Məhkəmə qərarları › İş №2(078)-186/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-186/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-186/2021 17.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın faktiki qəbul edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 2 C ünvanında yerləşən torpaq sahəsindən miras qalmış miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında,1933-cü ildə ünvan 3 B ünvanında doğulduğunu, doğulduğu gündən bu günədək qeyd olunan ünvanda yaşadığını, həmin qeyd olunan ünvanın ona anasından miras qaldığını, həmin daşınmaz əmlakın hələ də ata və anasının sağlığında əldə edilmiş əmlak olduğunu, atası X14 1942-ci ildə Böyük Vətən Müharibəsinə göndərildiyini və itkin düşdüyünü, yəni müharibədən geri qayıtmadığını, anası X5 2005-ci ildə vəfat etdiyini, istər atasının, istərsə də anasının vəfatından sonra həmin ünvanda yaşadığını, hal-hazırda da yaşamaqda davam etdiyini, anasının vəfatından sonra vərəsələrinin: 1. X25; 2. X21; 3. X8; 4. Ərizəçi; 5. X22; 6. X23- qaldığını, vərəsələrdən atasının (həyat yoldaşı) 1942-ci ildə müharibəyə getdiyini və itkin düşdüyünü, bundan başqa X9 2019-cu ildə və X10 1999-cu ildə vəfat etdiklərini, mirasın notarial olaraq qəbul edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə 1 nömrəli Notariat Ofisinə müraciət etməli olduğunun bildirildiyini, buna görə də mirasın qəbulu faktının təsdiqi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, miras əmlakları özünün qəbul etdiyini, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlakdan əlavə, ünvan 2 C ünvanında yerləşən torpaq sahəsini də özünün faktiki qəbul etdiyini, anası vəfat etdikdən sonra da həmin mülki idarə edərək abadlaşdırdığını, komunal xidmətlərin haqqını ödədiyini, ondan başqa digər vərəsələrin mirası qəbul etmədiklərini, digər vərəsələrin miras əmlakı mübahisəsiz onun qəbul etməsini bildirdiklərini, bunları nəzərə alaraq, mərhum anası X3 ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 2 C ünvanında yerləşən torpaq sahəsindən miras qalmış miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X29, ərizəçinin onun qonşusu olduğunu, sözügedən ünvanda Yaqubun anası ilə birlikdə yaşadığını, həmin evdə əvvəlcədən mərhum Səkinə xanımın və 5 övladı ilə birlikdə yaşadığını, uşaqlarının müəyyən müddət sonra ailə həyatı qurub evdən çıxdıqlarını, oğlu Yaqubun isə Səkinə xanımla birlikdə həmin ünvanda yaşadığını, 2005-ci ildə Səkinə xanımın rəhmətə getdiyini, sonra oğlu Yaqubun sözü gedən ünvanda ailəsi ilə birlikdə yaşayaraq hal-hazırda da orada yaşadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: İİ-JQ seriyalı, 399160 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X25 ilə X15 arasında 1929-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 116607 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 xx xxxxx 2005-ci il tarixdə ürək qan-damar çatmamazlığı səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 131 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 699798 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X21 xx xxxxxxx 2018-ci il tarixdə ürəyin sklerotik xəstəliyi səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 70 nömrə ilə qeyd edilmişdir. AZ seriyalı, 028346 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X22 xx xxxxxx 1999-cu il tarixdə ürəyin işemiya xəstəliyi səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 194 nömrə ilə qeyd edilmişdir. İİİ-JQ seriyalı, 432848 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X30 xx xxxx 1985-ci il tarixdə xroniki bronxit ürək-ciyər çatmamazlığı səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 147 nömrə ilə qeyd edilmişdir. AZ seriyalı, 061172 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X11 xx xxxxxx 2000-ci il tarixdə ürək əzələsinin infarktı səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 289 nömrə ilə qeyd edilmişdir. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxxxx 2016-cı il tarixli, 194 nömrəli məktubuna əsasən, Ərizəçi atası X25 1942-ci ildə Böyük Vətən Müharibəsinə göndərilmiş, lakin 1942-ci ildə itkin düşmüşdür. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X39 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 01/2836 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 01/3539 nömrəli arayışlara əsasən, mərhum X5 aşağıdakı vərəsələri vardır:

1. X25 həyat yoldaşı;

2. X21 qızı vəfat edib;

3. X8 qızı 1932-ci il təvəllüdlü;

4. Ərizəçi oğlu 1933-cü il təvəllüdlü;

5. X22 qızı vəfat edib;

6. X23 qızı 1937-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X39 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 01/628 nömrəli arayışa əsasən, X10 aşağıdakı vərəsələri vardır:

1. X11 həyat yoldaşı vəfat edib;

2. X6 qızı 1965-ci il təvəllüdlü;

3. X7 qızı 1967-ci il təvəllüdlü;

4. X12 oğlu 1971-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X39 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 01/4555 nömrəli arayışa əsasən, X9 aşağıdakı vərəsələri vardır:

1. X30 həyat yoldaşı vəfat edib;

2. X31 oğlu 1955-ci il təvəllüdlü;

3. X17 qızı 1958-ci il təvəllüdlü. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın təsdiqləmiş surətindən aydın olur ki, ünvan 1B ünvanında yerləşən ümumi sahəsi 123.02 kv.m, torpaq sahəsinin ölçüsü 0.0692 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/38 nömrəli reyestr kitabının 7312 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********30-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın təsdiqləmiş surətindən aydın olur ki, ünvan 2C ünvanında yerləşən ölçüsü 0.0078 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 16/23 nömrəli reyestr kitabının 4236 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********67, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019). xx xxxxxx 2016-cı il tarixli notarial təsdiqli ərizəyə əsasən, X23 anası X5 vəfat etdiyini, onun ölümündən sonra mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etmədiyini, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədinin olmadığını, bildirmişdir. xx xxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli notarial təsdiqli ərizələrə əsasən, X18, X8, X31 və X12 xx xxxxx 2005-ci il tarixdə vəfat etmiş nənələri X5 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan faktiki onlara çatan payı qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını, həmin miras əmlaklardan vərəsəlik yolu ilə onlara çatan paydan imtina etdiklərini, adlarının Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə salınmasını istəmədiklərini, gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələblərinin olmayacağını bildirmişlər. xx xxxxxx 2019-cu il tarixli notarial təsdiqli ərizələrə əsasən, X4 və X2 vəfat etmiş nənələri X3 təmsilçi hüququ üzrə onlara çatan miras payını rəsmi və faktiki olaraq qəbul etmədiklərini bildirmişlər. Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontorunun məktubundan görünür ki, mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin məhkəməyə verdiyi izahatı, şahidin ifadəsi, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, xx xxxxx 2005-ci il tarixdə X15 vəfat etdikdən sonra oğlu Ərizəçi X5 mülkiyyətində olan ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evini və ünvan 2 C ünvanında yerləşən torpaq sahəsini sahiblənərək miras əmlakları qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, müvafiq faktın təsdiqi ilə bağlı Naxçıvan şəhər 1 nömrəli Dövlət Notariat Kontoruna müraciət edilmiş və həmin orqan tərəfindən ünvanlanmış məktuba əsasən mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin mərhum X3 miras qalmış ünvan 1 B ünvanında yerləşən fərdi yaşayış evini və ünvan 2 C ünvanında yerləşən torpaq sahəsini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından həmin miras əmakların qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçinin izahatına iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mərhum X3 miras qalmış ünvan 1B ünvanında yerləşən ümumi sahəsi 123.02 kv.m, torpaq sahəsinin ölçüsü 0.0692 ha olan fərdi yaşayış evinin və ünvan 2C ünvanında yerləşən ölçüsü 0.0078 ha olan torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. X3 miras qalmış ünvan 1B ünvanında yerləşən ümumi sahəsi 123.02 kv.m, torpaq sahəsinin ölçüsü 0.0692 ha olan fərdi yaşayış evinin və ünvan 2C ünvanında yerləşən ölçüsü 0.0078 ha olan torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar