Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-182/2025 15.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməmiş məzuniyyət pullarının və işdənçıxarma ilə bağlı son haqq hesabın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ödənilməli olan 2021-ci il üçün ödənilməmiş məzuniyyət pulunun və həmin il üçün işdənçıxarma ilə bağlı son haqq hesabın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-ci ildən 2021-ci ilədək X3 (hazırki adı "xxxx" MMC) cilalayıcı, xadimə kimi işləmişdir. 2021-ci ildə işdən azad olunmuşdur. Bununla bağlı ona məzuniyyət pulu və həmin il üçün işdənçıxarma ilə bağlı son haqq hesab ödənilməmişdir. Səhhəti ilə əlaqədar məhkəməyə müraciət edə bilmirdi. Uzun müddət idi ki müalicə olunur. Tək yaşayır. Heç bir gəlir yeri yoxdur. Mübahisənin həlli ilə bağlı X1 müraciət etsə də cavabdeh mediasiya prosesində iştirak etmədiyindən müvafiq arayış verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o 2021-ci ilin noyabr ayına qədər işləmişdir. Həmin vaxt ona kart hesabına aylıq əmək haqqı ödənilirdi. Sonra işdən azad edildi. İşdən azad edilən vaxt son hesabın aldı. Ancaq 2021-ci il üçün məzuniyyət pulu ona verilmədi. Tək yaşayır. Ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ümumiyyətlə 2021-ci ildə işləməmişdir. İddiaçı 2020-ci ildə işdən azad edilmişdir. Həmin vaxt onun son hesabı verilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarına əlavə edilmiş Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 12 may 2006-cı il tarixdə "xxxx" MMC-də fəhlə kimi işə qəbul edilmiş, 20 aprel 2010-cu il tarixdə "xxxx" MMC-də cilalayıcı ustası köməkçisi vəzifəsinə keçirilmiş, 06 avqust 2012-ci il tarixdə "xxxx" MMC-də cilalayıcı ustası vəzifəsinə keçirilmiş, 05 dekabr 2015ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 24 dekabr 2015-ci il tarixdə "xxxx" MMC-də cilalayıcı kimi işə qəbul edilmiş, 05 iyul 2017-ci il tarixdə "xxxx" MMC-də cilalayıcı vəzifəsindən xadimə vəzifəsinə keçirilmiş, 16 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2ç bəndinə əsasən işin həcminin azalması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 24 dekabr 2015-ci il tarixli, 268 nömrəli əmrin surətindən aydın olur ki, həmin əmrlə İddiaçı həmin tarixdən "xxxx" MMC-də işə qəbul edilmişdir. 05 iyul 2017-ci il tarixli, 69 nömrəli əmrin surətindən aydın olur ki, həmin əmrlə İddiaçı həmin tarixdən "xxxx" MMC-də cilalayıcı vəzifəsindən xadimə vəzifəsinə keçirilmişdir. 16 noyabr 2020-ci il tarixli, 149 nömrəli əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən aydın olur ki, həmin əmrlə İddiaçı həmin tarixdən "xxxx" MMC-də işin həcminin azalması ilə əlaqədar işdən azad edilmişdir. İşin həcminin artacağı halda işçilərlə yenidən əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Arayışda, "xxxx" MMC-də işləmiş İddiaçı 2020-ci ildə hesablanmış əmək haqqı göstərilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin İddiaçı ünvanlanmış cavab məktubuna əsasən, Cavabdehndə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının ödənilməməsinə dair 5 avqust 2024-cü il tarixli müraciətə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətində baxılmışdır. Təqdim edilən əmək haqqı bank çıxarışında əmək müqaviləsinə xitam verildikdən sonra -1 dekabr 2020-ci il tarixdə Cəmiyyət tərəfindən bank hesab kartına 318.00 (üç yüz on səkkiz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi üçün 15 avqust 2024-cü il tarixdə Cəmiyyətə sorğu göndərilmiş, lakin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsində nəzərdə tutulan müddətdə Xidmətə cavab verilməmişdir. Cəmiyyət tərəfindən sənədlər təqdim edilmədiyindən məsələyə münasibət bildirilməsi mümkün olmamışdır. Müraciətlə əlaqədar əlavə sənəd və sübutlar təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2025-ci il tarixinədək dayandırıldığından müraciətin yerində araşdırılması mümkün olmamışdır. Bununla yanaşı müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci bəndinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.4-cü bəndinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 75-ci maddəsinin 2ç bəndinə görə, tərəflərin qarşılıqlı razılığı ilə işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə, əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan 2021-ci il üçün ödənilməmiş məzuniyyət pulunun və həmin il üçün işdənçıxarma ilə bağlı son haqq hesabın ona ödənilməsini xahiş etmiş, lakin 2021-ci il üçün "xxxx" MMC-də işləməsini, işdən çıxarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə iddiaçının fikirlərini formal mülahizə hesab edir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, 16 noyabr 2020-ci il tarixdə İddiaçı "xxxx" MMC-də işin həcminin azalması ilə əlaqədar işdən azad edilmişdir. İşin həcminin artacağı halda işçilərlə yenidən əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Arayışda, "xxxx" MMC-də işləmiş İddiaçı 2020-ci ildə hesablanmış əmək haqqı göstərilmişdir. Əmək haqqı bank çıxarışında əmək müqaviləsinə xitam verildikdən sonra 01 dekabr 2020-ci il tarixdə Cəmiyyət tərəfindən bank hesab kartına 318 (üç yüz on səkkiz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 2021-ci il üçün ödənilməmiş məzuniyyət pullarının və işdənçıxarma ilə bağlı son haqq hesabın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-182/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-182/2025
15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver