Məhkəmə qərarları › İş №2(078)-184/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-184/2024

04.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-184/2024 04.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə edilməmiş məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, fiziki şəxs “Çənlibel” firmasının sahibkarı Cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2023-cü illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun və 2022-ci ilin dekabr ayı üçün 1 aylıq orta əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o, 15 noyabr 2018-ci il tarixdən fiziki şəxs olan “Çənlibel” firmasının sahibkarı Cavabdeh yanında mağazalara mal paylamaqla fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. Lakin 01 aprel 2019-cu ildə Cavabdeh onunla əmək müqaviləsi bağlamışdır. Cavabdehlə sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və müqaviləyə əsasən Cavabdeh tərəfindən ona hər ay 300 manat məbləğində əmək haqqının ödənilməsi qeyd olunmuşdur. Lakin işəgötürən tərəfdən ona hər ay faktiki oiaraq 150 manat əmək haqqı ödənilmişdir. 2023-cü ilin yanvar ayında onunla işəgötürən Cavabdeh ilə aralarında yaranan fikir ayrılığı nəticəsində onunla əmək müqaviləsinə xitam verilmişdir. O “Çənlibel” firmasının sahibkarı Cavabdeh ilə əmək müqaviləsi bağlayıb işlədiyi müddətdə ona 4 (dörd) ilin istifadə edilməmiş əmək məzuniyyətinin pulunu və 2022-ci ilin dekabr ayının son əmək haqqısı ona ödənilməmişdir. Həmçinin Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı elektron əmək müqaviləsi bildirişdə işə başladığı tarix 01 iyul 2019-cu il qeyd olunub, halbuki o 1 aprel 2019-cu il tarixdə işəgötürənlə əmək münasibətləri yaradıb işə başlamışdır. İşəgötürən Cavabdeh tərəfindən 08 yanvar 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilsə də dəfələrlə müraciət etməyinə baxmayaraq 01 dekabr 2023-cü il tarixədək ona əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim edilməmişdir. Cavabdeh qanunsuz hərəkətlərindən 2023-cü il tarixdə X6 Xidmətinə şikayət etmişdir. X6 Xidmətinin 07 iyul 2023-cü il tarixli, 08/608 nömrəli məktubunda araşdırma aparılaraq onun istifadə etmədiyi məzuniyyət illəri üçün pul əvəzinin, həmçinin bir aylıq əmək haqqının ona ödənilməməsi məlum olmuşdur. İşəgötürən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndinə əsasən fərdi əmək mübahisəsi predmeti olduğundan məhkəməyə müraciət etməyi qeyd olunmuşdur. Həmçinin əmək mübahisəsi ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş Mediasiya Təşkilatının cavabdehin ilkin mediasiya prosessesində iştirak etməməsi barədə 20 noyabr 2023-cü il tarixli, R-1647 nömrəli arayışı təqdim olunmuşdur. İddiaçı 29 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək ərizədə “Çənlibel” firmasının sahibkarı Cavabdeh xx.xx.2019xx.xx.2023-cü illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun, 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulun, 2022-ci ilin dekabr ayı üçün ödənilməyən 1 (bir) aylıq orta əmək haqqının və dekabr ayı üçün ödənilməmiş satılan malın 3% satış pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(078)-184/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə “Çənlibel” firmasının sahibkarı Cavabdeh xx.xx.2019-xx.xx.2023-cü illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş məzuniyyət pulunun, 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulun, 2022-ci ilin dekabr-ayı üçün ödənilməyən 1 (bir) aylıq orta əmək haqqının və dekabr ayı üçün ödənilməmiş satılan malın 3% satış pulunun iddiaçının xeyrinə tutulması həddində baxılması qərara alınmışdır. İddiaçı 13 fevral 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək ərizədə “Çənlibel” firmasının sahibkarı Cavabdeh xx.xx.2019-xx.xx.2023cü illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş 4 (dörd) illik 1200 (min iki yüz) manat məzuniyyət pulunu, 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulu, 2022-ci ilin dekabr ayı üçün ödənilməyən 1 (bir) aylıq orta əmək haqqının miqdarı 300 (üç yüz) manat pul və dekabr ayı üçün satılan 60 000 (altmış min) manatlıq satılan malın ödənilməmiş 3%-i 1800 (min səkkiz yüz) manat satış pulununun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(078)-184/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə “Çənlibel” firmasının sahibkarı Cavabdeh xx.xx.2019-xx.xx.2023-cü illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş 4 (dörd) illik 1200 (min iki yüz) manat məzuniyyət pulunun, 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulun, 2022-ci ilin dekabr ayı üçün ödənilməyən 1 (bir) aylıq orta əmək haqqının miqdarı 300 (üç yüz) manat pulun və dekabr ayı üçün satılan 60 000 (altmış min) manatlıq malın ödənilməmiş 3%-i 1800 (min səkkiz yüz) manat satış pulunun tutularaq iddiaçının xeyrinə ödənilməsi həddində baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarında izahat verən İddiaçı izahatında 15 noyabr 2018ci il tarixdə Cavabdeh yanında mağazalara mal paylamaqla fəhlə vəzifəsinə işə başladığını, lakin Cavabdeh onunla 01 aprel 2019-cu ildə əmək müqaviləsi bağladığını, əmək müqaviləsini, əmək kitabçasını ona vermədiyini, Cavabdeh ona 150 manatdan artıq əmək haqqı vermədiyini, 300 manat əmək haqqı aldığına dair kitabçaya imza etdiyini, ancaq 150 manat aldığını, bunun səbəbinin satdıqları malın dəyərinin 3%-i miqdarında onlara ödəniş edilməsi olduğunu, buna görə qane olub işlədiyini, bunun əmək müqaviləsində göstərilmədiyini, Cavabdeh onların əmək haqlarının 150 manatını depozit olaraq götürdüyünü, firmanın sıxıntıda olduğunu, verəcəyini dediyini, onun Cavabdeh ilə əvvəldən tanış olduqlarını, münasibətləri yaxşı olduğu üçün problem etmədiyini, 2022-ci ilin dekabr ayında 4 gün işə gəlməməsinə münasibətdə isə Cavabdeh zəng edərək açarı stolun üstünə qoyduğunu, işə çıxmayacağını dediyini, Cavabdeh onun 4 illik məzuniyyət pulunu, 2022-ci ilin dekabr ayı üçün əmək haqqını, dekabr ayı üçün satılan 60000 (altmış min) manatlıq malın ödənilməmiş 3%-ni mənimsəyərək ödəmədiyini, həmçinin hər ay əmək haqqının 150 manatını ələ keçiridiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında İddiaçı ilə 01 aprel 2019-cu il tarixdə əmək müqaviləsi bağladığını, İddiaçı işdən çıxarıldıqdan sonra əmək kitabçasını götürməsi və son haqq-hesabının verilməsi üçün məktub göndərdiyini, Rəsulun gəlmədiyini, İddiaçı əmək haqqının əmək kitabçasında göstərilən məbləğdə ödəndiyini, tam formada ödəndiyini, əmək haqqından hər hansı depozit və s. olmadığını, həmçinin iddiaçının qeyd etdiyi kimi satdıqları malın dəyərinin 3%-i miqdarında ona ödəniş edilməsi kimi bir hal olmadığını, əmək müqaviləsində elə bir məsələ nəzərdə tutulmadığını, iddiaçının 2022-ci ilin dekabr ayında 4 gün işə gəlmədiyini, bununla bağlı akt tərtib olunduğunu, İddiaçı ona zəng etdiyini, işdən çıxdığını dediyini, sonradan yoxlama aparıldığını, 10285 manat kəsir aşkar olunduğunu, İddiaçı ilə əlaqə saxladıqlarını, pulu ödəməsini istədiklərini, onun isə ödəmədiyini, ödəməyəcəyini dediyini, onun da məcbur qalaraq məhkəməyə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsində qətnamə çıxarıldığını, NMR Ali Məhkəməsi tərəfindən də həmin qətnamənin qüvvədə saxlanıldığını, o pulun İddiaçı tutulmalı olduğunu, iddiaçının 4 il ərzində məzuniyyət pulunun verilmədiyini, həmçinin 2022-ci il üçün qalan əmək haqqının da verilmədiyini, bu tələblərlə razı olduğunu, ancaq iddiaçının həmin tələblə bağlı göstərdiyi məbləğlə razı olmadığını, həmçinin digər iki tələblə, yəni 4 illik əmək haqqının kəsir məbləğinin ödənilməsi və son ay üçün satılan malın 3%-i miqdarında ödəniş edilməsi tələbləri ilə razı olmadığını, bu hissədə tələbin əsassız olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili Vəkil İddiaçı məzuniyyət pulunun ödənilməsi və 2022-ci ilin dekabr ayı üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair hissədə iddianı qəbul etdiklərini, ancaq iddiaçının həmin hissədə şişirdilmiş rəqəm göstərdiyini, ödənilməli olan məzuniyyət pulu və əmək haqqı ilə bağlı özlərinin məhkəməyə arayış təqdim etdiklərini, həmin məbləğin iddiaçıya ödənilməli olduğunu, həmçinin iddiaçının qeyd etdiyi kimi satdıqları malın dəyərinin 3%-i miqdarında ona ödəniş edilməsi kimi bir halın sadəcə iddiaçının iddia və uydurması olduğunu, həmçinin iddiaçının 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulun ona ödənilmədiyini qeyd etməsinin də yalan olduğunu, İddiaçı belə bir tələb irəli sürməsinin səbəbinin onun Cavabdeh məhkəmə qətnaməsi əsasında ödəməli olduğu məbləğə yaxın məbləğ irəli sürərək məhkəmə qətnaməsinin icrasından yayınmaq olduğunu, qanun çərçivəsində əmək müqaviləsinin bağlandığını və əmək münasibətlərinin mövcud olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində 2021-ci ilin dekabr ayına qədər Cavabdeh ilə işlədiyini, 2 il işlədikdən sonra bir işçinin işdən çıxdığını, ona gələrək onun sosial ödənişlərinin ödənilmədiyini dediyini, DSMF-dən maraqlandığını, özünün də sosial ödənişlərinin ödənilmədiyini öyrəndiyini, Cavabdeh bunu dediyini, sonra da heç maraqlanmadığını, Cavabdeh satış işi ilə məşğul olan işçilərə satdıqları malın dəyərinin 3%-i miqdarında ödəniş etdiyini, həmçinin Cavabdeh həmin işçilərin əmək haqqılarından depozit üçün pul tutduğunu, özünün operator olaraq işlədiyini, həmin cədvəli “Excel” proqramında ona hazırlatdığını, onun sadəcə işçilərin adlarını yazdığını, qalanını isə Cavabdeh özünün doldurduğunu, o operator olduğu üçün onun əmək haqqısından depozitə pul tutulmadığını, əmək haqqını tam aldığını, Cavabdeh niyə satışda işləyən işçilərin əmək haqlarından depozitə pul tutduğunu soruşduqda isə işçilər işdən çıxdıqdan sonra problemlər yaşadığını, onları tarazlamaq məqsədilə etdiyini, 2 dəftərləri olduğunu, birinin rəsmi digərinin isə qeyrirəsmi olduğunu, onların hər ikisinə imza etdiklərini, hətta bir neçə dəfə satışda işləyən işçilərlə danışıqlarını eşitdiyini, məsələn, “bu ay 10000-lik mal satmısan bunun 3%-i bu qədər edir götür” deyərək pul verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində Cavabdeh ilə İddiaçı münasibətlərinin yaxşı olduğunu, bir-birlərini əvvəldən tanıdıqlarını, İddiaçı “Pallette” firmasını Naxçıvanda ilk satan şəxs olduğunu, Cavabdeh ilə işlədiyi zaman özünün satdığı malın faizini aldığını, ancaq İddiaçı həm əmək haqqı həm də təxminən satdığı malın 2 faizini aldığını, 2015-ci ildən əmək haqqı ödənişinin qaydasının dəyişdiyini, Cavabdeh əmək haqlarının müəyyən hissəsini depozit olaraq saxladığını, hamısını vermədiyini, ancaq özünə ehtiyac olanda gedib depozitə qoyulan puldan istəyə bildiyini, 2 dəftərləri olduğunu, əmək haqqını götürüb imza etdiklərini, imzanı hər ikisinə etdiklərini, digər imza etdikləri dəftərin normal kərpici dəftər olduğunu, Cavabdeh özünün düzəltdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Cavabdeh ilə işlədiyini, satış müdiri vəzifəsində işlədiyini, özünün hər il məzuniyyətə çıxdığını, İddiaçı da işlədiyi müddətdə hər il məzuniyyətə çıxdığını güman etdiyini, bu haqda tam məlumatının olmadığını, o mövzularla Cavabdeh özünün maraqlandığını, iddiaçının qeyd etdiyi kimi satdıqları malın dəyərinin 3%-i miqdarında onlara ödəniş edilməsi kimi bir halın mövcud olmadığını, əmək müqaviləsi əsasında əmək haqlarının verildiyini, 4 illik əmək haqqından kəsirlərin olmadığını, əmək haqqının tam ödənildiyini, depozitə pul qoyulmadığını bildirdi. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən İddiaçı: -01 aprel 2019-cu il tarixli, 29 nömrəli əmrlə həmin tarixdən “Çənlibel” firmasına sürücü-ekspeditor vəzifəsinə qəbul edilməsi; -08 yanvar 2023-cü il tarixli, 67 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli, 08/606 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı müraciətinin araşdırılması zamanı işəgötürən tərəfindən İddiaçı istifadə etmədiyi məzuniyyət illəri üçün pul əvəzinin, həmçinin bir aylıq əmək haqqının ödənilmədiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq aşkar edilmiş inzibati xətaya dair işəgötürən barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Bununla belə, müraciətdə qaldırdığı məsələnin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndinə əsasən fərdi əmək mübahisəsi predmeti olduğundan hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Cavabdeh 08 yanvar 2023-cü il tarixli, 67 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2019 tarixli əmək müqaviləsinə xitam verilmiş, əsas olaraq isə xx.xx.2023 tarixli təhvil verilmiş maddi ehtiyatların yoxlama akt üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının aşkarlanması göstərilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, işəgötürən “Çənlibel” firmasının direktoru Cavabdeh ilə işçi İddiaçı arasında 01 aprel 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin tarixdə əmək haqqı 200 manat olması göstərilmişdir. 02 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək həmin tarixdən əmək haqqının 250 manat olaraq, 05 yanvar 2022-ci il tarixdə isə əmək müqaviləsinə dəyişiklik edilərək həmin tarixdən əmək haqqının 300 manat olaraq hesablanması qeyd olunmuşdur. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən İddiaçı işə başlama tarixi və əmək müqaviləsinin bağlandığı tarix olaraq 01 iyul 2019-cu il, əmək müqaviləsinin müddətsiz olması və işçinin aylıq əmək haqqının məbləği 300 manat göstərilmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, işəgötürən Cavabdeh tərəfindən İddiaçı istifadə edilməmiş 80 (səksən) günlük əsas məzuniyyət günlərinə görə 778.40 (yeddi yüz yetmiş səkkiz manat qırx qəpik) manat pul əvəzi və 2022-ci ilin dekabr ayı üçün isə bir aylıq ödənilməyən 253.85 (iki yüz əlli üç manat səksən beş qəpik) manat olmaqla ümumilikdə 1032.25 (bir min otuz iki manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti ödənilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş İddiaçı son haqq-hesabının hesablanması haqqında maliyyə arayışından görünür ki, İddiaçı vergi və tutulmalardan sonra 901.11 (doqquz yüz bir manat on bir qəpik) manat ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə intizam qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə fəaliyyət göstərən sürücü-ekspeditor İddiaçı bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, əmək müqaviləsinin 3.1-ci maddəsinin, tam maddi məsuliyyət haqqında əməkdaşla bağlanmış 02 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin və vəzifə funksiyalarının tələblərini pozaraq 27-28-29-30 dekabr 2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul məbləği, 400 (dörd yüz) manat ödənilmiş vəkil xərci və 50 (əlli) manat mediasiya ödənişi olmaqla, cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzinin alınaraq, Cavabdeh qaytarılması qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)- 153/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(078)-261/2021 nömrəli qətnaməsindən görünür ki, X3 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)- 129/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(078)- 261/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan əmək haqqı kitabından görünür ki, 2019-cu ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək İddiaçı aylıq əmək haqqını almış və bununla bağlı həmin kitabda hər ay aldığına dair adının qarşısında olan xananı imzalamış, sadəcə son ay yəni, 2022-ci ilin dekabr ayı əmək haqqını almasına dair imza etməmişdir. Məhkəmə ilkin olaraq iddiaçının 01 aprel 2019-cu il tarixdən 08 yanvar 2023-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün 1200 manat məbləğində məzuniyyət pulunun hesablanıb ona verilməsi ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hisəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR Əmək Məcələsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. AR Əmək Məcələsinin 114.2-ci maddəsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. AR Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən onun 01 aprel 2019-cu il tarixdən 08 yanvar 2023-cü il tarixədək olan müddətdə işlədiyi illər üçün məzuniyyət pulunun hesablanıb verilməli olduğu halda qeyd olunan məzuniyyət pulu verilmədiyindən iddiaçının həmin illər ərzində istifadə edilməmiş əsas məzuniyyətləri üçün ödənilməmiş 4 (dörd) illik 1200 (min iki yüz) manat məzuniyyət pulunun ödənilməsi tələbinə dair hissədə tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının işlədiyi 4 il müddətdə (01 aprel 2019-cu il tarixdən 08 yanvar 2023-cü il tarixədək) iddiaçının 80 gün məzuniyyət hüququ yaranmışdır. Məhkəməyə təqdim olunan mütəxəssis rəyində isə iddiaçıya cavabdeh tərəfindən 80 günlük əsas məzuniyyət günlərinə görə 778.40 (yeddi yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində pul ödənilməli olması qeyd olunmuşdur. Aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya 01 aprel 2019-cu il tarixdən 08 yanvar 2023-cü il tarixədək iddiaçının işlədiyi 4 il müddətdə ümumiyyətlə məzuniyyət pulunun ödənilmədiyi müəyyən edilmişdir. Ona görə də cavabdeh tərəfindən 778.40 (yeddi yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində məzuniyyət pulu iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının 2022-ci ilin dekabr ayı üçün ödənilməyən 1 (bir) aylıq orta əmək haqqının miqdarı olan 300 (üç yüz) manat pulun cavabdeh tərəfindən ona ödənilməsinə dair hissədə isə qeyd edir ki, həmin tələb də qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunan mütəxəssis rəyində 2022-ci ilin dekabr ayı üçün ödənilməyən əmək haqqı 253.85 (iki yüz əlli üç manat səksən beş qəpik) manat olaraq göstərilmişdir. Ona görə də iddiaçının cavabdehdən tələb etdiyi 2022-ci ilin dekabr ayı üçün ödənilməyən 300 (üç yüz) manat əmək haqqı tələbi 253.85 (iki yüz əlli üç manat səksən beş qəpik) manat hissədə təmin edilməlidir. İddia tələbinin 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulun və dekabr ayı üçün satılan 60 000 (altmış min) manatlıq malın ödənilməmiş 3%-i olan 1800 (min səkkiz yüz) manat satış pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı izahatında cavabdehin onun əmək haqqının əmək müqaviləsində göstərilən məbləğdə ödənilmədiyini, az ödənildiyini, cavabdehin ona hər ay satdığı malın dəyərinin 3%-i miqdarında ödəniş etdiyini bildirmişdir. İddiaçı həmin halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh isə izahatında bunu inkar etmiş, belə halların olmadığını qeyd etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında cavabdehin qəbul etmədiyi əmək haqqının əmək müqaviləsində göstərilən məbləğdə ödənilmədiyinə, az ödənildiyinə, cavabdehin ona hər ay satdığı malın dəyərinin 3%-i miqdarında ödəniş etdiyinə münasibətdə heç bir sübutu olmadığını bildirmişdir. İddiaçının vəsatəti əsasında məhkəmədə dindirilən şahidlər də bir birləri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, onların da ifadələri iddiaçının qeyd olunan hissədə iddia tələbini təsdiq edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının vəsatəti əsasında məhkəmədə ifadə verən şahid X3 ifadəsini mötəbər sübut qismində nəzərə alına bilməz, çünki hazırki iş üzrə şahid X5 ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh arasında da əmək mübahisəsi olmuşdur. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 27 aprel 2024-cü il tarixli, 2(078)-261/2024 nömrəli qətnaməsindən görünür ki, X3 hazırki iş üzrə cavabdeh olan Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əmək haqqının əmək müqaviləsində göstərilən məbləğdə ödənilmədiyi, az ödənildiyi, cavabdehin ona hər ay satdığı malın dəyərinin 3%-i miqdarında ödəniş etdiyi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 4 (dörd) il ərzində əmək haqqının kəsir məbləği olan 7200 (yeddi min iki yüz) manat pulun və dekabr ayı üçün satılan 60 000 (altmış min) manatlıq malın ödənilməmiş 3%-i olan 1800 (min səkkiz yüz) manat satış pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 11.94 (on bir manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; - 1032.25 (bir min otuz iki manat iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli; - Cavabdeh 11.94 (on bir manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 1032.25 (bir min otuz iki manat iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 11.94 (on bir manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar