Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-197/2022 09.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış və istifadə hüququ verilməklə mənzilə köçürülmə tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq ona və övladlarına mərhum anası X15 adına olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi 25/44 nömrəli mənzildən yaşayış və istifadə hüququ verilməklə mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 24 yanvar 2022-ci il tarixdə iddiaya etiraz verilmişdir. Cavabdehlər etirazda iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan şəhəri Çənlibe məhəlləsi bina 25-də yerləşən 44 nömrəli mənzil 1995-ci ildə Naxçıvan şəhər XDS İK-nın 10 dekabr 1992-ci il tarizli 783 nömrəli qərarı əsasında mərhum anası X15 adına qeydiyyata alınmışdır. Anası 2020-ci iin iyun ayının 1-də vəfat etmişdir. O və üç övladı sözügedən mənzilin qeydiyyatında dayanır. Böyük övladı İlhan Həsənzadə yetkinlik yaşına çatıb və hazırda hərbi xidmətdədir. O və digər iki yetkinik yaşına çatmayan övladı uzun illərdir ki, kirayələrdə yaşayırlar. 2001-ci il tarixdə ailə qurub anasının adına olan evdən ayrılmışdır. Həmin evlilikdən iki övladı doğulmuşdur. 2006-cı ildə nikahı pozulmuş və anası evinə qayıtmışdır. Həmin vaxt iddia qaldıraraq keçmiş qayınatsından yaşayış və istifadə hüququ tələb etmiş, işə apellyasiya məhkəməsində baxılarkən tələbi təmin edilmiş, kassasiya məhkəməsində tələbi əsaslı olduğundan apellyasiyanın qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qətnamə əsasında ona və uşaqlarına keçmiş qayınatasının evindən bir otaq ayrılaraq yaşayış və istifadələrinə verilmişdir. 2009-cu ildə 9000 (doqquz min) manat pul qarşılığında yaşayış və istifadə hüququna xitam verilmişdir. Birinci evliliyindən olan uşaqlarını anası saxlamışdır. O isə evinin əşyaları çox olduğuna görə anası evinə yerləşdirə bilməmiş və kirayə yaşamışdır. Anası ilə aralarında heç bir soyuq münasibət olmamışdır. Sadəcə olaraq o kirayə yaşamış və uşaqlarına da anası baxmışdır. Özü də arada anası evinə gedib-gəlmiş, anasına və uşaqlara baş çəkmişdir. 2014-cü ildə ikinci dəfə ailə qurmuşdur. Həmin evlilikdən bir övladı doğulmuşdur. Ailə qurduğu gündən kirayədə yaşamışdır. Anası vəfat edənə qədər uşaqlar nənə ilə qalmış, ondan sonra onun yanına gəlmişdir. Anası sağ olanda onun yanına köçməyi və orada yaşamağı ona təklif etməmişdir. Anasının vəfatından sonra bacısı Ruhiyyəyə zəng vurub evin açarını ona verməsini və həmin evdə yaşayacağını bildirmiş, əvvəl Ruhiyyə razılıq vermiş, daha sonra isə qardaşı Eldənizin razı olmadığını, yayda Naxçıvana gələndə ailəsi ilə evdə qalacağını, ona görə də razı olmadığını demişdir. Hətta Ruhiyyə ona evi satıb dörd yerə böləcəklərini, dörd paydan birinin ona ayırdıqlarını bildirən ona etiraz etmiş, Türkiyədə yaşayan bacısına nəyə görə pay verilməyəcəyini demişdir. Onun fikri evin satılıb bölünməsi deyildir. Onun yaşamağa yeri yoxdur, kirayələrdə yaşayır. O da ananın övladıdır. Əgər onun yaşamaq hüququ yoxdursa digər övladların da bu hüququ ola bilməz. Çünki ən azından anası vəfat edənə qədər onun övladları orada yaşayıb, nənəyə onlar baxıbdırlar. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iş üzrə iddiaçının vəkili Vəkil oğu iddianı müdafiə edərək iddiaçının izahatına əlavəsi olmadığını bildirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, anası X25 2020-ci ilin iyun ayının 1-də vəfat etmişdir. Onlar beş bacı bir qardaşdırlar. Bacılarının biri vəfat edib, biri Türkiyədə yaşayır. Qardaşı Eldəniz ana bir ata ayrıdır. Mübahisəli ev anasının adınadır. Ülviyyə 2001-ci ildə ailə qurub evdən gedibdir. Ailə qurduqdan sonra iki övladı doğulubdur. İlk ailəsi ilə ayrıldıqdan sonra anası Ülviyyə və uşaqlarını evə gətirmişdir. Lakin Ülviyyə uşaqları anasının üstünə ataraq rahat yaşasın deyə təkbaşına kirayəyə çıxmışdır. Çünki anası Ülviyyə boşandıqdan sonra onun evə gec gəlməyini, nə vaxt istədi getməyini qəbul etmirdi və deyirdi ki, boşanmısan otur evdə uşaqlarını saxla. Lakin Ülviyyə rahat yaşamaq istədi və kirayə çıxdı. Təxminən 6-7 il kirayə yaşadıqdan sonra ikinci dəfə ailə qurdu və həmin evlilikdən də bir övladı doğuldu. Ülviyyənin evinə əşyalar alması və həmin əşyaları anası evində yer olmadığına görə gətirə bilməməsi, ona görə kirayə çıxması barədə deyilənlər düzgün deyil. Ona görə ki, anası tək yaşayırdı və onun iki uşağını saxlayırdı. O anası ilə yaşaya bilərdi və ona heç kim mane olmurdu. Sadəcə olaraq anası ilə yola getmirdi və anası ölənə qədər onunla danışmırdı. Anası yataq xəstəsi olmuşdur. O və bacısı Rəsmiyyə növbə ilə anasına baxır, onun yanında qalırdı, ehtiyacları ilə maraqlanırdı. Dəfələrlə çətin vəziyyətdə olanda Ülviyyəyə deyib ki, bu gün anasına baxsın, növbətçidir, lakin Ülviyyə deyib o anasının qayğısına qala bilməz, onun paytarını dəyişə bilməz. Anası ondan incik və narazı vəfat edibdir. Ülviyyənin uşaqlarının ikisini də anası saxlayıbdır. Nə maddi, nə mənəvi Ülviyyənin uşaqlara dəstəyi olmayıbdır. Ülviyyənin 3 sot torpaq sahəsi var idi. Özlərinə ev tikirdilər, anası da həmin vaxt xəstə deyildi və ona kömək edirdi. X22 dedi ki, yavaş-yavaş tikin, özü də maddi cəhətdən kömək edəcək, evin bir otağını hazırlayın köçün. Lakin Ülviyyə narazılıq etdi ki, o kimdir ki, ona kömək edəcək. Sonradan həmin yarımtikilini də satdıqlarını öyrəndilər. Ülviyyə anası vəfat edəndən sonra ona zəng vurub evin açarını istəyibdir. O da açarı verməyibdir. Çünki Ülviyyə anasından hallalıq almayıbdır. O həmin evdə yaşamağa layiq deyil, bir gün anasının xəstə vaxtında ona baxmadı. İki bacı növbə ilə anaya baxıbar, evin iki açarı olub, biri onda, bir də Rəsmiyyədə oubdur. Anasının vəfatından sonra evlə iki bacı maraqlanıb, evi arada silib təmizləyib, hətta bir həftəlik Türkiyədə gələn qonaqlarına qalması üçün veribdir. Ev hazırda kirayə verilməyibdir. Eldəniz qardaşı Bakıda yaşasa da anasının bütün maddi tələbatlarını ödəyibdir. Hazırda razılaşıblar ki, ev satılacaq hər biri payını götürəcək. Hələ iş məhkəməyə çıxmazdan əvvəl Ülviyyə zəng vuran zaman danışaraq evin satılmasından ona da pay veriləcəyini demiş, lakin o ümumiyyətlə evin satılmasına etiraz etmiş, həmin evdə onun yaşayacağını bildirmişdir. Onun anası evində yaşamaq hüququ yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bacısı Cavabdeh1 izahatı ilə razıdır. Mübahisəli ev anasının adınadır. Anası son illər yataq xəstəsi olmuşdur. O yoldaşının işi ilə əlaqədar həmin vaxt Bakıda yaşamışdır. Anası xəstə olanda bacısı Ruhiyyə anasına tək baxdığı üçün, həm də işədiyindən uşaqlarını Bakıda qoyub aylarla anasının yanında qalıb ona baxmışdır. Həmin vaxt Ülviyyə bir dəfə də anası ilə maraqlanmamışdır. Halbuki onun iki uşağıan anası sahiblik etmiş, həmin vaxt təkbaşına kirayələrdə yaşamağı üstün tutmuşdur. Dəfələrlə işlərinə görə anaya baxa bilmədikləri üçün bir gün onun gəlib ananın yanında qalmasını desələr də hər dəfə demişdir ki, o ananın paltarına əl vura bilməz. Bu gün Ülviyyənin övladı hərbi xidmətdədir, harada olduğu ilə bir dəfə də maraqlanmamışdır. Yenə də onun övladı ilə maraqlanan o və bacısıdır. Çünki uşaqlar nənələri ilə yaşamışdır, nənələri onlara baxmışdır, həmin uşaqları onlar da çox istəmişdir. Ülviyyənin torpağı da var idi. Yarım tikilisi vardı. Onu da satdı. Anasının vəfatından sonra evlə iki bacı maraqlanıb, evi arada silib təmizləyiblər. Ev hazırda kirayə verilməyibdir. Eldəniz qardaşı Bakıda yaşasa da anasının bütün maddi tələbatlarını ödəyibdir. Hazırda razılaşıblar ki, ev satılacaq hər biri payını götürəcək. Hələ iş məhkəməyə çıxmazdan əvvəl evin satılmasından Ülviyyəyə pay veriləcəyini təklif etsələr də, lakin o ümumiyyətlə evin satılmasına etiraz etmiş, həmin evdə onun yaşayacağını bildirmişdir. Onun anası evində yaşamağa mənəvi haqqı yoxdur. Çünki bir gün də ana ilə maraqlanmayıbdır. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, nümayəndə və vəkil vasitəsiləsi məhkəmədə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili X21 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində etirazda bütün xüsusatlar aydın qeyd edilmişdir. İddiaçı 2001-ci ildə ailə qurub hazırda mərhum X18 məxsus olan Naxçıvan şəhəri Çənlibel 25 mənzil 44-də yerləşən mənzildən köçüb getmişdir. 2006-cı ildə nikahı pozulmuş, bir müddət anası evində yaşamış, daha sonra məhkəmə qətnaməsi ilə ona verilən yaşayış və istifadə hüququ üzrə keçmiş qayınatasının evinə köçmüşdür. Onun yaşayış və istifadə hüququna kompensasiya verilənə qədər həmin mənzildə yaşamışdır. 2009-cu ildə yaşayış hüququ kompensasiya ilə əvəzləşdirildikdən sonra iddiaçı anası evinə qayıtmamış, uşaqlarını anası saxladığı halda o könüllü şəkildə kirayə yaşamağı seçmişdir. Halbuki anasının mənzilində anasından və onun iki uşağından başqa heç kim yaşamamışdır. 2014-cü ildə iddiaçı ikinci dəfə ailə qurmuş, yeni ailəsi ilə kiaryə yaşamağa davam etmişdir. İddiaçı vaxtı zamanında anasının mənzilini könüllü olaraq tərk etmiş, özünə başqa ünvanları daimi yaşayış yeri hesab etmişdir. Bu gün iddiaçının mənzilin qeydiyyatında olması həmin mənzildən yaşayış hüququnun olmasına əsas vermir. İddiaçı 20 ildən artıqdır ki, mənzildən çıxıb getmişdir və onun istifadı hüququ itirilmişdir. Keçən bu müddət ərzində iddiaçı hələ anası sağ ikən nə mənzilə köçmə ilə bağlı anasına müraciət edib, nə də məhkəmədə iddia qaldırıbdır. Cavabdeh3 anasının vəfatından sonra üç ay müddət ərzində notariat ofisinə müraciət edərək anadan qalan mirası formal yolla qəbul edibdir. Hazırki məhkəmə iclasında digər cavabdehlərin də mirasa bu və ya başqa şəkildə sahib çıxdıqları müəyyən edilir. Bu gün Cavabdeh3 bütün sənədləri toplayıb və adına qanuna üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariusa müraciət edibdir. Notariusun cavabından asılı olaraq məhkəmədə bununla bağlı iddia qaldırılıb-qaldırılmayacağı məsələsi olacaqdır. Həmin mirasa sahib edənlər cavabdehlərdir. İddiaçı mirasla bağlı heç bir hərəkət etməyibdir. İddiaçının öz adına torpaq sahəsi olub və orada yarım tikilisi olubdur. Ana vəfat etdikdən sonra onu da satıbdır. Bu məsələləri eşitdikdən sonra mənzilə köçmə tələbi ilə iddia qaldıbdır. Cavabdeh3 iddianı qəbul etmir və bildirir ki, iddiaçının mənzilə köçməsi anasının ruhuna hörmətsizlik olar, çünki ana ölən günə qədər iddiaçını bağışlamayıbdır. İddiaçı bir övlad kimi xəstə anasının səhhəti ilə maraqlanmayıb, onun qulluğunda durmayıbdır. Bir gün də anasının yanında qalmayıbdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 15 oktyabr 2021-ci il tarixli 04/622 nömrəli məktubdan aydın oolur ki, Naxçıvan şəhəri Çənlibell məhəlləsi bina 25-də yerləşən 44 nömrəli mənzil 29 iyun 1995-ci il tarixdə Naxçıvan şəhər XDS İK-nın 10.12.1992-ci il tarixli 783 nömrəli qərarı əsasında X15 adına qeydiyyata alınmışdır. Xidmətin məlumat bazasında mənzil haliyyədə Südabə Əliyevanın adınadır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 21 sentyabr 2021-ci il tarixlli ********** nömrəli çıxarışından aydın olur ki, Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 25 mənzil 44-də yerləşən ümumi sahəsi 70.54 kv.metr olan mənzil tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 12/27 nömrəli reyestr kitabının 5302 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verimiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X25 01 iyun 2020-ci ildə ürək qan dövranı çatışmamazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir və bu barədə ölüm akt qeydləri kitabında 216 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil İstismar İdarəsinin 10 dekabr 2021-ci il tarixli 979 nömrəli vərəslik arayışından aydın olur ki, X15 vərəsələri aşağıdaklardır. 1.Cavabdeh3-oğlu-1968 2.Cavabdeh1-qızı-1976 3.Cavabdeh2-qızı-1978 4.İddiaçı-qızı-1984 5.X5-qızı-1963 6.X6-qızı-1970 İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X11 xx xxxx 1984-cü ildə doğulub, anası X25, atası X26r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X12 30 may 2006-cı ildə Naxçıvan şəhərində doğulmuş, anası X16, atası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X2 24 sentyabr 2015-ci ildə Naxçıvan şəhərində doğulmuş, anası X16, atası X13r. İş materiallarında olan Naxçıvan Şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli Vİİ422780 nömrəli nikah akt qeydindən çıxarışdan aydın olur ki, X17 ilə X16 03 iyul 2001-ci il tarixdə nikah bağlamış, bu barədə 109 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli AZİ058386 nömrəli akt qeydindən çıxarışdan aydın olur ki, X17 ilə İddiaçı arasındakı nikah 06 sentyabr 2007-ci ildə pozulmuş bu barədə 56 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş AZ- İ783373 saylı çıxarışdan aydın olur ki, X19 ilə X16 arasında 17 fevral 2014-cü ildə nikah bağlanmış, bu barədə 37 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzlər kollegiyasının 28 iyul 2006-cı il tarixli 3-49-2006-cı il tarixi qətnaməsindən aydın olur ki, X3 X8 qarşı yaşayış hüququ tələbinə dair iddiası təmin edilmiş, X9 iki azyaşlı uşağı ilə birlikdə qayınatası X8 məxsus Naxçıvan şəhəri H.Əliyev prospekti bina 9-da yerləşən 4 saylı yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının oktyabr 2006-cı il tarixli 6K-2396 nömrəli qərarından aydın olur ki, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzlər kollegiyasının 28 iyul 2006-cı il tarixli 3-49-2006-cı il tarixi qətnaməsindən X4 verdiyi kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzlər kollegiyasının 28 iyul 2006-cı il tarixli 3- 49-2006-cı il tarixi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh3 nümayəndəsi və vəkili X21 tərəfindən Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə 17 yanvar 2022-ci il tarixdə verilmiş məktubdan aydın olur ki, X14 miras qalmış Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 25 mənzil 44-də yerləşən ümumi sahəsi 70.54 kv.metr olan 3 otaqlı mənzilin Cavabdeh3 tərəfindən miras olaraq qəbul edildiyindən onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 28 yanvar 2022-ci il tarixli 04/42 nömrəli məktubundan aydın olur ki, Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində Həsənova (Məmmədova) Ülviyyə Səfər qızının adına 25 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 2ci DNK-nın 01 noyabr 2013-cü il tarixli 4/ə-020696 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 300 kv metr həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. 28 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisində qeydiyyata alınan 4ə-34 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı həmin torpaq sahəsini X1. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 683 nömrəli arayışdan aydın olur ki, Həsənova (Məmmədova) Ülviyyə Səfər qızının adına Naxçıvan MR Daşınmaz əmlakın dövlət reyestrində olan məlumata əsasən yaşayış evi və həyətyanı torpaq sahəsi yoxdur. Lakin Həsənova (Məmmədova) Ülviyyə Səfər qızı daxil olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinə Naxçıvan şəhəri Tumbul kəndində 1.1000ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmışdır. Məhkəmə iddia qaldıran şəxsin cavabdehlər olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırması və mübahisəli mənzilin mülkiyyətçisinin vəfat etməsi, ondan miras qalan əmlakla bağlı rəsmi qaydada vərəsəlik məsələlərin həll edilməməsinə münasibətdə bu xarakterli iddiaların qaldırılmasının iddiaçının hüququnun məhdudlaşdırılmaması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında formalaşmış mövqeyini, miras qoyan vəfat etdiyi halda miras əmlakı formal və ya qeyri formal qaydada qəbul edən lakin vərəsəlik şəhadətnaməsi almayan vərəsələrə qarşı iddia qaldırılmasının mümkünlüyünü nəzərə alır. Belə ki, iddiaçının və cavabdehlərin izahatlarından iddiaya etirazdan və təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh3 mübahisəli miras əmlakı formal qaydada yəni notarial qaydada ərizə verməklə, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyriformal qaydada qəbul etmişlər. İşin bu halı-yəni miras əmlakın qeyri-formal qaydada qəbul edilməsi iddiaçı tərəfindən də təsdiq edilmiş, evin açarlarının məhz həmin cavabdehlərdən tələb etməsi, evə köçməklə bağlı cavabdehlərlə əlaqə saxlaması miras əmlakın qeyriformal qaydada qəbul edilməsi işin mübahisəsiz halı hesab edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtını nəzərə alaraq-yəni iddiaçının ilk dəfə 2001-ci ildə ailə qurub evdən getməsi, daha sonra nikah pozulduqdan sonra qısa müddət ərzində anasına məxsus olan mübahisəli evdə yaşaması, 2007-ci ildə yenidən evdən çıxıb kirayə ev tutub yaşamasını nəzərə aldıqda hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə— bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə... 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində isə göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçı məhkəmədə iclasında verdiyi izahatdan görünür ki, o 2001-cü ildə ailə qurmuş, 2006-cı ildə nikah pozulmuş və övladı ilə birlikdə anası evinə bir müddət üçün qayıtmış, daha sonra keçmiş qayınatasına qarşı yaşayış və istifadə hüququ verilməsi barədə iddia qaldırmış və müvafiq məhkəmə qətnaməsi ilə iddiası təmin edilmiş, məhkəmə qətnaməsi ilə ona verilən bir otaqda yaşamış, daha sonra kompensasiya alaraq evdən çıxmış və övladlarına anası baxmış, özü isə könüllü qaydada kirayə yaşamağa qərar vermişdir. 2014-cü ildə yenidən ailə qurmuş və hazırda ailəsi və övladları ilə kirayədə yaşamaqda davam edir. 2009-cu ildən sonra müvafiq yaşayış və istifadə hüququ və mənzilə köçürülmə ilə bağlı məhkəməyə müraciət etməmişdir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzildən yaşayış və istifadə hüququ mülkiyyətçinin ailə üzvü olaraq yaranmışdır. Lakin sonradan iddiaçı övladlarını anası evində qoyaraq özü həmin mənzili daimi əsaslarla könüllü tərk etmiş və uzun müddətdir həmin mənzildə yaşamır. İddiaçının mənzili tərk etməsi əsası isə özünə başqa yaşayış yeri seçməsi olmuşdur. Daha sonra ailə quraraq ailəsi ilə birlikdə kirayə yaşamağa davam etmiş, anasının vəfatından sonra isə birinci nikahdan olan övladlarını da öz yanına aparmışdır. İddiaçı mübahisəli evdə olan yaşayış hüququ 2001-ci ildə ailə qurub getməsi və nikah pozulduqdan sonra yaşayış və istifadə hüququ aldığı evdə yaşaması, sonra kirayə çıxması və nəhayət yenidən ailə qurub kirayə yaşamağa davam etməsi artıq zaman və istifadə baxımından öz qüvvəsini itirmişdir. Hazırda iddiaçının həmin mənzillə hər hansı yaşayış hüququ bağlılığı qalmamışdır. İddiaçı anasının sağlığında 2001-ci ildən 2020-ci ilə qədər, həmçinin anasının vəfatından sonra mübahisəli mənzildə yaşayış və istifadə hüququnun tanınmaqla mənzilə köçürülmə tələbinə dair məhkəməyə müraciət etməmişdir. Məhkəmə cavabdehin 2001-ci ildə anasının mülkiyyətçisi olaraq yaşadığı mənzildən ailə quraraq köçüb getməsini daimi çıxıb getməsi kimi qiymətləndirir. Həmçinin ailə münasibətləri pozulduqdan sonra müvəqqəti olaraq qısa müddətdə yaşamaqla başqa bir yerdən yaşayış və istifadə hüququ əldə etməsi onun iddiasında qeyd etdiyi halları bir daha təkzib edir. Belə ki, mövcud və qüvvədə olan məhkəmə qətnamələrindən aydın olur ki, iddiaçıya övladları ilə birlikdə keçmiş qayınatasının mülkiyyətində olan evdən yaşayış və istifadə hüququ verilməsinə əsas onun başqa yaşayış yerininin olmaması olmuşdur. Beləliklə, iddiaçı özü anasının mülkiyyətində olan mənzildən ailə qurub getməsini daimi olaraq çıxıb getməsi kimi qiymətəndirmişdir ki, keçmiş qayınatasının evindən yaşayış və istifadə hüququ tələb etmişdir. Bütün bu hallar iddiaçının mübahisəli evdən yaşayış və istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının tələbində eyni zamanda övladlarına yaşayış və istifadə hüququ verilməklə mənzilə köçürürlməsini tələb etmişdir ki, bu tələbi də özünə münasibətdə tələbi təmin edilmədiyindən özü-özlüyündə təmin edilə bilməz. Ona görə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, övladları X2 24 sentyabr 2015-ci il təvəllüdlü və X12 30 may 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərin yaşayış yeri olduğundan valideynə qarşı rədd edilmiş iddia uşaqlara qarşı təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış və istifadə hüququ verilməklə mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddia ərizəsi verilərkən ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-197/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-197/2022
09.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver