəllimlərin orta dərs yükü 16 saatdır. Məktəbdə mövcud olan dərs yükü əlavə ixtisaslı kadra ehtiyac yaratmadığından, həmçinin çalışma müddətinin uzadılması ilə bağlı tələb və meyarlara əsasən əmək müqaviləsinin müddətinin uzadılması imkan xaricindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdeh təşkilatların nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları qeyd olunub. Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 10-1-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə dair müddəalar qeyd olunmuşdur: 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F- 346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələri elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin şərtləri gözlənilməklə müəssisə rəhbəri tərəfindən cari tədris ilinin sonuna kimi uzadıla bilər. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun olaraq məhkəmə qeyd edir ki, İddiaçı 65 yaşı 16 sentyabr 2023-cü il tarixdə tamam olmuşdur və həmin vaxt onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi işəgötürənin vəzifəsi olmuşdur. Belə ki əmək qanunvericiliyi işçinin 65 yaşına çatması zamanı onunla bağlanmış müqaviləyə xitam verilməsini dispozitiv yox, imperativ qaydada müəyyən etmişdir. Bundan sonra əmək qanunvericiliyi işçi ilə müddətli (hər dəfə 1 ildən artıq olmamaqla, ümumilikdə 5 ildən artıq olmayaraq) əmək müqaviləsi bağlanmasını işəgötürənin hüququ hesab edərək dispozitiv norma olaraq qeyd edilmişdir. İddiaçı ilə 65 yaşına çatdıqdan sonra əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh təşkilatlar tərəfindən əmək qanunvericiliyinin normalarına düzgün əməl olunmuşdur. Bu halda İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi cavabdeh təşkilatların vəzifəsi olmuşdur və vəzifələrini icra etmişlər. Daha sonra İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaq cavabdeh təşkilatların hüququ olmuş, bu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarına və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda onunla əmək müqaviləsi bağlamaqla bağlı meyarları nəzərə alıb iddiaçı ilə müddətli müqavilə bağlamaqdan imtina etmişlər. İddiaçı onun uzadılmış müqavilə bağlanmasını 48 il təhsil sahəsində qüsursuz, keyfiyyətli xidməti, əldə edilən uğurlu nailiyyət və nəticələrin onun yüksək fəaliyyəti ilə əsaslandırmışdır və bu halların təsdiqi üçün fəaliyyəti müddətində keçirilən açıq dərslərin proqramlarını, şagirdlərin uğurlu nailiyyətlərini göstərən sənədləri kağız daşıyıcıda və CD formasında təqdim etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən bu sənədlərə ümumi qaydada qiymət verərək məhkəmə qeyd edir ki, bütün bu sübutlar onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarında müəyyən edilmiş qaydada İddiaçı elmi dərəcəsi və elmi adı olmamış, dövlət təltifi ilə təltif edilməmiş, bununla yanaşı həmin məktəbdə ixtisaslı kadrların mövcud olması və müddətli əmək müqaviləsi bağlanmasına zərurət olmaması məktəbin və Təhsil Şöbəsinin məktubunda iddiaçıya bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının fəaliyyəti nəticəsində onun 65 yaşı tamam olduğundan dövlət tərəfindən pensiya ilə təmin olunmuş və hazırda pensiya alır. Buna görə də məhkəmə iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-169/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-169/2024
11.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver