Məhkəmə qərarları › İş №2(078)-286/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-286/2024

12.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-286/2024 12.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ-in nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ-ə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödəniş tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ İdarə Heyətinin sədr müavininin xx.xx.2023-cü il tarixli 3-17-9-3/3- 2-38/2023 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunmaqla ona məcburi işburaxmağa görə ödənişin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən əmək fəaliyyətinə başlayıb. xx.xx.1993-cü il tarixdən Naxçıvan MR ƏƏSMN-nin əməkdaşıdır. Həmin tarixdən Şərur rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktorunun 7 nömrəli əmrinə əsasən o, sosial xidmət işçisi vəzifəsinə təyinat alıb və 30 ildən artıqdır ki, dövlət qulluqçusu olaraq öz işini sevib, onu vicdanla yerinə yetirib. İşlədiyi müddətdə xx.xx.2004-cü il tarixdə dövlət qulluğunun kiçik referenti, xx.xx.2005-ci il tarixdə dövlət qulluğunun İİİ dərəcə referenti və xx.xx.2015-ci il tarixdə isə dövlət qulluğunun İİ dərəcə referenti ixtisas dərəcəsini alıb. 2023-cü ildə işlədiyi qurumda aparılan struktur islahatları səbəbindən Naxçıvan MR ƏƏSMN tabeliyində olan Şərur rayon Əhalinin Sosial Müdafiə Mərkəzi ləğv edilmiş, bununla əlaqədar bütün işçilərlə olan əmək müqavilələrinə xitam verilmişdir. Bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları pozulmuş və ona məxsus əmək kitabçasına həmin məcəllənin 69.3-cü maddəsinin tələbi ilə xitam verilməsi əks edilmişdir. Hansı ki, qeyd edilən maddənin məzmununa görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qanunvericilikdən geniş anlayışı olmadığı, həmçinin onunla yenidən müqavilə bağlanması səbəbindən əmək kitabçasına edilmiş qeydi mübahisələndirməmişdir. Belə ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, xx.xx.2023-cü il tarixdə isə Naxçıvan MR ƏƏSMN tabeliyində yeni yardılmış Sosial Xidmətlər Agentliyi X13 İdarə Heyəti sədrinin müavininin 05 nömrəli əmri ilə həmin Agentliyin Şərur rayon şöbəsində sosial xidmətçi vəzifəsinə təyin edilməklə, onunla üç aylıq müddətə əmək müqaviləsi bağlanmışdır ki, xidmət sahəsinə Şərur rayonu Gümüşlü, Şahbulaq, Aşağı və Yuxarı Yaycı kəndləri daxil idi. Yeni əmək müaviləsi bağladıqdan sonra öz işinə əvvəlki qaydada məsuliyyətlə yanaşmış, vəzifələrini vicdanla yerinə yetirmişdir. Lakin yeni yaradılmış qurumun əməkdaşları tərəfindən 2023-cü ilin oktyabr ayının əvvəllərində yoxlamalar aparılmış və guya işində yol verdiyi nöqsanlar səbəbindən barəsində olan əmək müqaviəsinin müddətinin belə bitməsini gözləmədən Agentliyin rəhbərliyi onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi öziiniin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə əmr imzalamışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, onun səhvi var yəni hardasa səhlənkarlıq edib. Ahıl şəxslərlə bağlı 5 şəxsə xidmət göstərib. Həmin ahıl şəxs olan Heydərova Qərənfilgilə gedəndə Qərənfil xanım blokda narahat oldu və həmin vaxt xanımın təyziqi ilə bağlı qaçıb qatıq gətirib. Sonra o, Qərənfil xanımın yanında bir neçə dəqiqə olmadığı müddətdə yoxlamaq üçün xidmət əməkdaşları gəlib. O, həmin əməkdaşların üzünü görmədiyi üçün Qərənfil xanıma qonaq gəldiyini sanıb və buna görə də onlara tərəf getməyib. Xidmət əməkdaşları bu hərəkəti onda nöqsan bilib və hərəkətini aktlaşdırıblar. Gövhər xanıma baxmağa getdiyində isə dəfələrlə evdə olmadığını görüb. Sonra öyrənib ki, Gövhər xala Türkiyə Respublikasına gedib. Bu halı o, mütləq Komitəyə bildirməli idi və dəftərində qeyd etməli idi. Ancaq səhlənkarlıq edib xəbər verməyib. Həmkarlar ittifaqının iclasında iştirak etdiyi zaman ona bildirilib ki, onlar ancaq ittifaq olaraq qərar qəbul edir. Səhlənkarlıq etdiyini bilir, ancaq heç olmasa xəbərdarlıqla bağlı tənbeh verilərdi. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkiat Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədrinin müavini X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Zülfiyyə xanımın xidmət etdiyi şəxslər dövlət tərəfindən nəzarətdə olan şəxslərdir və qayğıya ehtiyacı olan şəxslərdir. Dəfələrlə Zülfiyyə xanım bu şəxslərlə bağlı qeydiyyat aparmayıb. Xidmət yerinə vaxtında gəlməyib və qeydiyyat dəftərində imza etməyib. Bununla bağlı bəlkə də başqa intizam tənbehi tətbiq edilə bilərdi, ancaq bu hal dəfələrlə yaşandığından və özü də bu sahədə məsul şəxs olduğu üçün digər tərəfdən də vəzifəsi ilə bağlı Zülfiyyə xanımın işləməsinə xitam verib. Zülfiyyə xanımdan əvvəl Culfa şöbsəində də ahıllarla bağlı ciddi nöqsanlar aşkar edildiyi üçün işçi ilə yanaşı vəzifəli şəxs də işdən azad edilib. Hazırki işdə isə Zülfiyyə xanımla yanaşı vəzifəli şəxs barəsində də intizam tədbiri tətbiq edilib. Onların işi həssas əhali qrupları ilə bağlı olduğu üçün işçilərin çox diqqətli olması tələb edilir. Zülfiyyə xanım 600 manat əmək haqqı alıb və aldığı əmək haqqı müqabilində lazimi və keyfiyyətli xidmətini göstərə bilməmişdir. Zülfiyyə xanımın neçə illər iş təcrübəsi var, buna görə də o, səhlənkarlıq etməməliydi. Qeyd edilənlərin nəzərə alınaraq iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan aydın olur ki, Sosial Xidmətlər Agentliyinin Şərur rayon şöbəsi tərəfindən tərtib olunmuş evdə (səyyar) sosial xidmətin keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanlara dair akt tərtib olunmuş və qeyd olunmuşdur ki, İddiaçı xidmət göstərməli olduğu şəxslərə demək olar ki, çox nadir hallarda baş çəkmiş, xidmət göstərməsi ilə bağlı hər hansı qeyd aparmamış, xidmət göstərməli olduğu ahıl şəxslərin vəziyyəti ilə maraqlanmamışdır. Ahıl şəxslər X5, X1 Qəşəm Zakir oğlu, X8 tərəfindən verilmiş izahatlarda qeyd olunmuşdur ki, onlara qayğı göstərmək, ehtiyaclarını qarşılamaq üçün Agentlik tərəfindən təyin edilmiş İddiaçı onlarla demək olar ki, maraqlanmamış, keyfi istədiyi vaxtlarda onlara baş çəkmiş, gündəlikdən də xəbərləri olmamışdır. Naxçıvan MR ƏƏSMN-nin X3 Komitəsinin xx.xx.2023-cü il tarixli 6 nömrəli İclas protokolundan aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndində uyğun olaraq Agentliyin Şərur rayon şöbəsində sosial xidmətçisi İddiaçı əmək müqaviləsinin əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin məqsədəuyğun olduğu göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmrin surətindən aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ-in 3-17-9-3/3-2-38/2023 nömrəli əmri ilə İddiaçı həmin tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 05 nömrəli əmrlə Agentliyin Şərur rayon şöbəsində sosial xidmətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə 3-17-9-3/3-2-38/2023 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər a) müəssisə ləğv edildikdə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün İdarənin Həmkarlar Komitəsinə məktubla müraciət olunmuş və həmin müraciətə baxılaraq Komitə tərəfindən protokoldan çıxarış işəgötürənə təqdim olunmuşdur. İddiaçı Həmkarlar Komitəsinin iclasına dəvət olunmuş və izahatında da qeyd etdiyi kimi iclasda şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veririlsə işəgötürən tərəfindən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Bütün bu hallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlarla, təqdimatlarla, izahatlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı əmr düzgün və qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən onun işə bərpa edilməsi üçün hər hansı əsas yoxdur, ona görə də iddia rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi PHŞ-ə qarşı işə bərpa və məcburi iş buraxmağa görə ödəniş tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar